Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
2 gün öncə İrəvana gedən İranın Yol və Şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin işgüzar səfərinin yeni təfərrüatları ortaya çıxır.
Ovqat.com-un məlumatına görə, texniki və mühəndis heyəti ilə İrəvana sədər edən İran rəsmiləri burada Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan işçi qrupları ilə görüşüblər.
Görüşdə "Fars körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizinin işə salınması məsələləri müzakirə olunub. İran və Ermənistanın 5 il bundan əvvəl planlaşdırıb həyata keçirməyə çalışdığı layihənin məqsədinin “Cənubi Qafqazda regional logistika sistemini dəyişdirmək” olduğu bildirilir. Belə ki, layihədə marşrutun Azərbaycanı adlayaraq Ermənistandan Gürcüstana keçməsi, burdan isə yüklərin Yunanıstana və Bolqarıstana daşınması nəzərdə tutulur.
Məlumata görə, 2016-ci ildə ilk dəfə İran tərəfindən irəli sürülən bu layihə ətrafında indiyədək 4 görüş keçirilib. İlk görüş Tehranda, daha sonra ardıcıllıqla Sofiyada, Tiflisdə, yenidən Tehranda baş tutub. İrəvanda keçirilən budəfəki görüş regionda yaranmış yeni status-kvonun müzakirəsinə həsr olunub. Zira Azərbaycan Ordusu ötən il apardığı 44 günlük Vətən müharibəsindən sonra beşliyinin "Fars körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqədar bütün planları pozulub. Çünki dəhlizin keçdiyi Qafan-Gorus magistralının 21 km-lik hissəsi işğaldan azad olunub və Azərbaycan bu ərazidə öz nəzarət-buraxılış məntəqəsini quraraq, projedə ya iştirak etmək, ya da onun tamamilə bloklamaq fürsəti qazanıb. Bu isə Azərbaycanı bütün regional layihələrdən kənarda qoymaq istəyən İranın planlarına cavab vermir. Əslində bu proje heç Azərbaycana da lazım deyil. Zəngəzur dəhlizinin açılması rəsmi Bakı üçün daha sərfəlidir və bu istiqamətdə ciddi işlər yürüdülür. Son zamanlar Tehranın qəzəblənməsinin səbəbi də bununla əlaqədardır.
İranın Azərbaycanı və Türkiyəni beynəlxalq layihələrdən kənarda qoymaq istədiyi planın həyata keçməsi üçün Tutev yolu işə salınmalıdır. Keşməkeşli dolanbaclardan ibarət olan bu yolu çəkmək isə asan deyil. Bu yolun işə salınması üçün ən azı 2 milyard dollara ehtiyac var. Di gəl ki, ölkələrdən heç biri bu riskli projeyə investisiya yatırmaq istəmir. Məntiqlə, haqlıdırlar da. Dəhlizin hardan keçməsindən asılı olmayaraq, Bolqarıstan və Yunanıstan ondan eyni qaydada faydalana bilər. Gürcüstan da prinsipcə Azərbaycan üzərindən keçən Qərb-Şərq marşrutunda hazırda iştirak edir. Odur ki, bu 3 ölkənin riskli layihəyə investisiya yatıracağını gözləmək sadəlövhlükdür.
Bununla belə, “beşliyin” işçi qrupunun Ermənistanda keçirilən son toplantısında tərəflər müqavilə layihəsi hazırlayıblar. Layihə barədə Ermənistanın ərazi idarəsi və infrastruktur nazirinin müavini Armen Simonyan erməni mediasına verdiyi açıqlamasında deyib: "Yerevandakı görüşdən sonra müqavilənin ilkin mətni tərtib edildi və təsdiqlənməsi üçün İrana göndərildi. Bildiyimə görə, layihə variantı iki iştirakçı ölkə tərəfindən təsdiqləndi, üçüncü ölkədən isə cavab gözlənilir".
Onun sözlərinə görə, layihənin ilkin versiyası Ermənistan üçün məqbuldur və onun maraqlarına tam cavab verir. Bütün ölkələrlə razılaşdırıldıqdan sonra Bolqarıstanda keçirilən növbəti sammitdə "Fars körfəzi - Qara dəniz" layihəsinə dair müqavilənin imzalanacağı planlaşdırılır. Daha sonra isə müqavilə ratifikasiya olunması üçün iştirakçı ölkələrə göndəriləcək.
"Dəhliz bir neçə ölkəni asanlaşdırılmış şərtlərlə, bərabər gömrük və vergi hüquqları ilə keçməyə imkan verəcək. Bu da layihənin cəlbediciliyini artırır", - Simonyan belə deyib.
O qeyd edib ki, dəhlizdə Ermənistanın mühüm rolu var, çünki bu ölkədən keçən yol Fars körfəzi ilə Qara dənizi birləşdirən ən qısa marşrutdur.
Bəs, bu marşrutun taleyi nə olacaq və bundan kimlər faydalanacaq?
“Sputnik Ermənistan” bu sualı belə cavablandırır:
“Teorik olaraq, dəhliz İran limanlarını Gürcüstan limanları ilə birləşdirməlidir. Lakin layihəyə qoşulacağı gözlənilən ölkələr bununla məhdudlaşmır: mallar Hindistan və Çindən İran limanlarına, oradan isə avtomobil və ya dəmir yolu yolu ilə - Ermənistan və Gürcüstana gələ bilər. Gürcüstandan isə konteynerlərdə - Bolqarıstan və Yunanıstan limanlarına daşınacaq.
Dəhliz Ermənistan üçün yeni imkanlar açacaq: təchizatı şaxələndirəcək, İran limanlarından sərbəst istifadə edəcək və mühüm tranzit mərkəzinə çevriləcək. Ancaq bütün bunlar üçün təkcə siyasi iradə kifayət deyil. Ermənistan tərəfi avtomobil və dəmir yolu kommunikasiyalarının tikintisi də daxil olmaqla bir sıra infrastruktur layihələri həyata keçirməlidir. Ermənistan-İran dəmir yolunun tikintisi ölkəyə təxminən 2 milyard dollara başa gələcək. Amma hələ bu layihəyə kimin sərmayə qoyacağı bəlli deyil”.
Nəşrin iddiasına görə, layihə Gürcüstan, Rusiya və Ukrayna üçün də əhəmiyyətlidir: “Dəhliz İran və Gürcüstan limanlarını birləşdirəcək. Abxaziya dəmir yolu işə düşərsə, Rusiya qısa bir yolla Hindistandan mal tədarük edə biləcək.
Ukrayna üçün də İrandan Gürcüstana gedən yol ən əlverişlidir. İran isə bu layihə sayəsində tədarükləri şaxələndirə biləcək, Bakı və Ankaranın nəqliyyat asılılığına düşməyəcək və Avropaya alternativ yol açacaq”.
Qısası, bütün cümlələri felin şərti forması ilə qurulan bu layihənin reallaşması Allahın ümidinə qalıb. Təsadüfi deyil ki, Gürcüstan tərəfi İrəvanda keçirilən sammitdən dərhal sonra öz sərhədlərində İran maşınlarının keçişini dayandırıb. Ermənistan naziri Simonyanın 3 tərəfdən birinin imzalayıb-imzalamadığının bilinmədiyini deyəndə nəzərdə tutduğu tərəf də, böyük ehtimalla Gürcüstandır. Görünür, layihənin “Məlikməmməd nağılı”na oxşadığını Tbilisi hər kəsdən daha erkən anlayıb, mənasız yerə Azərbaycan və Türkiyə ilə üz-göz olmamağa qərar verib.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar