Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ukrayna ordusunun ötən gün Dondass separatçılarına qarşı Türkiyənin “Bayraktar TB2” silahlı dronlarından istifadə faktını rəsmən bəyan etməsindən sonra bu gün ölkənin Daxili İşlər naziri Denis Monastırski də həyacan doğuran açıqlama verib.
Musavat.com-un məlumatına görə, ukraynalı nazir bütün ölkə vətəndaşlarını odlu silahlardan atəş açmağı öyrənməyə çağırıb. Monastırskinin fikrincə, bu, “ərazi müdafiəsi”nin qurulması üçün faydalı ola bilər.
İstər Ukrayna Silahlı Qüvvələrinin separatçılara qarşı silahlı dronlardan istifadə etməsini gizlətməməsi, istərsə də Daxili İşlər nazirinin bu bəyanatı onu göstərir ki, Kiyev Donbassa hərbi müdaxilə barədə düşünür və bu addımın Vətən müharibəsinə çevrilə biləcəyini belə istisna etmir.
Məsələ burasındadır ki, Ukrayna və Rusiyanın 2015-ci ildə ATƏT-in müşahidəsi altında bağladığı Minsk anlaşmasına görə, tərəflər döyüşlərdə bir-birinə qarşı təyyarə və dronlardan istifadə etməməlidirlər. “Bayraktar TB-2” silahlı dronu isə, sözsüz ki, hava hücumu silahıdır və dünənki döyüşlərdə ondan istifadə olunması Minsk Anlaşmasının pozulması mənasına gəlir. Bu faktın Kiyev tərəfindən açıq şəkildə etiraf olunması isə ölkənin Minsk anlaşmasına məhəl qoymaması və öhdəliklərdən imtina etməsi deməkdir. Zelenski hakimiyyətinin bu addımı ciddi nəticələr doğura bilər və görünən budur ki, Ukrayna da bu riski gözə alıb. Denis Monastırskinin xalqa məlum müraciəti də bu mənada təsadüfi deyil.
Sual oluna bilər: Ukraynanı bu qədər ciddi riskləri gözə almağa vadar edən nədir, Kiyev bu cəsarətində kimə və nəyə arxayındır?
Zənnimcə, Kiyevin bu riskli addımının 2 əsas səbəbi var. Bunlardan biri Ukraynanın Rusiya tərəfindən hazırlanan qaz müharibəsi ilə qarşı-qarşıya qalması, digəri isə Donbass probleminin sülh yolu ilə həll olunmayacağının anlaşılmasıdır.
Məlum olduğu kimi, ABŞ-ın bütün basqılarına baxmayaraq, Almaniya və Fransanın birbaşa dəstəkləri sayəsində Rusiya “Şimal axını-2” kəmərinin inşasını tamamladı. Bu kəmər Ukraynanı yan keçərək Avropaya qaz nəqlini nəzərdə tutur. Layihə işə başlayarsa, Rusiya Ukraynaya qaz nəqlini ümumiyyətlə dayandıra bilər. Bu da Kiyev üçün enerji qiyaməti deməkdir və təcili həll yolu tapmasa, ölkəni çox ağır problemlərdən xilas etmək mümkün olmayacaq.
Ukrayna rəsmilərinin son günlər verdiyi açıqlamalara nəzər salanda onların da qaz müharibəsi ehtimalından ciddi narahat olduqlarını görə bilərik. Dünən ölkənin Xarici İşlər naziri Dmitri Kulebanın “Twitter” səhifəsində paylaşdığı bəyanat da bu narahatlıqdan xəbər verir. "Rusiya hələ də Ukraynaya qaz tədarükünü kəsməyib. Əgər Kreml bunu etmək qərarına gəlsə və Avropaya enerji təchizatçısı kimi reputasiyasının qalıqlarını da məhv etsə, bizim də bir sıra asimmetrik cavab addımlarımız var”, - Kuleba “tvit”-bəyanatında vurğulayıb.
Ölkənin baş diplomatının bu əndişəsini məhz dünən dilə gətirməsi də səbəbsiz deyil. Kiyev onu gözləyən enerji böhranından sığortalanmaq üçün Avropa İttifaqının qanunvericilik aktlarından faydalanaraq, “Şimal axını-2” layihəsinin operatorluğunu öz öhdəsinə götürmək istəyirdi. Dünən Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi Kiyevin bu ümidinin üstündən qalın bir xətt çəkdi.
Məlumata görə, Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyi “Şimal axını 2” üzrə təchizatların təhlükəsizliyinin təhlilini başa çatdırıb və Ukraynanın operatorluq təklifini geri çevirib. Bu da Kiyevdə böyük xəyal qırıqlığına yol açıb. Kulebanın Rusiyaya ünvanladığı “tvit”i də bu qərardan sonra gəlmişdi. Elə həmin gün Donbassda müharibənin ilk addımların atılması və separatçılara qarşı Minks Anlaşmasın ilə yasaqlanmış silahlardan istifadə olunmasının etirafı Kiyevin müharibə mesajlarında zarafat etmədiyindən xəbər verir.
Növbəti sual: Almaniyanın “Şimal axını-2” layihəsi ilə bağlı qəbul etdiyi qərar Kiyevi niyə bu qədər təşvişə salıb?
Bəllidir ki, Rusiyanın “Şimal axını-2” layihəsinin əsas məqsədi 2014-cü ildə Avropaya inteqrasiya yolu tutan Ukraynanı cəzalandırmaq məqsədi güdür. İndiyədək Avropaya nəql olunan qazın mühüm hissəsini Ukrayna üzərindən göndərən Moskva Kiyevin 2014-cü ildəki məlum addımından sonra onu yan keçərək “qoca” qitəyə uzanan alternativ qaz kəməri projeləri üzərində çalışdı. “Şimal axını-2” və “Türk axını” bu projelərdəndir. Bu zamanadək Kiyev beynəlxalq qurumlar qarşısında məsələ qaldıra-qaldıra “Şimal axını-2” layihəsinin çəkilişini xeyli yubatsa da, onu tamamən dayandırmaq mümkün olmadı. Ukraynanın bu təşəbbüsünə dəstək verən ABŞ da Merkel hakimiyyətinin israrlı mövqeyindən geri döndərə bilmədi. Nəticədə qaz kəməri çəkildi. İndi onun fəaliyyətə başlamasının qarşısında yeganə əngəl dayanır: Avropa İttifaqının qanunvericiliyindən doğan tələblərə uyğun olaraq istehsalçı ilə operatorluq funksiyalarının ayrılması, daha aydın dillə desək, “Qazprom”un istehsal etdiyi qazı Avropadakı müştərilərinə paylamaq hüququnu başqa şirkətə həvalə etməkdir. Ukraynanın “Neftoqaz” şirkəti də operatorluq üçün müraciət edənlərdən idi. Dünən Almaniya rəsmiləri “Neftoqaz”ın bu təklifinə heç nəzər salmağı belə, məsləhət görməyiblər. Dolayısıyla Ukrayna rus qazının Avropaya nəqlindən tamamilə uzaqlaşdırılıb. Bu isə Rusiyanın rahatlıqla öz planını həyata keçirməsinə və Ukraynanı qazla imtahana çəkməsinə zəmin hazırlayır. Xüsusilə yaxınlaşan qış aylarında qaz yoxluğu ilə sınağa çəkilmək isə Zelenski hakimiyyətinin devrilməsi, hətta Ukraynanın parçalanması ilə nəticələnə bilər. Görünən budur ki, rəsmi Kiyev öz sonunu gətirə biləcək hadisələri gözləmədən və getdikcə dərinləşən problemlərin içərisində daha gücsüz vəziyyətə düşmədən hərəkətə keçmək istəyir. Bununla da Rusiya Qərb dünyası arasında ziddiyyətin böyüməsinə və “Şimal axını-2” layihəsini son anda dayandıra biləcəyinə ümid edir. Təbii ki, bu riskli hərəkətində Londonun və Vaşinqtonun dəstəyinə bel bağlayır.
Digər tərəfdən, Kiyev ilə Donbass separatçıları arasında vasitəçilik edən Normand dördlüyü də Ukraynanın milli maraqlarına məhəl qoymayan həmin ölkələrdən təşəkkül tapır. Məlumdur ki, 2016-cı ildə təsis olunan Normand dördlüyünə Almaniya, Fransa, Rusiya və Ukrayna daxildir. Dördlüyə daxil oaln 3 ölkənin son zamanlar Ukraynanın qarşısında yer aldığı şübhə doğurmur. Eynilə bizim ATƏT-in Minsk Qrupu kimi. Elədirsə, Ukraynanın öz ərazi bütünlüyünün sülh yoluyla həllinə bel bağlaması boşuna gözləntidir və Kiyev bu məsələni uzatmadan öz gücünə həll etməyə çalışmalıdır. Təbii ki, onu Rusiyaya qarşı dəstəkləyən ABŞ, İngiltərə kimi dövlətlər də var və bu, Ukraynanı sərt mövqe tutmağa cəsarətləndirən əsas amillərdəndir.
Son zamanlar ABŞ-ın Ukraynanı özünü rus təcavüzündən müdafiə etmək üçün ciddi silahlandırdığı da gələn xəbərlər arasındadır. Məlumata görə, Zelenskinin son ABŞ səfərində iki ölkənin prezidentləri Ukraynaya hərbi dəstəyi artırmaq barədə razılığa gəliblər. ABŞ-dan Ukraynaya son silah idxalı bir neçə gün bundan əvvəl tamamlanmışdı. Bununla belə, Ukraynanın Rusiyaya meydan oxuması böyük risk altına girmək deməkdir və son Əfqanıstan hadisələri sübut etdi ki, Vaşinqton həyati məsələlərdə etibar olunası tərəfdaş deyil. Əslində Ukrayna da super güclərə hədsiz etibarının sancılarını yaşayır.
Heydər Oğuz,
Xüsusi olaraq Musavat.com üçün
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar