Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Donbassda hər keçən gün atəş səsləri daha sıx eşidilməyə başlayıb. Bu da bir çox hərbi ekspertlər tərəfindən böyük müharibənin ayaq səsləri kimi qiymətləndirilir.
Məlumata görə, dünən axşamdan başlayaraq, bu sabaha qədər Ukraynada bütün cəbhə boyu separatçı qüvvvələrin başına artilleriya atəşinin yağdırıldığı bildirilir.
Hələlik sadəcə artilleriya zərbələri ilə kifayətlənən Ukrayna Silahlı Qüvvələrinin yaxın günlərdə ən güclü silahları - pilotsuz təyyarələrini də işə salacağı gözlənilir. Bəzi müşahidəçilər Ukrayna ordusunun artilleriya atışları ilə Rusiyanın “nəbzini yoxladığına”, Moskvanın reaksiyasına uyğun savaş strategiyası tətbiq edəcəyinə inanırlar. Moskva əgər sadəcə “donquldanmaq”la və “xala xətrin qalmasın” müdaxilələrlə işini tamamlamış hesab edəcəksə, Ukrayna əlindəki kiçik ölçülü silahlarla Donbass separatçılarını zərərsizləşdirməyə çalışacaq. Bu ssenaridə ona ABŞ-dan aldığı “Javelin” tipli tankəleyhinə raket kompleksi və Türk istehsalı olan “Bayraktar TB2” dronları kifayət edəcək. Qeyd edək ki, hər iki silah sistemlərindən artıq istifadə olunduğu da gələn bilgilər arasındadır.
Təxminlərə görə, mənzili 4.5 km olan “Javelin”lər tank əleyhinə ən təsirli ov silahları hesab olunur və rahatlıqla bir əsgərin çiynində istənilən yerə danışa bildiyindən düşmən texnikalarının ön cəbhəyə sızmasının qarşısını alır. “Bayraktar TB2”lər isə Ukraynanın Donbass uğrunda savaşında daha arxada yerləşdirilmiş hərbi texnikaları sıradan çıxarmaq üçün istifadə oluna bilər.
Sözsüz ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın proseslərə daha aktiv müdaxilə etmə ehtimalını da nəzərə almalıdır və ölkə rəsmilərin mediaya verdiyi açıqlamalardan aydın olur ki, alıb da. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov dünən “Military Times” nəşrinə verdiyi açıqlamada bildirib ki, Rusiyanın yanvar ayının sonlarında genişmiqyaslı döyüşlərə başlaya biləcəyinə dair ciddi kəşfiyyat məlumatları əldə ediblər. Hərbi kəşfiyyat şefi 100 min rus əsgərinə qarşı effektli müharibə aparmaq üçün Ukraynaya ABŞ-dan verilən hərbi dəstəyin yetərsizliyindən gileylənib də. Bununla belə, o, Türkiyədən və ABŞ-dan aldıqları müasir silahlarla rus ordusunun qarşısına çıxacaqlarını da gizlətməyib.
Ukraynanın rus ordusuna qarşı gözlənilən döyüşlərdə yalnız “Javelin” və “Bayraktar TB2”lərə ümid bağlamayacağı şübhəsizdir. ABŞ-ın Ukrayna ilə imzaladığı hərbi müqavilədə onu cəmi 60 milyon dollarlıq silahla təchiz edəcəyi vurğulansa da, hərbi ekspertlər bu yardımların göstəriləndən dəfələrlə çox olduğu görüşündədirlər. Onların fikrincə, indiyədək gah hərbi gəmilərlə, gah da təyyarələrlə Kiyevə gətirilən silahların həcmi kifayət qədər çoxdur və onların arasında indiyədək açıqlanmayan texnikalar, hərbi sursatlar da var. Türkiyənin isə Ukraynaya özünün hələ heç bir döyüşlərdə istifadə etmədiyi “Akıncı” silahlı dronlarını verə biləcəyi vurğulanır. Yeri gəlmişkən, “Akıncı”ların ilk dəfə Ukraynada istifadə olunması ehtimalı Rusiyanın kürkünə daha çox birə salır. Nədən ki, texniki özəllikləri tam bilinməyən bir silaha qarşı düzgün müdafiə sistemi qurmaq müşküldür.
Bəzi müşahidəçilər qardaş ölkənin “Akıncı” dronlarının mühərrikini Ukraynanın “İvçenko-Progress və “Motor Sich” şirkətlərindən almasını gözlənilən Rusiya-Ukrayna savaşında bu silahlardan istifadə olunmasının əsas əlaməti kimi görürlər. Türk silahlı dronlarını hazırlayan “Baykar” şirkətinin Ukraynada hərbi təlim bazaları tikməsi və bu bazalarda “Bayraktar TB2” ilə yanaşı “Akıncı” PUA-larının sirlərini Ukraynalı hərbçilərinə öyrətməsi də bu ehtimalı qüvvətləndirən faktorlardan biri kimi ortaya çıxır. “Baykar”ın sahibi Haluk Bayraktar da bu yaxınlarda “Defense Express”ə verdiyi açıqlamada Ukraynaya “Akıncı” dronları satma ehtimalını istisna etməmış, bu alış-verişin Ukrayna üçün hərbi-strateji əhəmiyyət daşıdığını bildirərək demişdi: "inanıram ki, “Akıncı”nı Ukrayna səmasında görəcəyik, əslində biz buna hazırıq". Ukrayna rəsmiləri də öz növbələrində vaxtaşırı media açıqlamalarında “Akıncı” və digər Türk silahları ilə maraqlandıqlarını açıq dilə gətirmişlər.
Təsadüfi deyil ki, Kiyevin Türk silahlarına güvənərək Moskvaya meydan oxuması Rusiya yetkililərinin dəfələrlə telefona sarılaraq Ankaraya zəng edib gileylənməsinə yol açmışdır. Sonuncu belə zəng bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən edilmiş və o, Türkiyənin Ukraynanı silahlandırmasının Moskvada ciddi narazılıq yaratdığını həmkarının diqqətinə çatdırmışdı.
Sual oluna bilər: “Akıncı” silahlı dronları Ukrayna üçün niyə bu qədər əhəmiyyətlidir və nə üçün Moskvada dərin narahatlıq yaradır?
Erkspertlər bunu “Akıncı”ların ““Bayraktar TB2”lərlə müqayisədə daha geniş imkana sahib olmaları ilə əlaqələndirirlər. “Akıncı”ların ilk üstün tərəfi daha ağır silahlar daşıması və daha mürəkkəb hərbi tapşırıqlar yerinə yetirməsi ilə bağlıdır. 700 kq-lıq “Bayraktar”la müqayisədə “Akıncı”nın maksimum uçuş çəkisi 6000 kq, maksimum yükdaşıma qabiliyyəti isə 1500 kq-dır. Qeyd edək ki, “Bayraktar”larda yükçəkmə qabiliyyəti cəmi 150 kq-dır.
Üstəlik, “Akıncı”lar artıq tanınmış MAM-C və MAM-L mərmilərindən əlavə, uzaqdan idarə olunan 500 kq-lıq Mark 83 bombaları, səsdəniti sürətilə bilinən JDAM hava-hava raketləri, eləcə də SOM kimi qanadlı raketlərdən də istifadə edə, 200 km məsafədə stasionar və hərəkət edən hədəfləri də vura bilər. Bütün bu keyfiyyətləri ilə “Akıncı”lar F-16-larla müqayisə olunur.
Üstəlik, “Akıncı”lar yalnız elektron-optik görmə stansiyasına deyil, həm də bulud səviyyəsindən asılı olmayaraq, yüzlərlə kilometr məsafələrdəki yer hədəflərini aşkarlamağa imkan verən sintetik aperturaya malik radarlarla təchiz olunacaq. İlin 100-160 günü buludlu havanın olduğu Ukrayna şəraitində bu cür imkanlara malik silahlı dronlar xüsusi əhəmiyyət daşıyırlar. “Akıncı”lar sanki bu xüsusiyyətilə tam Ukrayna üçün istehsal olunub. Xatırladaq ki, Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayan “Bayraktar TB-2”lərdə bu özəllik olmadığından bir sıra əməliyyatlarda bunun sıxıntılarını yaşamışdıq. Məsələn, Şuşanın azad olunmasında havanın buludlu olması “Bayraktar”lardan istifadə etməyimizi əngəlləmiş və xüsusi təyinatlarımızın həmin şəhəri əliyalın almasını şərtləndirmişdi. “Akıncı”ları alacağı təqdirdə, Ukrayna əsgərlərinin bu problemləri də olmayacaq.
Digər mühüm amil “Bayraktar TB2”lərə ayrıca modifikasiya edilmiş peyk idarəetmə kanalı “Akıncı”lara baza versiyasında quraşdırılıb. Bu, 300 km-ə qədər məsafələrdə yerüstü rabitə stansiyalarından asılılığı aradan qaldırır.
Təbii ki, “Akıncı”nın “Bayraktar”larla müqayisədə dezavantajları da var. Bu da onların böyüklüyündən irəli gəlir. Qanadı 20 metr, uzunluğu 12 olan bu PUA-nın böyük ölçüləri, həmçinin iki pərli mühərrikini nəzərə alsaq, “Akıncı”lar “Bayraktar TB2”lərdən daha çox radara yaxalana bilər. Bununla belə, “Akıncı”ların daha yüksəkdən uçmaq qabiliyyəti onların bu nöqsanını kompensasiya edir. Bildirildiyinə görə, “Akıncı”ların maksimal uçuş hündürlüyü 12 km-dir. Maksimum yükdə daşıyanda belə, o, 9 km-dən yüksəyə qalxa bilir. Sınaqlar zamanı 450 at gücünə malik “İvçenko-Progress”in Aİ-450 tipli mühərriki quraşdırılmış “Akıncı” 1360 kq bomba ilə 9188 metr hündürlüyə yüksəlməyi bacarmışdı. "Motor-Sich"in 750 güclü MS-500 motoru ilə bu göstəricini daha da yüksəltmək olar. Hər iki motor Ukraynada istehsal olunduğundan Kiyev Türkiyədən alacağı “Akıncı”nı özü istədiyi kimi təkmilləşdirmək imkanına malikdir. Beləliklə, 12 km yüksəklikdəki uçuş qabiliyyəti “Akıncı”nı işğal altındakı Donbassda müşahidə edilən bir sıra hava hücumundan müdafiə (HHM) sistemləri üçün əlçatmaz edir.
Söhbət təkcə 3,5 və 5 km hündürlüyündən vurma qabiliyyətinə malik “Arrow-10” və “Wasp” kimi sistemlərdən də getmir, hansı ki, “Bayraktar TB2” tərəfindən Qarabağ uğrunda müharibə zamanı geniş şəkildə istifadə olunmuşdu. Söhbət həm də ondan gedir ki, hündürlüyü 10 km ilə məhdudlaşan “Tora”ların da bu dronlara çatmaq imkanları yoxdur.
Rus HHM sistemlərindən yalnız “Pantsir-C1"lər 15 km-lik hədəfləri vurmaq imkanlarına malikdir ki, onun da ümumilikdə hava hədəflərini məhv etmək qabiliyyəti real döyüşlərdə dəfələrlə şübhə altına düşüb. İstər Suriyada, istərsə də Liviyada Rusiya istehsalı olan 23 ədəd “Pantsir-C1” zenit-raket və artilleriya sistemləri sıradan çıxarılmışdı. Onların əksəriyyəti isə maksimum yüksəliş hündürlüyü 8,2 km olan “Bayraktar TB2”lər tərəfindən məhv edilmişdi.
Eyni zamanda 30 km-dən uzun mənzilli yüksək dəqiqliyə malik MAM-T tipli ağıllı raketlərlə silahlanmış “Akıncı” üçün “Pantsir-C1”lər tipik hədəf hesab olunurlar. Bu da Rusiyanın zenit-raket və top sistemlərinin adətən cəbhə xəttindən 20 km-ə qədər uzaq məsafədə dayandığını nəzərə alsaq, əlavə riskə girmədən onu məhv etməyə imkan verir. Təbii ki, Rusiya hərbi qüvvələrinin “Buk” və “S-300” kimi raket kompleksləri öz “hədəf”ləri üçün müəyyən təhlükələr yarada bilər. Ancaq 200 km. mənzilli SOM qanadlı raketlərinin diapazonu bu komplekslərin də "məsuliyyət sahəsinə" girməsinə imkan vermir. Nəzərə alsaq ki, 44 günlük Qarabağ savaşında biz erməni S-300-lərini “Akıncı” olmadan məhv etmişdik, o zaman Ukrayna hərbçiləri Azərbaycan təcrübəsindən faydalanaraq Rusiyanı diz üstə çökdürə bilərlər.
İddialara görə, Qarabağ müharibəsi təcrübəsində bu səviyyəli hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üçün mürəkkəb hərbi kombinasiyalar qurulmuşdu. Xarici hərbi ekspertlərin fikrincə, Ermənistanın S-300 kompleksləri “Bayraktar TB2” ilə digər silah sistemlərinin birgə fəaliyyəti sayəsində məhv edilmişdir: “Əvvəl hədəfin koordinatları “Bayraktar” tərəfindən müəyyənləşdirilmiş, sonra S-300-ün radarları REB stansiyaları, çox güman ki, “Aselsan” istehsalı KORAL tərəfindən “yatırdılmış”, zərbə isə böyük ehtimalla, LORA əməliyyat-taktiki kompleksi tərəfindən endirilmişdi”, - Ukrayna hərbi eksperti Oleq Katkov öz analizlərindən birində bu qənaətə gəlib.
Onun fikrincə, Azərbaycanın düşmən hava hücumundan müdafiəsinə qarşı belə kompleks yanaşması sayəsində S-300-lərin reputasiyası 45 illik mövcudluq tarixində yeganə real döyüş sahəsində şübhəli şəkildə başa çatdı: “İstənilən halda, düşmənin hava hücumundan müdafiə vasitələrinin məhv edilməsini PUA-ların köməyi ilə yerinə yetirmək daha asandır, çünki bu, pilotların həyatını deyil, yalnız “dəmiri” riskə atmağa imkan verir”.
Hərbi ekspert onu da vurğulayır ki, “Akıncı”nın “Ukraynada oturma izni” alması üçün digər mühüm amil Türkiyə tərəfinin birgə layihələrdə aktiv fəaliyyətidir: “Ukraynada “Baykar”ın pilotsuz təyyarələrin lokallaşdırılmasının həyata keçirildiyini nəzərə alsaq, “Akıncı”nın imkanlarını artıra bilən Ukrayna sistemləri ilə təchiz edilməsi daha məntiqli olardı. Belə ki, bu PUA-lara Ukrayna dəniz və yer hədəflərini aşkar edən yerli radar sistemləri quraşdırıla bilər. Həmçinin, hündürlüyündən asılı olmayaraq 0,3 metr məsafədə təsvir ölçüsünə malik və rəqəmsal relyef xəritələrinin tərtibi funksiyasına malik sintezləşdirilmiş antena aperturası olan kiçik radarlar da bu sahədə işə yaraya bilər.
Bundan əlavə, “Akıncı”nın imkanları onu “Radionics”in radio əsaslı Omut elektron mühafizə stansiyası ilə təchiz etməyə imkan verir ki, bu da HHM radar sistemlərini, qırıcıları zərərsizləşdirmək, həmçinin aktiv və yarı-aktiv təyinatlı başlıqlar üçün maneələr yarada bilər”.
Göründüyü kimi, Ukrayna hərbçiləri də Rusiyaya qarşı gözlənilən müharibəni əsasən Türk silahları ilə aparmağa üstünlük verirlər. Onlarda bu özünə inamı yaradan əsas amil isə Azərbaycanın 44 günlük savaşda qazandığı misilsiz uğurlardır.
Mürvət Həsənli,
İş adamı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar