Xəbər lenti

 
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putin arasında Soçidə görüş keçiriləcək. 
 
Ovqat.com-un məlumatına görə, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etmək təklifindən sonra gəlməsi diqqət çəkir. 
 
Xatırladaq ki, Rusiya prezidentinin bu təşəbbüsü Mişelin Azərbaycan və Ermənistan liderlərinə Brüsseldə görüşmək və bundan sonrakı mərhələdə iki ölkənin Müdafiə nazirlərinin birbaşa təmas qurması təklifindən sonra gəlmişdi. Mütəxəssislərin fikrincə, Aİ “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində sözügedən görüşü təşkil etməklə faktiki olaraq Rusiyanın oyundan kənar vəziyyətə salmaq istəyirdi. Bu niyyəti başa düşən Rusiya Prezidenti Avropa İttifaqından qabağa düşərək bugünkü Soçi görüşü təşəbbüsünü irəli sürərək Moskvanın razılığı olmadan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının mümkün olmayacağı mesajını verdi
 
Rusiya rəsmilərinin Putinin Soçi təşəbbüsündən sonra və əvvəl verdikləri bəyanat da Kremlin Qarabağ probleminin açarını əlindən vermək istəmədiyini açıq şəkildə ortaya qoyur. İstər rus, istərsə də erməni yetkililərinin açıqlamalarından aydın olur ki, bu görüşdə iki əsas məsələ müzakirə olunacaq. Onlardan biri nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, digəri isə sərhədlərin müəyyənləşdirilməsidir. Sirr deyil ki, hər iki məsələdə Azərbaycanla Ermənistan arasında ciddi fikir ayrılıqları var və bu fərqli mövqeləri eyni məxrəcə gətirmək ən müşkül məsələ kimi tərəflərin qarşısında dayanır.


 
Nəqliyyat kommunikasiya məsələsində Azərbaycanın mövqeyi Zəngəzur xəttinin dəhliz kimi açılmasıdır. Bu o deməkdir ki, Ermənistan bu ərazidə heç bir gömrük postu qurmayacaq, qursa belə, Azərbaycandan hər hansı rüsum tələb etməyəcək. İrəvan isə bununla razılaşmır, nəqliyyat xəttinin Ermənistanın suvereliyi çərçivəsində açılmasını istəyir. Halbuki o ərazilər SSRİ dövründə qeyri-qanuni şəkildə Ermənistana verilib, məqsəd Türk dünyası arasındakı mövcud torpaq əlaqəsini kəsmək olub. Qalıcı sülhün bərqərar olunması, ədalətin bərpası üçün bu ədalətsizlik ortadan qaldırılmalıdır və bu, yeni yaranan geosiyasi reallığın tələbidir. 
 
Məsələ burasındadır ki, münaqişənin açarının öz əlində olduğu mesajını verən Rusiyanın da həmin mübahisəli vəziyyətdən istifadə edib, çözümsüzlüyü sonsuzadək davam etdirmək imkanı var. Çözümsüzlük isə erməniləri öz sərhədlərinin qorunması hüququnu Rusiyaya həvalə etmək məcburiyyətində qoya bilər ki, əslində Moskvanın Cənubi Qafqazda nail olmaq istədiyi əsas hədəf də bununla bağlıdır. Çünki iki dövlət arasında və Qarabağda silahlı qüvvələrini yerləşdirməklə Rusiya təkcə Ermənistanı deyil, həm də Azərbaycanı, hətta bütünlükdə Cənubi Qafqazı öz caynağına keçirə, lazım gəldiyi an istədiyi tərəfə təzyiq göstərə bilər. Nəzərə alsaq ki, Gürcüstanda da onun iki tutacağı – Cənubi Osetiya və Abxaziya separatçı vilayətləri var, bu, Rusiyanın Cənibi Qafqazda tamamilə möhkəmlənməsi anlamına gəlir. 


 
Soçi sammitindən bir gün əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə səsləndirdiyi bəzi fikirlər də Moskvanın bu niyyətindən xəbər verir. Matviyenko həmin görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiq xəritəsinin Rusiyada olduğunu açıqlamış, gözlənilən demarkasiya və delimitasiya  prosesinin bu xəritələr əsasında aparılacağını vurğulamışdı. Azərbaycan və Ermənistan Sovet Rusiyası tərəfindən işğal olunandan sonra iki dövlət arasındakı sərhədlərin tez-tez dəyişildiyini nəzərə alsaq, rəsmi Moskvanın verdiyi bu mesaj istər-istəməz “kim özünü “yaxşı” aparsa, xəritəni də onun xeyrinə ortaya çıxaracağam” fikrini xatırladır. Nəticədə ya Ermənistan, ya Azərbaycan tərəfinin, ya da hər ikisinin bu görüşdən narazı ayrılacağı qaçılmazdır. 
 
Maraqlıdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu yaxınlarda verdiyi açıqlamasında iki dövlət arasında sülh razılaşmasının yalnız konsensus əsasında baş tuta biləcəyini vurğulamışdı. Dolayısıyla Kreml baş tutmayacaq duaya “amin” deyəcəyini bildirmişdi. Bu da Rusiyanın Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllində maraqlı olmadığını təsdiqləyən amillərdən biridir. Zənnimizcə, Rusiya Soçi görüşündə qazanacağı üstünlükdən faydalanar gündə bir başqa xəritə ortaya çıxaracaq, münaqişəni daha da qızışdıracaq və onun bu mövqeyi daimi olaraq bölgədə qalmaq niyyətindən irəli gəlir. 
 
Bu baxımdan Rusiyanın təşəbbüsü ilə keçiriləcək Soçi görüşünə böyük ümidlər bağlamaq yersizdir.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 334          Tarix: 26-11-2021, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma