Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Mətin Məmmədli,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Ermənistanla son müharibəmizin əsas nəticələrindən biri də məğlub ölkənin ictimai rəyində baş verən təzadlı proseslərdir. Müharibənin hərbi-siyasi nəticələri gözlənildiyi kimi, Ermənistanda ictimai-siyasi diskursu müəyyən edən əsas amilə çevrildi. Qonşu ölkənin üzləşdiyi böyük məğlubiyyət şok effekti yaratmaqla bərabər son bir ildə erməni cəmiyyətində kəskin müzakirələrə, əvvəllər səsləri zəif eşidilən daha rasional fikirlərin aktuallaşmasına səbəb oldu. Uzun illər, əsrlər boyu uydurulmuş miflərin, yalanların girovuna çevrilən erməni cəmiyyətinin post-müharibə dövrünün sərt reallıqları ilə üzləşməsi ictimai düşüncədə ciddi sarsıntıların geniş vüsət almasına rəvac verdi. “Yenilməz ordu”, “qalib xalq” miflərinin Azərbaycan əsgərinin “dəmir yumruğu” ilə sabun köpüyü kimi partlaması bir həqiqəti üzə çıxartdı : yalan və nifrət üzərində qurulan “qələbə”- nin sonu milli depresiyadır.
Xüsusilə, müharibə sonrası ilk aylarda yaşanan ruh düşkünlüyü, qeyri – müəyyənlik, narazılıq erməni ictimai rəyinin əsas tendensiyasına çevrilmişdir. Əslində, burada qeyri – adi məqam da yoxdur, məğlub ölkənin ictimai fikrində baş verməli olan proseslər Ermənistanda da təkrarlanırdı. Sadəcə olaraq ermənilər bu prosesi qeyd etdiyimiz səbəblərdən daha ağır keçirirdilər və hələ də keçirtməkdədirlər. Post – müharibə dövrünün ilk vaxtlarında bir çox tanınmış erməni ziyalısının, siyasətçisinin fikirlərini məhz bu kontekstdə dəyərləndirmək olar. Tanınmış erməni alimi, hazırda Miçiqan Universitetinin professoru və Ermənistanın ilk prezidenti Levon Ter – Petrosyanın siyasi müşaviri olmuş Jirard Libaridyan qeyd edir ki, “bizim əsas problemimiz düşüncə tərzimizdir. Biz siyasi strategiyamızı arzularımız, bizə xoş olan şeylər əsasında qururuq”. Libaridyana görə, ermənilər müharibədən sonra özgüvəndən, nikbinlikdən məhrum olub və əlavə edir ki, biz nə, niyə baş verdiyini qəbul etməyə qətiyyən hazır olmayan travmalı xalqıq. Amerikanın Lehigh Universitetinin müəllimi və politoloq Arman Qriqoryan bildirir ki, Ermənistanda siyasi fikir mif və doqmalarla zəngindir. Qriqoryan qeyd edir ki, uzun illərdir erməni mediası və televiziyaları “Böyük Ermənistan”, “azərbaycanlılar axmaqdır”, “erməni ordusu yenilməzdir” kimi mifləri təbliğat vasitəsinə çevirib. Onun fikrincə, “bizim siyasi diskursumuz pafoslu axmaqlıqlarla o qədər dolu olub ki, onlar rasional olan hər şeyi ictimai müzakirədən çıxarıb. Və bu məsələlərə qarşı çıxanlar da satqın, xain damğası alıblar.” Müharibə bitdikdən sonra ermənilərin düşmüş olduğu vəziyyəti dilə gətirən şəxslərdən biri də Ermənistan prezidenti Armen Sarkisyan olmuşdur. Sarkisyan, rəhbərlik etdiyi ölkənin əsas problemlərindən birinin cəmiyyətin emosional və psixoloji böhran içərisində olmasını qeyd edir. Ermənistan prezidentinə görə, ermənilər bu günə kimi arzuladıqlarını reallıq kimi qəbul ediblər.
Ümumiyyətlə, post-müharibə dövrünün reallıqları ermənilərin bir toplum olaraq yalnız özləri ilə bağlı deyil, bütövlükdə yerləşdiyimiz regionla, Azərbaycanla, digər dövlətlərlə əlaqəli formalaşmış narrativlərinin o qədər də əsaslı olmadığı qənaətini meydana çıxartmışdır. Xüsusilə, İkinci Qarabağ Müharibəsinin hərbi – siyasi nəticələri erməni ictimai fikrində ölkəmizə və Rusiyaya münasibətdə ciddi dəyişikliklərin baş verməsi üçün münbit zəmin formalaşdırmışdır. Erməni cəmiyyətində Azərbaycan ordusunun “döyüş qabiliyyətinin aşağı olması”, “azərbaycanlılar arasında milli birliyin olmaması”, “Ermənistanın məğlubiyyətinə Rusiyanın imkan verməyəcəyi”, Qərbin “avtoritar Azərbaycanın və Türkiyənin demokratik Ermənistana hücumu ilə barışmayacağı” və s. doqmalaşmış fikirlər müharibənin nəticəsində tamamilə aradan qalxdı. Əvəzində erməni mediasında, elmi – siyasi dairələrində müzakirələr tamam fərqli aspektlərdə, daxilə və xaricə yönələn ittihamlarla, tənqidlərlə davam edir.
Son bir ildə erməni ictimai debatlarının ən ağrılı mövzusu “Rusiyanın etibarsızlığı”dır. Rusiyanın İkinci Qarabağ Müharibəsində davranışı, daha dəqiq desək, münaqişəyə fəal müdaxilə etməməsi, qismən neytrallığını qoruyub saxlaması əksər ermənilərin nəzərində Moskvanın “erməniləri satması” kimi dəyərləndirilir. Bir çox erməni təhlilçilərinin fikrincə, Rusiyanın on illər ərzində regionda Ermənistanın xeyrinə mövcud olmuş status – kvonun dəyişdirilməsinə razılıq verməsi rusların etibarlı, sabit müttəfiq olmadığını sübut edir. Müharibədən sonra Ermənistanda Moskvaya qarşı meyllərin yüksəlməsi bu ölkədəki anti – Rusiya mövqeyində olan siyasi qüvvələrin də fəallığının artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu siyasi qüvvələrin davamlı olaraq Rusiya və prezident Putin əleyhinə kütləvi aksiyalar təşkil etməsi son illərdə erməni siyasətində ənənəvi xarakter alıb. Rusiya əleyhinə təşkil olunan kütləvi aksiyalarda səslənən şüarlara nəzər saldıqda ( “Ruslar burnundan uzağı görə bilmirlər, amerikanlar isə 100 il sonranı proqramlaşdırır”, “bizim xilasımız Amerika və birləşmiş Qərbdir” və s.) erməni cəmiyyətinin əhəmiyyətli hissəsində ruslara qarşı əhval-ruhiyyənin hansı səviyyədə olduğunu aydın dərk etmək olar. Son olaraq noyabrın əvvəllərində və ortalarında bir sıra siyasi qüvvələr (“Milli Demokratik Qütb” və s.) üç ölkə liderinin (Azərbaycan, Ermənistan, Rusiya) gözlənilən görüşünə və bu görüşdə hər hansı razılaşmaların əldə olunması ehtimalına qarşı mitinqlər təşkil ediblər. Həmin aksiyalarda da anti-Rusiya ritorikası üstünlük təşkil edib. Bir vacib məqamı da əlavə etmək olar ki, erməni ictimai fikrində Rusiya əleyhinə tendensiyalar yeni deyil və hələ, İkinci Qarabağ Müharibəsindən əvvəl də Ermənistanda ruslara qarşı mənfi münasibət xeyli yayğınlaşmışdır. Son illərdə bu ölkədə keçirilən rəy sorğuları da iddialarımızı təsdiq edir. Məsələn, belə rəy sorğularının birində respondentlərin 51 %-i Rusiyanın Ermənistan – Azərbaycan münaqişəsinə neqativ təsir göstərdiyini bildirdiyi halda, rəyi soruşulanların 59 %-i Ermənistanın yenidən Azərbaycanla müharibəyə daxil olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvana kömək etməyəcəyi qənaətində idi. Əslində, 2018-ci ilin yazında Ermənistanda baş verən “məxməri inqilab” da bir çox təhlilçilərin də qeyd etdiyi kimi yalnız daxili narazılıqlardan yaranmamışdır, həm də Rusiyaya qarşı erməni cəmiyyətinin ümumiləşmiş mövqeyini ifadə edirdi. Sadəcə olaraq, post-müharibə dövründə anti-Rusiya meylləri Ermənistanda daha da genişlənib və ictimai polemikanın əsas mövzularından birinə çevrilib. Qeyd etmək lazımdır ki, Qırxdördgünlük Vətən Müharibəsindən sonra Ermənistanda artan anti-Rusiya çağırışları Moskvanın siyasi-elmi dairələrində də diqqətlə izlənilir və zaman-zaman müxtəlif rus təhlilçilər, siyasət adamları baş verənlərə münasibət bildirir. Hətta son günlərdə İrəvanda keçirilən anti-Rusiya aksiyaları Moskvadakı ermənipərəst jurnalistlərdə də, təhlilçilərdə də ciddi narazılıqla qarşılanmışdır.
Son bir ildə erməni ictimai diskursunun ifadə olunduğu əsas müstəvi, sözsüz ki, bu ölkədə baş verən siyasi proseslərdir. İkinci Qarabağ Müharibəsindən sonra başlanan siyasi böhran bu ilin yayına qədər davam etmişdir və yayda keçirilən parlament seçkiləri ilə əsasən aradan qalxmışdır. Bununla belə, hələ də hakimiyyət və müxalifət, ayrı-ayrı siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar, sərt mübarizə meylləri olmaqla siyasi böhran elementləri qalmaqdadır. Müharibədən sonra Paşinyan hökumətinə qarşı geniş müxalifət koalisiyası tamam fərqli siyasi qüvvələrdən təşkil olunsa da iqtidara münasibətdə ideoloji tezisləri əsasən eyniyyət təşkil edirdi. Onlar Paşinyan və komandasını xəyanətdə, Ermənistanın maraqlarını satmaqda, kapitulyasiya sənədini imzalamaqda, ən yumşaq halda isə ölkəni fəlakətlə üz-üzə qoyan bacarıqsızlıqda ittiham edirdilər. Ermənistan müxalifətinin post-müharibə dövrünün ilk aylarında əsas şüarlarından biri də Azərbaycanla yenidən müharibəyə hazırlaşmaqla bağlı idi. Onların fikrincə, Ermənistan yaxın perspektivdə güc tətbiq etməklə ən azı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazi hüdudlarını bərpa etməyə çalışmalıdır. Ermənistan müxalifətinin hakimiyyətlə mübarizədə qeyd etdiyimiz ideoloji tezislərə əsaslanan seçdiyi sərt üslub, emosionallıq və davamlı etiraz aksiyaları son bir ildə effektiv nəticə vermədi. Hətta, bu ilin fevralında Ermənistan ordusunun rəhbərliyinin baş naziri istefaya çağıraraq faktiki müxalifətlə həmrəylik nümayiş etdirməsi də iqtidar dəyişikliyinə səbəb olmadı. Nəhayət, 2021-ci ilin 20 iyununda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın partiyası inamlı qələbə əldə edərək hakimiyyətini qorumağa nail oldu. Beləliklə, 2020-ci ilin noyabrında Ermənistanda başlanan siyasi böhranın Paşinyan hakimiyyətinin qorunması ilə nəticələnən qısa xülasəsi bir sıra vacib nəticələrə gəlməyimizə imkan verir. Ermənistanda son bir ildə baş verən paradoksal siyasi proseslərin əsas səbəblərini, fikrimizcə, erməni ictimai fikrində axtarmaq daha doğru olardı. Müharibədə məğlub olan ölkənin hakimiyyətinin öz nüfuzunu əsasən qoruyub saxlaması, seçkilərdə qalib gəlməsi qeyri-adi təsir bağışlasa da bu fakt Ermənistanda ictimai rəyin özünəməxsusluğundan xəbər verir. Erməni ictimai fikrində revanşist qüvvələrin, müxalifətin və onların tələblərinin qeyri-populyar olmasının, geniş dəstək tapmamasının səbəblərini əsasən belə sıralaya bilərik : Paşinyanın əsas müxalifəti olan “Qarabağ klanı” na aid qüvvələrə ictimai etimadın olmaması, bu siyasi qüvvələrin liderlərinin bərbad siyasi keçmişi və nüfuzu, cəmiyyətin yenidən müharibəyə, itkilərə psixoloji hazır olmaması, əvəzində daha çox iqtisadi vəziyyətin, yaşayış standartlarının yaxşılaşması fikirlərinə köklənməsi və nəhayət, keçmişə deyil, gələcəyə baxmağın tərəfdarı olması.
Məhz bu səbəblərdən erməni cəmiyyətinin əsas hissəsi Paşinyan hökumətinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinə, xarici siyasətdə buraxdığı kobud səhvlərə, avantüralara baxmayaraq müxalifətdə olan revanşist siyasi qüvvələri dəstəkləməkdən çəkinmişdir. Müxalif koalisiyaya geniş ictimai dəstəyin olmaması artıq ötən ilin noyabrın 10-da imzalanan məlum üçtərəfli bəyanatdan sonra İrəvan küçələrində keçirilən etiraz aksiyalarında açıq görünməyə başlamışdır. Belə görünürdü ki, ermənilər müharibənin nəticələrindən şok keçirsə də onlar bu şoku evlərində keçirməyə üstünlük verirlər. Daha sonra ölkədə dərinləşən siyasi böhran dövründə də, iyunda keçirilən parlament seçkilərində də erməni müxalifəti cəmiyyətdən lazımi dəstəyi ala bilmədi. Paşinyan və onun komandasının aparıcı simaları isə həm siyasi böhran dövründə, həm də seçki kampaniyası müddətində ictimai düşüncənin ehtiyaclarını nəzərə alaraq çıxışlarında diqqəti daha çox iqtisadi problemlərə, sosial vəziyyətin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə mövzularına ayırırdı. Bu çıxışlarda Qarabağ, müharibə mövzuları bir növ arxa plana atılmışdır.
Bütün bunlarla bərabər, erməni cəmiyyətinin əsas hissəsinin yenidən müharibə istəməməsi hələ onların Azərbaycanla sülhə hazır olması anlamına gəlməməlidir. Erməni mediasına, siyasətçilərinin çıxışlarına, sadə vətəndaşlarının səsləndirdiyi fikirlərə nəzər saldıqda onların Azərbaycanfobiya düşüncə tərzindən “əziyyət” çəkdiyini görmək olar. Təbii ki, uzun illər ərzində erməni cəmiyyətində yaxın qonşusuna qarşı qorxu, nifrət hissinin aşılanması qeyd etdiyimiz düşüncə tərzinin formalaşmasına səbəb olmuşdur və bu düşüncənin də qısa müddət ərzində aradan qalxacağını gözləmək doğru olmazdı. Bir vacib məqamı da qeyd etmək istərdim ki, Paşinyan iqtidarının son bir ildə nümayiş etdirdiyi ziddiyyətli mövqenin də əsas səbəblərindən biri fikrimizcə, ictimai rəydə Azərbaycanla sülh mövzusunun o qədər də cəzbedici olmamasıdır. Həm də bu amilin təsiri ilə Ermənistan hakimiyyəti regionda sülh quruculuğu prosesində tərəddüdlü mövqe sərgiləyir, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Azərbaycanla problemlərin həllində konstruktiv mövqe nümayiş etdirməsinin ölkə daxilində nüfuz itkisinə səbəb olacağını düşünən Paşinyan və yaxın ətrafı, iki ölkə arasında problemlərin həllinə deyil, “dondurulmasına” xidmət edən addımlar atmaq yolunu tutur. Son zamanlar Ermənistan – Azərbaycan sərhədində baş verən toqquşmalara həm də bu kontekstdən baxılması yerinə düşərdi. Beləliklə, İkinci Qarabağ müharibəsinin hərbi-siyasi nəticələrinin erməni ictimai rəyində inikasını əsasən belə ümumiləşdirmək olar : milli “depressiya” ya düşüblər, cəmiyyət olaraq əsasən yeni müharibə istəmirlər, ancaq eyni zamanda da sülhə də hazır deyillər, daha çox iqtisadi – sosial, siyasi vəziyyətlərinin yaxşılaşdırılmasını düşünürlər, anti-Rusiya meylləri xeyli artıb və s.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar