Xəbər lenti
Dünən, 23:00
Dünən, 21:00
Dünən, 19:55
Dünən, 18:19
Dünən, 17:49
Dünən, 15:26
Dünən, 12:00
Dünən, 09:55
Dünən, 09:09
6-10-2024, 23:26
6-10-2024, 22:29
6-10-2024, 21:53
6-10-2024, 20:43
6-10-2024, 19:36
6-10-2024, 18:27
6-10-2024, 17:55
6-10-2024, 16:56
6-10-2024, 15:58
6-10-2024, 14:29
90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanda sivil demokratik cəmiyyət qurmaq niyyəti ortaya qoyulsa da oliqarxik avtoritar siyasi sistem formalaşmışdır. Ermənistan-Azərbaycan münaqişəsi isə Ermənistanda siyasi sistemin formalaşmasında və onun oliqarxik xarakterə malik olmasında əhəmiyyətli rol oynamışdır. Elə buna görə də 2016-cı ilin aprel ayında baş vermiş “Dördgünlük Müharibə”də Ermənistanın məğlubiyyətə uğraması orada mövcud olan korrupsiyalaşmış oliqarxik sistemin əsl üzünü açıb ortaya qoymuşdur. Bu məğlubiyyətdə müdafiə sahəsində mövcud olan korrupsiya ilə bağlı problemlər özünü daha qabarıq şəkildə göstərmişdir.
Ümumiyyətlə, Ermənistanda yaranmış oliqraxik sistem iqtisadi inkişaf imkanlarının əsaslı şəkildə daralmasına, sosial problemlərin artmasına, cinayətkarlığın və hərc-mərcliyin genişlənməsinə səbəb olmuşdur. Bu da əhalinin oliqarxik sistəmə qarşı etirazının artmasına və hökuməti dəyişməyə cəhd etməsinə səbəb olmuşdur. 2018-ci ildə Ermənistanda hakimiyyətin dəyişməsində və Nikol Paşinyanın hakimiyyətə gəlməsində bu faktor böyük rol oynamışdır. Paşinyanın ölkədə sosial-iqtisadi problemləri həll etmək, korrupsiyanın qarşısını almaq və oliqraxik sistemi aradan qaldırmaqla bağlı verdiyi vədlər onun baş nazir seçilməsinin ölkədə şənlik və coşğu ilə qarşılanmasına səbəb olmuşdur. Paşinyanın gəlişi ilə iyirmi beş ildən sonra ilk dəfə olaraq vətəndaşlar siyasi, iqtisadi və sosial dəyişikliyin olacağına və Ermənistan dövlətinin yeni mərhələyə keçəcəyinə inanmışdır.
Lakin, bu gün görünən odur ki, hakimiyyət dəyişikliyindən sonra keçən müddət ərzində Ermənistanda avtoritar siyasi sistemdən demokratik bir sistemə real keçid və oliqarxik sistemin aradan qaldırılması baş verməmişdir. Paşinyan 2020-ci ildə keçirdiyi mətbuat konfranslarının birində qeyd etmişdir ki, Ermənistan Respublikasında bir neçə nəfərdən ibarət azlıq hakimiyyəti yoxdur və olmayacaqdır. Onun bu formada çıxış etməsi bir tərəfdən ölkədə oliqarxik sistemin mövcud olmasının etirafı idisə, digər tərəfdən məqsəd oliqarxlara qarşı özünün kəskin mübarizə apardığı mesajını vermək idi. Buna baxmayaraq, erməni ictimaiyyəti bu bəyanatı qeyri-ciddi qəbul etmişdir. Əslində Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün oliqarx adı altında öz siyasi oponentləri ilə mübarizə aparmaqdadır. 44-Günlük Müharibədəki məğlubiyyətdən sonra Paşinyanın yenidən baş nazir seçilməsi isə ona bu prosesi daha aktiv şəkildə davam etdirməyə imkan yaradır.
Hazırda Ermənistandakı siyasi mühit bir tərəfdə oliqarxik dayaqları hələ də itirməmiş siyasi müxalifət və digər tərəfdə isə yeni formalaşmaqda olan güc blokunun mübarizə apardığı bir siyasi bataqlığa bənzəyir. Bu mərhələdə Paşinyanın yanında dayanan gənc və iddialı fəallar əsas nazirliklərə və dövlət qurumlarına obyektiv rəhbərlik edə bilmirlər. Köhnə bürokratik aparatın yavaş-yavaş onları qəbul etməyə başlayacağı ehtimal edilsə də bu gözlənti hələ ki özünü tam doğrultmamışdır. Qeyd etdiyimiz fakorların təsiri ilə Paşinyanın reytinqi, yenidən seçilməsinə baxmayaraq, əsaslı şəkildə azalmaqdadır. İstər 44-Günlük Müharibədəki məğlubiyyət, istərsə də pandemiyanın yaratdığı sosial-iqtisadi problemlər onun reytinqinin azalmasına təsir etməkdədir. Bununla yanaşı, onun korrupsiyaya qarşı mübarizə və oliqarxik sistemin aradan qaldırılması ilə bağlı verdiyi vədlərin üzərində dura bilməməsi və ya durmaq istəməməsi də reytinqinin azalmasına səbəb olur.
Paşinyanın Ermənistanda mövcud olan oliqarxik sistemi dağıda bilməməsi ölkədə mövcud olan siyasi və iqtisadi reallıqlarla bağlıdır. Siyasi hakimiyyətin qorunmasında və iqtisadi inkişafın təmin edilməsində istər Ermənistanda yaşayan, istərsə də xaricdə məskunlaşan oliqarxların kapitalının böyük paya malik olması bu sistemin dağıdılmasını çətinləşdirir. Ermənistanın özünün kifayət qədər maliyyə resursuna malik olmaması isə onu həmin kapitaldan asılı edir. Ona görə də Paşinyan mövcud olan oliqarxik sistemi dağıtmaq əvəzinə ondan özünün siyasi məqsədləri üçün istifadə edir. 2018-ci ildəki çevriliş dövründə Paşinyana dəstək olan oliqarxlara öz bizneslərini böyütmək üçün imkan yaradıldığı halda müxalif cəbhədə olan oliqarxlar təqib edilir və onların fəaliyyət imkanları məhdudlaşdırılır. Bu yanaşma eyni zamanda xaricdə yaşayan Erməni oliqarxlara qarşı da tətbiq edilir. Lakin, xaricdə yaşayan Erməni oliqarxların bir çoxunun məqsədi siyasi hakimiyyətə təsir etmək deyil, əksinə ölkənin inkişafına dəstək vermək və xeyriyyəçiliklə məşğul olmaq olduğundan hakimiyyət onlarla yaxşı münasibətlər saxlamağa və onların fəaliyyət imkanlarından istifadə etməyə çalışır. Ermənistandan xaricdə yaşayan erməni əsilli oliqarxlar da Ermənistanın ictimai həyatında böyük rol oynadığından Ermənistanda oliqarxik sistem dedikdə həm də xaricdə yaşayan oliqarxlar nəzərdə tutulur.
Ermənistanda oliqarxik sistemin böyük əhəmiyyətə malik olması bu sistemin hazırkı vəziyyətinin təhlil edilməsini və onun strukturunda baş verən dəyişikliyin araşdırılmasını əhəmiyyətli edir. Bu hesabatın da əsas məqsədi daha çox nüfuza malik olan erməni oliqarxları haqqında məlumat vermək, onların hazırkı vəziyyəti və mövcud hakimiyyətlə münasibətlərini təhlil etməkdir. Ümumiyyətlə, Ermənistanda siyasi hakimiyyətə təsir etmək imkanı olan oliqarxları üç qrupda təsnif etmək olar: 1) Ermənistanda yaşayan və biznes fəaliyyəti göstərən oliqarxlar; 2) Rusiyada yaşayan və oranın ictima-siyasi həyatında aktiv iştirak edən, həmçinin Ermənistandakı siyasi hakimiyyətə təsir imkanlarına malik olan oliqarxlar; 3) Avropa və ABŞ-da yaşayan, Ermənistanda həm indiki, həm də keçmiş hakimiyyətlə ciddi əlaqələri olan erməni diasporunun aktiv üzvləri. Hesabatda da oliqraxlar haqqında məlumatlar bu qruplaşma əsasında verilmişdir.
Ermənistanda yaşayan oliqarxlar
Qaqik Tsarukyan
Qaqik Tsarukyan Ermənistanda keçmiş hökumətə bağlı oliqarxların ən nüfuzlusu hesab edilir. O, keçmiş Ermənistan prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın əsas dəstəkçisi olmuşdur. Lakin, 2018-ci ildə hakimiyyət dəyişikliyi zamanı Paşinyana öz dəstəyini ifadə etmişdir. Tsarukyan Ermənistanın ən böyük siyasi partiyalarından biri olan Çiçəklənən Ermənistan siyasi partiyasının qurucusu və lideridir.
Ermənistanın ən varlı adamlarından biri olan Tsarukyan 1990-cı illərdə qida emalı sahəsində biznes karyerasına başlamış, üç onillik ərzində spirt və ərzaq istehsalı, kazinolar, hotellər, mineral hasilat, dərman sənayesi və bitkoin mədəni daxil olmaqla müxtəlif sahələrdə inhisarçı paya sahib ən böyük oliqarx olmuşdur. Tsarukyanın 1995-ci ildə qurulan “Multi Group” holdinqi hazırda 40-dan çox böyük və kiçik müəssisəni özündə birləşdirir. O, həmçinin keçmiş güləşçi kimi Ermənistanda idmana da böyük təsir göstərmiş, çox sayda idmançıya, idman mərkəzinə maddi dəstək verərək 2005-ci ildən bəri Ermənistan Olimpiya Komitəsinin rəhbəri vəzifəsində çalışmışdır. Tsarukyan siyasətdə də kifayət qədər uğurlu olmuşdur. Onun Çiçəklənən Ermənistan partiyası 2007-ci il parlament seçkilərində 15% səs toplayaraq hakim Respublika Partiyasının gənc koalisiya partnyoru kimi parlamentə daxil olmuşdur. 2012-ci ildəki seçkilərdə partiya səs payını iki dəfə artıraraq 30% -ə çatdırmışdır.
Tsarukyanın siyasi karyerasında ilk ciddi çətinlik 2012-ci il seçkilərindən sonra müşahidə edilmişdir. Belə ki, o, əvvəlki Prezident Serj Sarkisyanla açıq şəkildə toqquşma yaşamış və hakim koalisiyadan çıxmışdır. Daha sonra 2015-ci ildə o, Sarkisyanı istefaya çağırmış və tərəfdarlarını küçələrə çıxartmaqla hədələmişdir. Sarkisyan isə öz növbəsində, oliqarxı milyonları oğurlamaqda günahlandıraraq onu Milli Təhlükəsizlik Şurasından uzaqlaşdırmışdır. Lakin, onlar arasındakı konflikt Tsarukyanın kürəkəni olan o vaxtkı baş nazir Hovik Abrahamyan və erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın vasitəçiliyi ilə görüşdən sonra sakitləşmiş və tərəflər barışmışdır. Görüşdən sonra Tsarukyan siyasətdən getdiyini, millət vəkilliyindən və öz partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamış, 2015-ci ilin payızında isə Sarkisyan onu “ölkəsi üçün etdiyi xidmətlərə görə” medalı ilə təltif etmişdir. Ancaq, Tsarukyan 2017-ci ilin fevralında yenidən siyasətə qayıtdığını elan etmişdir. Çiçəklənən Ermənistan, Alyans partiyası və Missiya partiyasından ibarət bir seçki ittifaqı təşkil etmişdir. 2017-ci il Ermənistan parlament seçkiləri
zamanı Tsarukyan Alyansı səslərin 27,35% -ni toplayaraq Ermənistan Parlamentindəki 105 deputat yerindən 31-ni qazanaraq Ermənistan Respublika Partiyasından sonra (58 deputat 49.17 % ) ikinci ən böyük parlament bloku olmuşdur. 2018-ci il parlament seçkilərində Çiçəklənən Ermənistan 8,26% səs toplamış və ikinci yeri tutmuşdur.
Tsarukyan Paşinyan hakimiyyətə gələndə ona dəstək versə də sonradan münasibətləri gərginləşmişdir. 2020-ci ilin iyunun 16-da Ermənistan parlamenti onu deputat toxunulmazlığından məhrum edib və həbsinə razılıq vermişdir. Ermənistanın ən varlı adamlarından olan Tsarukyan səs alqı-satqısı, qanunsuz biznes fəaliyyəti və saxta torpaq köçürmə sxeminin təşkili ilə əlaqədar istintaqa cəlb edilmişdir. Daha əvvəl iyunun 14-də Tsarukyanın evinə Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən basqın edilmiş və o, 10 saatdan çox dindirilmişdir. Axtarışlar Tsarukyanın partiyanın Siyasi Şurasında çıxışı zamanı hökumətin daxili işlərdən tutmuş iqtisadiyyata, Qarabağın statusu ətrafında aparılan danışıqlara, COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizəyə qədər bütün istiqamətlərdə uğursuz olduğunu bildirdikdən bir həftə sonra baş vermişdir. O, hökumətin istefa verməsini tələb etmişdir. Ermənistan hökuməti isə Tsarukyanı cəmiyyətin diqqətini özünün cinayət fəaliyyətindən yayındırmaqda ittiham etmişdir. İlk əvvəl Tsarukyana qarşı 1979-cu ildə açılan və 2001-ci ildə ləğv edilən cinayət işinin məhkəmə sənədləri mediaya sızdırılmışdır. Həmin sənədlər Tsarukyanın bir neçə nəfərlə birlikdə iki rus turistə qarşı təcavüz etdiyinə və soyğunçuluğa görə mühakimə olunduğunu göstərirdi. Bütün bunlara baxmayaraq, məhkəmə 2020-ci ilin iyun ayının 21-də Baş Prokurorluğun Tsarukyana qarşı irəli sürdüyü ittihamlarla bağlı təqdimatını təmin etməmişdir. Tsarukyanın Rusiya tərəfindən dəstəkləndiyi iddia olunur və məhkəmənin belə qərar verməsi də həmin dövrdə Paşinyanın ona gücünün çatmaması ilə əlaqələndirilir. Bundan sonra da hökumət ilə Tsarukyan arasında gərgin münasibətlər davam etmiş, 2020-ci ilin noyabr ayında Tsarukyan MTX tərəfindən həbs edilmiş və bir neçə gün sonra azadlığa buraxılmışdır.
2021-ci ildə Tsarukyanın Çiçəklənən Ermənistan partiyası növbədən kənar parlament seçkilərinə qoşulsa da zəruri həddə səs toplaya bilməmişdir. Belə ki, 2021-ci ilin iyun ayında keçirilən seçkilərdə partiyalar üçün keçid faizi 5% olsa da Tsarukyanın partiyası 3.96% səs toplayaraq parlamentdən kənarda qalmışdır. Daha sonra iyul ayında Ermənistanın Baş Naziri Paşinyan siyasi qüvvələrin liderləri ilə görüş çərçivəsində Tsarukyanı görüşə dəvət etmiş və onunla görüşmüşdür. Görüş çərçivəsində Paşinyan Çiçəklənən Ermənistan partiyasının uzun illər ərzində Ermənistanın siyasi həyatında mühüm rol oynadığını qeyd edərək mövcud problemlərin həll edilməsində milli potensialın birləşdirilməsinin vacib olduğunu vurğulamışdır. Bu Tsarukyanla hökumət arasında gərginliyin azaldığını göstərsə də, proses onun siyasi fiqur olaraq mövqeyinin zəifləməsindən sonra baş vermişdir. Buna baxmayaraq, Ermənistanın ən varlı adamlarından biri kimi Tsarukyan əsaslı təsir gücünə malik olan bir fiqur olaraq qalmaqda davam edir. Tsarukyanın rəsmi varidatı 500 milyon dollar həcmində qiymətləndirilir.
(ardı var)
Nağı Əhmədov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar