Xəbər lenti

 
“Nəticə etibarı ilə özümüz də hiss etmədən xəstə ruhlu erməni millətçilərinin mövqeyinə yuvarlanır və bunu dünyaya nümayiş etdirirdik”.
 
II Hissə
 
(Əvvəli: "Ramil Səfərov işi": Prezident seçilməsinin 4-cü ayında İlham Əliyevə problemlərlə dolu sürpriz
 
Vilayət QULİYEV
Azərbaycanın sabiq Xarici İşlər naziri 
 
Hər halda qərbli siyasətçilər, media nümayəndələri erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən tam xəbərsiz deyildilər. Qloballaşma və internet əsrində bu, mümkünsüz idi. Amma Qabriel Qarsia Markesin məşhur ifadəsi ilə desəm, "gözlənilən qətli" ortaya çıxaran həqiqi səbəblər barəsində Avropa və Amerikada bəzi istisnalarla demək olar ki, heç kəs açıq, qərəzsiz danışmaq, həqiqəti dilə gətirmək istəmirdi. Günün birində belə cavab zərbəsinin mümkünlüyü, Azərbaycan insanının da qisas, intiqam haqqına malik olması nəzərə alınmırdı. Ramil Səfərovun və minlərlə onun kimi vətəndaşın özünün, qohum-əqrəbasının, soydaşlarının erməni işğalı nəticəsində üzləşdikləri dəhşətli faciələrə, yaşadıqları sarsıntılara əsla əhəmiyyət verilmirdi. Onun ata yurdunun yağmalanması, heç bir günah sahibi olmayan yaxın və doğmalarının erməni cəlladları tərəfindən qətlə yetirilməsi sıradan bir hal sayılırdı. Hər şeyini itirən, Vətənində didərginə çevrilən, ikisi ağır xəstə olan 6 nəfərlik ailənin Bakıda kiçik bir yataqxana otağına sığınması, illərlə məşəqqətli həyat sürməsi (deyək ki, sadalananlar bəraət üçün yetərli sayılmasa da!) və bu hadisələrin günün birində həssas gəncin psixikasına sarsıdıcı təsir göstərəcəyi, onu məqbul saydığı formada ədalətsiz dünya nizamına qarşı üsyana vadar edəcəyi kimsəni maraqlandırmırdı.
 
Sırf bir təsadüfə əsaslanıb bütün Azərbaycan xalqını (həm də dünyanın gözü qarşısında, böyük siyasi güclərin susaraq razılıq vermələri nəticəsində erməni vəhşiliyinin hər üzünü görən, haqqı və hüququ tapdanan, vətəndaşlarının hər on nəfərdən biri qaçqın-köçkün  həyatı yaşayan xalqı!) tənqid və ittiham edənlər, hədələyənlər, məsuliyyətə çağıranlar, sanksiyalarla qorxudanlar isə yetərincə idi. Az bir zamanda "əzabkeş millətə" havadarlıq eşqinə düşənlər uzun növbəyə düzülmüşdülər. Demokrat partiyasından ABŞ konqresinin üzvü Adam Çiff bu biabırçı parada ilk qatılanlar sırasında yer almışdı.
 
Hadisədən bir neçə gün sonra onun "Armenpress" xəbər agentliyi vasitəsi ilə yayılan bəyanatında deyilirdi: "Erməni hərbçisinin Macarıstanda qorxunc şəkildə öldürülməsini eşidərkən dərindən kədərləndim və sarsıldım. Hələlik dəhşətli qətlin motivləri və təfərrüatı bizə bəlli olmasa da, baş vermiş bu faciəvi hadisə Azərbaycanın Qarabağla bağlı indiyə qədər təbliğata son qoymasını (diqqət yetirin: söhbət ermənilərin zorla ələ keçirdikləri ərazilərdən çıxarılmalarından deyil, bizim tarixi torpaqlarımıza sahiblik hüququ ilə bağlı susmalı olduğumuzdan gedir!) və münaqişənin dinc həllini tapmasını zərurətə çevirir". 
 
Dəyişməz ermənipərəst mövqeyi ilə tanınan digər amerikalı konqresmen - demokrat Frank Pallone də günahı konkret şəxsdə yox, Azərbaycan xalqında və ölkə rəhbərliyində görürdü: "Bu dəhşətli faciə Azərbaycanın müharibə təbliğatının yalnız ölkənin daxilində deyil, regionda da nə qədər təhlükəli olduğunu göstərir. Azərbaycan hökumətinin ksenofobiya və ekstremizmin körüklənməsindən başqa heç bir işə yaramayan dağıdıcı müharibə çağırışlarından əl çəkməsinin vaxtıdır".


Konqresmenlər Adam Çiff və Frank Pallone
 
Əlbəttə, çoxlu geniş imkanlara malik nüfuzlu erməni lobbisi təmsilçilərinin istəyi ilə hərəkət edən, yaxud mövqelərini etnik və dini mənsubluq amilinə görə müəyyənləşdirən Qərb siyasətçilərindən ədalətli münasibət gözləmək sadəlövhlük idi. Amma məsələnin mahiyyətinə az-çox bələd olanlar da sanki sehrkar dirijor çubuğunun təsiri altında onların dediklərini təkrarlayır, qatı ermənipərəst mövqe nümayiş  etdirirdilər. Bəzən ünvanımıza heç gözləmədiyimiz yerdən, hətta bizimlə tale qardaşı olan insanlardan və ölkələrdən də ittihamlar səslənirdi. Məsələn, Qazaxıstanın Xarici İşlər Nazirliyi əslində, heç bir xüsusi zərurət olmadığı halda ayrıca bəyanatla çıxış etmişdi. Kifayət qədər sərt leksikonu ilə seçilən  sənəddə deyilirdi: "Erməni zabitinin Budapeştdəki faciəli ölümü ilə bağlı xəbər Qazaxıstanda həyəcan və ağrı ilə qarşılandı. Biz törədilən cinayət əməlinin qəddarlığını, insanlığa zidd mahiyyətini qətiyyətlə lənətləyirik. İnanırıq ki, belə hərəkətlərə heç kəs heç yerdə və heç zaman haqq qazandırmayacaq". 
 
Ən xoşagəlməz cəhət bəyanatın dövlət başçısı İlham Əliyevin 2004-cü il martın əvvəlində, Azərbaycan Respublikasının Prezidenti statusunda Astanaya ilk rəsmi səfərindən bir neçə gün sonra verilməsi idi. Bütün səviyyələrdəki danışıqlarda Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı və işğal aktının doğurduğu dəhşətli nəticələr əsas mövzulardan olmuşdu. Kim olmasa da, 1986-cı ilin dekabrında keçmiş sovet xalqları arasında ilk dəfə özləri Qorbaçov güruhunun qorxunc eksperimentinə - milli və dini ayrı-seçkilik siyasətinə, türk-müsəlman düşmənçiliyinə hədəf seçilən qazax qardaşlarımız üzləşdiyimiz ikili standartın, haqsızlıq və ədalətsizliyin miqyaslarından, mahiyyətindən xəbərsiz deyildilər. Ən azı, bunu bilməli idilər. Bəyanatla çıxış edərkən müəyyən balans gözləməli, bir neçə il əvvəl özlərinin salındıqları vəziyyəti göz önünə gətirməli idilər...
 
Təbii ki, biz hansısa siyasi qüvvələrin Budapeştdəki qətl hadisəsinə bəraət qazandıracağını düşünəcək dərəcədə sadəlövh deyildik. Amma baş verənlərə obyektiv və ədalətli kontekstdə baxılmasının mümkünlüyü fərqində idik. Cinayətin boş yerdə ortaya çıxmadığını, qətiyyən milli və dini nifrətə əsaslanmadığını, əksinə, qarşı tərəfin (təbii ki, söhbət konkret 26 yaşlı Markaryandan deyil, daha çox sıralarında xidmət etdiyi işğalçı Ermənistan ordusundan, vətəndaşı olduğu dövlətin törətdiyi soyqırımı cinayətindən gedirdi) buna zəmin yaratdığını görmək və söyləmək mümkün idi. Bu, müttəhimə münasibətin və gələcək məhkəmə araşdırmasının nisbətən obyektiv, ədalətli şəkildə aparılmasına da təsirini göstərə bilərdi. Təəssüf ki, bu sadə həqiqəti anlayanlar, anlamaq istəyənlər tapılmadı.
 


Bütün səylərimizə baxmayaraq, proses ilk gündən etibarən istədiyimiz məcrada hərəkət etmədi. Belə hallarda zəruri olan "qızıl ortanı" tapa bilmədik. Əleyhimizə işləyən beynəlxalq gücləri neytrallaşdırmaq əlimizdən gəlmədi. Millət olaraq Budapeştdə səbəb deyil, nəticə kimi meydana çıxan hadisənin mahiyyətinə, motivlərinə əsaslanıb üzləşdiyimiz faciəvi ədalətsizliyi ortaya qoymağı, dünyanın diqqətinə çatdırmağı bacarmadıq. Təbii ki, həm dövlət, həm də ictimai institutlar tərəfindən müəyyən səylər göstərildi. Amma bunlar təsirli və yetərli olmadı.
 
Fikrimcə, müxalif mövqeli bəzi mətbu orqanlar, habelə hadisədən öz reytinqlərini yüksəltmək üçün yararlanan bəzi siyasilər də bu məsələnin lap düyünə düşməsinə öz "töhfələrini" verdilər. Ramil Səfərovun hərəkətinin qəhrəmanlıq kimi təbliği də heç şübhəsiz, Azərbaycan rəsmi dairələrinin manevr imkanlarını məhdudlaşdırdı. Bəzən elə təəssürat yaradılırdı ki, məhbəsdəki zabitimizin taleyi dövləti, hakimiyyəti yox, yalnız müxalifət dairələrini, yaxud ayrı-ayrı şəxsləri maraqlandırır. Təbii ki, belə deyildi. Təbii ki, Ramilə arxa durmaq, mənəvi dəstək vermək lazım idi. Zəruri idi. Amma bu işi yalnız özlərinin gördüyünü düşünmək, fəlakətdən özünütəbliğ vasitəsi kimi istifadə etmək arzu olunan hal deyildi. Daha uzaqgörən və düşünülmüş taktika seçmək imkanı da vardı. Əlbəttə, elə fikirdə deyiləm ki, Ramil Səfərova qəhrəman deyənlər tapılmasaydı, Avropa Femidası onun işinə daha ədalətlə yanaşacaqdı. Yox, ikili standart yenə öz rolunu oynayacaqdı. Amma ən azı xırda hisslərin fövqündə dayanmağı bacarmalı idik.
 
Soruşa bilərsiniz ki, bəs məsələyə yanaşma tərzimiz necə olmalı idi? 
 
Fikrimcə, öz zabitimizi də, onun müəyyən dərəcədə hissə qapılaraq qətlə yetirdiyi Qurgen Markaryanı da cinayətkar erməni siyasi rəhbərliyinin, müharibə caniləri qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmalı olan Koçaryan-Sarqsyan bandasının qurbanı kimi təqdim etməli idik. Təbliğatımızı ilk gündən bu istiqamətdə qurmalı idik. Gerçəklik, həqiqət də belə idi. Amma əvəzində eyforiyaya uyan, Sabir demişkən, “yay gəlməmiş qızışıb, çay gəlməmiş çırmanan” hay-küyçü jurnalist və  siyasətçilər (həm iqtidardan, həm müxalifətdən) hansısa kiçik rütbəli erməni zabitinin öldürülməsini az qala Dağlıq Qarabağ davasının  qələbəmizlə başa çatması kimi qələmə verməyə, Ramil Səfərovu isə Azərbaycan xalqının ən müsbət keyfiyyətlərini özündə cəmləşdirən yenilməz qəhrəman kimi tərənnüm etməyə başladılar. Yalnız hadisənin isti izi ilə deyil, aradan illər keçəndən sonra da lüzumsuz söz oyunu davam etdirildi. Xatirimdədir ki, Prezident Administrasiyasının informasiya siyasəti ilə məşğul olan rəsmisi Elnur Aslanov Azərbaycan zabitinin "Budapeşt qəhrəmanlığı" ilə bağlı təntənəli bəyanat verdi. Deputat Zahid Oruc eyni sözləri Milli Məclis divarları arasında səsləndirdi. Hətta insan haqları müvəkkilimiz Elmira xanım Süleymanova da, necə deyərlər, dəstədən geridə qalmaq istəmədi.  


 
Daha çox kütləyə hesablanmış belə tələsik bəyanatlarda heç bir məntiq yox idi. Sadəcə, nəticə etibarı ilə özümüz də hiss etmədən xəstə ruhlu erməni millətçilərinin mövqeyinə yuvarlanır və bunu dünyaya nümayiş etdirirdik. Bir anlıq düşünün: biz divar dibində, kol dalında gizlənib Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Behbud xan Cavanşir kimi Cümhuriyyət xadimlərini, yaxud qardaş Türkiyənin Tələt Paşa, Camal Paşa, Ənvər Paşa kimi görkəmli siyasilərini, beynəlxalq immunitetə malik diplomatlarını qətlə yetirən erməni terrorçularını tam haqlı olaraq həmişə alçaq muzdlu qatillər, terrorçular kimi lənətləmişik. Ermənilər isə, əksinə, onları qəhrəman hesab etmiş, hətta dövrün və şəraitin açdığı imkanlara, böyük dövlətlərin himayəsinə, xristian həmrəyliyinə arxalanıb Soqomon Teyleryan, Misak Torlakyan kimi qatı terrorçulara cinayəti guya affekt vəziyyətində törətdiklərinə görə bəraət almağı, həbsxanadan çıxarmağı bacarmışdılar. 
 
Ermənilərin yolu ilə getmək bizə nə dərəcədə şərəf, başıucalıq gətirə bilərdi? Ən başlıcası bu yol xalqımızı qarşıya qoyulan əsas hədəfə - tarixi torpaqlarımızın işğaldan azad olunmasına nə qədər yaxınlaşdıra bilərdi? Hər halda mənim Azərbaycan kişisi, xüsusən də Azərbaycan zabiti haqqındakı təsəvvürlərim bir qədər fərqli idi. Həmin təsəvvürlər indi də dəyişməz qalmaqdadırlar. Onları zorla kiməsə qəbul etdirmək fikrinə düşmədiyim kimi, o zaman da, sonralar da ümumi xora qoşulmaq niyyətindən uzaq olmuşam. Amma axıra qədər səmimi olmaq istədiyimdən indiyədək bir məsələdə tərəddüd içərisində qaldığımı da boynuma almalıyam. 
 
Bir anlıq xəyal edək, əgər Ramil Səfərov cəzasız gəzməkləri bir yana qalsın, yüksək dövlət vəzifələri qəsb eləmiş müharibə canilərini - Koçaryan, yaxud Sarqsyan kimi türk düşmənlərini, insan qəssablarını zərərsizləşdirə bilsəydi, ona tarixi ədalətsizliyi aradan qaldıran, bu yolda həyatını qurban verməkdən çəkinməyən dönməz mübariz kimi yanaşmaq mümkün idi. Özlüyündə, hətta belə bir addım da vəziyyətdən çıxış yolu deyil. İstənilən halda terror - terrordur, o, problemi həll etmir, əksinə, uçurumu daha da dərinləşdirir. Amma ən azı həyatını riskə qoyanda seçdiyin hədəf də adekvat olmalıdır. Marqaryan Fətəli xan Xoyskinin, yaxud Tələt Paşanın ayaqqabısının tozu da ola bilməzdi. "Erməni işində" heç bir xidməti yox idi. Konkret situasiyada günahı yalnız anadan erməni doğulması sayıla bilərdi. Və onun aradan götürülməsi heç nəyi dəyişdirmirdi. Əksinə, dəfələrlə qeyd etdiyim kimi, ölkəmizə və millətimizə yönəlik təzyiqləri, iftiraları artırırdı. 


 
O zaman da belə düşünürdüm, indi də eyni fikirdəyəm: Ramil Səfərov ani hisslərin təsiri altında yol verdiyi  fəci hərəkətlə gənc həyatını puç etmiş, dövlətimizi isə çətin vəziyyət qarşısında qoymuşdu. Mütləq əksəriyyəti cəbhədə, düşmənlə açıq döyüşdə öldürməyə və şərəfli ölümü qəbul etməyə hazır olan hərbçilərimiz, zabit korpusumuz da bir nəfərə görə məsxərə və istehza hədəfinə çevrilmişdi. Ermənilər özlərinə xas sifətləri - fürsətcilliyi, namərdliyi istisnasız olaraq millətimizə, əsgərimizə xas sifət kimi hər yerdə bizə isnad verməyə başlamışdılar.
 
Amma istənilən halda, Ramil Səfərov Azərbaycan Respublikasının vətəndaşı pasportunu daşıyırdı. Deməli, törətdiyi əməlin xarakterindən asılı olmayaraq dövlətin borcu vətəndaşını sona qədər, bütün mümkün və qanuni yollarla müdafiə etmək idi. Dünya miqyasında ciddi təzyiqlərlə üzləşdiyimiz 2004-cü ilin fevralından etibarən bu prinsip məhbus zabitimizlə bağlı fəaliyyətimizin əsasında dayanırdı. 
 
Fevralın son günlərində Ramilin atası Sahib Səfərovun xahişinə əsasən onu nazirlikdə qəbul etdim. Oğlunun işi ilə bağlı məlumat almaq istəyirdi. Təbii ki, bir ata kimi üzləşdiyi faciəvi vəziyyəti, keçirdiyi ağrılı hissləri yaxşı başa düşürdüm. Odur ki, son dərəcə diqqətli davranır, ürəyinə toxuna biləcək hər hansı söz, yaxud ifadə işlətməməyə çalışırdım. Amma yadımdadır ki, söhbətimiz, ənənəvi ifadə ilə desəm, qarşılıqlı anlaşma şəraitində keçmədi. Çünki Sahib müəllim təkcə narahat yox, həm də narazı   əda ilə danışırdı. Dövləti oğluna yetərincə diqqət göstərməməkdə, həyatını Qarabağ uğrunda, xalq yolunda fəda edib zindana düşmüş zabitinə, vətəndaşına yiyə durmamaqda təqsirləndirirdi. Ramilin Azərbaycan naminə, xalqın haqq işi uğrunda gəncliyini, həyatını qurban verdiyini, lakin vətənpərvərlik və cəsarətinin Vətənində, rəsmi dairələr tərəfindən layiqincə qiymətləndirmədiyini, özünün isə taleyin ümidinə buraxıldığını iddia edirdi. Əlbəttə, bunun belə olmadığını demək, törədilən hərəkətin hərbi rəşadət anlayışı ilə çox da uzlaşmadığını söyləmək, belə qəhrəmanlığın millətə baş ucalığı gətirmədiyini sübut etmək üçün kifayət qədər əsas vardı. Lakin mübahisə açmaq istəmirdim. Həm də qısa müddətdə nə isə ciddi dəyişikliyə nail olmaq imkan xaricində idi. Bu vəziyyətdə dərdli ataya dönə-dönə təskinlik verməkdən, onu səbirli olmağa çağırmaqdan, dövlətin mütləq vətəndaşına sahib çıxacağına əmin etməkdən başqa ayrı çıxış yolu görmürdüm. Amma bütün  səylərimə baxmayaraq, Sahib Səfərovun yanımdan narazı ayrılması diqqətimdən yayınmadı...


 
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xarici işlər naziri vəzifəsindən azad edildim. İki ay sonra, iyunun əvvəlində isə Polşaya səfir təyin olundum və Varşavaya yola düşdüm. Təbii ki, artıq Ramil Səfərovun işi haqda məlumatı ilkin mənbələrdən deyil, daha çox mətbuatdan alırdım. 
 
Təxminən eyni vaxtda Macarıstanda da səfirliyimiz açılmış, həmişə fəal vətəndaş mövqeyi, milli ruhu, prinsipiallıq və cəsarəti ilə seçilən görkəmli ziyalı və dövlət xadimi Həsən Həsənov Azərbaycanla Ermənistan üçün ciddi qarşıdurma müstəvisinə çevrilən Budapeştdə səfir kimi fəaliyyətə başlamışdı. Antiazərbaycan isterikasının hər vasitə ilə körükləndiyi bir şəraitdə vətənpərvər insan və təcrübəli diplomat Həsən Həsənovun Budapeştə göndərilməsi çox düzgün seçim idi. Onun nüfuzu, bacarığı bir sıra müşkülləri asanlaşdırmağa xidmət edə bilərdi. Yadımdadır ki, təyinatdan az sonra erməni mətbuatı Azərbaycanın bu Avropa ölkəsində səfirlik açmasını sadəcə "Ramil Səfərovun işi" ilə əlaqələndirmişdi. Bir sıra macar qəzetləri də ermənilərin ardınca eyni gülünc iddianı təkrarlamışdılar. Təbii ki, hətta aradan illər keçəndən sonra da bunun əksini sübut etmək onların səviyyəsinə enmək olardı...
 
2007-ci ilin mayında bir neçə günlüyə Budapeştə getmişdim. Artıq macarlar arasında özünü dəryada balıq kimi hiss edən Həsən müəllimlə əsas söhbət mövzularından biri də Ramil Səfərovun bir müddət əvvəl başa çatmış məhkəmə prosesi ilə bağlı idi. Ədalət prinsipini hər şeydən üstün tutan hüquqşünasların, səfirlik əməkdaşlarının, yerli və azərbaycanlı hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, azsaylı diaspora üzvlərinin bütün səylərinə baxmayaraq, macar ədliyyəsi Ramil Səfərov barəsində həddən artıq sərt hökm çıxarmışdı: Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli qərarı ilə o, ömürlük həbsə məhkum olunmuşdu. Cinayəti affekt vəziyyətdə törədilməsi ilə bağlı iki ekspert rəyi hesaba alınmamışdı. Sadəcə, erməni nöqteyi-nəzərinə üstünlük verən rəy əsas götürülmüşdü. Cəzasının yüngülləşdirilməsi ilə bağlı yalnız 30 il sonra müraciət edə bilərdi. Apellyasiya şikayətinin də nəticəsi olmamışdı. Budapeşt Apellyasiya Məhkəməsi 22 fevral 2007-ci il tarixli qərarı ilə hökmü qüvvədə saxlamışdı. 
 
Beləliklə, Ramil Səfərov Macarıstan paytaxtının şəhərətrafı 10-cu rayonunda yerləşən, cəza evi kimi 1896-cı ildən mövcud olan Kozma həbsxanasının uzun müddətli sakinləri sırasında yer aldı. Artıq sıxıntı və kədər dolu tarixinin üçüncü yüzilliyinə qədəm basmış bu möhtəşəm (əgər məhbəs haqqında belə demək mümkündürsə!) həbsxana kompleksi Budapeştin ən məşhur qapalı müəssisəsi sayılır. Müəyyən mənada onu keçmiş Bayıl, Matrosskaya Tişina, Krestı, Lubyanka, yaxud İranın Qəsr məhbəsləri ilə müqayisə etmək olar. Üsyançı Baş nazir İmre Nad da daxil olmaqla 1956-cı il macar inqilabının bir çox tanınmış simaları Kozmada saxlanmış, barələrində çıxarılan ölüm hökmü də burada yerinə yetirilmişdi. 


 
Məşhur zindanın yəqin ki, ilk azərbaycanlı sakininin dörd divar arasında hansı hisslər keçirdiyini anlamaq çətin deyildi. Hətta doğma vətəndə də məhbəs insan ruhunun dara çəkildiyi yerdir. O ki, qaldı qürbət məmləkət ola...
 
***
 
Zaman həmişəki qaydasında, heç nəyə baxmadan sürətlə ötüb keçirdi. 2010-cu il mart ayının 30-da dövlət başçısının sərəncamı ilə Polşadan geri çağırılıb Macarıstana səfir təyin olundum. Diplomatik etiketə uyğun şəkildə daha iki aya qədər həyatımın son altı ilini yaşadığım Varşavada qalıb işlərimi tamamladım, vida görüşləri keçirdim. Aprelin 10-da Smolensk səmasında baş verən təyyarə qəzası və prezident Leh Kaçinski də daxil Polşa siyasi elitasının faciəli şəkildə həlak olması bu ölkə ilə bağlı çoxsaylı işıqlı xatirələrimin üzərinə qara kölgə saldı...
 
Mayın sonunda Varşavada missiyamı başa çatdırıb Bakıya döndüm. Artıq Həsən müəllim də Budapeştdən qayıtmışdı. Yerlərimiz dəyişdiriləndən sonra mütəmadi telefon əlaqəsi saxladığım köhnə-yeni səfir həmkarımla Vətəndə görüşüb keçmiş "ölkələrimiz" haqda biri-birimizi qarşılıqlı şəkildə məlumatlandırdıq. Həsən müəllim bütün digər istiqamətlərlə bir sırada həm də Səfirliyin Ramil Səfərovla bağlı gördüyü işlər, onun həbsxanadakı zəruri tələbatının yerinə yetirilməsi baxımından meydana çıxan məsələlər, Macarıstanın ədliyyə orqanları ilə əməkdaşlıq barəsində yalnız məlumat yox, həm də təlimat verdi. Şübhəsiz, Budapeştdəki diplomatik missiyamızın fəaliyyət özünəməxsusluğunun biri də burada üç ölkənin - Azərbaycan, Ermənistan və Macarıstan rəsmi dairələrinin, eləcə də media və ictimaiyyətin diqqət mərkəzində dayanan məhbusla bağlı gündəlik iş idi. Bu baxımdan əhatəli, yerli-yataqlı bilgilərə həqiqətən də ehtiyacım vardı. Hər şeyi qaldığı nöqtədən davam etdirməyin, imkan yarandığı təqdirdə irəli götürməyin zəruriliyini anlayırdım. 
 
Qeyd edim ki, Budapeştə səfir təyinatından az sonra zəng vurub mənə təbrik sözlərini çatdıranlar arasında Ramil Səfərovun atası Sahib müəllim də vardı. Aradan keçən illər, ən başlıcası isə dövlətin və xalqın oğluna həssas, isti münasibəti onu qismən də olsa dəyişdirmişdi. İndi hər şeyə daha səbir və təmkinlə yanaşdığı sezilirdi. Azərbaycan dövlətinin təmsilçisi kimi qürbət eldə oğlundan muğayat olmağımı və imkan daxilində cəzasını vətəndə çəkməsinə çalışmağımı xahiş edirdi. Təəccüblü deyil ki, Macarıstana səfir göndərilməyimlə bağlı telefon açanlar hamısı təbrik sözlərinin ardınca məhbus zabiti xatırlayır, ayağımın düşərli olmasını arzulayırdılar.
 
Yeni təyinatıma dolayısı yolla verilən başqa bir reaksiya isə Yerevandan gəldi. Antiazərbaycan ruhlu məqalələr müəllifi kimi tanınan erməni jurnalisti Marina Qriqoryan rəsmi dövlət qəzetində - "Qolos Armenii"də çap etdirdiyi "Poçemy Budapeşt?" ("Nə üçün Budapeşt?") adlı yazısında Azərbaycan Prezidentinin və ölkəmizin xarici siyasət idarəsinin Macarıstana guya "xüsusi münasibətinin" pərdə arxasını aşkara çıxarmağa çalışır, biri-birinin ardınca iki keçmiş xarici işlər nazirinin məhz bu ölkəyə səfir təyinatı ilə bağlı ortaya ritorik səslənməyən suallar atırdı.


 
Onun gülünc qənaətinə görə, iki eks-nazirin Budapeştə göndərilməsi hər şeydən öncə burada ömürlük həbs cəzası çəkən "adlı-sanlı məhbusla" bağlı idi (Ekstradisiya baş tutandan sonra macar jurnalistləri "News.az" saytına istinadən Milli Məclisin deputatı, MM-in müdafiə və təhlükəsizlik məsələləri komissiyasının üzvü Zahid Orucun Azərbaycanın Macarıstandakı səfirliyinin ilk növbədə Ramil Səfərovun hüquqlarını qorumaq məqsədi ilə açılması fikrini gündəliyə gətirmişdilər. Zahid müəllimi müəyyən qədər tanıdığımdan indi də elə düşünürəm ki, millət vəkilinin sözləri təhrif olunub, yaxud da konteksdən çıxarılıb. Amma istənilən halda müsahibəni oxuduğum günlərdə bu, mənə qarşı tərəfin iddialarından az təəccüblü görünməmişdi. Fikrimcə, hətta belə yanaşmada müəyyən həqiqət olsa da, yalnız bir nəfərə görə səfirlik açıldığını iddia etmək dövlətin xarici siyasətini çox utilitar səviyyəyə endirməkdən başqa bir şey deyildir!). "Qolos Armenii" qəzetindəki yazıya gəldikdə isə, jurnalist Ermənistanın müvafiq qurumlarını Bakı-Budapeşt əlaqələrini daim diqqətdə saxlamağa, müəyyən reqaliyalara malik yeni səfiri neytrallaşdırmağa, bütünlükdə Macarıstan siyasətini maksimum fəallaşdırmağa çağırırdı. Yazını müəyyən mənada həyəcan zənginə bənzətmək olardı...
 
İyunun 5-də Budapeştə gəlib vəzifəmin icrasına başladım. İlk iş gününün sonuna yaxın Səfirliyin referent-tərcüməçisi Erika çox adi bir tərzdə Ramil Səfərovun həbsxanadan zəng vurduğunu və mənimlə danışmaq istədiyini dedi. Ani olaraq təəccüb və heyrətimi gizlədə bilmədim. Bu da yəqin ki, təsəvvürümdə son dərəcə qapalı müəssisə kimi iz salan həbsxana ilə bağlı köhnə təsəvvürlərin dəyişməzliyi ilə bağlı idi. Bəlkə də həmin dövrdə ölkəmizin penitensiar sistemində də eyni humanist aktın tətbiqindən xəbərsiz olduğumdan həbsxanadan zəng həmin anda mənə qeyri-adi və mümkünsüz görünmüşdü. Tezliklə öyrəndim ki, Ramil buradakı taksofondan nəinki səfirliyə, dünyanın istənilən nöqtəsinə zəng vura bilir.
 
Azərbaycanla mütəmadi əlaqə saxlayır, yeniliklərdən xəbər tuturdu. 
 
(Davamı var)


Ana səhifəyə qayıt        Baxış: 5 491          Tarix: 21-01-2022, 06:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma