Xəbər lenti

 
İsrail prezidenti İsaak Hersoqun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinin Yaxın Şərqdə İrana bağlı qüvvələr tərəfindən birmənalı qarşılanmayacağı gözlənilən idi. Təsadüfi deyildi ki, Yəməndəki husilərin hərbi sözçüsü Yəhya Seri bu yaxınlarda öz Twitter paylaşımında BƏƏ ərazilərində genişmiqyaslı hərbi əməliyyat keçirəcəklərini bildirmişdi.
 
Ovqat.com-un məlumatına görə, dünən baş tutan səfər zamanı husilər BƏƏ-yə ballistik raket atıblar. Abu-Dabi aeroportunu hədəf alan raket Əmirliyin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. 
 
Hücumda hər hansı can və mal itkisinin olmadığı açıqlanıb. Mənzilinə çatmamış zərərsizləşdirilən ballistik raketin qalan hissələrinin şəhərdən uzaq əraziyə düşdüyü bildirilir. BƏƏ Müdafiə Nazirliyi istənilən hücuma hazır olduqlarını və bunun üçün lazımi bütün müdafiə tədbirlərinin görüldüyünü açıqlayıb.
 
Ballistik raket hücumuna baxmayaraq, İsrail prezidenti Abu-Dabiyə səfərini davam etdirəcəyi bildirib. 


 
Səudiyyə Ərəbistanı xəbər agentliyi SPA-nın məlumatına görə, husilərin BƏƏ-yə hücumundan sonra ərəb ölkələrinin hərbi koalisiya qüvvələri ballistik raketi atan qurğusunu məhv edib. Raket Cevf bölgəsindən atılıb.
 
İsrail prezidentinin BƏƏ-yə səfərinə İranın bu qədər sərt təpki göstərməsi təsadüfi deyil. Yaxın Şərqdə İranı sıxışdırmaq istəyən İsrail digər müsəlman ölkələri ilə siyasi, diplomatik və iqtisadi əməkdaşlıqlarını gücləndirməyə çalışır. Dolayısıyla İran İsrailin bu addımlarını özünə qarşı hazırlanmış ssenarinin tərkib hissəsi kimi görür və onun qarşısını almağa can atır.


 
Xüsusilə son zamanlar qlobal güc mərkəzlərinin həqiqətən də bu istiqamətdə mühüm addımlar atdıqları gözlərdən yayınmır. 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə region ölkələri, o cümlədən İsrail dinlərarası münasibətləri normallaşdırmaq üçün "İbrahim müqavilələri" adlanan bir sıra sazişlər imzalamış, bölgə ölkələrinin ziyalılarının, nüfuzlu din xadimlərinin, elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəzi tədbirlər keçirilmişdi. Bu tədbirlərin və sazişlərin İbrahim peyğəmbərin adı ilə bağlanması isə rast gələ seçilməmişdi. İbrahim peyğəmbər həm xristian, həm islam, həm də musəvilik dininin ortaq müqəddəsatı sayılır. Hətta Quranın bir sıra ayələrində müsəlmanların İbrahim dininə mənsub olduqları qeyd olunur. İbrahim (ə.s) həm də hər 3 dinin qurucu peyğəmbərinin babası sayılır. İsrail oğulları ilə ərəblərin bölünmə tarixi İbrahim oğullarına qədər uzanır. İddialara görə, ərəblər İbrahimin İsmayıl adlı oğlunun, yəhudilər isə digər oğul İshaqın ətrafında toplanaraq millətləşiblər. 2500 illik tarixi keçmişə uzanan bu parçalanmadan əvvəl hər iki toplum sami adlı proto-etnosdan törəyib. Deməli, İbrahim peyğəmbər həm də ərəblərlə yəhudilərin ortaq babasıdır və bu ideya əsasında dinlər arası yaxınlaşmalara da start vermək olar. 2020-ci ildə müxtəlif ölkərdə keçirilən bir sıra tədbirlərin əsas devizi də bu məntiqə söykənirdi. İki il əvvəl ictimai müstəvidə başlayan bu yaxınlaşma tədbirlərinin bu ilin ilk ayından etibarən siyasi müstəviyə keçdiyi açıq-aşkar müşahidə olunur. 
 


İsrail prezidenti Hersoqun lk regional səfərinə BƏƏ ilə başlaması da təsadüfi deyil. BƏƏ İranla ən geniş iqtisadi-ticarət əlaqələri olan körfəz ölkəsidir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 18 milyard ABŞ dollar səviyyəsində idi. Həmin il ABŞ-ın İrana qarşı sanksiyaları və 2019-cu ilin sonlarında başlayan koronavirus pandemiyası bu iqtisadi münasibətlərə mənfi təsir göstərsə də, BƏƏ yenə də İranın iş dünyası üçün xaricə açılan əsas qapılardan biridir. Hersoqun bu səfəri faktiki olaraq o qapını da tamamilə bağlaya bilər. İrana bağlı Yəmən husilərinin Abu-Dabi aeroportuna nəticəsiz hücumlarını da bunun ilk siqnalı saymaq olar.
 
Qeyd edək ki, Hersoqun bu səfəri İsrail prezidentlərinin ilk BƏƏ ziyarətidir və Hersoqu Abu Dabiyə gətirən təyyarənin Səudiyyə Ərəbistanı üzərindən keçməsi də tarixi ilklərdəndir. Hersoqun bundan sonra digər Yaxın Şərq ölkələrinə də səfərləri gözlənilir. Fevral ayında isə İsrail prezidenti Türkiyəyə səfər edəcək və qardaş ölkə ilə də 10 ilə yaxınlaşan umu-küsüyə son qoyulacaq. Türkiyənin həm Yaxın Şərqdə, həm də Orta Asiya və Qafqaz coğrafiyasında mövqelərinin möhkəmləndiyi ərəfədə planlaşdırılan bu səfərin əhəmiyyəti olduqca böyükdür. Böyük ehtimalla, bu səfər çərçivəsində əldə olunacaq razılaşmalardan sonra Yaxın Şərqdən və Şərqi Aralıq dənizindən Avropaya nəql olunacaq enerji kəmərləri Türkiyə ərazisindən keçəcək. İsrail və körfəz ölkələri Türkiyəyə həm də Türk dünyası ilə əlaqələrin keçid nöqtəsi kimi baxırlar. Bu isə eyni zamanda Mərkəzi Asiyanı Rusiya və Çin təsirindən qoparmağın başlıca hədəflərindən biridir. Məsələyə bu baxımdan yanaşanda İsrail prezidentinin Yaxın Şərqə və Mərkəzi Asiyaya açılımını BƏƏ-dən başlaması da təsadüfi deyil. Görünür, yaxın zamanlarda əsası qoyulacaq böyük geopolitik layihələrin maddi yükünü körfəz ölkələri öz öhdələrinə götürəcək. Təbii ki, müftə yox. Bu açılım körfəz ölkələrinə və İsrailə böyük iqtisadi-siyasi dividentlər də gətirəcək. Xüsusilə də müdafiə sahəsində.




Ana səhifəyə qayıt        Baxış: 5 935          Tarix: 31-01-2022, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma