Xəbər lenti
 
 
“Ukraynaya müdaxilənin qarşısını almaq üçün Prezident Bayden tərəfindən həyata keçirilən ən cəsarətli tədbirlər bütün Rusiya iqtisadiyyatını, eləcə də digər ölkələrin iqtisadiyyatını alt-üst edə bilər”.
 
Ovqat.com xəbər verir ki, ABŞ-ın dünyaca ünlü “The New York Times” nəşri bu iddia ilə çıxış edib.
 
Maykl Krouli və Edvard Vonq tərəfindən qələmə alınan məqalədə Bayden hakimiyyətinin üzərində baş sındırdığı sanksiyalar planı təkcə Putin administrasiyasının deyil, həm də Rusiya xalqının cəzalandırılması kimi qiymətləndirilib.
 
Məqaləni kiçik redaktə fərqi ilə təqdim edirik.
 
ABŞ səlahiyyətlilərinin Rusiyaya tətbiq etmək üçün təhdid etdiyi ən sərt sanksiyalar güclü inflyasiyaya, fond bazarının çöküşünə və milyarderlərdən hökumət rəsmilərinə və orta sinif ailələrə qədər xalqa zərər verəcək maliyyə çaxnaşmasına səbəb ola bilər.
 
Vaşinqton Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə, onun ən böyük banklarına və maliyyə qurumlarına tətbiq edəcək sanksiyalar da daxil olmaqla, Rusiyanın gündəlik həyatına qaçılmaz təsir edəcək sərt iqtisadi tədbirlər görməyi vəd edir. Lakin bu strategiya siyasi və iqtisadi risklərlə doludur. Heç bir ölkə indiyədək Rusiya kimi iri maliyyə institutlarına və bu ölçüdə iqtisadiyyata qarşı geniş sanksiyalar tətbiq etməyə cəhd göstərməyib. Analitiklər hesab edir ki, ABŞ rəsmilərinin vəd etdikləri "sürətli və sərt " cavab Avropanın nəhəng iqtisadiyyatlarını da sarsıda, hətta dünya maliyyə sisteminin sabitliyini təhlükə altına qoya bilər. Bəzi analitiklər vəziyyətin gərginləşəcəyi barədə indidən xəbərdarlıq edirlər. ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiya Avropaya təbii qaz nəqlini dayandırmaqla və ya Amerika və Avropa infrastrukturuna kiberhücumların təşkili ilə dünya iqtisadiyyatına ciddi zərbə endirə bilər.


 
Sanksiyalar nəticəsində yaranmış ağrı Rusiya prezidenti Vladimir Putinə qarşı xalq qəzəbini alovlandıra bilər. Lakin tarix göstərir ki, bu ölkə asanlıqla təslim olmur və mətanət onun milli kimliyinin mühüm bir hissəsidir. ABŞ rəsmiləri Putinin gözlənilən sanksiyaları Rusiya xalqının cəzalandırılması barədə səsləndirdiyi fikirlərə — antiamerikanizm abu-havasının yaradılmasına və bu ölkənin Qərb tərəfindən təqib olunduğuna dair iddialarına qarşı həssasdırlar.
 
ABŞ-ın Kubadan Şimali Koreyaya və İrana qədər sanksiyaları, ən yaxşı halda, davranışı dəyişməyə məcbur edən birmənalı addım sayıla bilməz. Bayden Administrasiyası və onun avropalı müttəfiqləri cənab Putinə sərt ritorika ilə mane olmağa çalışsalar da, bəzi ekspertlər Rusiya qoşunlarının sərhədi pozacağı və Ukraynanın paytaxtı Kiyevə doğru hərəkət edəcəyi təqdirdə ən qəti iqtisadi tədbirlərə əl atılacağını düşünürlər.
 
Prezident Bayden bəyan edib ki, Amerika qoşunlarını Ukraynanın müdafiəsinə göndərməyəcək. Əvəzində ABŞ rəsmiləri Rusiyaya sarsıdıcı zərbə endirəcək cavab sanksiyaları hazırlayır və bununla yanaşı, həmin sanksiyaların bütün dünyada, o cümlədən Birləşmiş Ştatlarda iqtisadi təlatüm dalğaları yaradacağını da istisna etmirlər. Rəsmilərin fikrincə, hazırda Bayden administrasiyası sanksiyaları Rusiyanın neft və qazı sahəsində nəhəng ixrac sənayesinə istiqamətlənməyi planlaşdırmır; bu, inflyasiyaya qarşı mübarizə aparan amerikalılar üçün də benzinin qiymətinin artmasına və avropalı müttəfiqlərlə mövqelərin haçalanmasına səbəb ola bilər. Lakin sanksiya üzrə əksər ekspertlər hesab edirlər ki, yalnız Rusiyanın maliyyə qurumlarına və sənayesinə qarşı ən cəsarətli sanksiyalar qəbul olunarsa, ciddi nəticələr əldə etmək mümkündür.


 
"Əgər Bayden Administrasiyası Rusiyanın iri banklarına qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsini yerinə yetirərsə, bu, bütün Rusiya iqtisadiyyatına təsir göstərəcək", - deyə Obama administrasiyası dövründə Dövlət Departamentinin Siyasəti və iqtisadi sanksiyalarının həyata keçirilməsində rol oynayan, Rusiya və Avropa üzrə yüksək rütbəli məmur vəzifəsində çalışan Edvard Fişman bildirib: "Bu, mütləq sadə ruslara da təsir göstərəcək".
 
Cənab Fişman əlavə edib: "Putinin hesablamalarını necə dəyişdirəcəksiniz - daxili iğtişaşlar yaratmaqla? İnsanlar narazı olacaq və deyəcəklər: "Bax, nə etdin —mənim bank hesabım nə oldu? Əlvida, Putin"”.
 
Cənab Putin 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən və ölkənin şərqində qiyamçılara hərbi dəstək verdikdən sonra tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatı üçün kiçik bir maneə yaratdı. Bu və daha sonra tətbiq olunan sanksiyalar əsasən Putinin elitar dairəsinə, eləcə də Ukraynaya qarşı təcavüzlə məşğul olan vəzifəli şəxslərə və təşkilatlara yönəlmiş cərrahi yanaşma xarakteri daşıyırdı və qismən sadə rusiyalıların əziyyət çəkməməsinə çalışılırdı. ABŞ rəsmiləri budəfəki sanksiyaların nəticələrinin qəti şəkildə fərqli olacağını söyləyirlər.
 
Vaşinqton Rusiyanın maliyyə sisteminin sütunlarına balta vurmaq niyyətindədir. Amerika rəsmilərinin hazırladıqları yeni sanksiyalar xarici kreditləşmənin dayandırılmasına, suveren istiqrazların satışına, sənayenin vacib sahələri və cənab Putinə yaxın elit vətəndaşların aktivlərini dondurmağa gətirib çıxaracaq.


 
Lakin sanksiyaların 1,5 trilyon dollarlıq Rusiya iqtisadiyyatına real zərəri ən iri dövlət banklarına, həmçinin Rusiyanın birbaşa investisiyalar Fonduna dəyəcək. Xəzinədarlıq Departamenti Prezident Donald Trampın dövründəki İran bankları ilə bağlı təcrübəyə istinad edəcək, baxmayaraq ki, İran bankları dünya iqtisadiyyatına Rusiya banklarından daha az inteqrasiya olunmuşdular.
 
Departament Rusiya banklarını “səlahiyyətlilərin S. D. N. siyahısı” kimi tanınan "oyun bitdi" adlı sanksiya siyahısına daxil etdikdən sonra, bütün dünyadakı xarici təşkilatlar Rusiya şirkətlərinə ciddi təsir göstərəcək, banklarla biznes qurmağı dayandıracaqlar.
 
Atlantik Şurasının Rusiyaya qarşı sanksiyalara dair hesabatının müəllifi və iqtisadçı Anders Aslundun sözlərinə görə, ABŞ həmçinin Rusiyanın xarici kreditorları tərəfindən bu ölkəyə 100 milyard dollar və ya daha çox kredit veriirilməsini azaltmaq üçün sanksiyaların tətbiqi də gözlənilir. 2014-cü ildən etibarən Rusiya xərcləri ödəmək üçün xarici borca daha az etibar etmək üçün addımlar atsa da, bu cür itki rublun devalvasiyasına, fond bazarının sarsılmasına və istiqrazların ticarətinin dondurulmasına gətirib çıxara bilər.
 
Anders Aslund tərəfindən hazırlanan hesabata görə, 2014-cü ilin sanksiyaları Rusiyanın illik iqtisadi artımını 3 faizə endirib və yeni sanksiyalar daha güclü zərbə vura bilər. Orta statistik rus üçün ABŞ-ın ən sərt tədbirləri qida və geyim qiymətlərinin artması olardı. Bu, Rusiya üçün daha dramatik nəticələr doğurardı. Beləcə, onlar Rusiyanın maliyyə bazarlarının dağılması nəticəsində pensiyaların və əmanət hesablarının ciddi devalvasiyası ilə üzləşə bilərdilər.
 


"Bu, yerli maliyyə bazarı üçün bir fəlakət, bir kabus effekti yaradardı", - Rusiya Mərkəzi Bankı sədrinin keçmiş birinci müavini və “Merrill Lynch Rusiya” şirkətinin sabiq sədri Sergey Aleksaşenko bildirib. O qeyd edib ki, Qərb sanksiyaları ilə bağlı danışıqların artması fonunda rubl oktyabr ayı ilə müqayisədə 10 faizdən çox dəyərdən düşüb.
 
Milli Təhlükəsizlik Şurasının məmurları maliyyə böhranının artması ehtimalına qarşı, Goldman Sachs, Citigroup, JPMorgan Chase və Bank of America da daxil olmaqla, bəzi böyük Uoll Street banklarının rəhbərləri ilə potensial sanksiyaların fonunda dünya maliyyə sisteminin sabitliyi haqqında məsləhətləşmələr aparırlar.
 
Avropa Mərkəzi Bankı da ABŞ-ın sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiyanın bank kreditorlarını risklər barədə xəbərdarlıq edib. Lakin hal-hazırda Amerika rəsmiləri Rusiya iqtisadiyyatının əsasını-onun neft və qaz ixracını nəzərdə tutan hər hansı dərhal sanksiyaların mümkünlüyünü nəzərdən keçirmirlər.
 
Avropa ölkələri Rusiyadan təbii qaza ümid bağlayıblar və ABŞ-ın bir neçə müttəfiqi, xüsusilə Almaniya Vaşinqtonun Rusiyanın enerji sahəsini pozmaqdan çəkinilməsinə üstünlük verirlər. Analitiklərin fikrincə, Rusiyanın neft və qaz ixracetmə qabiliyyətini məhdudlaşdıran sanksiyalar, şübhəsiz ki, Rusiya iqtisadiyyatına qarşı ən güclü silah olardı.
 
“Məqsəd Putinin qarşısını almaqdır", - deyə Corc Vaşinqton Universitetinin dəvət olunmuş elmi işçisi və Atlantik Şurasının məruzəsinin müəllifi Mariya Qarovaya bildirib. "ABŞ - da inflyasiya administrasiyanın fəaliyyətini daha da məhdudlaşdırır", - deyə o əlavə edib: "Son 30 ildə inflyasiya artıq misilsiz həddə yüksəlib. Rusiyaya qarşı istənilən dramatik hərəkət neft və qaz qiymətlərinin dəyişməsinə gətirib çıxaracaq".


 
“Birləşmiş Ştatlar və Avropa ölkələri Rusiyanın təbii qazının ixracını daim müzakirə etsələr də, xam neftin satışı cənab Putinin iqtisadiyyatı üçün daha böyük əhəmiyyət kəsb edir, buna görə neft sanksiyaları güclü təsir göstərə bilər”, - deyə Dövlət Departamentinin sabiq məmuru cənab Fişman bildirib. "Neft onların iqtisadiyyatının həyat qüvvəsi və Kremlin hakimiyyəti nümayiş etdirmək bacarığının mənbəyidir", - deyə o qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya neft hasilatı sənayesinin mal və xidmətlərinin tədarükünü məhdudlaşdırmaq və hətta bununla öz müttəfiqlərinə təzyiq göstərmək üçün sanksiyalardan istifadə edə bilər.
 
Vaşinqtonda Maliyyə Nazirliyinin potensial sanksiya obyektləri kimi Rusiyanın bir çox  dövlət və özəl banklarının adı hallanır. Onlar bu ay Demokrat Partiyasından Konqres üzvləri tərəfindən təqdim edilən Ukraynaya yardım haqqında qanun layihələrində siyahıya alınmışlar. Qanun layihələri Putinin Ukraynaya təcavüzü nəticəsində ən azı üç Rusiya Bankına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Tərcümə etdi: Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 4 954          Tarix: 1-02-2022, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma