Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski, belə görünür, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşmək niyyətindədir. Belə ki, son açıqlamalarının birində o Putinlə birbaşa təmasa hazır olduğunu bildirib. Hətta Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının bildirdiyinə görə, Ukrayna prezidenti Putinlə Türkiyədə danışıqlar aparmaq niyyətini ortaya qoyub. Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbul şəhərlərində baş tuta bilər.

Ardınca Ukrayna Prezidentinin Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı da bildirib ki, Zelenski Putinlə birbaşa danışıqlara hazırdır. 
 
Onun sözlərinə görə, Zelenski gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir:

"Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə, heç bir ultimatum olmadan və qətiyyətlə".
 
Dünən isə Türkiyə prezidentiylə Rusiya prezidenti arasında Ukrayna məsələsi ətrafında telefon danışığı olub. Burada da əsas müzakirə mövzusu atəşkəsin elan edilməsi və Zelenski ilə Putin arasında Türkiyədə görüşün təşkil edilməsi olub. Putin Ukrayna hakimiyyətilə dialoqa hazır olduğunu təsdiqləsə də, yenə də bəyan edib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması yalnız Moskvanın bütün şərtlərinin yerinə yetirilməsi şərtilə mümkündür.

Hətta prezidentlər səviyyəsində danışıqlar mümkün olmadıqda Ankara çalışır ki, heç olmasa belə təmas Ukrayna və Rusiyanın XİN rəhbərləri arasında olsun. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kulebanı nəzərdə tuturaq deyib ki, Kiyevlə Moskvanı ən azından nazirlər səviyyəsində bir araya gətirmək istərdik. Bu məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin keçmiş müavini Gennadi Qatilov mövzu ilə bağlı Anadolu agentliyinin sualını cavablandırarkən qeyd edib ki, belə bir görüşü dəstəkləyir. "Lavrov Kuleba görüşü baş tutsa yaxşı olar”, - o vurğulayıb.

Rusiyanın Ukrayna ilə müharibədə atdığı addımları birbaşa Putin müəyyənləşdirir. Yəni son qərarı o verir. Məhz buna görə də Zelenski danışıqlarda real nəticələrə nail olmaq üçün Putinlə birbaşa görüş istəyir. Ukrayna rəhbəri birbaşa onunla danışığa getməsilə Putinin ən azından tələblərində müəyyən qədər yumşala biləcəyini zənn edir. Xüsusən də belə görüş fonunda Rusiyanın tələblərinin azalacağı, daha geniş miqyaslı atəşkəsə nail olunacağı düşünülür.

Amma Ərdoğanın bu təşəbbüsünə cavab olaraq Putinin yenə də əvvəlki sərt şərtlərini ortaya qoyması onu deməyə əsas verir ki, Kreml ən azından indilikdə yüksək səviyyədə belə bir görüşdə maraqlı deyil. Ona görə də Putin belə bir təmasdan qaçır. Yüksək ranqlı görüşün nəticəsi olaraq, Putin müəyyən güzəştlərə gedə bilər ki, Rusiya lideri bunu istəmir. Rusiya lideri hələ də çalışır ki, Zelenskini tam küncə sıxsın və o, görüş üçün yalvarsın. Putin həm də qorxur ki, indidən Zelenski ilə görüşə getməklə ölkə daxilində mövqeyinin zəiflədiyi imici formalaşa bilər. Putin dəfələrlə açıqlamalarında Ukraynadakı mövcud hakimiyyəti faşist Almaniyası ilə eyniləşdirib. Belədə Putin zənn edir ki, onun Ukrayna rəhbərilə birbaşa təması Rusiya daxilində heç də yaxşı qarşılanmaz.

Hətta mövcud situasiyada Putin iki ölkə xarici işlər nazirləri səviyyəsində görüşə də razılıq verən deyil. Ona görə də Lavrovla Kuleba arasında görüşün ola biləcəyi ehtimalı da çox aşağıdır.

Bu mənada Ukrayna ətrafında cərəyan edən proseslərdə Putin nə qədər ki, məqsədinə çatmayıb, Zelenskinin görüş istəyi və Türkiyənin həmin istiqamətdə təşəbbüsləri, təəssüf ki, real nəticə verməyəcək. 

 Qaynarinfo.az


Ana səhifəyə qayıt        Baxış: 3 104          Tarix: 7-03-2022, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma