Xəbər lenti

 
Britaniya baş naziri Boris Consonun bu gün Kiyevə səfər etməsi günün əsas müzakirə mövzularından birinə çevrilib. Consonun Kiyev küçələrində gəzintiyə çıxmasının Kremldə yaradacağı əks-sadə isə hamımızda maraq doğurur. 
 
Burada bir məqama toxunmaq istəyirəm. Britaniya supergüc deyil, istədiyi hər hansısa prosesi birbaşa öz gücü ilə həyata keçirmək imkanları məhduddur. Məsələn, ABŞ Səddam İraqını dağıtmaq istəyirdi, öz gücü ilə birbaşa müdaxilə edib, İraqı işğal etdi. Ancaq Britaniya bu səviyyədə bir güc deyil. 
 
Bu zəifliyi sığortalamaq üçün ingilislərin lokal (yerli) aktorlarla işləməyə çalışdığını görürük. Elə Britaniyanın da ən güclü tərəflərindən biri budur. Lokal aktorlarla niyə və necə işləyə biləcəyi ilə bağlı çox yaxşı dövlətçilik təcrübəsi var. Təsadüfi deyil ki, biz də bu hiyləgərliyi “ingilis diplomatiyası” kimi tanıyırıq. 
 
Burada haşiyədən çıxıb bir detalı diqqətinizə çatdırmaq istəyərdim. James Renton Britaniyanın Birinci Dünya Müharibəsindəki xarici siyasətini yaxından təhlil etdiyi kitabında maraqlı bir detala toxunur. Deməli, müharibənin sonlarına doğru Britaniya müharibə kabinetində keçirilən iclaslarda dünyadakı demək olar ki, bütün xalqların liderlərinin həmin dövrdə supergüc olan Britaniyadan öz mübarizələrinə dəstək istədikləri barədə məktublar oxunur. Həmin iclaslarda da ingilis nazirlər hansı millətlərin azadlıq mübarizəsinə dəstək verməyin öz maraqları ilə daha çox uyğunluq təşkil etdiyi ilə bağlı müzakirə aparıb, onlara dəstək vermək qərarı alırlar. Həmin qərarların nə dərəcədə uğurlu olub olmadığını müəyyənləşdirmək üçün Birinci Dünya Müharibəsindən sonra Britaniyanın əldə etdiyi nəticələri yaxşı təhlil etməyə ehtiyac var. Mənim fikrimcə, qismən uğurlu hesab etmək olar. 
 
Qayıdaq mövzumuza. Hazırkı dövrdə də Britaniyanın hər region üzrə müəyyən lokal aktorlarla daha yaxın münasibətlər qurmağa çalışdığını görürük. Buradakı əsas məqsəd nədir, bunu indidən demək çətindir.
 
Ancaq mənim diqqətimi bir məqam çəkir. Britaniya əsasən quru qoşunları güclü olan ölkələrlə münasibətlərinə üstünlük verir. Məlum olduğu kimi, Britaniya dəniz gücüdür, ordusunun ən prestijli və fərqli regionlara müdaxilə etmək potensialında olan qolu dəniz donanmasıdır. Yəqin ki, Britaniya bu əksikliyinin fərqində olduğu üçün Türkiyə, Polşa, Ukrayna kimi güclü quru qoşunu potensialında olan ölkələrlə, lokal aktorlarla daha yaxın münasibətlər qurmağa çalışır. Bəlkə də, Britaniyanın Qafqazda Azərbaycan və Mərkəzi Asiyada Özbəkistana yaxınlaşması da bu məqamla əlaqəli ola bilər. Bu məsələ o aspektdən önəmli ola bilər ki, Britaniya dünyanın ən güclü quru gücü hesab olunan Rusiya ilə “soyuq müharibə”yə girişib, ona görə də müxtəlif regionlar üzrə quru qoşun potensialı ən yüksək olan ölkələrə yaxın durmağa çalışır. Fikrimcə, spekulatif olsa da, bu, maraqlı məqamdır.

ŞƏRQƏ BAXIŞ

 


Ana səhifəyə qayıt        Baxış: 5 097          Tarix: 10-04-2022, 01:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma