Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiyanın Ukraynaya hücumundan sonra Qərb ölkələrinin etirazlarına verdiyi sərt reaksiya onun getdikcə yalnızlaşmasına gətirib çıxarır. Artıq Moskva ilə dialoqla problemlərin həllinə ümid bağlayan Almaniya belə, getdikcə Rusiyanın qarşısında yer almağa başlayır.
Ovqat.com-un məlumatına görə, Rusiya-Almaniya xəttində işlər Moskvanın istədiyi kimi getmir.
Berlinin Buça, İrpen qətliamlarını və rus diplomatlarının əslində casusluq fəaliyyəti ilə məşğul olmasını əsas gətirib Rusiyanın 40 diplomatını “persona non grata” elan etməsi iki dövlət arasında ciddi qırılmalara yol açıb. Berlinin bu addımına cavab olaraq Rusiya da eyni sayda alman diplomatını ölkədən çıxmasına qərar verib. Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok isə bu addımı sərt tənqid atəşinə tutub. Baerbokun fikrincə, Kremlin bu cavabı Almaniyadan çox, Rusiyanın özünə zərər verir.
"Bugünkü addımı gözləyirdik, lakin bu qərarın heç bir əsası yoxdur", - deyən Baerbok rus diplomatlarla onların alman həmkarlarını tərəzinin eyni gözünə qoymağın absurd olduğuna bilməyəcəyinə inanır. Onun fikrincə, Almaniya tərəfindən qovulan rus diplomatların heç biri əslində diplomatik fəaliyyətlə məşğul olmayıblar, Rusiyadan qaçıb gələn mühacirləri izləməklə günlərini keçiriblər: "(Bu insanlar) bizim azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı illərdir və sistemli şəkildə mübarizə aparıblar. Üstəlik, onların fəaliyyəti bizdə himayə axtaranları təhlükə altında qoyurdu. Biz bu vəziyyətə laqeyd qala bilməzdik, bundan sonra da qalmayacağıq”.
Moskvanın ölkədən qovduğu alman diplomatlara gəlincə, Baerbokun fikrincə, onlar ikitərəfli münasibətlərə xidmət etmək üçün əlverişsiz şəraitə baxmayaraq, Rusiyaya “böyük həvəs və səmimiyyətlə” gediblər və “öz fəaliyyətlərində zərrə qədər qüsura yol verməyiblər”.
Almaniya Xarici İşlər nazirinin bu sözləri və Rusiyanın özünə zərər vurmasını açıqlaması iki dövlət arasındakı münasibətlərin artıq əvvəlki kimi olmayacağına işarədir. Bəs, Almaniyanın Rusiya əleyhdarı cəbhəyə yönəlməsinin Baerbokun təbiri ilə desək, Moskvaya hansı zərərləri ola bilər?
1) İqtisadi zərər
Zənnimizcə, bu zərərləri 3 başlıq altında toplamaq mümkündür. İlk zərər, təbii ki, iqtisadi sahədə baş verə bilər. Məlumdur ki, Almaniya Qərb ölkələri arasında Rusiyadan ən çox enerji asılılığı olan ölkədir. Almaniya İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal İdarəsinin (BAFA) məlumatlarına görə, 2021-ci ilin yanvar-oktyabr ayları arasında Almaniya Rusiyadan toplam 119 milyon kubmetr təbii qaz idxal edib. Nəzərə alsaq ki, Rusiya Qərbə ildə 200 milyard kub metrə qədər qaz nəql edir, bu, onun ümumi ixrac gücünün yarısından çoxu deməkdir.
Almaniya Rusiyadan aldığı qazın böyük əksəriyyətini – 100 milyon kub metrini özü istifadə edib, 19 milyon kub metrini isə qonşu dövlətlərə satıb. Bundan əlavə ölkənin yeraltı təbii qaz anbarı təxminən 24 milyard kubmetrdir və onun beşdə biri “Qazprom” tərəfindən tədarük olunur.
Digər tərəfdən, Almaniya neft tələbatının mühüm hissəsini də Rusiyadan tədarük edir. BAFA-nın 2021-ci ilin yanvar-oktyabr məlumatlarına görə, Almaniyanın xam neft idxalının 34 faizi Rusiyanın payına düşür.
Alman Kömür İdxalçılar Birliyinin VDKi məlumatlarına görə, ölkədə istilik elektrik stansiyalarında və polad istehsal edən zavodlarda yandırılan daş kömürün 53 faizi də Rusiyadan gətirilib.
Göründüyü kimi, Almaniya qazdan kömürə, neftə qədər Rusiyadan asılı vəziyyətdədir və ekspertlərin fikrincə, qısa müddətdə bu asılılığını başqa mənbələrlə əvəz edə bilməz. Bununla belə, Almaniyanın artıq alternativ mənbələr barədə düşündüyü də ortadadır. Almaniyanın Xarici İşlər naziri Baerbok bu yaxınlarda səfərə getdiyi Litvada bunu açıq şəkildə dilə gətirmiş, bu ilin sonuna qədər rus neftinin, 2024-cü ilin ortalarına qədər isə təbii qazının idxalını tamamilə dayandıracaqlarını açıqlamışdı. Baerbokun “Yaşıllar” partiyasının nümayəndəsi olduğunu, partiyanın kömür və nüvə enerjisini rədd etdiyini nəzərə alsaq, indiki koalisiya hakimiyyətinin bu strategiyasının çox da asan həyata keçirilməyəcəyi aydındır. Amma yeni hakimiyyətin enerjidə Rusiya asılılığına son qoymaq yolunda ciddi addımlar atdığı da diqqətdən yayınmır. “Şimal axını-2” layihəsinin məhz indiki hakimiyyət tərəfindən tamamilə dayandırılması da bu qətiyyətin göstəricisidir.
2) Siyasi zərər
Almaniyanın Rusiya ilə qurduğu praqmatik iqtisadi münasibətlər onun bu ölkə ilə bağlı yürütdüyü xarici siyasəti də müəyyənləşdirib. Xüsusilə Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiya-Almaniya əlaqələrinin getdikcə yaxınlaşdığı hiss olunur. Təsadüfi deyil ki, ötən ilə qədər Merkel hakimiyyətinin az qala Rusiyaya lobbiçilik etdiyi belə, aydın sezilirdi. Özəlliklə də Ukraynanı enerjisiz buraxmağa hesablanan “Şimal axını-2” layihəsinin inşasında Berlin iki ayağını bir başmağa dirəyir, Qərb müttəfiqləri, o cümlədən ABŞ-la kəllə-kəlləyə gəlməkdən çəkinmirdi. Co Baydenin hakimiyyətə gəlməsindən sonra gedərayaq olan Merkel hakimiyyətinin bu dirənişi qırıldı və o, kreslosundan ayrılmamışdan əvvəl inşasını bitirdiyi “Şimal axını-2” layihəsinə lisenziyanın verilməsi məsələsini Avropa İttifaqının insafına buraxdı. Yeni kansler Olaf Şolz hakimiyyəti təhvil aldıqdan sonra isə Ukrayna böhranı səbəbindən bu layihədən tamamilə imtina etmək məcburiyyətində qaldı.
Məsələ burasındadır ki, Almaniyanın Rusiyaya meylli siyasəti təkcə 16 illik Merkel hakimiyyəti zamanında yürüdülməyib. Ondan əvvəlki kansler Gerhard Şröder (1998-2002) də eyni siyasət aparılmış, hətta enerji sahəsində Rusiyaya bağımlılıq məhz onun kanslerliyi zamanında ortaya çıxmışdır. Şröderin Rusiyaya bu xidməti Moskva tərəfindən mükafatlandırılmış, o, hakmiyyəti Merkelə təhvil verdikdən sonra “Rosneft”in Müşahidə Şurasının sədri vəzifəsinə gətirilmişdir. Bu gün də həmin vəzifəni icra edərək yüksək maaşa bağlanan Şröderin bu əməli hazırda Almaniya və Qərb ölkələri tərəfindən sərt tənqi olunur, onun özü isə bu yaxınlarda verdiyi açıqlamalarda həmin siyasətdən peşmançılıq hissi keçirmədiyini vurğulayıb.
Alman hökumətlərinin yalnız özlərini düşünən və əksər zamanlarda müttəfiqlərinin əleyhinə yönələn xarici siyasəti Qərb ölkələrində, xüsusilə də Ukraynada sərt reaksiyalar doğurmaya bilməzdi. Bu yaxınlarda Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Baltikyanı ölkə liderlərinə qoşulub Kiyevə səfər etmək xahişinə Zelenskinin rədd cavabı verməsi sözügedən reaksiyalardan ən anlamlısı idi və Berlinin sifətinə vurulmuş şapalaq effekti yaratdı. Nədən ki, 2014-cü ildə Krım işğal olunanda Almaniyanın Putinin təcavüzkar siyasətlərinə qarşı yumşaq siyasətinin mühüm memarlarından biri Ştaynmayer idi. 2013-2017-ci illərdə Rusiyanın Krımı ilhaq etməyə və Donbas bölgəsini Ukraynadan qoparmağa çalışdığı dövrdə Ştaynmayer Almaniyanın koalisiya hökumətinin ən böyük ortaqlarından biri kimi, komandanın xarici işlər naziri vəzifəsini icra edirdi. “Şimal axını-2” layihəsini ən çox dəstəkləyən siyasi xadim kimi, onun bu mövqeyi indi də demokratik dünya tərəfindən qınanılır və bir neçə gün verdiyi bəyanatında Rusiya ilə bağlı qüsurlara yol verdiyini və “Şimal axını 2-də israrının açıq-aşkar səhv olduğunu” Almaniya prezidentinin özü də etiraf etmişdi. Ardınca da “günahını tam çıxarmaq üçün” Ukrayna paytaxtına səfərə çıxmaq istəmişdi. Zelenski isə onun “tövbəsini” qəbul etməmişdi.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin belə, Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdini “böyük günah” hesab etməsi ölkənin hazırda üz-üzə qaldığı geosiyasi reallıqla bağlıdır. Bütün müttəfiqləri tərəfindən qınanılan, ictimai rəydə sərt reaksiya ilə üzləşən Almaniya rəsmiləri bundan sonra istəsələr belə, Rusiyanın yanında yer ala bilməzlər. Əks halda II Dünya Müharibəsində yəhudi soyqırımı törədən Adolf Hitlerin günahından hələ də təmizlənə bilməyən Almaniya indi də Putin Rusiyasının Ukraynada həyata keçirdiyi vəhşiliklərə ortaq ola, dünya üzərindəki yumşaq gücünü tamamilə itirə bilər.
Maraqlıdır ki, Rusiya da həyata keçirdiyi aqressiv siyasətlərlə Berlinə özünə bəraət qazandırmaq haqqı tanımır. Almaniyanın 40 diplomatının Moskvadan qovulması Berlini əks-qütbə sıxışdırır və Annalena Baerbok “Rusiya özünə zərər vurur” deyərkən, yəqin ki, bunu nəzərdə tutur və haqlıdır da.
3) Hərbi zərər
Sirr deyil ki, bu zamanadək Rusiya ilə münasibətlərini yaxşılaşdıran Almaniya NATO ölkəsi olmasına baxmayaraq, silahlanma sahəsində Alyans ölkələrindən xeyli geri qalırdı. NATO Nizamnaməsinə görə, alyans üzvləri hər il ÜDM-nin ən azı 2%-ni silahlanmaya ayırsa da, Almaniyada bu nisbət 1%-dən yuxarı olmurdu. Əslində Berlinin bu siyasətini hardasa anlamaq da mümkün idi. NATO əgər Rusiyadan qoruma alyansıdırsa, özünü bu ölkədən asılı vəziyyətə salan Almaniya ondan niyə çəkinsin?
Almaniyanın “hərb yerinə, qarşılıqlı iqtisadi asılılıq” siyasəti və yalnız özünü düşən praqmatik düşüncəsi istər-istəməz müttəfiqlər arasında mübahisələrə yol açırdı. Amma Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və müharibədən əvvəl Vladimir Putinin çıxışında hədəf göstərdiyi ölkələrin siyahısını faktiki olaraq 1997-ci il sərhədlərinə qədər genişləndirməsi Almaniyanı da çətin sınaq qarşısında qoydu. Zira Putinin bəhs etdiyi NATO-Rusiya sərhədlərinin 1997-ci ildəki vəziyyəti Berlində qurtarırdı və Ukraynada qələbə çalacağı təqdirdə rus ordusunun bu coğrafiyalara qədər yayılacağı anlamına gəlirdi. Putinin müharibə çıxışında Almaniyanı da hədəfə alması gözardı ediləcək durum deyildi və Berlini ciddi silahlanmaya təşviq edirdi. Təsadüfi deyil ki, məhz həmin çıxışın ardınca rus ordusunun Ukraynaya hücumdan sonra Almaniya silahlanmaya 100 milyard avro həcmində rekord vəsait ayırdı.
Problem təkcə Almaniyanın özünün silahlanması ilə də yekunlaşmır. Qərb ölkələri və rəsmi Kiyev Berlindən Ukraynaya da hərbi yardımlar ayırmasını tələb edir. Bu tələb indiki alman hakimiyyətini çətin vəziyyətdə qoyur. Ukraynanın silahlandırılması prosesinə qoşulmaq tələbləri hətta Olaf Şolzun rəhbərlik etdiyi indiki koalisiya hökumət arasında da ciddi fikir ayrılıqlarına yol açıb. Koalisiyanın tərəfdaşları olan Yaşıllar və FDP partiyaları kanslerdən Ukraynaya ağır silah göndərilməsini tələb edir. Kansler Şolz isə silah tədarükünə müqavimət göstərir və iddia edir ki, Almaniya hökuməti onsuz da qeyri-kafi silah potensialına malikdir və əlindəkiləri də Ukraynaya göndərsə, NATO öhdəliklərini yerinə yetirə bilməyəcək. Yaşıllar Partiyasının üzvü olan xarici işlər naziri Annalena Baerbok isə Ukraynaya ağır silahların göndərilməsi ilə bağlı tələbində israrlıdır.
Göründüyü kimi, Ukraynaya ağır silahlar göndərilməsi məsələsi Almaniyadakı koalisiya hökumətini parçalamaq həddinə gətirib. Bu da azmış kimi, Rusiya da Ukraynanı işğal siyasətindən əl çəkmir və işğala etiraz edən Almaniya ilə diplomatik əlaqələrini məhdudlaşdırmağa çalışır. Nəticədə Rusiya əleyhdarlarının əlini gücləndirir və Almaniyanın Xarici İşlər naziri bunu Moskvanın “özünə vurduğu zərbə” kimi qiymətləndirir.
Rusiya-Almaniya xəttində baş verən bu gərginliklərə nəzər salanda Moskvanın Avropadakı ən yaxın müttəfiqini tədricən itirdiyini və özünü daha çox izoliyasiya mühitinə saldığını görə bilərik.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar