Xəbər lenti


Rusiya Xarici İşlər Nazirliyi Slovakiyanın Moskvadakı səfirliyinin 3 əməkdaşını ölkədən qovub.
Musavat.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.

Məsələ ilə bağlı  bu gün, Slovakiyanın Rusiyadakı səfiri Petr Priputen Smolensk meydanına (Rusiya XİN-in qeyri-rəsmi adı-red.) çağırılıb. Burada ona Slovakiyanın 3 rus diplomatını “persona non qrata” elan etməsi ilə bağlı etiraz notası təqdim olunub. Rusiya Federasiyası bunu rəsmi Bratislavanın qeyri-dost hərəkəti kimi qəbul etdiyini və beynəlxalq hüquqa uyğun olaraq bənzər addım atdığını bəyan edib.

Qeyd edək ki, Slovakiya hakimiyyətinin Rusiyanın 3 diplomatını ölkədən qovmaq qərarı bu il avqustun 10-da verilib. Həmin diplomatlar Gürcüstan vətəndaşı və çeçen əsilli müxalif Zəlimxan Xanqoşvilini Berlində öldürən şəxslərə Avropa Birliyinin ərazisinə daxil olmaq üçün qeyri-qanuni viza verməkdə və beləliklə qətlin diplomatik tərəfini həyata keçirməkdə suçlanırlar.

Məlum olub ki, Slovakiyanın Sankt-Peterburqdakı baş konsulluğu üçün təqdim olunan sənədlər tamamilə saxta olub və burada səfirlik xüsusi rol oynayıb.

Xatırladaq ki, Zəlimxan Xanqoşvili ötən il avqustun 23-də Almaniyanın paytaxtı Berlin şəhərində, Tirqarten parkında gəzərkən güllələnərək  öldürülüb. Qatilin üzərində səsboğucu ilə təchiz olunmuş “Glock 26” markalı tapança olub.

Qərb mətbuatı qətlin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qrupu tərəfindən hazırlanaraq icra edildiyini yazır.

Ovqat.com-un məlumatına görə, nazirlik  deportasiyanın səbəbini diplomatların “dost olmayan" addımları ilə əsaslandırıb.
 
“Rusiya tərəfi Slovakiyanın Moskvadakı səfirliyində işləyən üç diplomatı qarşılıqlı deportasiya etmək barədə qərar qəbul edib", - deyə bəyanatda bildirilir.
 
Qeyd edək ki, avqustun 10-da Slovakiya XİN üç rusiyalı diplomatın deportasiya etmişdi. Rusiya XİN-nin bəyanatından belə anlaşılır ki, Moskva 3 slovak diplomatını Persona non Grata elan etməklə buna cavab verib.
 
Məsələ burasındadır ki, rus diplomatları ölkədən qovan təkcə Slovakiya deyil. Bu ilin 6 iyununda Çexiya da "casusluq" şübhəsilə rusiyalı 2 diplomatı ölkədən qovmuşdu. 
 
Norveç Xarici İşlər Nazirliyi də bu “təşəbbüsə” qoşulub avqustun 18-də 1 rusiyalı diplomatı deportasiya etmək barədə qərar qəbul etmişdi. 
 
Avstriya Xarici İşlər Nazirliyi isə eyni addımı avqustun 24-də atmış və bir rusiyalı diplomata “iqtisadiyyat sahəsində casusluq”da günahlandıraraq, sentyabrın 1-dək ölkəni tərk etmək üçün möhlət vermişdi.





Ana səhifəyə qayıt        Baxış: 2 945          Tarix: 31-08-2020, 21:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma