Xəbər lenti

 
Fikrimcə, Türkiyənin miqrant problemi ölkəni çox təhlükəli istiqamətlərə aparır. Qeyri-rəsmi rəqəmlərə görə, ölkədəki miqrant sayı 10 milyona yaxındır. Müxtəlif illərdə İstanbula səyahət edənlər şəhərin sosiologiyasında baş vermiş dəyişiklikləri yəqin ki, görüblər. Şəhərdə elə bölgələr var ki, orada gəzəndə özünü Suriyada hiss edirsən. Ancaq vəziyyət o yerdədir ki, artıq “suriyalı” məsələsi belə arxaplanda qalır. Pakistan və Əfqanıstandan gələn onminlərlə yeni miqrant kütləsinin bəzi kəsimlərinin qeyri-etik hərəkətləri cəmiyyətdəki narazılığın əsas hədəfinə çevrilib. Yeni başlayan ukraynalı və rus axınları barədə də narazılıqların ortaya çıxması yəqin ki, çox çəkməyəcək. 
 
Ərdoğanın illərdir dəyişməyən miqrant siyasətinin kökündə hansısa böyük planın olduğu barədə iddialar var. Hər halda Ərdoğan hökumətinin miqrant məsələsini Avropa qarşısında rıçaq kimi istifadə etdiyi bəllidir. 2020-ci ildə Türkiyənin Yunanıstan sərhədini miqrantlara açmasından sonra avropalı siyasətçilər tez-tələsik Ankara ilə dil tapmağa çalışırdılar. Eyni zamanda, miqrantların inteqrasiya proqramları çərçivəsində Qərbdən maliyyə dəstəyi də alınır. 
 
Təsadüfi deyil ki, Almaniya başda olmaqla, Avropa fondlarından maliyyələşən ictimai fiqurlar və jurnalistlər də canfəşanlıqla hökumətin miqrantların inteqrasiyası siyasətini dəstəkləyir. Halbuki bu şəxslərin böyük əksəriyyəti demək olar ki, başqa məsələlərin hamısında hökuməti tənqid edirlər. Aydındır ki, miqrantların Avropaya getməməsi üçün onların Türkiyədə inteqrasiyası çox önəmlidir. Xatırlayırsınızsa, 2015-16-cı ildəki miqrant böhranı Avropa İttifaqını əməlli-başlı çartlatmışdı. 


 
Bir şey də diqqəti çəkir. Əvvəllər miqrantlara qarşı narazı olan, lakin bu məsələdə mötədil davranan kəsimlər də artıq radikal mövqe sərgiləməyə başlayıb. Yəni, narazılıq nifrətə çevrilir. Bu nifrətin də nələr gətirə biləcəyini hamımız bilirik. Barıtla alovu yan-yana qoyub, partlayış olmayacağını gözləmək sədalövhlükdür. Düzdür, əksəriyyət hələ də bu problemin sükunətlə, hüquqi çərçivədə həll edilməsinə tərəfdar olsa da, məsələnin hansı metodla olursa olsun həll edilməsinə tərəfdar olan kütlələrin miqyası gün keçdikcə daha da artır. Ən təhlükəli məqam da budur. 
 
Cəmiyyətin bütün təbəqələrində, hətta hakim partiyanın seçicilərinin əksəriyyətində miqrant probleminə qarşı kəskin reaksiya var. Xüsusilə miqrantların daha az maaşla işləməyə razı (və ya məcbur) olması yerli əhali arasında da işsizliyi sürətlə artırıb. Artıq bəzi kiçik və orta biznes sektorları böyük ölçüdə qeyri-qanuni miqrant işçilər çalışdırır. Bir sıra hökumət rəsmiləri də miqrant siyasətini dəyişilə bilməyəcəyini bu iqtisadi reallıqlarla əsaslandırırlar. 
 
Nə hökumət, nə də müxalifət cəbhəsində miqrant problemi ilə bağlı əsaslı həllin olmaması siyasi arenada “anti-miqrant” ritorikası ehtiyac yaradıb və bu ehtiyacdan da Zəfər Partiyası sürətlə istifadə etməyə başlayıb. Bu partiya ilə bağlı növbəti yazılarda geniş danışmağa çalışacağam. Hələlik isə onu deməklə kifayətlənirik ki, partiya sədri Ümit Özdağın sponsorluğu ilə çəkilən “Səssiz istila” sənədli filmi Türkiyədə böyük ajiotajlar yaradıb və Türk polisi filmi ərsəyə gətirən iki nəfəri həbs edib. Ümit Özdağ isə həbsə atılanları müdafiə edərək, filmin çəkilməsini şəxsən sifariş verdiyini bildirib. Bundan sonra Türkiyə hökumətinin Özdağ barəsində hansı qərarı verəcəyi maraq doğurur.


 
Fikrimcə, miqrant məsələsi 2023-cü ildəki seçkilərin nəticələrinə təsir göstərən ən önəmli faktor olacaq. Seçki ərəfəsində anti-miqrant ritorika, böyük ehtimalla, sıçrayış göstərəcək.  

Artıq hökumət cəbhəsi də miqrant siyasətində dəyişiklik ediləcəyinin siqnalını verir. Ərdoğan 1 milyon suriyalının ölkələrinə qaytarılması ilə bağlı layihə hazırladıqlarını açıqlayıb. Bu layihənin real nəticələrinin olub olmayacağını isə indidən demək çətindir. Ancaq proseslərin nəzarətdən çıxmaması və cəmiyyətin miqrantlara qarşı daha da radikallaşmaması üçün həm müvəqqəti sığınmışlar, həm də qeyri-qanuni yollarla ölkəyə daxil olmuş qeydiyyatsız miqrantlarla bağlı ciddi tədbirlər görülməsi labüddür. 
 
Türkiyə həqiqətən də çox çətin miqrant imtahanı ilə üz-üzədir. 
 
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz
 


Ana səhifəyə qayıt        Baxış: 4 654          Tarix: 4-05-2022, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma