Xəbər lenti

 
Dünya enerji bazarında neftin qiyməti durmadan artır. Bu gün London ICE birjasında Brent markalı neftin bir bareli 2.09% artaraq 113 dolları keçib. Bahalaşmanın bundan sonra da davam edəcəyi gözlənilir.
 
Sözsüz ki, son zamanlar geniş vüsət alan bu bahalaşmanın əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Rusiyanın ABŞ və NATO ölkələri nüvə təhdidlərinə, enerji qiymətlərinin durmadan artmasına baxmayaraq, Qərb ölkələrinin bu kimi təhdidlərə və risklərə məhəl qoymadıqları aydın görünür. Əksinə, NATO müttəfiqləri bacardıqları qədər Kiyevi Moskvanın qarşısında geri çəkilməməyə, sonuna qədər mübarizə aparmağa təhrik edirlər. Bir tərəfdən onu silahlandırır, digər tərəfdən ərazi bütövlüyündən zərrə qədər də güzəştə getməməyə həvəsləndirirlər. Təbii ki, bütün bunlar təkcə Ukraynanın milli maraqlarına duyulan böyük sayğıdan irəli gəlmir. Qərb ölkələrinin bu savaşda öz maraqları var.
 
Ukrayna-Rusiya savaşında Qərb ölkələrinin həyata keçirdiyi siyasətlərin mahiyyətinə nəzər salanda bu maraqların əsl məğzi ortaya çıxır. Belə ki, ABŞ və Avropanın bir sıra ölkələri Rusiyanın təcavüzkar siyasətini əsas götürüb ona qarşı iqtisadi müharibəni daha ardıcıl şəkildə davam etdirirlər. Ukraynada Rusiyanın törətdiyi vəhşiliklər isə bu iqtisadi savaşın əsas səbəbi və ya bəhanəsi kimi görünür. 


 
Məsələ burasındadır ki, Qərb ölkələrinin Rusiyanın enerji asılılığından xilas olmaq üçün irəli sürdükləri alternativ layihələr də baş tutana oxşamır. OPEC ölkələri açıq şəkildə Rusiyadan boşalacağı güman olunan enerji bazarını doldurmaq niyyətində olmadıqlarını bildirirlər. Onların da özlərinə görə haqlı səbəbləri var: Beynəlxalq maliyyə qurumları yeni neft və qaz yataqlarının istismarına kredit ayırmaq istəmirlər. Belə vəziyyətdə neft və qaz istehsalçıları da riskli projelərə milyardlarla dollar yatırmaqdan ehtiyat edirlər.
 
Sual oluna bilər: Alternativlər hazırlanmadığı halda, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar hansı məqsədi güdür?  
 
Zənnimizcə, əsl məqsəd ümumiyyətlə fosil yanacağı adlanan ənənəvi enerji mənbələrindən imtina olunmasını şərtləndirən münbit şərait yaratmaqdan qaynaqlanır. Təsadüfi deyil ki, ötən il Böyük Britaniyada keçirilən G7 zirvəsinin əsas mövzularından biri də məhz enerji dönüşümü məsələsi olmuşdu. Beynəlxalq iqtisadiyyat və maliyyə xəbər agentliyi “Bloomberg”in zirvə görüşündən əvvəl əldə etdiyi məlumatlara görə, G7 liderləri 2030-cu ilə qədər benzin və ya dizel yanacağı ilə işləyən avtomobil satışlarının minimum həddə qədər məhdudlaşdırılmasıni müzakirə edəcəkdilər. Nəşrin fikrincə, bəzi G7 ölkələri üçün bu qərarın əsas məqsədi qlobal neft istehlakını azaltmaq idi və Böyük Britaniyada keçirilən sammit bu istiqamətdə “dönüş nöqtəsi”nə çevriləcəkdi. Sammitdə həmçinin inkişaf etməkdə olan ölkələrdən də karbon emissiyalarını azaltmaq üçün maliyyə öhdəlikləri götürmələri tələb olunacaqdı.  



G7’de iddialı elektrikli araba hedefi


 
Xəbərdə o da vurğulanırdı ki, bu mövzuda G7 ölkələri arasında mühüm fikir ayrılıqları var və odur ki, sammitdə hər hansı rəsmi sənədin qəbul edilməsi gözlənilmirdi. Bununla belə, Ukrayna-Rusiya arasındakı ziddiyyətlərin məhz bu sammitdən sonra ortaya çıxdığı, getdikcə artaraq müharibəyə çevrildiyi də sirr deyil.
 
Növbəti sual: məqsəd əgər qlobal neft istehlakını azaltmaq idisə, bunun daha qansız yolu tapıla bilməzdimi?
 
Məsələ burasındadır ki, beynəlxalq güc mərkəzləri artıq neçə illərdir bu “qansız yol” axtarışlarına başlamışdılar. Hətta bu barədə konkert razılaşmalar da əldə olunmuşdu. Di gəl ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) son 2 ildə dərc etdiyi hesabatlar Avropa coğrafiyasında bu razılığa əməl olunmadığını ortaya çıxarmışdı. Məlum olmuşdu ki, “qoca qitə”də karbohidrogen əsaslı enerji sahəsinə qoyulan investisiyalar bərpaolunan enerji yatırılan kapitalı üstələyib. Görünür, anqlo-sakson ölkələri avropalı müttəfiqləri qarşısında bəzi qaçılmaz gedişlər yaradaraq öz hədəflərini onlara qəbul etdirmək yolunu tutmuş və onlara rus xofunu bariz şəkildə göstərməyə qərar vermişdilər. Putinin qızışdırılaraq Ukraynaya təcavüzə təşviq olunması bu mənada Rusiyanı əvvəlcədən qurulmuş tələyə çəkməkdən başqa bir şey deyildi və nə yazıq ki, Kremlin “qoca qurdu” asanlıqla bu tələyə düşdü.


 
Yuxarıda bəhs etdiyimiz ssenaridə ortaya çıxan ən maraqlı məqam enerji dönüşümünün tarixi ilə bağlı məsələlərdə özünü büruzə verir. Qeyd etdiyimiz kimi, “Bloomberg”in ötən il G7 zirvəsinin gündəliyi ilə əlaqədar məlumatında “benzin və ya dizel yanacağı ilə işləyən avtomobil satışlarının minimum həddə qədər məhdudlaşdırılması”nın son tarixi 2030-cu il kimi göstərilirdi. Beynəlxalq Enerji Agentliyinin Ukrayna-Rusiya savaşı başlayandan sonra Avropa İttifaqı üçün hazırladığı və Aİ-nin qəbul etdiyi “10 addım” adlı yol xəritəsində də rus enerji mənbələrindən tamamilə imtina tarixinin son müddəti kimi 2030-cu il nəzərdə tutulub. Biz “2030-cu il” sözləri ilə yazımızda istifadə edəcəyimiz digər faktlarda da rastlaşacağıq. Bütün bunlar isə onu göstərir ki, sözügedən G7 zirvəsində müzakirə olunan, amma təfsilatı ictimaiyyətə açıqlanmayan layihə bu gün eynilə həyata keçirilir.
 
Aİ-nin rus enerji mənbələrindən imtina siyasətində qazdan çox neftə önəm verməsi də 2021-ci ildə keçirilən G7 sammitinin məqsədlərinə tam uyğundur. Ona görə ki, sammitdəki müzakirələrdə rus enerji mənbələrindən tam imtina yox, sadəcə avtomobil və texnika yanacaqlarında dönüşüm nəzərdə tutulurdu. Üstəlik, Rusiyanın enerji sahəsində əsas gəlir mənbəyi də neft ixracatı ilə bağlıdır. Məlumata görə, Rusiya ötən il neft ixracatından 120 milyard dollar qazanmışdısa, qaz ixracatında bu rəqəm 55.5 milyard dollar həddində olmuşdur. 

Son zamanlar bir sıra transmilli şirkətlər, o cümlədən “Anglo American”ın öz fəaliyyətinə neftə alternativ layihələrə start verməsi də artıq enerji dönüşümü siyasətinin böyük sənaye quruluşları tərəfindən həyata keçirildiyindən xəbər verir. Məlumata görə, Britaniyada yerləşən “Anglo American” şirkəti Cənubi Afrika Respublikasındakı platin mədənində “dünyanın ən böyük hidrogenlə işləyən yük maşını”nı təqdim edib.


 
Şirkətin bildirdiyinə görə, 2030-cu ilə qədər “sıfır karbon emissiyası”nı daşıma prosesində inkişaf etdirmək üçün Cənubi Afrika mədənlərində hidrogenlə işləyən yük maşınlarının istifadəsi layihəsinə başlanılıb. Bildirilir ki, bu layihənin məqsədi hər biri ildə təxminən bir milyon litr fosil yanacaq istifadə edən 40 ədəd dizel avtomobilini hər biri 300 tona yaxın yük daşıyan və  hidrogenlə işləyən yük maşınları ilə əvəz etməkdir. 
 
Cənubi Afrika Prezidenti Siril Ramafosa təqdimat mərasimindəki çıxışında hidrogenlə işləyən yük maşınlarının işə salınmasını Cənubi Afrikanın hidrogen enerjisinə söykənən iqtisadiyyatı üçün "böyük addım" adlandırıb. "Bu gün burada buraxılan təkcə təsirli bir mexanizm deyil, həm də hidrogenlə işləyən ekosistemin doğulmasıdır", - deyə C.Afrika lideri bildirib.
 
Göründüyü kimi, Ukrayna-Rusiya müharibəsi özünün ən ağır mərhələsinə qədəm qoyduğu ərəfədə dünyanın bir sıra ölkələrində enerji dönüşümü layihələri sürətlə inkişaf etdirilir. Üstəlik, bu təşəbbüslər təkcə hidrogen əsaslı enerji mənbələri üzərində həyata keçirilmir. Yaxın gələcəkdə neft əsaslı enerji mənbələrini elektirikli motorlar da əvəz edə bilər. Ümumiyyətlə dünya alimləri hazırda avtomobil yanacağı kimi hidrogenin, yoxsa elektirik enerjisinin daha əlverişli olacağı sualı üzərində baş sındırırlar. “Tesla”, “Nissan”, “Toyota Renault” və “BMW” kimi avtomobil markalarının elektrikli motorla işləyən maşın istehsalını xeyli artırdığı müşahidə olunur. Bu şirkətlərin istehsalı olan elektrikli maşınlarının satış bazarında benzinlə işləyən məhsullarını üstələdiyi vurğulanır. Deməli, gələcək illərdə hidrogen və elektrik motorlu nəqliyyat vasitələri dünyanın ən rəvacda olan avtomobilləri olacaq.



 

Hidrogenlə işləyən avtomobillər bu gün yalnız iki sahədə benzinlə işləyən həmcinslərinə uduzurlar. Bunlardan biri hidrogen əsaslı maşınların digərlərindən baha olmasıdır. Məlumata görə, hidrogen yanacaqlı maşınların qiyməti orta hesabla 60 min avrodan başlayır. Benzin yanacaqlı maşınlar isə ondan qat-qat ucuzdur. 
 
Digər tərəfdən, hidrogen əsaslı maşınların yanacaqdoldurma stansiyaları da yetərincə deyil. Bu sahədə hidrogen əsaslı maşınlar elektrik əsaslı nəqliyyat vasitələrinə də uduzur. Ən azı ona görə ki, elektrikli maşınları ev şəraitində doldurmaq mümkündür. Hidrogen əsaslı maşınların isə elə bir şansı yoxdur. Bununla belə, hidrogenli maşınların sayı artdıqca yanacaq doldurma məntəqələri də artacaq və problem öz həllini tapacaq.
 
Hidrogen yanacağı bu gün benzindən baha başa gəlsə də, fərq o qədər də çox deyil və enerji bazarında qiymətlər dəyişdikcə, avantaj hidrogenin lehinə dəyişə bilər. Necə ki, Ukrayna savaşı ilə Rusiya enerji mənbələrinə tətbiq olunan sanksiyalardan və OPEC ölkələrinin bu itkini kompensasiya etməməsindən sonra qiymətlərin bahalaşması açıq şəkildə görünür. Yəqin ki, bu bahalaşma prosesi benzin və dizelin qiymətlərinin hidrogen yanacağını keçənədək davam edəcək.
 
Yer tutumu imkanlarına gəlincə, bu sahədə hidrogen yanacağı daha avantajlı durumdadır. Məlumata görə, 1 kq hidrogen yanacağı benzin və dizeldən 8 dəfə az yer tutur, bu da maşınların bakını daha uzun məsafələrə gedəcək qədər doldurmağa şərait yaradır.


 
Göründüyü kimi, yaxın 10 ilə qədər tamamlanacağı gözlənilən enerji dönüşümünün avtomobilləri bir sıra avantajlı və dezavantajlı xüsusiyyətlərə malikdir. Texnoloji ixtiralar artıqca, bu dezavantajlar da tədricən ortadan qalacaq. Təbii ki, yeni avtomobillərin istifadəsi nə qədər yayğınlaşarsa, ixtiraçıların diqqətini bu sahəyə daha rahat çəkmək və dönüşüm prosesini bir o qədər də sürətləndirmək olar. Bunun üçün isə istehlakçıların hidrogen yanacaqlı və elektrikli maşınlara yönəlməsi, dolayısıyla istehsalçılarda maddi stimul yaratması lazımdır. 
 
Aydındır ki, bu cür dərhal dönüşümün reallaşdırılmasında enerjidə Rusiya asılılığından qurtulmağın da xüsusi rolu olacaq. Amma bu asılılığı azaldarkən onun digər eyni əsaslı mənbələrin hesabına tam ölçüdə kompensasiya olunması da istənilən hədəfə çatmağa imkan vermir. Qlobal maliyyə qurumlarının OPEC ölkələrindəki qaz və neft yataqlarını maliyyələşdirməməsi bu baxımdan təsadüfi görünmür.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 350          Tarix: 8-05-2022, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma