Xəbər lenti

 
Pakistan Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib. Dinc çevriliş yoluyla hakimiyyətə gəlişinin üzərindən cəmi 2 ay keçən Şərifin bu səfərində 2 strateji müttəfiqin münasibətlərini qaldıqları yerdən davam etdirməyi gözdən keçirəcəkləri və bu barədə önəmli qərarlar alacaqları şübhəsizdir. Hər iki tərəfin səfərlə bağlı açıqlamaları da bundan xəbər verir. Amma zənnimizcə, səfərin bir də açıqlanmayan məqsədi var. Söhbət Qara dənizdə qida təhlükəsizliyi dəhlizi açmaq projesindən gedir.
 
Məlum olduğu kimi, Rusiya Ukraynanın Qara dəniz sahillərinin böyük qismini işğal etməklə və Odessa limanını beynəlxalq keçişlərə bağlamaqla qlobal qida böhranı yaratmağa çalışır. Məqsədi dünyanı aclıqla sınağa çəkməklə özünə qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq, qida qarşılığında enerji embarqosunu aradan qaldırmaq hədəfinə çatmaqdır. İyunun 8-də Moskvaya gəlməsi planlaşdırılan Rusiya Xarici İşlər naziri Lavrovla Türkiyə yetkililərinin gündəmində əsas mövzunun da bu olacağı gözlənilir və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında bunu açıq şəkildə dilə gətirmişdi. Avropa və ABŞ isə Rusiyanın bu təzyiqi qarşısında güzəştə getmək istəmir, qlobal qida böhranını çözmək üçün Qara dənizdə hərbi gəmiləri vasitəsilə qida dəhlizi yaratmaq barədə düşünür. NATO-nun 2009-2013-cü illərdə komandanı olmuş yunan əsilli admiral Ceyms Corc Stavridisin (James George Stavridis) “Washington post” qəzetinin 30 may tarixli buraxılışında dərc olunan “Rusiyanın Ukraynanın Qara dəniz limanlarındakı blokadasını necə qırmaq olar?” məqaləsi də bunun ilk siqnallarından ola bilər. Təsadüfi deyil ki, məqalə dərc olunan gün Rusiya Prezidenti Vladimir Putin Türkiyəli həmkarı ilə telefon danışığı aparmış, ardınca da Lavrovun 8 iyunda məhz taxıl dəhlizi açmaq məsələsini müzakirə etmək üçün Türkiyəyə gedəcəyi duyurulmuşdu.


 
Stavridisin gündəmi alt-üst edən məqaləsinə keçməmişdən əvvəl Pakistanın bu məsələyə nə dəxli olması barədə mülahizələrimizə aydınlıq gətirmək istərdik. Məsələ burasındadır ki, Qara dənizin taxıl məhsullarına bağlanmasının Pakistana da birbaşa aidiyyəti var. Zira qlobal taxıl böhranından ən çox təsirlənən ölkələrdən biri də Pakistan ola bilər. Rəsmi statistik məlumatlara görə, bərəkətli torpaqlara və məhsuldar buğda istehsalına baxmayaraq, Pakistan keçən il 4 milyon ton buğda idxal etməli olub. Ötən il ölkənin baş naziri (artıq sabiq) İmran Xan xəbərdarlıq etmişdi ki, taxıl istehsalı artmasa və əhalinin sürətli artımı davam edərsə, yaxın illərdə ölkə aclıq və yoxsulluqla üzləşə bilər. Pakistan artıq 2 ilə yaxındır ki, buğda idxalının tamamını Rusiya və Ukraynadan alır. Deməli, Qara dənizdə taxıl dəhlizinin açılması Pakistan üçün də həyati önəm daşıyır.
 
NATO ölkələrinin Qara dənizdə “taxıl dəhlizi” açması isə Türkiyənin maraqlarına uyğun deyil. Bu, Qara dənizi NATO-Rusiya savaşının poliqonuna çevirə bilər və qardaş ölkənin iqtisadiyyatına zərər vurar. Zənnimizcə, Ankara da bu təhlükələri nəzərə alıb “taxıl dəhlizi”ni Rusiyanın da razılaşa biləcəyi ölkələrin donanmaları ilə açmaq təşəbbüsü göstərir. Bunlardan biri Pakistan, digəri isə Misir ola bilər. Nədən ki, hər iki ölkə həm hərbi qüdrət baxımından güclüdür, həm də Ukrayna buğdasına möhtacdırlar. Bəs buna Rusiya razılıq verərmi? Sözsüz ki, bu sualın cavabı Lavrovun Ankara səfərində anlaşılacaq.


 
İndisə Stavridisin məqaləsi ilə tanış ola bilərsiniz.
 
“Mən 1980-ci illərin sonunda Aegis idarə olunan raket esminesində əməliyyat zabiti olanda bizə Ərəb körfəzində missiya verildi. İranlılar İraqla guya tanker müharibəsi aparır, bu müharibə fonunda həyati əhəmiyyət kəsb edən Hörmüz boğazını bağlamağa çalışırdılar.
 
Dünyanın qalan hissəsi üçün neftin axışı davam etdirməli idi və kifayət qədər dramatik həll yolu seçdi: ABŞ bayrağı altında neft tanker konvoylarını Hörmüz boğazına daxil etmək və okeana çıxarmaq. “Ciddi İradə” adlı bu əməliyyat 1987-ci ilin isti yayından 1988-ci ilin payızına qədər davam etdi və əsasən uğurlu oldu. (Etiraf etmək lazımdır ki, bu zaman böyük faciə də baş verdi, 290 nəfərin həlak olduğu İran təyyarəsi vuruldu).
 
“Ciddi iradə” əməliyyatı neftin nəqlinin təmin etdi və iranlıların təsir rıçaqlarını aradan qaldırdı. Mənim kreyserim “Valley Forge” da öz missiyasını uğurla həyata keçirdi və qlobal geosiyasətə və enerji təchizatına mühüm təsir göstərdi.
 
Ukraynanın Rusiya tərəfindən qeyri-qanuni blokadaya alınması səbəbindən dünya ərzaq qıtlığı ilə üzləşdiyi bir vaxtda ABŞ və müttəfiqləri də oxşar ssenari barədə düşünməlidirlər.


 
Ukrayna dünya buğdasının (qlobal ixracatın təxminən 7%-i), günəbaxan yağı və digər mühüm kənd təsərrüfatı məhsullarının önəmli hissəsini təmin edir. Rusiyanın hərəkətləri təkcə beynəlxalq hüquqa görə, qeyri-qanuni deyil, həm də Yaxın Şərqdə və Şimali Afrikada - onsuz da qeyri-sabit qaynar nöqtələrdə aclığa səbəb ola bilər.
 
Rusiya prezidenti Vladimir Putin Qara dənizin şimalını tam nəzarət altında tutur, çünki onun donanması iyirmidən çox, əhəmiyyətli döyüş gəmisi ilə regionun ən güclü dəniz qüvvəsidir. 25.000 dənizçi, 40-a yaxın yerüstü döyüş gəmisi və yeddi sualtı qayığa malik donanma, aprel ayında Ukraynanın qanadlı raket zərbəsi nəticəsində nəhəng “Slava” sinifli flaqmanı olan “Moskva”nı itirdikdən sonra belə, nəhəngliyini qoruyur.
 
Şimali Atlantika Müqaviləsi Təşkilatının müttəfiqləri Türkiyə, Rumıniya və Bolqarıstanın Qara dənizdə bacarıqlı qüvvələri olsa da, Ukraynanın Rusiya blokadasına qarşı çıxmaq üçün praktiki olaraq heç bir donanması qalmayıb. Rusiya qüvvələri onun sahilləri boyunca yerləşdirilib və kənd təsərrüfatı məhsullarının nəzərdə tutulan bazarlara çatmasının qarşısını almaqla Ukrayna iqtisadiyyatını boğmaq əzmindədir.
 
Moskva ABŞ vətəndaş müharibəsində İttifaq ordusunun aqrar cənuba qarşı tətbiq etdiyi strategiyanı xatırladan siyasətdən istifadə edir. Xatırladım ki, ABŞ-dakı vətəndaş müharibəsi illərində qurbanlarını boğaraq öldürən ilandan ilhamlanaraq “Anakonda Planı” adlandırılan dəniz blokadası zamanı pambıq ixracının qarşısı alınaraq Konfederasiya sabit valyutadan məhrum edildi. Bir sıra Avropa ölkələri dəniz blokadasına etiraz etsələr də, heç bir nəticə hasil olmadı.


 
Putin, Linkolnun bu siyasətini həyata keçirir və plan öz təsirini göstərir. Ruslar indi ABŞ və müttəfiqlərinin qəbul etməyəcəyi Qərb sanksiyalarının ləğvi müqabilində taxıl daşınmasına icazə verilməsi üçün danışıqları təklif edirlər.
 
Bu da bizi istər-istəməz ticarət gəmilərini müşayiət etməklə blokadanı yarmaq fikrinə gətirir. Təklif etdiyim planı həyata keçirmək qarşısında dayanan birinci problem aydındır: gəmilərə müşayiəti kim edəcək? Bu, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, NATO və ya təhlükəli missiyanı öz üzərinə götürməyə hazır olan dövlətlər koalisiyası tərəfindən həyata keçirilə bilər. Ən çox ehtimal olunan yanaşma - ABŞ-ın rəhbərlik etdiyi və çox güman ki, Böyük Britaniya və Fransa və bəlkə də Qara dəniz ölkələri Türkiyə, Rumıniya və Bolqarıstan da yer aldığı koalisiya qüvvələri olacaq.
 
İkinci problem minaların təmizlənməsidir, çünki həm ukraynalılar, həm də ruslar minalardan Ukrayna sahilləri boyunca dənizlərə nəzarət üçün istifadə ediblər. NATO-nun məhz bu məqsədlə daimi minaaxtaran qüvvəsi var. Bu flotiliya mənim varislərimdən birinin, müttəfiqlərin ali komandiri general Tod Voltersin əmri altında fəaliyyət göstərir.
 
Üçüncüsü, hər hansı blokadanı həyata keçirən dövlətlər əsas gəmiçilik ölkələri, taxıl və digər məhsulları daşıyan gəmilərə sahib olan beynəlxalq tacirlərlə işləməli olacaqlar. Bunu mənzil-qərargahı Londonda yerləşən Beynəlxalq Dəniz Təşkilatı (IMO) təşkil edə bilər. BMT-nin bir hissəsi olan IMO mən NATO komandanı olduğum zaman Afrika sahillərində dəniz quldurluğuna qarşı beynəlxalq cavab tədbirlərinin təşkilində oxşar rol oynamışdı.


 
Bu, yəqin ki, ABŞ-ın Körfəzdə etdiyi kimi, bəzi ticarət gəmilərinin əməliyyatda iştirak edən ölkələrin bayrağı altında hərəkətini şərtləndirəcək.
 
Nəhayət, Rusiyanı plan barədə məlumatlandırmaq və əməliyyatı həyata keçirən koalisiyanın heç bir müdaxiləyə dözməyəcəyini başa düşməsini təmin etmək vəzifəsi var. Moskvaya həm də başa salmaq lazımdır ki, “taxıl dəhlizi” açan hərbi gəmilər Rusiyanın Qara dəniz donanması ilə döyüşə girmək istəmir. Moskva çox güman ki, qəzəblənəcək, lakin onun beynəlxalq sularda NATO hərbi gəmilərinə hücum ehtimalı azdır. Amma hər ehtimala qarşı, ruslar axmaq bir şey etsəydilər, bunun proporsional güc tətbiqi ilə qarşılanacağını anlamalıdırlar.
 
Biz həlledici məqama çatmışıq: taxıl daşınması dayandırılıb, Ukrayna iqtisadiyyatı dağılıb və qarşıdan gələn ərzaq böhranının qarşısını almaq lazımdır. Demokratik müttəfiqlər “Ciddi iradə” əməliyyatına bənzər yanaşmanı araşdırmalıdırlar. Putinin açıq dənizdə yol kəsməsinə icazə vermək olmaz”.
 
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 348          Tarix: 1-06-2022, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma