Xəbər lenti

 
Dünən Almaniya, Fransa, Rumıniya prezidentləri və İtaliyanın baş naziri ilə Ukrayna lideri Vladimir Zelenski arasında görüş keçirilib. 
 
Ovqat.com-un məlumatına görə, görüşün əsas müzakirə mövzusu Ukraynanın müdafiəsinin gücləndirilməsi, ona iqtisadi dəstək, qlobal ərzaq böhranına qarşı mübarizə və Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsini məsələləri olub.
 
"Biz Ukraynanın müdafiəsini davam etdirmək və gücləndirmək haqqında danışdıq. Mən bu gün razılaşdırılmış müvafiq addımlara görə bütün tərəfdaşlara minnətdaram. Biz vətəndaşlarımıza və dövlətimizə iqtisadi dəstək, eləcə də yanaşmalarımızın əlaqələndirilməsi haqqında danışdıq. Biz Rusiya Federasiyasının təhrik etdiyi ərzaq böhranına qarşı çıxmaq üçün ümumi imkanlarımızı təhlil etdik”, - deyə Zelenski Kiyevdəki görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.
 
Onun sözlərinə görə, indi mümkün olan hər şeyi etmək lazımdır ki, Rusiyanın Ukraynadan ərzaq tədarükü edə bilməyən Afrika və Asiya ölkələrində aclıq və siyasi xaos planının həyata keçirilməsinin qarşısı alınsın.
 
"Hamı görür ki, sülhü bərpa etmək səylərinə yeganə maneə Rusiya Federasiyasının real hərəkətlərə, sülhün bərpasına yönəlmiş danışıqlara hazır olmamasıdır. Rusiya sülh istəmir. O, müharibədən başqa heç nə istəmir", - deyə Ukrayna prezidenti bildirib. 
 
O, həmçinin qeyd edib ki, hazırda rus qoşunları Donbassa amansız hücumlarını davam etdirir, Xarkov vilayətində öz silahlı qruplaşmalarını gücləndirir. Zelenskinin fikrincə, rus təcavüzünə qarşı ən effektli mübarizə Avropa ölkələrinin həmrəy olmasından və Ukraynaya ciddi dəstək verməsindən keçir. “Təcavüzkar dövlət başa düşməlidir ki, sülhün alternativi yoxdur”, - deyən Zelenskinin fikrincə, Rusiya bunun əvəzində Avropanı qorxutmaq və Ukraynanın daha çox torpaqlarını ələ keçirmək üçün yeni yollar axtarır.


 
Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər ümumi fikirlərlə çıxış etsələr də, əslində danışıqların çox gərgin keçdiyi bildirilir. Məsələ burasındadır ki, Avropa İttifaqı (Aİ) ölkələri çətin dilemma ilə qarşı-qarşıyadırlar və liderləri Kiyevə gətirən də bu amil olub. Belə ki, Avropa Komissiyası yaxın günlərdə Ukraynanın Aİ-yə üzv olmaq üçün müraciəti ilə bağlı öz fikrini açıqlamalıdır. Bu açıqlamaya hazırlıq çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə iki səfər edib. Hər iki səfər zamanı o, Ukrayna prezidenti Vladimir Zelenski ilə uzunmüddətli danışıqlar aparıb. Ukraynaya rəsmi namizəd statusunun verilməsi baxımından Komissiyanın missiyasının və tövsiyəsinin məzmunu çox həssasdır. Bu məsləhət iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə bir araya gələcək Avropa liderlərinin qərarına mühüm təsir göstərəcək.
 
Komissiyanın üzləşdiyi əsas çətinlik Aİ-yə üzvlüyə can atan və bunun üçün sözügedən quruma təzyiq edən ölkələrlə onların bu istəklərinə yaşıl işıq yandırmalı olan ittifaq üzvləri arasında yaşanan fikir ayrılıqlarıdır. Üzvlüyə can atan ölkələr, o cümlədən Ukrayna, ittifaqın tələb etdiyi bir çox meyarlara cavab vermirlər. Ona görə də Aİ-də iki tərəf arasında ümumi dil tapmağın mümkünlüyü ətrafında ciddi müzakirələr gedir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı fors-major halı bu fikir ayrılığını daha da artırır.
 
Görüşdən əvvəl Rumıniya səfər edən Fransa prezidenti Emmanuel Makron həmkarı Klaus İohannis ilə birgə keçirdiyi mətbuat konfransında da bu cür çətin vəziyyətdə qaldıqlarını ifadə edərək bildirib ki, “Avropalılar və Avropa İttifaqının Ukraynaya və Ukrayna xalqına aydın siyasi siqnallar göndərməsinin vaxtı çatıb, lakin bu, bəzi məqamlar nəzərə alınmaqla edilməlidir. Avropalıların bütövlüyünü qorumaq lazımdır”. Makron açıqlamasında həmçinin deyib: “Avropa Şurası (liderlər) bu məsələ ilə bağlı mühüm qərarlar qəbul etməlidir. Bu qərarlar yeni və dərin müzakirələrlə irəliyə doğru addımlar atmağa haqq qazandırmalıdır”. 


 
Məlum olduğu kimi, Ukrayna savaşı ilə Aİ daxilində bir-birinə qarşı iki blok meydana gəlib: Onlardan biri Almaniya, Fransa, Hollandiya və Danimarkanın yer aldığı qrupdur. Bu qrup Ukrayna da daxil olmaqla, Aİ-yə yeni üzvlərin daxil edilməsinə qarşı çıxır. Qrupun fikrincə, Ukraynaya rəsmi namizəd statusu verməyə mane olan bir çox məsələlər var
 
Üstəlik, Aİ-nin bu qərarı Moldova və Gürcüstana da şamil olunacaq. Ukrayna da daxil olmaqla həmin ölkələrin üçü də iqtisadi, sosial, hüquqi və ekoloji baxımdan lazımi Avropa “standartlarından” hələ də uzaqdır və buna məhəl qoymamaq mümkün deyil. Bundan əlavə, həmin ölkələrdə geniş şəkildə yayılmış korrupsiya faktoru var. 
 
Digər tərəfdən, Brüsselin danışıqlar apardığı Albaniya, Şimali Makedoniya, Serbiya və Türkiyə kimi illərdir Aİ-nin qapısında gözləyir. Bundan əlavə, Bosniya və Herseqovinaya namizəd statusu verməkdən imtina edən Aİ yaxın vaxtlarda Kosovodan da oxşar tələblə üzləşəcək. Halbuki, adı çəkilən ölkələrdəki korrupsiyanın miqyası Ukrayna ilə müqayisədə xeyli aşağıdır. 
 
Bir sözlə, Aİ əgər Ukraynanın üzvlüyünə yaşıl işıq yandırarsa, məntiqlə bu ölkələri də öz sırasına daxil etməlidir. Bu isə Aİ-nin siyasi mahiyyətini tamamilə dəyişdirə və demokratik cizgidən uzaqlaşdıra bilər. Sirr deyil ki, bu gün Aİ-də bir çox ortaq qərarların qəbulunu əngəlləyən Macarıstan, Serbiya və s. kimi demokratik cizgidən xeyli uzaq olan və Rusiyaya meylli ölkələr var. Onlara bənzər ölkələrin də üzvlüyə qəbulu Aİ-ni tamamilə anti-demokratik dövlətlər birliyinə çevirə və Rusiyanın təsir dairəsinə sala bilər.


 
 İkinci bloka isə Polşa, üç Baltikyanı ölkə - Estoniya, Latviya və Litva, habelə İtaliya, Yunanıstan və İtaliya daxildir. Bu dövlətlər Ukraynanın Rusiya təcavüzündən xilas etmək üçün dərhal ittifaqa üzvlüyünü tələb edirlər. Onların fikrincə, Ukraynanın indiki halda ittifaqdan kənarda saxlanılması təkcə rəsmi Kiyevin bütün ümidlərini qırmaqla qalmaz, həm də post-sovet ölkələrinin demokratikləşməsinin qarşısını alar. 
 
Üstəlik, Aİ-yə üzvlüyə can atan ölkələrə qapıların bağlanması qurumun Şərq Tərəfdaşlığı layihəsini də puç edir. Halbuki, Ukrayna məhz bu təşəbbüsünün bədəlini ödəyir. Aİ-nin Şərq Tərəfdaşlığı layihəsinin Baltikyanı ölkələr və Polşa tərəfindən irəli sürülməsi sözügedən blokun niyə öz mövqelərində israrçılığına tam aydınlıq gətirir. 
 
Ən əsası isə, ikinci blokda yer alan Polşa və Baltikyanı ölkələr Ukraynanın müdafiəsini özlərinin də təhlükəsizlik çətiri kimi görürlər. Onların fikrincə, Rusiyanın Şərqi Avropaya yayılmaçılıq siyasəti Ukraynada dayandırılmasa, bu proses digər ölkələrə də sıçraya bilər. Ukraynadan fərqli olaraq xeyli kiçik olan Baltikyanı ölkələrin rus təcavüzünə qarşı dirəniş göstərməsi ümumiyyətlə mümkün deyil. Nəzərə alsaq ki, Latviya, Litva və Estoniyada ciddi ölçüdə etnik ruslar yaşayır, Moskva isə öz təcavüzkar siyasətini məhz o cür insanların hüquqlarının müdafiəsi bəhanəsi üzərində qurur, Baltikyanı dövlətlərin narahatlığını anlamaq çətin deyil.
 
Vəziyyəti tündləşdirən digər amil Böyük Britaniyanın Aİ-yə alternativ layihə ilə çıxış etməsidir. Məlum olduğu kimi, B.Britaniyanın Baş naziri Boris Conson bu yaxınlarda Kiyevə səfər etmiş və Zelenski ilə görüşündə Ukrayna, Baltikyanı ölkələr, Polşa, Türkiyə və İsrail kimi ölkələrin tərkibində yer alacağı yeni ittifaq qurmaq təşəbbüsü irəli sürmüşdü. Aİ-nin yeni üzvlərlə bağlı sərt kriteriyaları alternativ birlik fikrini daha da möhkəmləndirir, Almaniya və Fransanın dominantlığı altındakı Vahid Avropa ideyasını ciddi şəkildə laxladır. Bu isə yaxın gələcəkdə Aİ-nin sıradan çıxması və Mərkəzi Avropa ilə Rusiya arasında yeni buffer zona yaradılması ehtimalını artırır. Avropanın iki böyük sənaye dövləti olan Almaniya və Fransanın Rusiyaya xammal bazası kimi baxdığını nəzərə alsaq, Londonun bu təşəbbüsünün hər iki ölkəni iqtisadi cəhətdən zəiflədə bilər və onları dünyadan təcrid etmək planının ilk mərhələsi ola bilər. Londonun və Vaşinqtonun AUKUS layihəsi ilə Fransanı Hind-Sakit okean bölgəsindən təcrid etdiklərini də bu hesaba qatsaq, yaxın zamanlarda bu istiqamətdə digər addımların da atılacağı gözlənilməz deyil. Xüsusilə Fransanın Afrika qitəsində sıxışdırılması onun tamamilə təcrid olunması anlamına gələcək. Bu mənada Ukraynada yaşananlar anqlo-sakson ittifaqının təkcə Rusiyaya qarşı mübarizəsi deyil, həm də Mərkəzi Avropa ilə hesablaşması təəssüratı yaradır. 


 
Avropa İttifaqının bu siyasətin qarşısını almağa, xüsusilə də ittifaqdakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışdığı gözlərdən yayınmır. Aİ Komissiyasının alman əsilli sədri Ursula fon der Leyenin Kiyevə son səfəri zamanı ittifaqın Ukraynanı Avropa yolunda dəstəkləməkdə qərarlı olacağı və irəliyə baxmaq istədiyiklərini bildirməsi bu təşəbbüslərdən biri kimi qarşıya çıxır. Baxmayaraq ki, xanım siyasətçi də Kiyev səfəri zamanı verdiyi açıqlamada Ukraynada Aİ-nin kriteriyalarına zidd halların, o cümlədən korrupsiyanın mövcudluğunu istisna etməyərək demişdi: “Siz çox işlər görmüsünüz, amma görüləsi işlər də çoxdur”.
 
Bir çox Qərb ekspertləri bu cür kritik vəziyyətlə üz-üzə qalan Aİ Komissiyasının sonunda Ukraynanın namizədliyini irəli sürəcəyinə inanırlar. Çünki Aİ liderləri Ukraynanın hər tərəfdən “Avropa ailəsinin bir hissəsi” olduğunu iddia edib, digər tərəfdən onu Rusiya qarşısında yalnız buraxa bilməzlər. Bu, ilk növbədə Avropa ictimaiyyəti tərəfindən düzgün başa düşülməz. 
 
Üstəlik, Zelenski hakimiyyəti də Avropa ilə sərt tonda danışır, onun “ikiüzlülüyünə” qarşı çıxır. Kiyev Aİ-nin tələb etdiyi kriteriyaların tədricən yerinə yetiriləcəyini, ittifaqa üzv olduqdan sonra korrupsiyaya və digər çatışmazlıqlara qarşı amansız mübarizə aparılacağını bildirir. Avropa Komissiyası qarşısında açıqlama verən Zelenskinin aşağıdakı sözləri də Kiyevin “qoca qitə”yə ayaq uyduracağına dair vədləri kimi görünür: “Aİ-dən yaxşı bir qərar almaq üçün bütün səviyyələrdə daha da çox çalışacağıq, çünki bu, bizim üçün çox vacibdir”.
 
Avropa Komissiyasının Ukraynanın üzvlüyünə müsbət rəy verəcəyi ehtimalına baxmayaraq, Fransanın bu təklifə isti baxmayacağı güman olunur. Fransa prezidenti bu barədə fikrini hələ mayın 2-də dilə gətirmişdi. O, Ukrayna və digər bənzər ölkələrlə birlikdə Avropa Siyasi Birliyi yaratmağa dəvət etmişdi. Lakin onun təklifi Ukraynanın və Zelenskinin özünün ciddi müqaviməti ilə üzləşmişdi. Buna baxmayaraq, Makron öz mövqeyindən geri çəkilmədi və mayın ortalarında Moldova baş naziri ilə görüşdə fikirlərini yenidən səsləndirdi. Onun sözlərinə görə, bu, "energetika və investisiya sahələrində siyasi münasibətlərin və əməkdaşlığın qurulmasına" və daha sonra təhlükəsizliyin əlavə edilməsinə imkan verəcək. 


 
Yelisey Sarayından verilən açıqlamada Serbiya ilə üzvlük danışıqlarının səkkiz il əvvəl başladığı və hələ də davam etdiyi, lakin nə vaxt yekunlaşacağını heç kəsin bilmədiyi vurğulanıb. Eyni şey 15 ildən artıq danışıqlar aparan Türkiyə üçün də keçərlidir. İstənilən halda iştirakla bağlı qərarlar yekdilliklə qəbul edilir. Buna görə də Paris Aİ-nin birliyinin qorunub saxlanmasını çox vacib hesab edir. Yeliseyin fikrincə, Kiyevə cavab vermək üçün “bir çox variant” var və cavab qəti olaraq “hə və ya yox” olmayacaq. 
 
Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı Ukrayna məsələsində ciddi sınaq qarşındadır. Bu problemin hansı istiqamətdə həlli Avropa İttifaqının da taleyini müəyyənləşdirə bilər.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 990          Tarix: 17-06-2022, 08:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma