Xəbər lenti

 
 
Rusiya Xarici İşlər Nazirliyi Litvaya yüklərin tranzitini məhdudlaşdırdığı üçün etiraz notası göndərib.
 
Ovqat.com-un məlumatına görə, nazirliyin rəsmi bəyanatında Litvanın Kalininqrad bölgəsinə dəmir yolu ilə yüklərin daşınmasını məhdudlaşdırmaq qərarına gəldiyi xatırladılaraq deyilib:
 
“Bu qərar Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında Kalininqrad vilayətinə yüklərin daşınmasına dair 2002-ci il müqaviləsini pozur və düşmənçilik niyyəti güdülür”.
 
Bildirildiyinə görə, Litvanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Virciniya Umbrasene nazirliyə çağırılıb və tranzitə qoyulan məhdudiyyətlə əlaqədar ona etiraz notası verilib. “Rusiya tərəfinə məlumat vermədən dəmir yolu ilə Litva ərazisindən Kalininqrad vilayətinə müxtəlif malların daşınmasına məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır. Kaliniqradla Rusiyanın qalan hissəsi arasında yük daşımaları bərpa olunmazsa, Moskva öz milli maraqlarını qorumaq hüququnu özündə saxlayır”, - Rusiya XİN-in bəyanatında deyilir.
 
Kremlin sözçüsü Dmitriy Peskov da Litvanın Kalininqradla bağlı qərarının doğru olmadığını ifadə edərək deyib: "Bu, hər şeyin pozulması deməkdir. Bunun AB-nin malların tranzitini tətbiq etdiyi sanksiyalarla əhatə etmə qərarı ilə bağlı olduğunu başa düşürük. Bunun da qanunsuz olduğunu düşünürük”.
 
Vəziyyətin "çox ciddi" olduğunu vurğulayan Peskov bundan sonra atılacaq hər addım və ya qəbul olunacaq hər qərar üçün baş verəcək proseslərin dərin təhlilinə ehtiyac duyulduğunu bildirib: “Bu təhlil yaxın bir neçə gün ərzində aparılacaq", - deyə sözçü bildirib.
 
Litvanın məlum qərarının Moskvada doğurduğu rezonans təəccüblü deyil. Məsələ burasındadır ki, Rusiyanın II Dünya Müharibəsi zamanı Almaniyadan qopardığı Kalininqrada yeganə giriş-çıxış Litva-Polşa sərhədləri arasında yerləşən Suvalki dəhlizindən keçir. Avropa ölkələri Rusiyaya hava məkanlarını bağladıqdan və Finlandiyanın NATO-ya qoşulma təşəbbüsündən sonra Suvalkı dəhlizinin önəmi birə-beş artıb. Litvanın isə həmin xətt üzrə quru yolu əlaqəsini dayandırması ilə Kalininqrad faktiki olaraq mühasirəyə düşmüş sayılır. Bu isə həmin vilayətin tamamilə Rusiyadan qopmasını tətikləyə bilər.
 
Kalininqrad Rusiya Dəniz Qüvvələrinin Baltik donanmasının mərkəzi qərargahının yerləşdiyi məkandır. Vilayətin mühasirəyə alınması bu donanmanı da tamamilə işləksiz hala gətirir. Bu isə əslində savaş səbəbidir və Rusiya XİN-in yaydığı bəyanatda ehtiyatlı üslubda buna eyham vurulur
 
Moskvanı bu müharibədən çəkindirən kifayət qədər səbəb var. 
 
Əvvəla, başı Ukraynada müharibəyə qarışan Rusiyanın ikinci cəbhə açması böyük fəlakətlə nəticələnə bilər
 
İkincisi, Litva Ukrayna deyil. Əhalisinin, hərbi qüdrətinin azlığına baxmayaraq, Litva NATO ölkəsidir. Bu ölkəyə hücum etmək NATO ilə döyüşə atılmaq mənasına gəlir.
 
Üstəlik, Suvalki dəhlizi həm də Polşa ilə həmsərhəddir və Rusiya ehtimal olunan bu savaşda Şərqi Avropanın ən güclü dövləti ilə qarşılaşmağa məhkumdur. 
 
Amma dərd burasındadır ki, Rusiya Litvanın bu addımına seyrçi qala da bilməz. Əks halda bu, onun məhvi ilə nəticələnər.
 
Moskvanın qarşısında dayanan bir başqa məsələ Litva ilə sərhədinin olmamasıdır. Suvalki dəhlizi uğrunda savaşa Belarus üzərindən başlamağa məhkum olan Moskvaya rəsmi Minsk razılıq verməlidir. Bu isə Belarusun da müharibəyə cəlb edilməsi deməkdir ki, Lukaşenkonun belə bir addım atması mümkün görünmür. Belə görünür ki, Suvalki dəhlizi böhranı ilə əslində Belarusla Rusiya üz-üzə qoyulur.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 948          Tarix: 20-06-2022, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma