Xəbər lenti


 Zaman Çinin xeyrinə işləyir


Hazırda ABŞ və Rusiya qlobal qarşıdurmada böyük itkilərlə qarşılaşırlar. Bu iki qlobal qüvvənin zəifləməsi fonunda Çinin mövqeləri güclənməkdədir. Çin Rusiya-Ukrayna, Rusiya-Qərb ayırıcı xəttləri üzrə seçim etmək zərurətindən azaddır. Pekin “Vahid Çin” siyasətindən çıxış edərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını, DNR və LNR-in isə müstəqilliyini tanımır. 

 

Müşahidələr müharibənin əsas benefisiarlarından birinin Çin olduğunu göstərir. Beynəlxalq Valyuta Fondunun iyul hesabatına görə, 2022-ci ildə ABŞ 2,3%, Çin 3,3%, Hindistan 7,4% iqtisadi artım əldə etdiyi halda, Rusiya iqtisadiyyatı 6% kiçiləcəkdir. İyul ayını Çin 1987-ci ildən bəri rekord göstərici ilə, yəni $101 milyard ticarət profisiti ilə yekunlaşdırdı. Ölkələr arasında iqtisadi əlaqələrin zəiflədiyi dövrdə Çinin ixracı 18% artıb

 

D. Trampın hakimiyyəti illərində ABŞ Çinin $250 milyard, Çin isə ABŞ-ın $110 milyard dəyərində mallarına gömrük tariflərini artırdı. Bayden administrasiyası tariflərin əksəriyyətini dəyişməz saxladı. Lakin, bu, Çinin Rusiya ilə Qərb əleyhinə müttəfiq olacağı anlamına gəlmir. Bunu N.Pelosinin Tayvana səfəri aydın şəkildə göstərdi. ABŞ-la hərbi konfrontasiyadan yayınan, iqtisadi münasibətləri qorumağa çalışan Pekin, Moskvanın geosiyasi oyununda “müttəfiq” rolunda belə çıxış etməyəcəyini göstərdi. 

 

Bundan başqa, Çinin inkişafının əsas komponentləri sayılan texnologiya və kapital Rusiyada yox, Qərbdədir. Bu səbəbdən Çin Rusiyaya qarşı olan sanksiyaları tənqid etsə də, onları pozmamağa və Rusiyaya birbaşa yardımdan qaçmağa çalışır. Qeyd edilməlidir ki, Rusiya 2022-ci ildə Çinin “kəmər və yol” layihəsi üzrə yeni sərmayələr almadı. 

 

Çin ilə yaxşı münasibətlər isə Rusiya üçün könüllü seçim yox, geosiyasi zərurətdir. Rusiyanın uzaq regionları yaxşı inkişaf etmədiyindən Primorye, Xabarovsk və Zabaykal kimi ərazilər Çindən iqtisadi cəhətdən çox asılıdır. Digər tərəfdən Çin ilə potensial gərgin münasibətlər Uzaq Şərq regionlarına böyük vəsaitlərin cəlb edilməsini və əhəmiyyətli ordu birləşmələrinin saxlanılmasını tələb edərdi. Bu səbəbdən Rusiyaya Çin ilə yaxın münasibətlər saxlamaq çox vacibdir. Bunu Çin də gözəl anlayır. Hazırda Rusiya Çinə enerji məhsullarını güzəştlə satır. Ucuz Rusiya nefti Səudiyyə Ərəbistanının idxaldakı payının 30% azalmasına səbəb olub. Müharibə başlayandan az sonra Avropada qaz qiymətləri 2000$ üstələdiyi vaxtda Çin Rusiyadan 10 dəfə daha ucuz (200$) qiymətə qaz alır. 

 

Yaranmış vəziyyət Çinə dünyada nüfuzunu daha da artırmaq şansı verir. Keçən il G7 ölkələri 2022-ci ildə Çinin nüfuzunu qabaqlamaq üçün İEO ölkələrə $600 milyard sərmayə ayırmaq üçün razılaşmışdılar. Rusiya ilə qarşıdurma isə bunun gerçəkləşməsini qəlizləşdirir. Digər tərəfdən, Rusiyanın Qərblə münasibətləri kəsməsi və üzünü Şərqə çevirməsi gələcəkdə Pekinə ən müasir silahların və hətta onların sxemlərinin verilməsini aktuallaşdırır.

 

Bu faktorlar onu göstərir ki, zaman Çinin xeyrinə işləyir. Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə, əsrin sonuna Çin və Hindistan iki ən güclü dövləti olacaqdır. Onların qüdrəti indikindən 2 dəfə çox, ABŞ və Aİ-nın gücü isə 2 dəfə az olacaqdır. Bayden artıq indidən Çini “rifahımıza, təhlükəsizliyimizə və demokratik dəyərlərimizə” meydan oxuyan “ən ciddi rəqib”, E.Blinken Çini ABŞ-ın “texnoloji üstünlüyünü pozan, müttəfiqlərimizi və beynəlxalq təşkilatlardakı təsirimizi təhdid edən” ölkə, müdafiə naziri L.Ostin isə Çini “gələcəkdə ən əhəmiyyətli təhlükə” adlandırır. Çinin növbəti hegemona çevrilməsini qabaqlamaq üçün 2021-ci ildə AUKUS (ABŞ, Britaniya, Avstraliya) yaradıldı. AUKUS-un yaradılması Rusiya tərəfindən ABŞ-ın əsas diqqətinin Asiya regionuna köklənməsi kimi qəbul edildi və Moskvanı Ukraynaya qarşı müharibəyə cəsarətləndi

 

Uzunmüddətli perspektivdə Çinə məğlub olacağını anlayan ABŞ üstünlüyün onun tərəfində olduğu müddətdə Pekin ilə məqsədyönlü qarşıdurmaya gedir. Hədəf qarşıdurmanı nüvə müharibəsinə çevirmək deyil. Məqsəd çinlilər (Çin və Tayvan) arasında müharibə vəziyyəti yaradaraq onu kənardan üçüncü tərəf kimi idarə etməkdir.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 6 519          Tarix: 17-08-2022, 07:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma