Xəbər lenti

 

Siyasi müzakirələrin əsasının qoyulduğu Antik Yunan sivilizasiyasında mütəffəkirlər dövlət idarəetməsi ilə bağlı əsasən 3 fərqli sistemi diqqət mərkəzində saxlayırdılar:

 

- hakimiyyətin irsən ötürüldüyü tək adamın idarəetməsi olan monarxiya;

 

- ad-sanı üstünlüyü ilə olan bir qrup əsilzadənin idarəetməsi olan aristokratiya;

 

- xalqın idarəetməsi olan demokratiya.

 

Platon, Aristotel kimi önəmli yunan filosofları bu sistemlərdən hansının daha effektiv, hansının daha dözümlü olduğu barədə geniş təhlillər aparmış, idarəçiliklə bağlı öz versiyalarını irəli sürmüşdü. 

 

Əsrlər sonra Roma İmperiyasında yaşayan başqa bir yunan filosofu Polibius  isə hər üç sistemin əvvəl-axır çürüyəcəyini, bu təkamülün qaçılmaz olduğunu bildirərək, hər üç sistemin, yəni, monarxiya, aristokratiya və demokratiyanın ölçülü şəkildə sintez edildiyi və birgə işlədildiyi bir sistemin daha dayanıqlı olacağı fikrini irəli sürmüşdü. Polibius həmin dövrdə (e.ə III-II) Roma İmperiyasında monarxiyanı təmsilən konsulların, aristokratiyanı təmsilən senatın, xalqı təmsilən comitiaların olmasını əsas göstərərək, Romadakı sintezli idarəetmə sisteminin yuxarıda sözügedən təkamülə qarşı daha dözümlü olduğunu iddia edirdi. (İstinadlar: Gaetano Mosca)

 

Polibiusdan 2 min il sonra ortaya çıxan müasir idarəetmə sistemlərinin bir çoxunda bu və ya digər şəkildə monarxiya, aristokratiya və demokratiya sintezinin mövcud olduğunu görürük. Mənim fikrimcə, bu üç sistem arasında ən yaxşı balansı yaradan ingilis dövlət ənənəsidir. Monarxiyanın qorunduğu, aristokratiyanın Lordlar palatası və demokratiyanın isə İcmalar palatası formasında təmsil olunduğu ingilis parlamentar sistemi dünyanın ən dayanıqlı və inkişaf etmiş modellərindən biri kimi göstərilir

 

İngilis sistemindəki bu balansı əldə etməyin çox qanlı tarixi var, bu barədə müxtəlif versiyalar olsa da, mənim fikrimcə, burada əsas rolu bəzən bir araya gəlib krallarının başını kəsən, bəzən isə yun kapitalizmindən böyük gəlirlər əldə etmək arzusu ilə xalqı yaşadığı yerlərdən sürgün edən ingilis aristokratları başlıca rol oynayıb. 

 

Son 3-4 gün ərzində xüsusilə də 96 yaşlı monarx Kraliça II Elizavetanın ölümü ilə ingilis dövlət sistemində həm monarxiyanın başının, həm də xalqı təmsil edən demokratiya başının, yəni baş nazirin dəyişildiyini gördük. Bu iki dəyişillik Böyük Britaniyanın yeni dövrə girdiyinə işarə edir. Dünyanın təlamütlü günlər yaşadığı bir dövrdə bu iki ciddi dəyişikliyin Britaniya daxili və xarici siyasətinə hansı səviyyədə təsirlərinin olacağını isə zaman göstərəcək. 

 

ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz

 




Ana səhifəyə qayıt        Baxış: 6 664          Tarix: 8-09-2022, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma