Dünən İsrailin, bu gün isə Türkiyənin Müdafiə nazirləri Azərbaycana gəlib. Zənnimcə, bunlar təsadüfi səfərlər deyil. Ölkəmizə son günlər get-gəllərin intensivləşməsi yaxın zamanlarda regionda ciddi hadisələrin yaşanacağının xəbərçisi də ola bilər. Bəs gözlənilən bu ciddi hadisə nədir və bizdən nə gözlənilir?
Fikrimcə, bu səfərlərin məqsədi birbaşa yox, dolayısıyla Azərbaycanla bağlıdır. Daha konkret desək, görünən budur ki, beynəlxalq güclər İrana qarşı hərbi əməliyyata hazırlaşırlar. Bunu Böyük Britaniyanın Baş naziri Liz Trassın bugünkü açıqlamaları da təsdiqləyir. Məlumdur ki, bu gün xanım Trass sionizmə dərin məhəbbətini ifadə edərək deyib: “Mən qatı sionistəm, İsrailin böyük tərəfdarıyam. Əminəm ki, İsrail və Britaniya arasında münasibətləri gücləndirə biləcəyik”. O, həmçinin bildirib ki, Britaniya İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Bəs, dünya güclərinin İrana qarşı hərbi əməliyyatlara hazırlaşarkən, müttəfiqlərimizin Azərbaycandan nigaran qalması nə ilə əlaqədar ola bilər? Məncə, bu sualın ən yaxşı cavabı 2012-ci ildə İran ətrafında baş verən bəzi hadisələrdə gizlidir.
Məlum olduğu kimi, 2012-ci ildə də dünya nəhəngləri İrana qarşı hərbi əməliyyatlara hazırlaşır və bunu açıq şəkildə müzakirə edirdilər. Həmin dövrlərdə İsrailin yüksək səviyyəli liderləri ilə uzun-uzadı müsahibələr alan jurnalist Ronen Berqman yazırdı: "İsrail yəqin ki, 2012-ci ildə vuracaq". İsrailli jurnalist böhranın qırılma nöqtəsinə gəlməsinin səbəbini İranın nüvə obyektlərində, xüsusilə Qum yaxınlığında uran zənginləşdirən bir müəssisədə çalışmaların narahatlıq doğurması ilə əlaqələndirmişdi. Onun dediklərinə inansaq, İsrail kəşfiyyatı sözügedən müəssisənin 9 aydan sonra “toxunulmazlıq zonası”na çevriləcəyindən narahat idi. Kəşfiyyat bilgilərinə görə, bu müddətdən sonra İranın nüvə obyektləri yerin dərinliklərində basdırılaraq çox geniş əraziyə yayılacaq və beləliklə, İsrailin raketləri onlara çata bilməyəcək.
2011-ci ilə qədər ABŞ Müdafiə Nazirliyində İran üzrə xüsusi müşavir işləyən Metyu Kroeniq də bu iddianı doğrulayırdı: "İsrailin silahları məhduddur. O, İranın nüvə proqramına daha az zərər verə bilər. Ona görə də hərbi hücumun həyata keçirilməsi nəzərdə tutulursa, o zaman bunu, İsrailin deyil, ABŞ-ın ediləcəyini düşünürəm".
Bəs nə oldu ki, İrana gözlənilən bu hərbi müdaxilə baş vermədi?
Zənnimcə, bu planın baş tutmaması Qərb ölkələrindən çox, İran ətrafındakı regional güclərin həmin hücuma hazır olmamasından qaynaqlanırdı. Nədən ki, İran həmin vaxt öz düşmənlərini regiondakı maraqlarına zərbə vurması ilə hədələyirdi və bu təhdid ciddi qəbul olunmuşdu. Ən önəmli təhdid İranda nüvə danışıqları üzrə keçmiş baş müşavir, ölkənin ABŞ-dakı səfiri Seyid Hüseyn Musəviyandan gəlmişdi. O, mediaya açıqlamasında dünya güclərini top-yekun savaşla təhdid edərək bildirmişdi: “ABŞ və ya İsrail hücum edərsə, İrana bağlı güclər oturub baxmaz, cavab verirlər”.
İranın açıq cavablarından biri onun Livandakı müttəfiqi Hizbullah ola bilərdi. İrana hücum zamanı Hizbullah silahlılarının İsrailə minlərlə raket yağdırması ehtimalı vardı. Lakin səfir Musəviyan bildirirdi ki, İranın cavabı bununla da kifayətlənməyəcək. “İran təkcə birbaşa İsraili hədəfə almayacaq, həm də İsraili müdafiə edən hər bir ölkəni cəzalandıracaq”, - deyən səfir bütün müsəlman dünyasını İsrail və ABŞ üçün qan çanağına çevirəcəyini vurğulayırdı: "Mən sanmıram ki, ABŞ infrastrukturu, diplomatları və ya personalı dünyanın heç bir yerində təhlükəsiz ola bilməz. Hərbi hücumun regiondakı bütün müsəlmanları qisas almağa necə sövq edəcəyini də düşünün".
2012-ci illərə nəzər salanda İranın Yaxın Şərqdə kifayət qədər güclü olduğunu görə bilərik. Xüsusilə İraqda İŞİD-ə qarşı mübarizəni manipulyasiya edən İran həqiqətən də İsrail hücumlarını İslama qarşı müharibə kimi göstərə və bir sıra körfəz ölkələrindəki şiələri ayağa qaldıra bilərdi. Bənzər təbliğatdan onun Yəməndə, Livanda, Suriyada da istifadə etmək imkanları vardı. Sözsüz ki, Azərbaycan da onun hədəfləri arasında idi və İran bunu gizlətmirdi də. Xatırladaq ki, 2012-ci ildə Mahmud Əhmədnejat İranda hakimiyyətdə idi və həmin dövrlər İran-Azərbaycan münasibətlərinin ən gərgin zamanları yaşanırdı. Hətta İran hərbi təyyarələri həmin illərdə Azərbaycan hava sərhədlərini pozmuş, bu da qardaş Türkiyədə ciddi narahatlıq yaratmışdı. 2012-ci ilin avqust ayının sonlarında Türk təyyarələri Bakı səmasında uçuş nümayişi keçirmiş və bununla əslində İrana səhv edəcəyi təqdirdə qarşısında Türkiyəni görəcəyi mesajını çatdırmışdı.
Həmin dövrdə İranın «İsrail dostları» olaraq gördüyü qarşı tərəfin ən zəif həlqəsinin Azərbaycan olduğuna şübhə yoxdur. 2012-ci ildə BBC-yə açıqlamasında ABŞ-ın ən təcrübəli strateqi olan Zbiqnev Bjezinski də İrana qarşı hərbi əməliyyatlarda ən ciddi zərər görəcək coğrafiyanın Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan və Gürcüstan ola biləcəyini istisna etmirdi. “İrana qarşı mümkün hərbi əməliyyatlar Cənubi Qafqazda müharibə ocaqlarını yenidən alovlandıra bilər. Xüsusilə Rusiya bu vəziyyətdən Gürcüstana qarşı növbəti hücum üçün mütləq yararlanacaq”, - deyən Bjezinski bildirirdi: “Bizə məlumdur ki, ruslar son iki ayda Gürcüstan ərazisində hərbi oyunlar keçirməklə əzələ nümayişi ilə məşğuldurlar. Sülh şəraitində belə tədbirlər bəlkə də məqbuldur, ancaq adi bir regional qığılcım bu oyunları real hərbi əməliyyatlara çevirə bilər”.
Yazılarında Azərbaycanı «enerji zəngini olan Orta Asiya butılkasının qapağına» («probka», .şərab butılkasının ağzına taxılmış ağac qabığı) bənzədən Bjezinski ABŞ-ın Azərbaycan və Gürcüstanla münasibətlərində müəyyən öhdəliklərin olduğunu bildirirdi. Strateqin fikrincə, Ermənistan Cənubi Qafqazın ən şübhəli ölkəsidir və Gürcüstanla Azərbaycan layiqincə müdafiə olunmalıdır.
Bjezinskinin bu fikirlərindən də aydın olur ki, Qərb ölkələri regiondakı zəif müttəfiqlərinin müdafiə gücünü artırmadan İranla qarşıdurmaya getmək istəmirdilər. Ən azı o səbəbdən ki, bu hərbi müdaxilə regiondakı tərəfdaşlarını da ağır vəziyyətə sala bilərdi. 2003-cü ildə İranı uranın zənginləşdirilməsini dayandırmağa inandıra bilən Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou da İrana hərbi müdaxiləni yersiz hesab edir və problemin diplomatik yolla həll oluna biləcəyinə inanırdı: "Düşünürəm ki, məhdudlaşdırma və təcrid siyasəti bu məsələdə birbaşa hərbi hücumdan daha yaxşı yoldur. Rejimə təzyiq göstərməyin qeyri-hərbi üsulları var", - Cek Strou mövzu ilə bağlı açıqlamasında demişdi.
O dövrdən bu günə 10 il zaman keçir. Bu 10 illik zaman kəsimində regionda çox şeylər dəyişdi. İran artıq İraqda arzuolunmayan qüvvəyə çevrilib. Bu ölkədə İrana qarşı ən çox mübarizə aparan qüvvələr İraq şiələrinin özləridir. İranın qarışmasından istifadə edib, Gürcüstanın müstəqilliyinə son qoyacağından çəkinilən Rusiyanın başı Ukraynada qalmaqaldadır və artıq məğlubiyyət həddinə gəlib çatıb. 10 il əvvəl zəif bəndlərdən biri olan, amma «Orta Asiyanın qapağı» kimi mühüm əhəmiyyət kəsb edən Azərbaycan da əvvəlki Azərbaycan deyil. O, 2020-ci ildə Rusiya, İran və Ermənistan ittifaqı üzərində misilsiz qələbə çaldı və özünü istənilən hücumlardan qoruya bilər. Üstəlik, artıq həqiqətən də Orta Asiyanın «qapağı», regiona açılan qapı kimi fəaliyyətə başlayıb. Təbii ki, onun Türkiyə və Pakistan kimi müttəfiqləri də var, bu müttəfiqlər də Azərbaycanın gücünə güc qatır. Prinsipcə, artıq İran da əvvəlki İran deyil, o nəinki istənilən an özünün şiə ideologiyasını yaxın ətrafına idxal edə bilməz, əksinə özü bu gün daxildən sarsılıb. İranın dini lideri Xamaneinin sağlamlığı ilə əlaqədar qeyri-müəyyənlik də bu daxili sarsıntıları daha da artırır. Dini liderin təsir gücünün azalması İranda saray münaqişələrinə yol açır və bu da küçələrə yansıyır.
Yeri gəlmişkən, 2012-ci ildə İrana qarşı hərbi müdaxilədən vaz keçilməsinin bir başqa səbəbi də elə bu ölkənin daxili vəziyyəti ilə bağlı idi. Qərb ölkələrini ən çox narahat edən problem İranda yaşayan Azərbaycan türklərinin rejimə qarşı mübarizədə aktiv rol oynamamaları və bunu arzulamamaları idi. «İşin digər vacib tərəfi də nəzərdən qaçırılmamalıdır – İran Azərbaycanlıları. Təəssüf ki, onlar indi hadisələrin çarxını döndərmək iqtidarında deyillər, ancaq ölkə daxilində proseslərə təsir edəcək qədər böyük saya malikdirlər», - Bjezinski BBC-yə verdiyi məlum açıqlamasında bu xüsusu açıq-aydın dilə gətirirdi.
Maraqlıdır ki, İranın özü 44 günlük müharibədə və daha sonra yürütdüyü ermənipərəst siyasəti ilə bu gücünü tükəndirdi. Artıq Güney Azərbaycan xalqı da öz qardaşlarına qarşı ermənilərin tərəfini tutan İran barədə yaxşı bir şey düşünmürlər. Bu gün İranda yaşanan gərginlikdə nə qədər passiv mövqe sərgiləsələr də, sabah böyük güclərin molla rejimini devirmək planlarının qarşısının alınmasında da öz canlarını fəda etməzlər. Kim bilir, bəlkə əllərindəki silahı belə molla rejiminə çevirə bilərlər. Çünki ayətullahların nə qədər "müsəlman" olduqlarını gördülər və 2020-ci ildə erməniləri müdafiə edən rejimə qarşı müqavimətləri ilə yadda qaldılar.
Bütün bunlar İranın hərbi müdaxiləyə hazır vəziyyətə gəldiyinin göstəricisidir. Fikrimcə, həm İsrail, həm də Türkiyə Müdafiə nazirlərinin ard-arda Bakıya səfərləri də bununla bağlı ola bilər; Qərb ölkələrinin İrana müdaxiləsi zamanı bu ölkənin Azərbaycanda törədə biləcəyi təxribatların nə qədər real olub-olmadığını öyrənmək üçün.
İsrail mediasının bu səfər barədə verdiyi məlumatlar da iddiamızı təsdiqləyir. «İranın mübahisəli Zəngəzur rayonunda konsulluq açdığını» xatırladan İsrail mediasının bildirdiyinə görə, Benyamin Qansın sözügedən səfəri təhlükəsizlik və siyasi mövzularla bağlı olub. “Jerusalem Post”un xəbərinə görə, yüksək rütbəli İsrail nümayəndə heyəti Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib. Digər tərəfdən, İsrail və Azərbaycan rəsmiləri İbrahim razılaşmalarından sonra Yaxın Şərqin geosiyasi kursunda baş verən dəyişiklikləri və İsrailin Türkiyə ilə inkişaf edən münasibətləri müzakirə ediblər.
Sirr deyil ki, İbrahim razılaşmaları yəhudilərlə ərəb və müsəlman dünyası arasında əməkdaşlığı nəzərdə tutur. Bu il ABŞ prezidenti Co Baydenin İsrailə və Səudiyyə Ərəbistanına səfəri ilə aktiv fazaya keçən bu layihədə İranın adına rast gəlmək mümkün deyil. Bu məqam razılaşmanın əslində müsəlman ərəblərin və yəhudilərin ortaq düşməni sayılan fars-molla rejiminə qarşı ittifaq qurmalarına işarədir.
Maraqlıdır ki, Türkiyə də faktiki olaraq bu regional əməkdaşlıq ittifaqına qoşulub və bu təşəbbüsdə Azərbaycanın da az xidmətləri olmayıb. Artıq İsrailin Türkiyədə, Türkiyənin isə İsraildə səfirlik açmağa hazırlaşdığı, hətta açdığı da gələn məlumatlar arasındadır. Bütün bu faktlar Yaxın Şərq ölkələrinin və Qərbin İrana qarşı hərbi müdaxilələrə hazırlaşdığının da bir başqa siqnalı ola bilər. Sözsüz ki, bu plan reallaşarsa, Azərbaycan özünə qarşı İrandan gələ biləcək təhlükələrə qarşı hazır olmalıdır. Mümkündür ki, müttəfiqlərimiz də bizim buna nə dərəcədə hazır olduğumuzu müzakirə etmək üçün Bakıya təşrif buyurublar.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: