Kamal Əliyev,
Politoloq
İranda sentyabrın 16-dan teokratik rejim əleyhinə başlayan kütləvi etiraz aksiyaları hələ də davam etməkdədir. Belə ki, 22 yaşlı Məhsa Əminin "əxlaq polisi"tərəfindən hicab qaydalarına düzgün əməl etmədiyi üçün təzyiqlərı məruz qalması və daha sonra müvəqqəti saxlanma mərkəzində ölməsi son illərdə ilk dəfədir ki, etirazların birbaşa teokratik rejimin əsaslarına qarşı çevrilməsinə rəvac verib. Xatırladım ki, 2018-cu ildə də İranda yanacagın qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq, insanların küçələrə çıxdığını görmüşdük.Lakin 3 il bundan əvvəlki etirazlar daha dağınıq və siyasi protestın daha çox İranın kiçik şəhər və qəsəbələrində baş verdiyinə şahidlik etmişdik. Həmçinin, 3 il əvvəlki protest aksiyalarda daha çox əhalinin aşagğı-orta təbəqəsi və iqtisadi motivlər üstünlük təşkil edirdi.Və o zaman rejim SEPAH və bəsicçilərlə çox sayda insanı öldürərək etiraz aksiyaların yatıra bilmişdi.
Hal-hazırda baş verən aksiyalarda ən çox diqqətimi çəkən budur ki, biz meydanlarda daha çox qadınları, orta sinfin nümayəndələrini və tamamilə apolitik gəncliyi görürük.Və maraqlı olan da budur ki, protest kütlə azadlıq, teokratk rejimə qarşı olduqlarını və konkret olaraq, ali lider Seyid Əli Xamaneinin iqtidarını qəbul etmədiklərini açıq bəyan edirlər. Bu isə dolayı yox, birbaşa teokratik rejimin təməllərini sarsıdır. Nəzərə alaq ki, 43 ildir (1979-dan bəri) İranda vilayəti-fəqih təliminə əsaslanan rejimin zamanında doğulan və cəmiyyətin orta sinifini də formalaşdıran seqment artıq islam respublikasının varlıgını sorğulayır, zənnimcə,bu, olduqca vacib detaldır və analiz əsasən bu istiqamətdə aparılmalıdır. Doğrudur, teokratik rejim etirazların əsas mahiyyətini gizlətmək və onun masştabını azaltmaq üçün "xarici qüvvələr" ifadəsini davamlı olaraq tirajlayır, ancaq həqiqət açıq-aydın ortadadır: iranlılar 43 ildir Qum və Məşhəddə əyləşmiş bir qrup şiə ruhanisinin fətvalarından təngə gəlib və xüsusilə, yeni gənc nəsil azad yaşamaq istəyir.
Əslində, ali lider Xamanei və bütövlükdə Qumdakı molla təbəqəsi də mövcud reallıqları görür, dərk edir, amma bilirlər ki, yeni nəsilə hicab və digər məsələlərdə güzəştə getsələr,tələblər daha da artacaq. Bunu bilən rejim tutaq ki, hicab məsələsində nisbətən güzəştə getməyə belə, risk etmir. Rejim onun fərqindədir ki, xalqın böyük hissəsi sadəcə hicabla kifayətlənməyəcək və siyasi azadlıqları tələb edəcək. İndi rejimin yeganə çıxış yolu SEPAH-dan istifadə edərək etirazçılara qarşı qəddar metodları işə salmaqdır. Amma bir şey də məlumdur ki, etiraz dalgasını güc tətbiq etməklə müəyyən müddətə qədər basdırmaq olar,ancaq bu, insanların rejimə qarşı qəzəbini daha da artıracaq və növbəti dəfə proses təşkilatlanmış formatda ortaya çıxacaq.
Digər tərəfdən, İrandakı rejim onu da bilir ki, indiki aksiyalar 2009-cu ildə "Yaşıl Hərəkat"ın etirazlarından həm də ona görə fərqlınir ki, o zaman prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi birbaşa sistemə qarşı deyil, daha çox reformçu ideyalarla meydanlarda idilər. Lakin 2009-cu ildə "mübahisəli"prezident seçkilərində rejim Mahmud Əhmədinejadı sistemin inandıgı biri kimi görürdü.
Yeri gəlmişkən, Mir Hüseyn Musəvi və Mehdi Kərrubi 2009-dan bəri hələ də ev həbsindədir.Hazırda rejim ondan ehtiyat edir ki, davam edən aksiyalarda müəyyən mərhələdə onlar da ortaya çıxa bilərlər. Bu isə etirazların daha təşkilatlanmış formata keçməsinə və bununla paralel olaraq kütləviliyin də artmasına gətirib çıxara bilər. Hələ ki, etiraz aksiyalarının daha kütləvi, davamlı oldugu yerlər İranın Kürdüstan və Sistan-Bəlucustan kimi əyalətləridir. Bəzi məktəblilərin də hicab əleyhinə etirazlara başladıqlarını görürük. Bu,rejimi həm narahat edir, həm də 43 illik teokratik ideologiyanın can üstündə oldugunu göstərir. Üstəlik, ABŞ-ın növbəti sanksiyaları, sosial problemlərin dərinləşməsi, İran iqtisadiyyatının getdikcə defolt olma təhlükəsi də hakim molla zümrəsini daha da aqressivləşdirir. Eyni zamanda, hadisələrin davamlılığı müəyyən mərhələdə İranda ayrı-ayrı xalqların milli şüurunun oyanmasına, mərkəzdənqaçma meyillərinin genişlınməsinə də yol aça bilər. Belə olan təqdirdə,ortaya sual çıxır: ehtimal olunan rejim dəyişikliyi sonrası İranda kim iqtidara gəlıcək? Pəhləvilərin İranda yenidən konstitutsiyalı monarxiya qurmaq potensialı varmı?
Növbəti yazılarımızda bu mövzuya toxunarıq...
Paylaş: