“30 ilə yaxındır, müstəqillik əldə olunub, amma bu hakimiyyət sənin xanımının pasportunda hicablı müsəlman kimi tanınmasının qarşısını alır. Azərbaycanda bu qədər məscidin tikilməsi riyakarlıq deyilmi?”
Ovqat.com xəbər verir ki, bu sözlər İranın Azərbaycana qarşı apardığı ideoloji mübarizəsinin baş təbliğatçısı, özünü “şeyx” adlandıran Tofiq İbrahimbəyliyə aiddir.
Sırağagün özünün “Həqiqət axtarışında” adlı youtube kanalında video-çıxış paylaşan “şeyx” hicab məsələsindən danışıb. Onun videonun əvvəlinə qoyduğu görüntüdə isə bir neçə il əvvəl hicab aksiyasında başından yaralanmış bir etirazçının sözlərinə yer verilir: “Mən bura namus məsələsinə görə gəlmişəm”.
Yəqin razılaşarsınız ki, çıxışın bu cür təqdimatı hicabla namusun eyniləşdirilməsi deməkdir. Bəs, doğrudanmı İslamda hicab namusun simvolu kimi tanınır? Bu iki fərqli anlayışı eyniləşdirən “şeyx həzrətləri” əslində hansı dini təbliğ edir?
Məlum olduğu kimi, İslamın əsas fikir qaynağı Qurandır. Quranın isə cəmi iki ayəsində hicabdan bəhs edilir - Nur surəsi 31-ci ayə, Əhzab surəsi 59-cu ayə.
Nur surəsinin 31-ci ayəsi belədir: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö´minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
Göründüyü kimi, burada başdan çox sinənin örtülməsi əmr olunur. Belə çıxır ki, İslamiyyətdən əvvəl ərəb toplumunda qadınlar başlarını örtür, sinələrini açıq saxlayırdılar. Allah da öz kitabında bunun məntiqə uyğun olmadığını ifadə edir.
Maraqlıdır ki, bəzi təfsirçilər həqiqətən də islamöncəsi ərəb toplumunda bu cür adət-ənənələrinin mövcud olduğunu düşünürlər. Onların fikrincə, cahiliyyə dövründə ərəb toplumunda “şal” dedikləri bir başörtüsü vardı. Qadınlar şalı başlarına bəzək əşyası bağlayırdılar, sinələri isə açıq qalırdı. Quranın Nur surəsinin 31-ci ayəsi də məhz bu axmaq ənənəni ortadan qaldırmaq, başın yox, sinənin örtülməsini əmr buyurmaq üçün nazil olmuşdur.
Biz özünü şeyx adlandıranlardan olmadığımız üçün bu məsələnin dərinliyinə çox nüfuz etmədən çörəyi çörəkçiyə həvalə edir, sadəcə bir məqamı vurğulamaqla kifayətlənmək istəyirik. Ayədən də göründüyü kimi, Allah başörtüsünü hansı məqsədlə göndərməsindən asılı olmayaraq, namus simvolu kimi təqdim etmir, sadəcə qadınlara necə geyinə biləcəklərini çatdırır.
Əhzab surəsinin 59-cu ayəsində isə deyilir:
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”
Yeri gəlmişkən, bildirək ki, yazıda təqdim etdiyimiz və ümumiyyətlə, məal kitablarında qarşılaşdığımız bütün ayələrdə mötərizə içində yazılanlar Allaha yox, tərcüməçilərə aiddir. Ayələr daha yaxşı anlaşılsın deyə, tərcüməçilər bəzi əlavələri zəruri hesab etmişlər. Nə qədər haqlıdırlar, haqsızdırlar, buna ancaq Allah qərar verə bilər. Bizi ilgiləndirən isə İslami ehkamlarda hicabın namusla bir tutulub-tutulmamasını müəyyənləşdirməkdir. Bu ayədən də göründüyü kimi, burada da hicab namusla eyni anlamlı tutulmamış, sadəcə azad qadın kimi tanınmaları və aşağılanmamaları üçün mömin xanımlara örtünmək əmr olunmuşdur.
Bəs, hicabla namusun eyniləşdirilməsi hardan çıxıb və bu yanlış yanaşmanın əsl qaynağı nədir?
Tarixçilərin bildirdiyinə görə, hicabın ilk dəfə ortaya çıxmasının ən azı 4 minillik yaşı var. İlk dəfə hicab anlayışına Assur dövlətinə məxsus tarixi sənədlərdə rast gəlinir. Bizim eradan əvvəl 3-cü miniliyin ikinci yarısında meydana gələn və e.ə. 605-ci ildə Babil və Midiya tərəfindən süquta yetirilən Assur dövlətində baş örtüsü azad qadının “pasportu” simvolu sayılırdı. Assur ənənələrinə görə, azad qadınlar hicab bağlamalı, fahişələr və cariyələr (kölə qadınlar) isə başı açıq gəzməli idilər. Bu da qadınların bir-birindən fərqlənməsi və kimin xanım, kimin fahişə və ya kəniz olduğunu ayır etmək üçün lazım idi.
Assuriya Babil və Midiya tərəfindən süquta uğrayanda bu ənənənin həmin dövlətlərə keçdiyi bildirilir. Hətta hicab barədə arxoloji qazıntılar yoluyla kəşf olunan ən qədim tarixi sənədlərdən biri - yazılı daş kitabə də Babillərə aiddir. 1901-ci ildə İranın Huzistan əyalətinin Susa şəhərində fransız arxeoloq Cin Vincent Şeyl tərəfindən tapılan və hazırda Luvr muzeyində saxlanan həmin tarixi abidə qədim dövrlərdə Yaxın Şərqdə hicaba namus kimi baxıldığının ən bariz örnəyidir. Miladdan əvvəl 1793 - b. e. ə. 1750-cil illərdə Babil kralı olmuş Hammurabi tərəfindən tərtib edilən 288 maddəlik bu qanun toplusunda 8 maddə hicaba həsr olunub. Həmin maddələrdən bəzilərini diqqətinizə çatdırırıq:
“• Bir kişinin arvadı və ya qızı küçəyə çıxırsa, başlarını örtməlidirlər. Fahişələr, qulluqçular və qullar örtünməməlidir. Əgər onlar hicablı yaxalanarlarsa, baş örtüləri əllərindən alınacaq, əlli dəfə qamçılanacaq, başlarına qır töküləcək.
- Bir kişi örtülü bir fahişə görsə, onu sərbəst buraxsa və məhkəməyə aparmazsa, əlli zopa cəzası alacaq, cübbəsı alınıb xəbərçilik edənə veriləcək, qulaqları deşiləcək, bir ay krala xidmət edəcəkdir.
- Əsir qadınlar örtünməyəcək, örtülü əsiri tutub məhkəməyə aparanlara onun hicabı hədiyyə olaraq veriləcək. Qanunu pozan əsir qadının qulaqları kəsiləcək.
- Bir adam öz əsirini örtmək istəsə, dostlarından beş-altı nəfəri çağırıb onların qabağında “O mənim həyat yoldaşımdır” deyəcək və onlar evlənəcəklər. Digər kişilərin qarşısında "bu mənim həyat yoldaşımdır" deyilməyən qadın həyat yoldaşı deyil, əsirdir” və s.
Tarixin ən yaxşı hifz olunmuş ilk hüquq sənədlərindən sayılan Hammurabi Qanunlarından da göründüyü kimi, qədim dövrlərdə hicab azadlıq və namus simvolu hesab olunub. Bu daş kitabənin qədim Babilistan torpağında deyil, onun tam qonşuluğunda yerləşən Susada tapılması da təsadüfi deyil. Məlum olduğu kimi, Susa uzun əsrlər boyu varlığını qoruyan Elam krallığının və mədəniyyətinin paytaxtı kimi tarixə düşüb. Qədim Şumerlərin, Assurların və Babillərin təsiri altında hardasa 2500 il (b.e. ə. 3000 – b.e. ə. 646) mövcud Elam mədəniyyəti İran fəlsəfi düşüncəsinin, dünyaya baxış sisteminin təməllərini təşkil etmişdir. Fars mədəniyyətindən öncəki tarix sayılan Elam izi bu günə qədər özünü qoruyur, İranı təşkil edən bütün millətlər tərəfindən nəinki dəyişdirilə bilməmiş, əksinə, fəthlərin gətirdiyi yeni ənənələrlə qarışmış, zənginləşmiş və ortaq dəyərlərə çevrilmişdir. Bu sözlər 10-cu əsrdən başlayaraq 1000 il İrana hakim olan biz türklərə, eyni zamanda, 7-ci əsrdə Sasaniləri tarixdən silib İranı İslam mədəniyyətinə gətirən ərəblərə də aiddir.
Bir çox tarixçilər qədim Assurlardan Babillərə, Babillərdən Elam mədəniyyətinə keçən və min illər boyu İranın dəyişilməyən dəyərinə çevrilən hicabın da əslində ərəblərdən farslara yox, farslardan ərəblərə keçdiyinə inanırlar. Başqa sözlə desək, hicabın indiki forması İslami dəyər yox, Assur-Babil mədəniyyətindən qalıb. Qurandakı hicab ayələri ilə Hammurabi Qanunlarını qarşılaşdıranda da bu həqiqət ortaya çıxır. Xüsusilə İranın təbliğat vasitələrində hicabla namusun eyniləşdirilməsi birbaşa Hammurabi ənənəsinin davamı kimi xarakterizə edilə bilər.
Bildirildiyinə görə, Assurlardan qalma hicab ilk əvvəl yəhudilərə, daha sonra xristianlara və müsəlmanlara keçmişdir. Bunun başlıca səbəbi isə yeni ilahi dinlərin yayılma arealı ilə əlaqədardır. Məlum olduğu kimi, hər 3 din təkcə hegemon fəlsəfi düşüncələrə qarşı deyil, həm də bu düşüncə sistemindən doğan siyasi rejimlərə qarşı mübarizə aparmışdır. Dolayısıyla, yeni dinlər ən çox tərəfdarını da qullar, toplumun haqsız yerə aşağılanmış kəsimi arasından toplayırdı. Həmin kəsimin ən başlıca hədəfi isə bütün insanların Allah tərəfindən bərabərhüquqlu yaradılmalarının dilə gətirilməsi idi. Hicab da ancaq azad və yuxarı sinifin qadınlarına şamil edildiyindən yeni dini qəbul edən aşağı silklərin qadınları tərəfindən ən böyük arzuya çevrilmişdi. Bu xanımlar azad həmcinslərindən fərqlənməmək üçün hicab taxmaq istəyirdilər. Hicabın namus kimi qəbul edildiyi qədim mədəniyyətlərdə yeni din rəhbərləri də xanımların bu arzusunu dəstəkləyirdilər.
Xristianlığın ən böyük əzizi sayılan Pavelin Korintlilərə göndərdiyi I məktubunda yazdığı bu sözlər də dövrün azad və namuslu qadın anlayışlarından irəli gəlirdi:
“Əgər qadın örtünmürsə, saçını kəssin, amma qadının saçını kəsdirməsi və ya qırxılması ayıbdırsa, onda örtünməlidir”.
Göründüyü kimi, xristianlığın əsas yayıcısı olan Pavelin məktublarında toplumda başıaçıqlığın iffətsizlik, ayıb sayıldığı üçün qadınların hicab bağlaması məsləhət bilinmişdir. Qədim dövrlərdə kimin azad, kimin kölə və fahişə olduğunu ancaq hicabla ayırd edildiyini nəzərə alsaq, Pavelin bu həssasiyyətini anlamaq çətin deyil. Quranın Əhzab surəsinin 59-cu ayəsinə də bu aspektdən nəzər salanda “Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir” cümləsinin ilahi hikmətinin də əslində sözügedən quldarlıq ənənəsinə etirazdan doğduğu aydınlaşır. Nə yazıq ki, indi hicab şüarı altında nəinki 4 minillik quldarlığa qarşı çıxılır, əksinə bu qədim ənənə müqəddəsləşdirilir.
Qəribədir ki, “hicab=namus bərabərliyi təkcə Azərbaycana idxal edilən islami ideologiyanın əsas ünsürü də deyil. Əfqanıstandan tutmuş İrana, Türkiyəyə, Misirə qədər bütün islam coğrafiyasında islami oyanışların kökündə bu təbliğat mühüm rol oynamışdı. Vaxtilə Əfqanıstan şahı Məhəmməd Zahirin devrilməsində də, SSRİ-nin protektoratlığında qurulan Əfqanıstan Demokratik Respublikasının tənəzzülündə də o dövrün hakimiyyətlərinin Avropalaşma islahatları çərçivəsində qəbul etdikləri geyim qanunlarının çox önəmli təsirləri vardı. Bu islahatları qadınının baş örtüsünə, dolayısıyla namusuna uzadılmış əl kimi qəbul edən əfqanların narazılığına bir də iqtisadi böhranlar əlavə olununca, inqilablar qaçılmaz hala gəlmişdi. Əfqanlar qədim dünyanın “hicab=namus” bərabərliyinin ağrılarını bu gün də yaşayırlar.
Təxminən, eyni zamanlarda başlayan İran İslam inqilabının da başlıca səbəblərindən birinin Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətləri çərcivəsində aparmaq istədiyi hicab islahatları olduğu sirr deyil. Eyni sözləri Türkiyə və sair ölkələr üçün də demək olar.
Hicabın namus məsələsi kimi xalqa təlqin etməsinin Şərq toplumlarında ciddi etirazlara yol açdığını görən teokratik qüvvələr bu silahdan həmişə məharətlə istifadə etmişlər və bu gün də edirlər. Görünən budur ki, bir neçə azərbaycanlı təbliğat legionerini özünün ağuşuna alan İran da ölkəmizin konstitusiya ilə təsbit olunmuş dəyişilməz dəyərlərinə eyni məntiqlə hücuma keçir. Əlindəki “hicab=namus” silahının isə ən azı 4 minillik yaşı var və Mesopotamiyanın bütləri indiyədək qalmış çoxallahlı dinlərindən qaynaqlanır.
Zəruri qeyd: Bu sətirlərin yazarı qətiyyən hicaba qarşı deyil. Bunun ən gözəl dəlili isə onun 2 il öncə qələmə aldığı “Qöncə qızlar” şeiridir. Həmin şeirdə
“Hicabsızsan, hicablıya kəm baxma,
Hər xanım qız bir yönüylə incədir.
Hər çiçəyin bir dəyəri var, amma
Çiçəklərin hicablısı – qönçədir”,- deyən müəllif sadəcə hicabın namus kimi təqdim olunmasına qarşıdır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: