Rəsmi İrəvanın Rusiyaya qarşı tətbiq etdiyi şantaj metodunun ABŞ-a münasibətdə də effektiv olacağına ümid bəsləməsi tamamilə mənasızdır... Dövlət katibi Entoni Blinkenin əvvəlcə baş nazir Nikol Paşinyanla sərt tonda danışması, ardınca "onu xəbərdar etdim" məzmunlu mesaj yayması da təsdiqləyir ki, Ağ Evdə ABŞ-ın maraqlarını riskə atanları bağışlamaq vərdişlərinə və ənənələrinə sahib deyillər...
Ermənistan superdövlətlər arasında müxtəlif istiqamətlər üzrə manevrlərini davam etdirir. Rəsmi İrəvanın bu maneələri regional situasiyanı Ermənistanın xeyrinə dəyişmək niyyəti güdür. Ancaq bu, həm də Ermənistan üçün olduqca ciddi və təhlükəli risklərlə yüklənmiş prosesdir.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin təhlükəli geopolitik oyunlar superdövlətlər arasında ziddiyyətləri daha da dərinləşdirir. Dərinləşmiş ziddiyyətlərin əsas hədəfinə isə istənilən halda, Ermənistan çevrilir. Və bu baxımdan, rəsmi İrəvanın Ermənistan ətrafında situasiyanı daha da qəlizləşdirdiyi qətiyyən şübhə doğurmur.
Bir müddət öncə rəsmi İrəvan Rusiyanı Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edirdi. Alternativ olaraq, ABŞ və Qərbin Ermənistan üçün ən etibarlı müttəfiq ola biləcəyini qabardırdı. Və bu, Rusiya siyasi dairələrini ciddi şəkildə qıcıqlandırırdı.
Soçi görüşündən sonra isə rəsmi İrəvan xarici siyasət kursunda vektorların istiqamətini Rusiyanın xeyrinə dəyişməyə başlayıb. İndi Paşinyan hakimiyyəti yenidən Rusiyanı Ermənistan üçün önəmli hərbi müttəfiq kimi təqdim etməyə üstünlük verir. Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində də Kremlin təkliflərini dəstəklədiyini qabardır.
Təbii ki, ABŞ siyasi dairələrində Paşinyan hakimiyyətinin "qarışıq, sürüşkən və avantürist oyunlar"ının məqsədini anlamamış deyillər. Ağ Evdə rəsmi İrəvanın ABŞ-ın Cənubi Qafqaz maraqlarından Ermənistanın mənafeyi naminə istifadə etməyə çalışdığını başa düşürlər. Halbuki, Ağ Ev hansısa dövlətin, xüsusilə də, Ermənistan kimi kiçik ölkənin belə avantürist oyunlarına vərdişli deyil və bununla barışa bilməz.
Ona görə də, Ağ Evin erməni avantüralarına hansısa formada reaksiya verəcəyi qətiyyən istisna deyil. Hətta ABŞ-ın son davranışları Ağ Evin artıq hərəkətə keçdiyini də biruzə verir. ABŞ dövlət katibinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Rikerin son açıqlamaları belə təsəvvürlər üçün tamamilə yetərlidir. Ən önəmlisi isə o, bu açıqlamaları məhz ABŞ-ın Cənubi Qafqaz siyasətinin dəyərləndirilməsi ilə bağlı Senatda keçirilən dinləmələrdə dilə gətirib.
Filip Riker Minsk Qrupu mexanizminin daha işləmədiyini vurğulayıb. O, bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesində hər iki tərəflə birbaşa təmas metoduyla iştirak edir: "Situasiya o həddə çatıb ki, biz konsensus yolu ilə Minsk Qrupunun mandatını ləğv edə də bilərik. Azərbaycan Minsk Qrupu ilə daha əməkdaşlıq etməyəcəyini bəyanlayıb. Həmsədrlər arasında da əməkdaşlıq mexanizmləri artıq işləmir".
Göründüyü kimi, ABŞ-ın Cənubi Qafqaz siyasətini koordinasiya edən, sülh danışıqlarına görə cavabdeh olan Filip Riker bu açıqlama ilə əslində, Ermənistanın manevr mexanizmlərindən birini rəsmi İrəvanın əlindən almış oldu. Belə ki, 44 günlük savaşda biabırçı məğlubiyyətdən sonra rəsmi İrəvan israrla sülh danışıqlarının məhz Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılmasına cəhd göstərirdi. İndi Ağ Evin də Minsk Qrupunun artıq mövcud olmadığını vurğulaması rəsmi İrəvanın bu cəhdlərini iflasa uğratmaq üçün tamamilə yetərlidir.
Məsələ ondadır ki, ABŞ rəsmi dairələri, o cümlədən, F.Riker statusunda olan diplomatlar boşuna heç nə demirlər. Əgər, Minsk Qrupunun fəaliyyətini bərpa şansı olsaydı və bu, ABŞ-ın da maraqlarına cavab versəydi, F.Riker heç vaxt belə açıq və birmənalı danışmazdı. Bu, o deməkdir ki, ABŞ Rusiya ilə Minsk Qrupu çərçivəsində də əməkdaşlıq etmək niyyətində deyil. Yəni, Minsk Qrupunu artıq birdəfəlik unutmaq lazımdır. Və bundan yalnız Ermənistan məyus ola bilər.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövqeyi konkret və sadədir. Ağ Ev hesab edir ki, Rusiya bu prosesdə heç bir halda, iştirak etməməlidir. Belə olacağı təqdirdə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması daha sürətlə baş verə bilər. Və Ağ Evin bu taktikası Azərbaycan-Ermənistan sülh danışıqlarının formatına yönəlik mövqeyində də açıq şəkildə ifadə olunur.
Maraqlıdır ki, ABŞ rəsmi dairələri Azərbaycan və Ermənistanı israrla birbaşa təmaslara üstünlük verməyə çağırır. Ağ Ev birmənalı şəkildə vurğulayır ki, əgər, Azərbaycan və Ermənistan ikitərəfli təmaslarla müzakirələr apararlarsa, sülh sazişi daha tez bir zamanda imzalana bilər. Yəni, ABŞ dolayısı ilə Rusiyanın bu prosesdə pozucu və əngəlləyici tərəf olduğuna eyham vurur.
Ağ Ev Soçi görüşü ərəfəsində bu mövqeyini daha açıq şəkildə münaqişə tərəflərinə çatdırırdı. ABŞ rəsmiləri münaqişə tərəflərini Rusiyanın vasitəçiliyindən imtina edib, problemləri birbaşa müzakirə etməyə çağırırdı. Soçi görüşündən sonra yaranmış situasiya əslində, ABŞ-ın mövqeyinin daha doğru olduğunu növbəti dəfə təsdiqlədi. Və rəsmi İrəvanın hazırda Rusiyanın qeyri-real vədlərinə uyub, sülh danışıqlarını qəlizləşdirməyə çalışması belə düşünməyə əsas verir.
Ancaq ABŞ meydanı Rusiyaya buraxmaq niyyətində deyil. Belə ki, son günlər Ağ Evin Cənubi Qafqaz siyasəti yenidən intensiv manevrlərlə diqqəti çəkir. Hətta ABŞ dövlət katibi Entoni Blinken regional sülh prosesi ilə şəxsən məşğul olmağa başlayıb. Dövlət katibi Entoni Blinkenin Ermənistan baş naziri Nikol Paşinyan ilə telefon danışığı barədə sızan məlumatlar isə vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir.
Ermənistanda nəşr olunan "Past" qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki etibarlı qaymağına istinadən iddia edir ki, həmin telefon danışığı heç də xoş notlar ilə müşayiət olunmayıb. Belə ki, ABŞ dövlət katibi erməni baş naziri sülh prosesini konkret nəticələr əldə olunana qədər inkişaf etdirməyə çağırıb .
Erməni nəşri iddia edir ki, telefon danışığı və baş nazir Nikol Paşinyana çağırışların arxasında daha dərin və ciddi səbəblər mövcuddur: "Diplomatik qaynağımızın dediyinə görə, dövlət katibi Entoni Blinken baş nazir Nikol Paşinyan ilə olduqca sərt tonda danışıb. Bunun isə kifayət qədər ciddi geopolitik səbəbləri var. Belə ki, ABŞ rəsmi İrəvanın Rusiyanın münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərini dəstəklədiyinə yönəlik mesajlarından ciddi şəkildə narahatdır".
Məsələ ondadır ki, rəsmi İrəvan son vaxtlar bir neçə dəfə "Qarabağ məsələsi"nin gələcək nəsillərə buraxılması, rus sülhməramlıların dislokasiya müddətinin uzadılması barədə Rusiyanın təkliflərini dəstəklədiyini bəyanlayıb. Bütün bunlar isə ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqları ilə kəskin ziddiyyət təşkil edir. İndi Ağ Evdə narahatdırlar ki, rəsmi İrəvan Rusiyanın mövqeyini dəstəkləməkdə davam edərsə, ABŞ-ın Cənubi Qafqazda reallaşdırmağa çalışdığı hədəflər üçün müəyyən problemlər də yarana bilər.
Belə anlaşılır ki, bir müddət öncəyə qədər Rusiyanı şantaj etməyə çalışan Paşinyan hakimiyyəti indi də eyni taktikanı məhz ABŞ və Qərbə qarşı ön plana çıxartmağa çalışır. Halbuki, rəsmi İrəvanın hesabları bu dəfə tutmaya da bilər. Çünki, ABŞ-dan fərqli olaraq, Rusiya Ukraynada "savaş bataqlığı"na salınıb və kifayət qədər zəiflədilib. ABŞ isə məhz Rusiyanı "bataqlıq"da saxlayan geopolitik ssenarinin əsas müəllifi hesab olunur. Və ən azından bu məqam onu göstərir ki, Rusiyaya tətbiq olunmuş şantaj metodunun ABŞ-a münasibətdə də effektiv olacağına ümid bəsləmək tamamilə mənasızdır.
Dövlət katibi Entoni Blinkenin baş nazir Nikol Paşinyan ilə sərt tonda danışması, ardınca sosial şəbəkədə "onu xəbərdar etdim" məzmunlu mesaj yayması da rəsmi İrəvanın şantaj metodunun bumerang effekti verə biləcəyini sezdirir. Belə davam edərsə, ABŞ rəsmi dairələri Paşinyan hakimiyyətinin avantüralarına daha sərt siyasi manevrlərlə cavab verə bilərlər. Çünki, Ağ Evdə ABŞ-ın maraqlarını riskə atanları bağışlamaq vərdişlərinə və ənənələrinə sahib deyillər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Paylaş: