Bir neçə gün öncə Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontingentinin komandanı general-mayor Andrey Volkov sülhməramlıların fəaliyyətinin qəsdən gözdən salındığını bildirmişdi. Görəsən cənab Volkov “sülhməramlıların fəaliyyəti” deyərkən nəyi nəzərdə tuturdu?
Çoxdan məlumdur ki, Qarabağdakı rusiyalı hərbçilər onlara həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmir və ya gəlmək istəmirlər. Bunun bariz nümunəsi bu gün azərbaycanlı ekoloqların bölgəyə səfəri zamanı yerli və yersiz ermənilərin səhnələşdirdiyi şou idi.
Təsəvvür edin, sülhməramlıların komandanlığı ilə günlərlə aparılmış danışıqların nəticəsində azərbaycanlı ekoloqlar elə Azərbaycan ərazisindəki mədənlərdə monitorinq aparmaq üçün bölgəyə gəlirlər. Onlar mədənlərə çatan kimi, əvvəlcədən öyrədilmiş və Qarabağ ermənilərindən ibarət olduğu bildirilən “qəzəbli” kütlə onları qarşılayır. Bu kütlə ekoloqların mülki fəaliyyətinə maneə yaratsa da sülhməramlılar onlara azərbaycanlı jurnalistlərdən fərqli olaraq müdaxilə etmir və faktiki olaraq azərbaycanlı ekspertləri daha xoşagəlməz təxribata məruz qalacaq şəraitə salırlar. “Qəfildən” erməni oliqarx Ruben Vardanyan peyda olur. Moskvadan Xankəndiyə xüsusi tapşırıqla göndərilmiş bu şəxs özünü ekoloqlara “nazir” kimi təqdim edir və vəziyyəti “həll” edə biləcəyini bildirir. Təbii olaraq ekoloqlarımız ona “nazir” olmadığını və xitab ediləcək legitim statusdan məhrum olduğunu xatırladaraq yola verirlər. Beləcə, 30 illik münaqişə dövründə heç vaxt müzakirə tərəfi olmayan separatçıların daha bir fırıldağı boşa çıxır.
Amma bu baş verənlərdən bəzi nəticələr çıxarmaq mümkündür. Əvvəla, ehtimal ki, özünü situtativ olaraq Bağdadın kor xəlifəsi kimi aparan Vardanyanın statusunun legitimləşdirilməsinə dair bu uğursuz ssenari Rusiya sülhməramlı kontingenti ilə əvvəlcədən razılaşdırılıb. Yəqin ki, bu tamaşanın aktyorları, baş və ayaq rolları birlikdə müəyyənləşdirilib. Çünki azərbaycanlı ekoloqlar iki mədənə baş çəkiblər və hər iksində də eyni ssenari üzrə performans göstərilib.
İkinci önəmli nəticə isə budur ki, Rusiyalı sülhməramlılar hələ də Azərbaycanla əldə edilmiş razılaşmaları yerinə yetirmək istəmirlər. Onlar bölgədəki mülki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş razılaşmalara məsuliyyətsiz yanaşırlar. Rusiyalı sülhməramlılar Qarabağa müvəqqəti yerləşdirildikdən sonra azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı onlarla bənzər təxribat baş verib və bütün bunlar baş verərkən komandanlıq ya susaraq tamaşa edib, ya da qərəzli bir bəyanat yayıb.
Bu baxımdan yuxarıdakı sualı bir də vermək olar - general Volkov fəaliyyət deyərkən nəyi nəzərdə tuturdu? Rusiyalı sülhməramlılar öz nüfuzlarına və məramlarına kölgə salmaqda niyə bu qədər israrlıdırlar?
APA Analytics
Paylaş: