Cənubi, Güney Azərbaycanın müstəqilliyi şah rejimi (1921-25) qurulandan bəri vaxtaşırı gündəm olub. İslam Respublikası dövründə də molla edamları əsasən Təbrizdə yaşanıb. Çünki farslar məhz bu şəhərin azadlıq eşqindən qorxublar. Hazırda istiqlal cücərtiləri Cənubi Azərbaycanın demək olar ki, hər yaşayış məntəqəsini əhatə edib. Sadəcə, problem ondadır ki, ABŞ kimi ölkələr insan haqlarının pozulduğuna görə hələ ki, Rusiya və Çinə qarşı sanksiya tətbiq edir. Halbuki İranda insan hüquqları nəinki pozulur, millətlərin azadlığı sözün əsl mənasında edam olunur.
KONKRET.az xəbər verir ki, Azərbaycan hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşır. Ona görə də İran Azərbaycanından bəhs edəcəyik.
İran Azərbaycanı İraq, Türkiyə, Azərbaycan, Naxçıvan MR, Ermənistan ilə həmsərhəddir. 5 inzibati ərazi vahidi və ostanlara bölünüb:
1. Qərbi Azərbaycan;
2. Şərqi Azərbaycan;
3. Ərdəbil;
4. Zəncan;
5. Gilan;
6. Qəzvin;
7. Həmədan;
8. Kürdüstan;
Əhalinin əsas hissəsi Azərbaycan türkləridir, lakin kürd, erməni, talış, aysor və fars azlıqlar da var. Cənubi Azərbaycan dağlıq ərazidir, düzənliklər şimal-şərq hissəsinə düşür. Subtropik qurşağın kontinental bölgəsində yerləşir. Çay şəbəkəsi zəifdir. Ən böyük gölü Urmiyadır, onu da qurutmaq istəyənlər var. Sanki farslar bu ərazilərin suveren olacağını bilir və yararsız hala gətirmək istəyirlər. Lap Qarabağdan çıxanda ağacları yandırıb torpağa mina düzən ermənilər kimi!
Cənubi Azərbaycanda əsasən Təbriz yaxınlığında alüminium, gümüş, qurğuşun, daş kömür, Qaradağda dəmir filizi, Zəncanda mis və molibden yataqları vardır. Ərazilər müxtəlif tikinti materalları ilə zəngindir. Savalan ətrafında və bir sıra başqa yerlərdə müalicə əməmiyyətli mineral isti sular var.
İqtisadiyyat
Əsasən kənd təsərrüfatı, ilkin emal və maşınqayırma sahələrindən ibarətdir. Sənaye sahələri şəhərlərdə cəmləşib. Təbrizdə maşınqayırma, neft emalı, yüngül, yeyinti, metal emalı, şüşə istehsalı və s. sənaye sahələri vardır. Şəhərdə radioquraşdırma zavodu fəaliyyət göstərir. Cənubi Azərbaycanda maşınqayırma, mühərrikqayırma, poladtökmə və dəmirpresləmə mövcuddur. Kənd təsərrüfatı texnikalarının istehsalı həyata keçirilir. Urmiya isə şəkər, yağ, xalça və dəri məmulatları istehsalı ilə seçilir. İran Traktorqayırma şirkəti Təbrizdədir. Bu, İran ağır sənayesinin əsas gəlir mənbəyidir. Ərdəbildə sintetik-kauçuk istehsalı ilə məşğul olan kommersiya şirkəti var. İstehsal olunan avtomobil, təyyarə və digər mühərrikli vasitələr üçün keyfiyyətli təkər rezinləri dünya standardlarına cavab verən brenddir.
Kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıqdır. Dənli və paxlalı bitkilərdən buğda, arpa, çəltik, noxud və s. əkilir. Texniki bitkilərdən isə şəkər çuğunduru, kətan, tütün, pambıq, yağlı bitkilərdən günəbaxan, soya və s. yetişdirilir. Bağçılıq, üzümçülük, subtropik meyvəçilik inkişaf edib. Badam, kişmiş ixracat əhəmiyyətlidir. Əhali bostançılıq və tərəvəzçiliklə də məşğul olur. Düzən ərazilərdə camış, dəvə, dağlarda qoyun, arı, at və baramaçılığa diqqət ayrılır.
İranın qida idxalı sənayesinin 50 faizdən çoxu Cənubi Azərbaycana aiddir.
Qərbi Azərbaycan
Ən böyük şəhəri Urmiyadır. Qərbi Asiyanın ən iri qızıl yatağı bu ostanda yerləşir. 3 milyondan çox əhalinin 70 faizi azərbaycanlıdır. İnzibati cəhətdən bu şəhərlərə bölünür:
– Maku, Çaldıran, Şot, Puldəşt, Çaypara, Xoy, Salmas, Urmiya, Üşnəviyyə, Nəqədə, Miyandoab, Piranşəhr, Məhabad, Sərdəşt, Bükan, Şahindej, Təkab;
Şərqi Azərbaycan
İnzibati mərkəzi Təbriz şəhəridir. 4 milyondan çox əhalinin 97 faizi azərbaycanlıdır. Digər şəhərlər bunlardır:
– Culfa, Xudafərin, Mərənd, Vəzirqan, Kəleybər, Hurand, Əhər, Şəbüstər, Heris, Üskü, Sərab, Bostanabad, Azərşəhr, Əcəbşir, Bünab, Məlikan, Marağa, Həştrud, Miyanə, Çaroymaq;
Ərdəbil
1994-cü ildə Şərqi Azərbaycandan ayrılıb. 1 milyondan çox əhalinin 98 faizi azərbaycanlıdır. İri şəhərləri bunlardır:
– Ərdəbil, Meşkinşəhr, Səreyn, Aslandüz, Biləsuvar, Qoçkəndi, Germi, Lahrud, Nir, Givi, Xalxal, Hir, Nəmin;
Zəncan
İnzibati mərkəzi Zəncan şəhəridir. 1 milyondan çox əhalinin 98 faizi azərbaycanlılardır. Digər iri şəhərlərə gəlincə:
– Mahnişan, Tarım, İcrud, Sultaniyyə, Xudabəndə, Əbhər, Xürrəmdərə;
Gilan
İnzibati mərkəzi Rəşt şəhəridir. 2 milyondan çox əhalinin milli tərkibində gilək və talışlar üstünlük (90%) təşkil edir. Yerdə qalan 10%-i kürdlərlə azərbaycanlılardır.
Qəzvin
İnzibati mərkəzi Qəzvin şəhəridir. 1 milyondan çox əhalinin 60 faizdən çoxu azərbaycanlılardır. Digər 39 %-i farsdillilər, tatlar, lurlar və kürdlərdir. Başqa şəhərlər bunlardır:
– Takistan, Əborz, Abyek, Avəc, Buyinzəhra;
Həmədan
İnzibati mərkəzi Həmədan şəhəridir. 2 milyona yaxın əhalinin 60 faizi azərbaycanlılar, digər 40 faizini fars, kürd, lur, ərəblər və bəluclar təşkil edir. Digər şəhərlər:
– Əsədabad, Bahar, Tuysirkan, Rəzən, Kəbudər, Ahəng, Məlayir, Nahavənd, Faminin;
Kürdüstan
Mərkəzi Sənəndəc şəhəridir. 1.6 milyonluq əhalisinin 97 faizi kürdlərdir. Yerdə qalan 3 faizi fars və azərbaycanlılar doldurur.
Sonda qeyd edim ki, əhali sayı barədə rəqəmlər İran internet resurslarının 2011-ci ildəki məlumatıdır. Onların əhali sayı və etnik tərkibi ilə bağlı informasiya təhrifləri var. Çünki bu bölgü ilə adıçəkilən ostanlarda yaşayan azərbaycanlıların sayı 10 milyon nəfər edir. Halbuki 2022-ci ilin statistikasında İran əhalisinin sayı 85 milyon kimi göstərilir və bu 85 milyonun 40 faizi azərbaycanlılar, cəmi 36 faizi farslardır.
Yazının ərsəyə gəlməsində məqsəd Cənubi Azərbaycanın iqtisadi asılılığının olmadığını isbatlamaq idi. Bundan başqa Cənubi Azərbaycan şəhərlərinin adlarını öyrənmək də ziyanımıza deyil.
Anar Rəhimov,
KONKRET.az
Paylaş: