Xəbər lenti


Fransa Makronun hakimiyyəti illərində Afrika, Avropa, Asiya və Amerikada ardıcıl uğursuzluqlarla qarşılaşmışdır. Malidə dövlət çevrilişi baş verdikdən sonra Fransa 10 il ərzində saxladığı hərbi kontingenti ölkədən çıxarmağa məcbur olmuşdu. Malinin yeni rəhbərliyi MAR-da qızıl-almaz yataqları və siyasi rəhbərliyi qoruyan Vaqnerçiləri ölkəyə dəvət etmişdir. Makron səriştəsizliyinin günahını Rusiyanın üstünə atmağa çalışsa da, Tunisdə keçirilən Frankofoniya sammitində bəzi nümayəndələr Fransanı keçmiş müstəmləkələrdəki tarixi, iqtisadi və siyasi nüfuzundan sui-istifadə etməkdə ittiham etmişdilər. Burkina-Fasoda hərbi çevrilişdən sonra etirazçılar Fransa bayraqlarını yandırıb, Rusiya bayraqlarını dalğalandırmışdılar.

 

Əlcəzairdən şillə

 

Əlcəzair tarixən Fransaya digər müstəmləkələrlə müqayisədə daha yaxın idi. 2022-ci ilin iyununda isə ümummilli sorğuda iştirak edənlərin 90%-dən çoxu fransız dilinin məhdudlaşdırılmasının leyhinə fikir bildirmişdilər. Əlcəzair məktəblərində fransız dili məcburi fənnlər siyahısından çıxarılmış, üstünlük ingilis dilinə verilmişdir. Əlcəzairə səfər edən Makron küçədə öz ünvanına təhqirlərlə, prezident sarayının girişində isə ingiliscə yazı ilə (əvvəllər bütün dövlət idarələrində yazılar fransızca idi) qarşılaşdı.

 

Türkiyədən şillə

 

Fransa Türkiyənin artan geosiyasi gücünə balans qismində İsrail, Misir, Yunanıstan, İtaliya, Kipr və İordaniyanın daxil olduğu Şərqi Aralıq dənizi Qaz Forumunu yaratsa da, pandemiyanın Aİ iqtisadiyyatına təsiri + Rusiya-Ukrayna müharibəsi + Türkiyənin Qara dənizdə böyük qaz yataqları kəşf etməsi psevdo-ittifaqın parçalanmasını qaçılmaz etdi. Türkiyə Misir, Səudiyyə Ərəbistanı və İsrail ilə münasibətləri yeni səviyyəyə qaldırdı. Rəsmi Tel-Əviv Türkiyə ilə münasibətlərin normallaşması üçün Ankaradan Fələstindəki bəzi “strukturlarla” əlaqələrini dayandırmağı tələb etmədiyini bildirdi.

 

Putindən şillə

 

Uğursuzluqlar siyahısına Fransanın Ukrayna münaqişəsində vasitəçiliyini də əlavə etmək vacibdir. 8 fevral tarixində Makron Putinlə telefon danışığında məqsədinə çatdığını bildirdi. “Financial Times” Makron və Putinin vəziyyətin deeskalasiyasına dair saziş imzaladığını bildirsə də, Peskov Makronla hər hansısa bir razılığın olmadığını bildirdi. Müharibə müddətində uğursuz vasitəçilik cəhdləri Fransanın və şəxsən Makronun real siyasi çəkisi haqqında suallar formalaşdırdı.

 

Şoltsdan şillə

 

Fransa Aİ-nin Çinə qarşı vahid siyasət yürütməli olduğunu bildirsə də, Şolts, Makronun yerinə Çinə Volkswagen, BMW və Siemens şirkətlərinin rəhbərləri ilə yollandı. Welt qəzetinə görə Berlin-Paris arasında münasibətlər, qaz qiymətləri ilə bağlı mübahisələr, Makronun Aİ-nin müdafiə siyasəti ilə bağlı baxışlarının Şolts tərəfindən dəstəklənməməsi səbəblərindən ən aşağı səviyyədədir.

 

Baydendən şillə

 

Ən böyük diplomatik uğursuzluqlardan biri ABŞ-ın 12 sualtı qayığın tədarükü ilə bağlı 56 mlrd. avroluq sazişi Frasanın əlindən almasıdır. Fransanın xarici işlər naziri J.Drian bunu “arxadan vurulan bıçaq” adlandırmışdır. Baydenin İnflation Reduction Act-ı Aİ tərəfindən iqtisadi təhdid kimi qiymətləndirilsə də Şolts Makronun ABŞ-a səfərini və Vaşinqtonla münasibətləri korlamağı strateji səhv adlandırmışdır. Şoltsun xəbərdarlıqlarına rəğmən, ABŞ-a səfər edən Makron ABŞ-ın siyasi isteblişmenti və ekspertləri tərəfindən kəskin tənqid olunmuşdur.

 

Digər nümunə: Fransa Mərkəzi Asiya ölkələri ilə təmaslarını artırsa da, Avropanın bu region ilə fiziki əlaqəsini təmin edən Azərbaycanla münasibətlərini əksinə daha da gərginləşdirir. 

 

Uğursuzluq dərəcəsinə görə Makron yalnız Paşinyanla rəqabət apara bilər. Ola bilsin iki siyasətçinin bu qədər yaxın olmasının sirri elə bundadır. Makron Ermənistanı dəstəkləməklə bir tərəfdən Moskva və Ankaradan əvəz çıxmağa, digər tərəfdən isə bütün uğursuzluqların fonunda qismən daxildə siyasi simasını qorumağa çalışır. Halbuki fransızların özləri də mütəmadi olaraq Makronu şillələyirlər.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 6 528          Tarix: 13-12-2022, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma