Xəbər lenti

Avropa İttifaqının (Aİ) Ermənistana yeni uzunmüddətli missiya göndərilməsi ilə bağlı qərarı quruma olan etimadın növbəti dəfə zədələnməsinə səbəb olub.

Məlum olduğu kimi, Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransa liderləri arasında bu ilin oktyabrında Praqada əldə edilmiş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirilib.

Missiya 2 aylıq nəzərdə tutulmuşdu və müddət dekabrın 19-da tamamlandı. Lakin Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin açıqlamasından məlum oldu ki, Aİ Ermənistana uzunmüddətli missiya göndərməyə qərar verib.

“Aİ Şurası Ermənistan hökuməti ilə razılaşıb ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasından Ermənistana yardım qrupu göndəriləcək. Bu qrup keçid dövrü üçün nəzərdə tutulub və uzunmüddətli missiya üçün hazırlıq aparacaq, həmçinin, regiondakı təhlükəsizlik vəziyyəti barədə Aİ-ni məlumatlandıracaq. Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunun, həmçinin, Ermənistan və Azərbaycan arasında Aİ tərəfindən vasitəçilik edilən normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”, - deyə Borrel əlavə edib.

Borrelin bu açıqlaması acı təəssüflə yanaşı, təəccüb doğurur. Artıq qeyd olunduğu kimi, Aİ-nin qısamüddətli missiya göndərməsi Praqa görüşündə Azərbaycan tərəfi ilə də razılaşdırılıb. Lakin uzunmüddətli missiya göndərmək barədə qərar verilərkən Bakının rəyi soruşulmayıb. Bəlkə də ona görə ki, Azərbaycanın bu missiyanın göndərilməsinə etiraz edəcəyini əvvəldən bildiklərindən buna lüzum görməyiblər. Amma bütün hallarda Aİ-nin bu addımı heç bir diplomatik norma və etikaya sığmır.

Baş verənlər onu göstərir ki, Aİ ermənipərəst Fransanın əlində alətə çevrilib. “Uzunmüddətli missiya” ssenarisinin məhz Fransa tərəfindən hazırlandığı şübhə doğurmur. Çünki Fransa bunu regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi qiymətləndirirdi. Buna görə də Azərbaycan oktyabrda öz ərazisinə Aİ missiyasının gəlməsinə imkan vermədi. Missiya Ermənistanda sərhəd missiyası kimi fəaliyyət göstərdi və dekabrın 19-da öz fəaliyyətini başa vurdu.

Aİ-nin yeni missiya formalaşdırmaq və ona əlavə mandatlar vermək qərarı isə ikiüzlülük və qeyri-ciddilikdir, əvvəl əldə olunmuş razılaşmaya ziddir.

Yeni missiyanın yaradılması etimad mühitini sarsıdır, şübhəsizdir ki, buna görə Azərbaycan onunla hər hansı formada əməkdaşlıq etməyi nəzərdə tutmur.

Aİ bu qərarı ilə Şarl Mişelin vasitəçilik missiyasına da kölgə salmış oldu. Məlumdur ki, indiyədək Azərbaycan və Ermənistan liderləri arasında cənab Mişelin təşəbbüsü və iştirakı ilə dörd görüş keçirilib. Həmin görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair mühüm qərarlar qəbul edilib. Lakin Aİ bu qərarı ilə bu prosesə də zərbə vura biləcəyinin fərqində olmalıydı. Belə ki, Azərbaycanın Aİ-yə etimadı sarsıldığından Şarlın görüş təşəbbüslərindən imtina etməsi gündəmə gələ bilər.

Fransa hazırkı vəziyyətdə Aİ-ni hələ ki istədiyi kimi yönləndirir. Bunun növbəti sübutu bu il dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı ortaya çıxan məqamlar oldu.

Xatırladaq ki, dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dekabrın 7-də Brüsseldə növbəti görüşünün keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan məlum oldu ki, Nikol Paşinyan həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini açıqlayıb. Azərbaycan isə bu formatda görüşün keçirilməsini təbii ki, rədd etdi. Çünki Fransanın Azərbaycan-Ermənistan normallaşmasında iştirakının mümkün olmadığını Bakı dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib və öz siyasətində prinsipial və ardıcıldır.

Belə görünür ki, Fransa Cənubi Qafqaz regionunda mövcudluğunu saxlamaq üçün “Aİ missiyası” kartından istifadəyə əl atıb.

Yeni missiya Fransanın və Avropada digər ermənipərəst qüvvələrin növbəti oyunudur. Bu, Azərbaycanla Ermənistan arasında olan problemlər kontekstində forma dəyişikliyidir və heç bir yeni məzmun kəsb etmir.

Aİ-nin açıqlamasından görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Məsələnin belə qoyuluşu da əlavə suallar yaradır.

Bu günədək hərbi və təhlükəsizlik məsələlərində Rusiyaya bağlı olan Ermənistan artıq Aİ-nin çətiri altına keçmək istədiyini açıq nümayiş etdirir və Fransanı regiona gətirməyə çalışır.

Aİ daxilində bəzi ölkələr də Fransanın bu cəhdlərinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına deyil, rəsmi Parisin geosiyasi maraqlarına xidmət etdiyini aydın gördüyü üçün yeni missiyanın yaradılmasının əleyhinə çıxıb.

Faktlar göstərir ki, indiyədək Fransanın olduğu heç bir region problemlərdən qurtulmayıb, əksinə, qarşıdurmalar artıb, ölkələr viran qalıb, milyonlarla insanın həyatına son qoyan soyqırımları həyata keçirilib.

Aydın görünür ki, İranla Rusiya arasında qalmış, indi də Fransanın hədəfinə çevrilmiş Ermənistan sürətlə suriyalaşmağa doğru gedir.

Mövcud vəziyyət hansı səbəbdən Azərbaycanın Aİ-dəki bəzi qüvvələrlə təmasa getmədiyini və onlara etimad göstərmədiyini aydın izah edir.

Yaranmış situasiyadan narahat olmalı əsas ölkələr isə İran və Rusiya olmalıdır. Müttəfiqi Ermənistanın artıq ondan imtina etdiyini görmək üçün Moskva daha hansı addımları gözləyir, maraqlıdır.

İrana gəldikdə, Ermənistanın təhlükəsizliyinin, sərhədlərinin toxunulmazlığının onun üçün “qırmızı xətt” olduğunu bəyan edən ikiüzlü Tehran İrəvanın onun “qırmızı xətləri”nə əməl etmədiyini niyə eyni yüksək səslə bağırmır?

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 3 870          Tarix: 20-12-2022, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma