Sabah İranda inqilabın qələbə qazanmasının ildönümüdür. 1978-ci ilin yanvarında Məhəmmədrza Şah Pəhləvinin devrilməsi uğrunda başlamış inqilabi hərəkat 1979-cu il fevralın 11-də istədiyinə nail olub.
Şah devrildi, yerinə daha mütərəqqəsi gəldimi? Hadisələrin sonrakı inkişafı və İranın indi düşdüyü ağır böhranlı vəziyyətə əsasən, bu suala “yox” cavabı vermək olar.
Bunun çoxsaylı səbəbləri var. Bəzilərini sadalayaq:
- Ayətullah Ruhulla Xomeynini Fransadan gətirən xarici qüvvələr yeni hakimiyyəti müəyyən etdi;
- Hakimiyyətə gələnlər İraqla mənasız və əhəmiyyətsiz müharibəyə başladı;
- Teokratik rejim İsrail və ABŞ-ı özünə düşmən elan etməklə əlavə daha ciddi (indiyədək davam edən) problemlər yaratdı;
- Bu inqilabın təməl şüarları və tələbləri həyata keçmədi, 44 ildən sonra “Azadlıq!”, “Ədalət!” şüarları yenə səsləndi;
- Milli məsələ həllini tapmadı;
- İndiki rejim İranı vahiməli terrorçu bir dövlət kimi dünya ictimaiyyətinə təqdim etdi və s.
Bu hakimiyyətin dövründə SSRİ dağıldı. Yeni dövlətlər meydana gəldi. Azərbaycan da öz müstəqilliyini bərpa etdi. 31 ildir bu rejim müstəqil Azərbaycanla münasibət qura bilmir. Münasibətdə tez-tez çaşqınlığa yol verir.
Bu rejimin dövründə ölkədəki diplomatik korpuslara - ABŞ, Böyük Britaniya, Azərbaycanın və Səudiyyə Ərəbistanı səfirliklərinə, konsulluğuna terror hücumu olub. Belə cinayəti törətməklə Tehran rejimi tarixdəki cinayətlərinin sayını artırıb.
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu indiki rejimin tarixinə yazılacaq ən şərəfsiz günlərdən sayılır. Bu cinayəti araşdırmadan onu ört-basdır etməyə cəhd həmin tarixin belə adlanmasına əsas verir.
Bununla İrandakı rejimin Azərbaycanla bağlı tarixinə daha bir utancverici gün düşdü.
Belə bir şəraitdə Tehranın Azərbaycandakı səfirliyi inqilabın 44-cü illiyi ilə bağlı tədbirin keçirilməsini rəsmi olaraq ləğv edib.
Qeyd edək ki, səfirlik İslam inqilabı qələbəsinin 44-cü ildönümü münasibətilə fevralın 10-u axşam saatlarında Bakıda “Baku Marriott Hotel Boulevard” mehmanxanasında rəsmi tədbir keçirməyi planlaşdırmışdı.
Hətta, bununla bağlı rəsmi qurumlara, siyasilərə, ictimaiyyət və KİV nümayəndələrinə dəvətnamələr də göndərilmişdi. Ancaq fevralın 9-da səfirlikdən tədbirin ləğv edildiyi bildirilib. Səbəbini isə səfirlik açıqlamaqdan imtina edib.
Belə ehtimal etmək olar ki, səfirlik təmsil etdiyi rejimin törətdiyi əməllərdən utandığı üçün açıqlama verməyib. Yəni Tehran hakimiyyətinin Azərbaycan Respublikasına qarşı tutduğu terrorçu münasibətdən diplomatik missiya xəcalət çəkir. Çünki yanvarın 27-dəki qanlı hadisəyə görə bu mərasimə Azərbaycandan dəvət olunanların heç birinin getməyəcəyini başa düşüb. Düzdür, Tehranın Azərbaycandakı səfirliyi də rejimin göstərişlərini icra edir. Ola bilər ki, tədbirin ləğvi ilə bağlı göstərişi də İrandan veriblər. Hər halda Xomeyninin bayramı Azərbaycanda boykot olundu.
Bir sözlə səfirliyin Azərbaycan ictimaiyyəti arasına çıxamağa üzü olmadığı üçün İran İslam İnqilabının 44-cü ili keçirilməyib.
Məlum hadisədən sonra Azərbaycan İranla diplomatik əlaqələrin səviyyəsini endirib. Rejim səfirliyə terror hücumu ilə bağlı rəsmi Bakıya qaneedici cavab verməyib. Əksinə, Ermənistanla birlikdə Azərbaycana qarşı yeni təxribat törədəcəkləri barədə xəbərlər yayılır.
İran hakimiyyətinin terrorçu fəaliyyəti perspektivdə onun xarici ölkələrdəki diplomatik missiyalarının da fəaliyyətinə son qoya bilər. Habelə, dövlətlər İranla diplomatik əlaqələri kəsə bilərlər. Artıq bu istiqamətdə bir neçə dövlət açıqlama verib.
Beləliklə, rejimin terrorçu fəaliyyəti səbəbindən İran dünyadan tamamilə təcrid oluna bilər. Bununla da ölkə ictmaiyyətinin vəziyyəti daha da ağırlaşar. Bu şəraitin yaranması 44 il əvvəlki hadisənin təkrarlanması ilə nəticələnər.
Yeri gəlmişkən, qeyd edək ki, Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti legitim deyildi. Çünki onun atası Rza Pəhləvi əsilzadə olmayıb. O, xarici qüvvələrin əli ilə taxt-tacı zəbt etmişdi. Deməli, Pəhləvilər sülaləsinin hakimiyyəti qanunsuz idi. Məşru olmayan bu hakimiyyəti devirən və xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gətirilən Xomeyni rejimi də legitim deyil. Başqa sözlə 1925-ci ildən 2023-cü ildək İranı legitim olmayan rejimlər idarə edir. Ona görə də etiraz aksiyalarında belə bir şüar irəli sürülür: “Bu rejim batildir, Xamenei qatildir!”.
Nəhayət, bu və başqa faktlara əsasən, İran hakmiyyətinin bayramına təbrik düşmür. Azərbaycan səfirliyinin qatilini gizlədən rejim, bayramınız mübarək olmasın!
Report.az
Paylaş: