Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək.

Səfərə dair İsrail mətbuatında yayılan məlumatlardan çıxarışlar:

- Bayramov Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcək;

- Baş diplomat İsrail rəsmiləri ilə görüşəcək.

Azərbaycan-İsrail münasibətlərinin keyfiyyətcə yeni mərhələdə daha böyük məqsədlər naminə irəliləməsi ilk növbədə İranı narahat edir.

Narahatlıqlar və başqa ölkələrlə münasibətlərdə yaranan problemlər səbəbindən yarımçıqlıq kompleksinə düçar olan İran regional mənzərəni dramatikləşdirmək imkanlarını da nümayiş etdirir.

Tehranın kəskin mövqedə dayanması region ölkəsi kimi Azərbaycan üçün də təhdid mənbələrini şaxələndirir.

Təhdidlərin səviyyəsi İsrail-İran münaqişəsi kontekstində şişərək daha da böyüyür, belə olan təqdirdə Təl-Əvivlə Bakı Tehrana qarşı oxlarının ucunu itiləməlidirlər.

İsrailin Mərkəzi Asiya və Cənubi Qafqaz arasında bağlantı qurub, bunu İran tərəfə atıla biləcək körpü kimi nəzərdən keçirməsi diqqət çəkir.

Azərbaycanın İsraildə səfirliyinin açılmasının paralelində İsrail də Mərkəzi Asiya regionuna daxil olan Türkmənistanda səfirliyinin binasını təzələyəcək. Belə mühüm diplomatik üçbucağın qurulması İsrailin strateji fəaliyyətinin perspektivi üçün koordinasiyanı təmin edəcək.

Nəzərə alaq ki, Türkmənistanın paytaxtı Aşqabad İrana yaxın məsafədə yerləşir, onda proseslərin hansı nöqtəyə qalxacağı barədə təsəvvürlər də genişlənir.

Hərçənd ki, bundan əvvəlki illərdə Türkmənistan İsrail tərəfindən təyin olunan səfirlərin fəaliyyətinin İrana qarşı ola biləcəyi ehtimallarını göz önündə tutaraq onların mandatını qəbul etməyib.

Ancaq indi regional və qlobal çərçivələr dəyişir və Türkmənistan da fərqli bir xəttə çıxmaq çağırışı ilə üz-üzədir.

İndiyə qədər İsrail səfirliyi Aşqabaddakı Berkarar ticarət mərkəzində yerləşirdi, bir növ daimilik xüsusiyyətləri formal idi. Lakin artıq Aşqabaddakı İsrail səfirliyi üçün daimi əsaslarla yeni bina istifadəyə veriləcək və beləcə, o, daimi nümayəndəlik statusunu gücləndirəcək. 

Bayramovun İsrailə səfəri ilə Təl-Əvivin Aşqabad planı İrana qarşı mövcud və artan cəbhəyə işarə edir.

Bu, İranın Azərbaycan üçün yaratdığı təhlükələrin önünün alınmasında geniş müdafiə xətti kimi dəyərə yiyələnir.

Azərbaycan strateji zərurətlərdən və isti münasibətlər təcrübəsindən irəli gələrək İsraillə münasibətlərini gücləndirdikcə İran bu hərəkətlərə qarşılıq olaraq Ermənistanla əlaqələrini dərinləşdirməyə çalışır.

Ancaq Tehranın Ermənistana dəstəyinin Azərbaycan-İsrail münasibətlərindəki dərinliklərdən fərqli olaraq regiona əhəmiyyətli bir təsiri yoxdur.

Çünki Azərbaycanla İsrail arasındakı əlaqələr Təl-Əvivə Qərb siyasi sisteminin bir hissəsi kimi baxan NATO-nun, İsraillə əlaqələrdə dinamikliyə üstünlük verən Rusiyanın və qlobal sərhədlərini genişləndirən Türkiyənin maraqları ilə üst-üstə düşür.

Yəni bir-birinə rəqib güclər belə, Azərbaycan və İsrailin müttəfiqlik əlaqələrinə dəstək verir və eyni zamanda İranın regionda aqressiv davranışlarını tənqid edir.

Cənubi Qafqazda “qara dəliyə” salınan İran məcbur qalıb anti-Azərbaycan fəaliyyəti ilə Yaxın Şərqdəki təsirləri arasında səbəb-nəticə əlaqələri qurmağa cəhd edə bilər.

Ümumilikdə Azərbaycan-İsrail münasibətlərinin dostları dəstəklərini gərginliyi artırmayacaq və regionda qeyri-sabitliyə töhfə verməyəcək şəkildə etməlidirlər. 

Regionda gərginlik Azərbaycan üçün məqbul deyil, ancaq situasiya təkcə Azərbaycanın istəkləri ilə üst-üstə düşməyən nəticələri hasil edir. Ona görə də Azərbaycan var gücü ilə tərəfdaşları ilə əlaqələrini dərinləşdirmək zərurətini aktiv fazada göstərir.

Bu yazılanları nəzərə alsaq, demək olar ki, Bayramovun İsrailə səfər proqramındakı gündəlik genişdir.

Bayramov keçirəcəyi görüşlərdə ortaya çıxan yeni sirləri çözmək üçün Azərbaycanın genişmiqyaslı planlarını təqdim edə bilər.

Bayramovun İsrailə səfəri həmçinin iki ölkə rəhbərliyinin görüşünə hazırlıq məqsədi daşıyır. Çünki məlumatlara görə, İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərinin anonsunu verib.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 324          Tarix: 3-03-2023, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma