Bölgədə geosiyasi reallıqlarda dəyişikliklərin başlaması ilə İran da gedən proseslərə fəal şəkildə qarışmağa başlayıb. Bəzi ekspertlər hesab edirlər ki, İranın Qafqaz arenasında fəallığı Tehranla Moskva arasında bir növ regionda yaranan “boşluğu” doldurmaq üçün razılaşma ola bilər və İran burada nizam-intizam “gözətçisi” rolunu oynayacaq. Eyni zamanda, Rusiya ilə müttəfiqlik İran üçün sırf situasitiv xarakteri daşıyır, çünki İranın kollektiv yaddaşında Rusiya ən azı “milli rüsvayçılığa” səbəb olan ölkə kimi qəbul edilir. Təsadüfi deyil ki, İranın kollektiv yaddaşındakı bu fraqment onun indiki prosesləri Qafqazda (xüsusən də Azərbaycan və Ermənistanda) öz təsirini bərpa etmək üçün bir növ “tarixi şans” kimi qəbul etməyə həvəsləndirir.
Bununla yanaşı, İran ənənəvi olaraq Tehranın maraq zonası sayılan Şimali Qafqaza da “daxil olmağa” çalışır. Xüsusən də müxtəlif iqtisadi, mədəni və digər layihələr vasitəsilə. Artıq Şimali Osetiya, İnquşetiya, Dağıstan və ya Çeçenistanın xəbər gündəmində İran iqtisadi tərəfdaş kimi tez-tez görünür. Məsələn, ötən ay Mahaçqalada İran Ticarət Evinin açılış mərasimi olub. Ticarət evi İran kommersiya təşkilatlarının və müxtəlif sənaye müəssisələrinin təmsilçiliyini nəzərdə tutur ki, burada İranla ticarət əlaqələri qurmaq istəyən dağıstanlı iş adamları müəyyən məhsullarla tanış ola və təmsil edilən şirkətlərlə əlaqə saxlaya biləcəklər.
Hələ 2017-ci ildə məlum olmuşdu ki, İrandan olan investorlar Dağıstanda Kaspiysk yaxınlığında əczaçılıq şirkətinə təxminən 15-16 milyon dollar sərmayə qoymağa hazırdırlar.
Bundan başqa, İran Dağıstana Mahaçqala dəniz limanının modernləşdirilməsi ilə bağlı yardım təklif edib. Beləliklə, bərə xidməti yaradılacaq ki, bu da hazırda dərinləşdirmə işləri aparılmadan mümkün deyil. Tehran bu iş üçün lazımi investisiyalara, avadanlıqlara və ixtisaslı mütəxəssislərə malik olduğunu qeyd edib. Maraqlıdır ki, məhz İran Ukraynanın işğal olunmuş Donbass və Luqansk vilayətlərinə tikinti materialları göndərir və bu materiallar Mahaçqala dəniz limanı vasitəsilə nəql edilir. Məsələn, 2022-ci ilin əvvəlindən Mahaçqala Dəniz Ticarət Limanı (MMTP) 108 min tondan çox İran sementini qəbul edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin 8 ayında həcmlər iki dəfə artıb. Ümumiyyətlə, 2022-ci ilin əvvəlindən isə 285 min tona yaxın sement, taxıl, klinker, kafel, un və duz emal edilib.
İran dağıstanlıların gündəlik dünyasına da nüfuz edir. Ötən ilin oktyabrında “Rusiya – Səs Kainatı” Beynəlxalq Musiqi Festivalının proqramına daxil edilmiş “Keçilməmiş yollar” konsertində klassik İran musiqisinin əsərləri tamaşaçılara təqdim olunmuşdur. İranlılar Dağıstanın dini həyatında da öz nizam-intizamının yaradılmasında maraqlıdırlar. Rəsmi Moskva Dağıstanın, xüsusilə Dərbəndin şiə icmasında Şimali Qafqazda yayılan vəhhabi-sələfi hərəkatına qarşı təbii sədd görür və bu icmaya hər cür dəstək verir. Ona görə də Rusiya İranın bu istiqamətdə gördüyü işlərə göz yummağa və ondan fürsət kimi istifadə etməyə üstünlük verir.
Qeyd edək ki, Rusiyanın cənubunda, xüsusilə Dağıstanda digər ölkələrin humanitar və təhsil müəssisələri bağlandığı halda, İranın kəşfiyyat orqanları ilə bağlı olan təşkilatlar sərbəst fəaliyyətlərini davam etdirirlər. Bu təşkilatlar Şimali Qafqazda, xüsusilə Dağıstanda din pərdəsi altında dağıdıcı fəaliyyətlə məşğuldurlar. Bundan başqa, İran radikal ləzgilərə Qafqaz Albaniyasının “mənimsənilməsi” məsələsində böyük dəstək verib. Eyni zamanda, İran təbliğatı Dağıstan, xüsusən də Dərbənd azərbaycanlılarını sonradan türkləşən fars tayfalarına mənsub olduqları fikrini aşılayır. Rusiyanın siyasi dairələri İran vasitəsilə şiəliyi radikal vəhhabiliyə qarşı alət kimi istifadə edirlərsə, eyni zamanda İranın nəzarətdən çıxmasının qarşısını almaq üçün sufi təriqətlərini də şiəliyə qarşı balanslaşdırıcı vasitə kimi görürlər.
Xatırladaq ki, bundan əvvəl İranın adı Rusiya kontekstində təkcə biznes və təhsil sahəsində deyil, həm də tələbələr arasında terrorla mübarizə sahəsində əməkdaşlıqda da çəkilirdi.
İran Rusiya Federasiyasının digər bölgələrində, məsələn, Çeçenistanda da fəallıq nümayiş etdirir. Belə ki, İranın Rusiyadakı ticarət nümayəndəsi Möhsün Rəhiminin sözlərinə görə, çox güman ki, Çeçenistanda da İran ticarət mərkəzi açılacaq. Güman edilir ki, Çeçenistanın prosesə daxil olması ilə Mahaçqala limanı vasitəsilə mal axını artacaq. Çeçenistan hökumətinin sərəncamına əsasən, baş nazirin rəhbərlik etdiyi 15 iştirakçıdan ibarət nümayəndə heyəti 21-25 sentyabr tarixlərində İrana yollanmalı idi. Nümayəndə heyətinin üzvlərinin siyahısı göstərir ki, Çeçenistan İranla geniş spektrli məsələlər üzrə əməkdaşlıq etməyi planlaşdırır. Eyni zamanda, iranlılar Çeçenistanın iki xüsusi iqtisadi zonasına - sənaye-istehsal tipli “Qroznı” və turizm-rekreasiya tipli “Veduçi”yə xüsusi diqqət yetirirər.
Şimali Osetiya tarixi, dil, mədəni və qohumluq əlaqələrinə görə İranın Şimali Qafqazdakı əsas dayağı hesab olunur və İran üçün Qafqazın təhlükəsizliyini təmin etməkdə “güclü elementdir”. Osetin (alan) dili Şərqi İran dil qrupuna daxildir. Osetinlər özlərini iron, Osetiyanı isə İrostan adlandırırlar ki, bu sözlərin “İran” sözü ilə yaxınlığı görünür. Osetinlərin ən böyük sosial təbəqəsi isə “farsaq” adını daşıyır. Odur ki, Osetiyanın Şimali Qafqazda strateji mövqeyini nəzərə alan İran mövcud yaxın münasibətlərdən güclü və əsaslı istifadə etməyə çalışır.
Osetiya mediası xəbər verir ki, yaxın vaxtlarda Şimali Osetiya ilə İran arasında iqtisadi və mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün “yol xəritəsi” üzərində işləmək planlaşdırılır. Bu barədə razılıq Vladiqafqazda Osetiya rəhbəri Sergey Menyaylo ilə İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali arasında keçirilən görüşdə əldə olunub.
Səfir Cəlali növbəti səfəri zamanı Şimali Osetiyada İran mədəniyyət həftəsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Dəqiq tarixlər hələ biliməsə də, tədbirin məkanlarından biri artıq müəyyən edilib - Şimali Osetiya Dövlət Universiteti (ŞODU – rusca SOQU). SOQU İran İslam Respublikası ilə akademik əlaqələri fəal şəkildə inkişaf etdirir, xüsusilə Əllamə Təbatəbai Universiteti və Tehran Universiteti ilə. Universitetlər arasında mütəmadi olaraq tələbə və müəllim mübadiləsi aparılır. Bundan əlavə, SOQU-da “İran müasir dünyada” birgə magistr proqramı artıq üçüncü ildir ki, fəaliyyət göstərir. Şimali Osetiya Universitetinin tarix fakültəsində yeni “Şərqşünaslıq” (İran istiqaməti) ixtisası açılıb. Paralel olaraq “İzvestiya” jurnalının xüsusi buraxılışında İran və Şimali Qafqaz alimlərinin məqalələri dərc olunub.
İran bölgədə nəqliyyat dəhlizlərinin açılmasında son dərəcə maraqlıdır. İranın Şimal-Cənub nəqliyyat dəhlizinin əsas halqasına çevrilməsi, bununla da öz təhlükəsizliyini və təsir dairəsini gücləndirməsi vacibdir. Görünür, İran Rusiyanın dağılmasını da ehtiva edən bütün mümkün ssenariləri nəzərdən keçirir. Tehran ilk növbədə Azərbaycanı və Azərbaycan tərəfindən vaxtilə işğal olunmuş torpaqlarının geri qaytarılmasını təhlükə hesab edir. Dağıstanda azərbaycanlı azlığın güclənməsi Rusiyanın da milli maraqlarına uyğun deyil və ona görə də bunu balanslaşdırmaqdan ötrü İranın yumşaq gücünün bölgəyə nüfuz etməsi ilə istər-istəməz razılaşır. Təəccüblü deyil ki, Azərbaycanı əhatə edən məhz həmin ərazilər İranın xüsusi nəzarəti altında qalır. Digər səbəb isə Şimali Qafqaz respublikaları ilə əməkdaşlığın Yaxın Şərqin digər ölkələri, xüsusən Səudiyyə Ərəbistanı ilə rəqabət kimi görünməsidir.
Top center.org
Paylaş: