Ermənistan mətbuatı Azərbaycan bayrağının yandırılması təxribatının arxasında ölkənin baş naziri Nikol Paşinyanın dayandığını iddia edir.
Ovqat.com-un məlumatına görə, bu iddianı tanınmış erməni publisisti Romella Mnatsakanyan irəli sürüb.
Mnatsakanyan qələmə aldığı “Şou davam etməlidir: hökumətimiz nəyi gizlədir?” sərlövhəli məqaləsində bayrağımızı yandıran Aram Nikolyanın bu təxribatı özbaşına törətmədiyinə inanır. Müəllifin fikrincə, Aram Nikolyan törətdiyi təxribatın hansı nəticələrə gətirib çıxaracağını anlamayacaq qədər sadəlövh deyil. O, böyük ehtimalla, birbaşa Paşinyandan aldığı icra edib.
“Mən getdikcə daha çox əmin oluram ki, biz düşünülmüş təxribatların şahidi oluruq. Stilistik studiyanın rəhbəri Aram Nikolyanı hər cür adlandırmaq olar, amma o, qətiyyən axmaq deyil. O, Nikol Paşinyana və Anna Akopyana yaxın, ona deyilənləri yerinə yetirən personajdır. Bəli, mən Azərbaycan bayrağının yandırılmasından danışıram”.
Müəllifin fikrincə, son zamanlar ard-arda baş verən təxribatlar Paşinyana lazım idi: “Nə üçün? Cavab sadədir - ictimai müzakirəni tamam başqa istiqamətə yönləndirmək, dərinliyini cəmiyyətdən gizlətməyə çalışdıqları çox mühüm problemdən yayındırmaq üçün”.
Məqsəd isə Ermənistan Azərbaycan sərhədlərində monitorinq aparan Avropa nümayəndələrinin missiyasını gözdən salmaq imiş. Müəllifin fikrincə, bu, ilk növbədə Rusiyaya lazımdır və təsadüfi deyil ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın yaşananlara dərhal reaksiya verib və “təxribat törədən Azərbaycanı deyil, günahsız Aİ missiyasını tənqid edib”:
“Onun (Zaxarovanın-red.) bəyanatındakı hər hərfin əvvəlcədən yazıldığı tamamilə aydındır. O da göz qabağındadır ki, Bakı və Moskva hər şeydə razılığa gəliblər. Çünki Azərbaycan da bu missiyaya qarşıdır. Üstəlik, bu, Bakıya yeni postlarının yaradılması üçün lazım idi. Artıq onların həmin ərazidə 13 post qurduqları məlum olub”.
Rəsmi Bakının Zəngəzurla bağlı planlarının hamıya məlum olduğunu xatırladan Mnatsakanyan bunları belə sıralayıb: "Artsaxın (Qarabağın – red.) tam işğalı və Sünikin (Zəngəzurun –red.) bütünlüklə və ya qismən ələ keçirilməsi. Rusiya isə bütün bunlara yaşıl işıq yandırıb. Və bu fonda potensial daha böyük faciəvi hadisə baş verəndə bizim üzərimizdə ağır “məsuliyyət” yükü qalacaq. Nikolyan hər şeyi bilərəkdən meydan oxuyaraq etdi. Bu planı ortaya qoyanlar onun nəticələrini anlayırdılar. Azərbaycanın və Avropa Ağır Atletika Federasiyasının reaksiyasının necə olacağını bilirdilər. Onlar bilirdilər ki, dünyada ölkəmizə qarşı növbəti tənqid dalğası başlayacaq.
Amma məsələ ondadır ki, onlar Ermənistanın reputasiyasına fikir vermirlər. Onlar üçün ən vacibi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamaq planları idi... Əsgərlərimizin ölümü ilə bağlı xalqa cavab vermək lazımdırsa, onu necə saxlamaq olar?
Azərbaycan torpaqlarımızı işğal altında saxlayırsa və getməyə hazırlaşmırsa, xalqa necə cavab vermək olar? Uğursuzluq uğursuzluğun ardınca gəlirsə, insanlara necə və nə deməli?!”.
Maraqlıdır ki, erməni yazar Ermənistana qarşı hazırlandığını düşündüyü bu plana Qərb ölkələrinin də razılıq verdiyindən şübhələnir. Təxribatların da məhz buna görə ard-arda baş verdiyinə əmindir: “Artıq görürük ki, Avropa müşahidəçilər missiyasının rəhbəri Toivo Klaar az qala açıq şəkildə “anklavlar” məsələsinin gündəmə gətirir və onun müzakirə predmeti olduğunu deyir. Ermənistan hakimiyyəti isə Azərbaycanla belə bir mövzunu müzakirə olunduğunu inkar edir. Hakimiyyətimizin düşmənə növbəti biabırçı güzəştə getməyə məcbur olacağından şübhələnməyə əsasımız varmı? Əlbəttə var.
Niyə Bakı planlarının gerçəkləşəcəyinə bu qədər əmindir? Çünki o, hamı ilə - ABŞ, Aİ, Çin və Rusiya ilə danışıqlar aparmağı bacarır. İndi artıq aydındır ki, Azərbaycan qazının əlavə həcmləri faktiki olaraq Nabucco West boru kəməri marşrutu ilə Avropa bazarına çıxarılacaq. Beş Avropa ölkəsi (Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya) və Azərbaycan aprelin 25-də Sofiyada bir araya gələcək və qaz infrastrukturunun genişləndirilməsinə dair saziş imzalayacaq.
Bu, Bakının əlində daha bir kozır olacaq. Buna sahib olmaqla, planlarını həyata keçirəcək. Hökumətimiz isə yuxarıda göstərilən çağırışlara tab gətirə bilmir. Ona görə də o, Nikolyanın adına “bayraq şou”suna başlayıb. Eyni qəbildən olan növbəti addımlarla da üzləşə bilərik. Bu baxımdan hakim “Mülki müqavilə” fraksiyasından olan Milli Məclisin deputatı Ovik Ağazaryanın Azərbaycandan açıq üzr istəməsi, özünün tənqidçilərin ünvanına ən iyrənc formada təhqirlər səsləndirməsi də təsadüfi deyil. Hakimiyyətə şounun davam etməsi və xalqın Ermənistanın mövcudluğunu təhdid edən əsl dəhşətli proseslərdən yayındırılması lazımdır”.
Ovqat.com
Paylaş: