Xəbər lenti


 

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropanın bütün qapılarını Moskvanın üzünə bağlaması nəticəsində “Bir Kəmər, Bir Yol” layihəsinin şimal marşrtutu da axsamağa başlayıb. Nəticədə bu marşrutun da yükü Orta dəhlizinin müxtəlif istiqamətlərinin üzərinə düşüb.

 

Ovqat.com-un məlumatına görə, Orta dəhlizin yükünün artması Çini bu marşrut üzərində yeni magistral və dəmir yolları çəkməyə vadar edir. Əsasən isə biri İrandan keçərək Səudiyyə Ərəbistanı və ya Türkiyə vasitəsilə Yaxın Şərqə və Avropaya uzanan, digəri isə Xəzər üzərindən keçərək Azərbaycana, Azərbaycandan Qara dəniz və Türkiyə vasitəsilə Avropaya çıxan marşrutlar üzərində dayanılır. 

 

Ötən həftə Çində keçirilən Çin-Mərkəzi Asiya (C+C5) sammitinin gündəliyində dayanan əsas məsələlərdən biri də məhz regional nəqliyyat infrastrukturlarının gücləndirməsi olub. Bildirilir ki, sammitin birgə bəyanatında öz əksini tapan bu mövzu Çinlə Mərkəzi Asiya liderlərinin təkbətək görüşlərində də müzakirəyə çıxarılıb. Çinin rəsmi informasiya nəşri olan “Global Times”ın bildirdiyinə görə, ötən cümə axşamı  Çin və Tacikistan liderlərinin yayımladığı birgə bəyanatda qeyd olunur ki, tərəflər regional nəqliyyat infrastrukturunun qarşılıqlı əlaqəsinin gücləndirilməsinin böyük əhəmiyyətini vurğulayaraq, dəmir yolu və magistral nəqliyyat dəhlizlərinin tikintisini təşviq etmək üçün daha çox çalışmaq qərarına gəliblər.

 

Çin tərəfi Tacikistanın Çin-Tacikistan-Özbəkistan avtomobil yolunun modernləşdirilməsini təşviq etmək və Tacikistanın cənubundakı Kulyab Logistika Mərkəzinin potensialından Çin, Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyəni birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafı üçün tam istifadə etmək təkliflərini nəzərdən keçirib. 

 

Qeyd

 

Multimodal nəqliyyat (daşımaçılıq) yüklərin hərəkətini asanlaşdırmaq, yəni daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsidir.

Bu daşınma növü yükü təyinat nöqtəsinə çatdırmaq üçün birdən çox nəqliyyat vasitəsinin iştirakını özündə birləşdirir.  Yük maşınları, qatar, gəmi, təyyarə və ya digər bir nəqliyyat vasitəsi istifadə edərək malları son mənzilə çatdırmaq multimodal daşımaçılığın əsas prinsipidir.

 


Hər iki tərəf Çin-Tacikistan-Şimali Əfqanıstan iqtisadi və nəqliyyat dəhlizinin inşasının böyük əhəmiyyətini vurğulayaraq, Karasu-Kulma keçidinin ilboyu fasiləsiz işləməsinin vacibliyi üzərində dayanıblar.

 

Çin lideri bir gün əvvəl, ötən həftənin çərşənbə günü isə  Qazaxıstan prezidenti ilə də görüşüb və bu görüşdə də birgə bəyanat imzalanıb. Bəyanatda Çin və Qazaxıstanın nəqliyyat şəbəkələri sahəsində gələcək əməkdaşlığı barədə fikirlər öz əksini tapıb. Çin və Qazaxıstan qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa, transsərhəd yük daşımalarını və yüklərin limanlara çatdırılması imkanlarını yaxşılaşdırmağa, Çin-Avropa ekspress dəmir yolu və Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı praktiki əməkdaşlığı dərinləşdirməyə, həmçinin quru və dəniz yolu ilə kombinə edilmiş daşımaları təşviq etməyə hazır olduqlarını vurğulayıblar.

 

Hər iki tərəf, üçüncü sərhədyanı dəmir yolunun inşasını və dəmir yolu xəttinə limanların əlavə edilməsi imkanlarını fəal şəkildə öyrənərkən istehsal və tədarük zəncirlərini sabitləşdirmək üçün nəqliyyat əməkdaşlığını inkişaf etdirmək qərarına gəliblər.

 

Mütəxəssislər və treyderlər nəqliyyat əlaqələrinin, xüsusən də dəmir yolu xətlərinin genişlənməsinin Şərqlə Qərbin birləşməsində getdikcə daha çox rol oynayacağını gözləyirlər.

 

“Çinin təklif etdiyi "Bir Kəmər və Bir Yol" təşəbbüsü (BRI) çərçivəsində birgə tikinti infrastrukturun qarşılıqlı əlaqəsinə nəzərdən keçirilib, yeni dəmir yollarının tikintisi planlaşdırılıb. Tərəflər arasında əldə edilən razılaşma xüsusilə logistika, iqtisadi inkişaf və ticarət sahələrində regional əlaqəni təşviq edəcək”, -  Şanxay İnstitutunun Çin-Cənubi Asiya əməkdaşlıq tədqiqat mərkəzinin baş katibi Liu Zonyi “Global Times”a açıqlamasında bildirib.

 

Mütəxəssisin fikrincə, Çin Mərkəzi Asiyaya özünün məişət texnologiyası, mebel və gündəlik mallar ixrac edəcək, Mərkəzi Asiyadan isə buğda, süd və digər kənd təsərrüfatı məhsulları ilə yanaşı mis kimi xammallar alacaq.

 

Liu Zonyi Orta Asiya ölkələrində bir çox dəmir yolunun sovet dövründə inşa edildiyini və Çin standartından fərqli olaraq geniş ölçüyə sahib olduğunu xatırladıb. O, dəmir yolu infrastrukturu əməkdaşlığının Çin və Orta Asiya arasında region ölkələrinin iqtisadi, sosial və iqtisadi-texnoloji inkişafına fəal töhfə verən və firavanlığı təşviq edən praktik əməkdaşlığın mikrokosmosu olduğunu söyləyib. 

 

Şəkildə: Qazaxıstanda sovetlərdən qalma dəmir yolu

Digər mütəxəssislər də mövcud dəmir yolu və magistral xətlərinin sürətlə böyüyən ticarət axınları üçün yetərli olmadığını və regional nəqliyyat obyektlərinin genişləndirilməsinə və modernləşdirilməsinə ehtiyac duyulduğunu deyirlər.

 

Xinjiang Hongyunda Freight International Co-nun meneceri Liu Huayan “Global Times”a bildirib ki, şirkət gələcəkdə daha çox dəmir yolu xəttinin istifadəyə verilməsindən məmnundur.

 

Hazırda Çin və Qazaxıstan arasında Alaşankou və Horgosdan keçən iki sərhədyanı dəmir yolları fəaliyyət göstərir. Bu iki marşrut bəzən olduqca sıx olur. Üçüncü marşrut açılsa, bu, sıxlığı mütləq azaldacaq” – Liu belə deyib.

 

Son 26 ildir fəaliyyət göstərən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi digər marşrut xəttinin yenilənməsi də sammit çərçivəsində müzakirə olunub.

 

Məlumata görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi də ölkələr arasındakı əlaqələri gücləndirmək üçün tarixi əhəmiyyət daşıyır. Bildirilir ki, ölkə liderləri Çin və Qırğızıstan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasının başa çatmasından məmnundurlar və sonrakı işləri birgə təşviq etməyə və tikintiyə başlamağa hazırlaşırlar.

 

Çinli mütəxəssislərin fikrincə, avtomobil nəqliyyatından fərqli olaraq, dəmir yolu əlaqələri treyderlərə daha müntəzəm yük çatdırılmasına şərait yaradır. Qatarlarla nəql edilə bilən geniş çeşidli malların tranzitində və uzun məsafəyə çatdırılmalarda dəmir yolu xidmətinə üstünlük verilir.

 

Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunun eksperti Zhang Ning  media açıqlamasında bildirib ki, dəmir yolu xətləri Yaxın Şərq, Türkiyə, hətta Cənub-Şərqi, Mərkəzi və Cənubi Avropa ilə əlaqələrin genişləndirilməsində daha çox ticarət potensialı yarada bilər.

 

Mütəxəssislər hesab edirlər ki, Orta dəhliz Rusiyadan keçən Yeni İpək Yolunun marşrutlarının pozulması nəticəsində yaranan həcm və ötürmə qabiliyyətinə olan bütün tələbatı ödəyə bilmir. Bu dəhliz şimal marşrutlarının ümumi tutumunun təxminən 3-5%-ni təşkil edir ki, bu, ciddi alternativ olsa da, şimal marşrutunun bütün tələbatını tam ödəmək gücündə deyil.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 390          Tarix: 22-05-2023, 07:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma