Xəbər lenti


Əslində Ukraynanın əks-hücumları başlayıb. Sadəcə bir çoxlarımızın gözlədiyi kimi bu, bütün cəbhə xətti boyunca səngər-səngərə döyüş deyil. Ukrayna 2022-ci ildə Xersonu işğaldan azad etmək üçün həyata keçirdiyi əks-aldatma taktikasından bu səfər də faydalanacaq.

 

Ovqat.com-un məlumatına görə, NATO-ya bağlı düşüncə quruluşlarından olan “Atlantic Council”in  Ukrayna üzrə xəbər xidmətinin redaktoru Peter Dickinson belə düşünür. 

 

Onun qələmə aldığı Ukraynanın yay əks-hücumu rusları aldanmağa məcbur edəcək sərlövhəli məqalədə bildirilir ki, 2022-ci ilin avqustunda Ukrayna rəsmiləri Xersonu geri almaq məqsədi ilə cənubda əks-hücuma hazırlaşdıqları barədə yüksək səslə danışırdılar: “Rusiya da buna inanıb ən yaxşı bölmələrinin bir çoxunu da məhz bu istiqamətdə gözlənilən Ukrayna hücumuna yönəltmişdi. Ukrayna isə bunun əvəzinə zəif qorunan şərq cinahına zərbə vurdu və Xarkov bölgəsinin çox hissəsini azad etdi. Rusiya hələ də bu məğlubiyyətdən qurtula bilmədiyi və müdafiəni möhkəmləndirmək məqsədilə mübarizə apardığı bir vaxtda Ukrayna hərbçiləri cənubdan hücumlara başladı və Rusiyanı Xersonu tərk etməyə məcbur etdi”.

 

Analitikin fikrincə, son günlər Ukraynanın şərqində başlayan əks-hücum əməliyyatında eyni taktikadan istifadə olunur. Hələlik taktika ilkin mərhələsindədir; Rusiyanın zəif nöqtəsini müəyyənləşdirilir. Ardınca da əsl hədəfə doğru hücuma keçiləcək. Əsl hədəf isə Krımı ələ keçirmək və Rusiyanı sülh danışıqlarına getməyə vadar etməkdir.

 

Məqalənin tamamını dəyərli oxucularımızın diqqətinə sunuruq.

 

 Müəllif: Peter Dickinson

Ukraynanın çoxdan gözlənilən əks-hücumu nəhayət başladımı? Bu həftə həm Ukrayna, həm də Rusiya tərəflərindən Ukraynanın cənub və şərqindəki cəbhə xətti boyunca aktivliyin əhəmiyyətli dərəcədə artması barədə xəbərlərdən sonra əksər beynəlxalq medianı bu sual düşündürür.

 

İrəli sürülən fərziyyələr başadüşüləndir; nəhayət, 2023-cü ilin əvvəlindən on altı aylıq müharibədə potensial dönüş nöqtəsi kimi geniş şəkildə elan edilən hücumla bağlı gözləntilər artır. Bununla birlikdə, Ukraynanın əks hücumunu Rusiya müdafiəsinə nüfuz etmək və həlledici bir irəliləyiş təmin etmək üçün böyük bir təkan kimi deyil, davamlı bir sıra lokal zərbələr kimi görmək daha faydalı ola bilər.

 

Ukraynanın qarşıdakı əks-hücumu ilə bağlı söhbətlər 2022-ci ilin sonunda Xersonun Rusiya işğalından azad edilməsindən sonra başladı. Bu son böyük hərbi uğurdan bəri altı ay ərzində Ukrayna NATO ölkələrinə on minlərlə yeni hərbi qulluqçu göndərdi və müasir döyüş tankları, qanadlı raketlər, zirehli personal daşıyıcıları və inkişaf etmiş hava hücumundan müdafiə sistemləri də daxil olmaqla misilsiz miqdarda Qərb hərbi yardımı aldı. Bu yeni təlim keçmiş və təchiz olunmuş birləşmələrin hazırda əsasən mövqelərdə olduğu düşünüldüyündən, müşahidəçilər hücumun həqiqətən davam etdiyinə dair əlamətləri izləyirlər. Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 3-də "The Wall Street Journal"a müsahibəsində deyib: "Biz əks-hücuma hazırıq".

 

Böyük döyüşlərin şahidi olmağı gözləyən hər kəs, ən azı hələlik məyus olacaq. Bir-birinə qarşı döyüşən səngərlərin uzun xətləri və artilleriya duellərinə vurğu bir çoxlarını Ukraynadakı döyüşləri Birinci Dünya müharibəsinin dəhşətləri ilə müqayisə etməyə məcbur etsə də, az adam Ukrayna ordusunun əks hücumlarından "kənar" keçərək yeni yaradılan briqadalarla Rusiya mövqelərini pozmağa çalışacağını gözləyir. Bunun əvəzinə, Ukrayna komandanlığı, ehtimal ki, Vladimir Putinin işğal qüvvələrinin zəif cəhətləri aşkar etmək üçün 1000 kilometrlik cəbhənin bütün uzunluğu boyunca bir sıra yerlərdə Rusiya müdafiəsini yoxlamağa çalışacaq.

 

Ukraynanın dəstəklədiyi rus milisləri tərəfindən həyata keçirilən Rusiya Federasiyasına son transsərhəd hücumlar da bu səylərin tərkib hissəsi ola bilər. Hərbi baxımdan ölçüsü və ya ərazi fəthləri baxımından əhəmiyyətsiz olmasına baxmayaraq, basqınlar Putin üçün ciddi bir çətinlik içərisində olduğunu göstərir və Moskvanı Ukraynadakı hərbi varlığını azaltmağa məcbur edə bilər.

 

Ukrayna qoşunları irəlilədikcə böyük maneələrlə qarşılaşacaqlar. Rusiya son altı ay ərzində boş oturmadı; Ukraynanın işğal olunmuş ərazisində bir neçə xəndək xətti və digər istehkamlar quraraq qarşıdakı hücumu gözləməyə başladı.

 

Görünür, Rusiya iyunun 6-da səhər tezdən Ukraynanın cənubundakı Dnepr çayı üzərindəki Kaxovka bəndini və elektrik stansiyasını partlatmaqla da öz qətiyyətini nümayiş etdirib. Moskva bəndin dağıdılmasını rəsmi olaraq inkar etsə də, ilkin təhlillər bu məsələdə Rusiyanın məsuliyyət daşıdığını göstərir. İyunun 7-də "New York Times"ın mühəndislik və döyüş sursatları üzrə ekspertlərə istinadən yayımladığı məqaləsi belə nəticəyə gəlir ki, Rusiyanın nəzarətində olan bəndin içərisində qəsdən törədilən partlayış çox güman ki, onun çökməsinə səbəb olub. Ardınca gələn ekoloji fəlakətlər Ukraynanın Krıma doğru çay üzərindən hücumunu praktik olaraq aradan qaldıraraq yarımadaya bitişik ərazini suya qərq edib.

 

Moskvanın Ukraynanın əks-hücumuna hazırlığı, şübhəsiz ki, təsirli görünür, lakin son aylarda sosial şəbəkələrdə yayımlanan video mesajlarının davamlı axını, pis şəraitdən, intihar taktikasından və ağır itkilərdən şikayətlənən yeni səfərbər edilmiş rus əsgərləri arasında geniş yayılmış bir mənəvi çöküntüyə işarə edir və Rusiya qoşunlarının psixoloji hazırlığı ilə bağlı suallar meydana gətirir. Əksinə, Şərqi Ukraynanın Baxmut şəhəri ətrafında qış və yaz aylarında intensiv döyüşlər zamanı çox sayda qurbana baxmayaraq ukraynalıların mənəviyyatının daha yüksək olduğu düşünülür.

 

Qeyd etmək vacibdir ki, Ukrayna qoşunları evlərini qoruyur və nəyin uğrunda mübarizə apardıqları barədə aydın bir təsəvvürə sahibdirlər, Rusiya isə hərbi hədəflərini formalaşdırmaq və ya potensial Qələbənin necə görünə biləcəyini müəyyənləşdirmək üçün savaşır. Qarşıdan gələn yay əks-hücumunun ortasında bu mənəvi amil həlledici rol oynaya bilər.

 

Ukraynanın əks-hücumundan dünya nə gözləyə bilər?

 

Rusiya-NATO münaqişəsini araşdıran əksər təhlükəsizlik və müdafiə ekspertləri razılaşırlar ki, Ukraynanın yay əks-hücumunun əsas hərbi məqsədi Cənubi Ukraynadan keçən və Rusiyanı, həmçinin işğal olunmuş Donbassı Krım yarımadası ilə birləşdirən quru əlaqəsinin kəsilməsidir. Buna nail olunarsa, Krımda və Ukraynanın cənubundakı çox sayda rus qoşunu təcrid ediləcək və Rusiyanın nüfuzuna ağır zərbə vurulacaq.


 Xəritədə: Rusiyadan Krıma iki yol keçir: biri Krım körpüsündən, digəri Melitopol və Merupoldan.

Nəticədə, Ukraynanın 2014-cü ildən bəri bəyan etdiyi kimi, Rusiya işğalı altında olan Krımın azad edilməsi məqsədində irəliyə atılmış mühüm addım olacaq. Krıma uğurlu irəliləyiş yarımadanı Ukrayna hava hücumlarına qarşı daha həssas edəcək və Rusiya daxilində siyasi böhrana səbəb olacaq. Belə ki, son on altı ayın hərbi uğursuzluqları onsuz da Rusiya hakimiyyəti daxilindəki müxtəlif elementlər arasında ciddi mübarizəyə gətirib çıxarıb. Amma Krımın özü təhlükə altına düşərsə, beynəlxalq ictimaiyyət Putinin nüvə təhdidlərinin ciddi şəkildə artmasına hazırlaşmalıdır, çünki o, fəlakətli məğlubiyyətin qarşısını almağa çalışacaq.

 

Bir çoxları Krımın taleyi ilə bağlı münasibətlərin aydınlaşdırılmasının bu müharibənin son oyunu olacağına inanırlar. Ancaq bu nöqtəyə yaxınlaşmazdan əvvəl Ukrayna əvvəlcə öz qüvvələrini səmərəli şəkildə yerləşdirməli və ölkənin materik hissəsində mövqelərini möhkəmləndirmiş Rusiya ordusunu dəf etməlidir. Bu isə irəliyə doğru hər hansı ciddi cəhdlər etməzdən əvvəl çoxlu manevr və diqqəti yayındıran hücumlarla mümkündür.

  

Ukraynada 2022-ci ilin uğurlu kampaniyaları yay əks-hücumundan nə gözlədiyinizin ən yaxşı bələdçisi ola bilər. 2022-ci ilin avqustunda Ukrayna rəsmiləri Xersonu geri almaq məqsədi ilə cənubda əks-hücuma hazırlaşdıqları barədə yüksək səslə danışırdılar. Rusiya da buna inanıb ən yaxşı bölmələrinin bir çoxunu da məhz bu istiqamətdə gözlənilən Ukrayna hücumuna yönəltmişdi. Ukrayna isə bunun əvəzinə zəif qorunan şərq cinahına zərbə vurdu və Xarkov bölgəsinin çox hissəsini azad etdi. Rusiya bu məğlubiyyətin acısından qurtula bilmədiyi və müdafiəni möhkəmləndirmək məqsədilə mübarizə apardığı bir vaxtda Ukrayna hərbçiləri cənubda hücumlara başladı və Rusiyanı Xersonu tərk etməyə məcbur etdi.


Hərbi aldatma sənətindəki bu master-klass haqlı olaraq Ukraynaya xeyli alqış qazandırdı. Ukraynadan yaxın aylarda bu cür sürprizlər gözlənilir. Onların bəyan etdiyi məqsəd Ukrayna ərazisinin tamamilə azad edilməsidir, lakin onlar rusları buna necə nail olmağı planlaşdırdıqları barədə xeyli düşünməyə məcbur etməyə çalışacaqlar.

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 116          Tarix: 8-06-2023, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma