Xəbər lenti


14-23 iyun tarixlərində Səudiyyə Ərəbistanının (SƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fransaya rəsmi səfər edib. Doqquz gün davam edən bu səfər tarixi hadisə adlandırılaraq cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. 

 

Sonuncu dəfə Məhəmməd bin Salman ötən ilin iyul ayında Fransaya rəsmi səfər etmişdi. Son bir il ərzində vəliəhd şahzadənin həmin ölkəyə ikinci dəfə böyük nümayəndə heyəti ilə səfər etməsi keçirilən görüşlərin gündəliyində duran məsələlərin əhəmiyyət daşıdığını deməyə əsas verir. 

 

İyunun 16-da Fransa Prezidenti Emmanuel Makron Məhəmməd bin Salmanı Yelisey Sarayında qarşılayıb və nümayəndə heyətləri arasında geniş tərkibdə görüş baş tutub. Doqquz günlük səfərdə Məhəmməd bin Salmanı Krallığın xarici işlər naziri Faysal bin Farhan, mədəniyyət naziri Əmir Bədr bin Adullah bin Farhan, dövlət naziri Məhəmməd bin Abdulməlik əş-Şeyx, maliyyə naziri Məhəmməd bin Abdullah əl-Cudani, Dövlət İnvestisiya Fondunun sədri Yasir bin Osman ər-Ramyan, vəliəhd şahzadənin katibi Bender bin Abid Raşid və Səudiyyə Ərəbistanı Krallığının Fransadakı səfiri Fəhəd Ravili müşayiət ediblər. Görüş çərçivəsində iki ölkənin ümumi maraqlarına xidmət edən məsələlərlə yanaşı, bir sıra mühüm regional və beynəlxalq məsələlərə toxunulub. Bu səfərlə bağlı Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbər və açıqlamalarda iki ölkənin “möhkəm köklərə bağlı iki ölkə”, habelə “qardaş ölkələr” adlandırması ikitərəfli əlaqələrin möhkəm əsaslara söykəndiyini deməyə əsas verir. Xüsusilə Məhəmməd bin Salmanın Yelisey sarayından yaydığı açıqlamada “İki ölkənin və iki xalqın maraqlarına xidmət edən məsələləri inkişaf etdirməyin yolları müzakirə olundu”,- deməsi bu qənaətdə olmağa əsas verən digər amildir. Nümayəndə heyəti arasında Krallığın mədəniyyət naziri ilə İqtisadi Məsələlər və İnkişaf Şurasının üzvünün yer alması hər iki ölkənin mədəni sahədə öz əlaqələrini inkişaf etdirməkdə istəkli olduqlarını göstərməklə yanaşı, Paris və Ər-Riyadın Yaxın Şərq və qlobal məsələlərlə ciddi şəkildə maraqlandıqlarının göstəricisidir. 

 

Görüşün məqsədlərindən digəri, iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək idi. Daha əvvəl də Fransa prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini bir araya gətirən müxtəlif görüşlərdə bu tərəfdaşlıq vurğulanmışdı. İki ölkənin bununla bağlı istəklərinin ən geniş şəkildə təqdimatı Emmanuel Makronun 2021-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində birgə verilən bəyanatda öz əksini tapmışdı. Bəyanatda diqqətçəkən məqamlardan biri də ikitərəfli iqtisadi əlaqələrlə bağlı olub. Belə ki, tərəflər iki ölkənin özəl sektorları arasında qarşılıqlı investisiyalar vasitəsilə balanslaşdırılmış iqtisadi tərəfdaşlığın həyata keçirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Səudiyyə Ərəbistanı kralı Krallığın “Vizyon 2030” proqramı çərçivəsində enerji, su və tullantıların idarə edilməsi, dayanıqlı şəhərlər, nəqliyyat, mülki aviasiya, rəqəmsal iqtisadiyyat və səhiyyə sahələrində fransız şirkətləri ilə əməkdaşlığı alqışlayıb. Öz növbəsində Fransa tərəfi dövlət və Fransa Respublikası Prezidentinin Krallığa səfəri ilə bağlı birgə bəyanatın verilməsi (04.12.2021) 3 özəl sektorlara, xüsusilə yeni texnologiyalar sektoruna, inkişaf etməkdə olan şirkətlərə və gələcəyin sənayesinə Krallığın sərmayələrini cəlb etmək istəyir. Səudiyyə Ərəbistanı da Krallığın özəl sektorunun Fransa bazarına investisiya artırmasını səbirsizliklə gözlədiyini vurğulayıb. 

 

Son illər qarşılıqlı səfərlər və görüşlər çərçivəsində Səudiyyə Ərəbistanı və Fransanın əməkdaşlıq əlaqələrində artan xətt üzrə inkişaf müşahidə olunmaqdadır. Məhəmməd bin Salmanın 2018-ci ildə Fransaya rəsmi səfəri 18 milyard dollarlıq 19 anlaşma protokolunun imzalanması ilə nəticələnib. 2021-ci ildə Fransa Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfəri əsnasında hərbi və aviasiya sənayesi sahələrində mühüm əməkdaşlıq müqavilələri imzalanıb. İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, 2018-ci ilin birinci yarısında Fransanın Səudiyyə Ərəbistanına ixracı (hərbi təchizat istisna olmaqla) 2016-cı illə müqayisədə 18.2 faiz azalaraq 2.23 milyard avrodan 1.82 milyard avroya qədər aşağı düşüb. İdxala gəlincə, 2014-2015-ci illər ərzində kəskin şəkildə azalma müşahidə olunsa da, Krallıqdan Fransaya idxalın həcmi 2017-ci ildən 2018-ci ilin birinci yarısına kimi 40.5 faiz artaraq 3 milyard avroya çatıb. İdxal dəyərindəki bu artım Fransanın idxalının 96 faizini təşkil edən xam neft məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə artması ilə bağlı olub. 

 

Görüş Rusiya-Ukrayna müharibəsinin təsirlərinin azaldılması, Livan böhranın həll edilməsi, Sudanın sürükləndiyi vətəndaş müharibəsinin qarşısının alınması yollarının müzakirəsi ətrafında baş tutub. Səfərdən əvvəl Fransanın məşhur xəbər saytları ölkə prezidentinin vəliəhd şahzadə ilə görüşünün mərkəzində Ukrayna böhranının həlli və müharibənin bitməsini sürətləndirməklə bağlı Krallıqdan dəstəyin alınması məsələsinin dayandığını bildirirdilər. Fransanın hazırda ən ümdə məqsədlərindən biri bu müharibənin daha çox zərərlərə yol açmadan bitməsidir. Bu baxımdan kütləvi informasiya vasitələrində Makronun Bin Salmandan neft hasilatının artırılması ilə bağlı istəyinin irəli sürülməsi ilə bağlı xəbərlər yayılıb. 

 

Vəliəhd şahzadənin Fransaya iyunun 23-də Paris Sammitində iştirak etmək məqsədi ilə səfər etdiyi söylənsə də, bu səfərin Səudiyyə Ərəbistanı üçün əsas qayəsi hazırda Krallığın ciddi şəkildə hazırlaşdığı və ev sahibliyi üçün namizədliyini irəli sürdüyü EXPO 2030-da Fransanın güclü dəstəyini almaq istəməsidir. Ən böyük beynəlxalq təşkilatlardan sayılan EXPO yarmarkaları Dünya Kuboku və Olimpiyada kimi hər 5 ildən bir namizədliyi təsdiqlənmiş ölkələrin şəhərlərindən birində keçirilir. 2030-cu ildə keçiriləcək yarmarkanın ev sahibi ölkəyə 50 milyard dollar civarında qazanc gətirəcəyi söylənilir. Məhəmməd bin Salmanın Fransa səfəri Krallığının regionda güc sahibi olaraq nüfuzunun daha da artığı, Rusiya-Ukrayna müharibəsi fonunda dünyada neftə yaranan kəskin ehtiyac səbəbindən mühüm neft ixracatçısı olan Krallığa ehtiyacın yüksəldiyi, o cümlədən regional və beynəlxalq səviyyədə bir çox dəyişikliklərin - Səudiyyə Ərəbistanı və İran əlaqələrində Çinin vasitəçiliyi ilə yeni irəliləyişlərin baş verdiyi, Suriyanın Ərəb Dövlətləri Liqasına (ƏDL) üzvlüyünün bərpa olunduğu və s. kimi mühüm hadisələr kontekstində baş tutub. 

 

Hazırda Səudiyyə Ərəbistanı əsas regional və beynəlxalq aktorlardan biridir. Uğurlu xarici siyasəti ilə seçilən Məhəməd bin Salmanın hədəfi ölkəsində elmi və texnoloji inkişafla yanaşı, həm də Krallığı iqlimlə mübarizədə mühüm aktor mövqeyinə yüksəltməkdir. Vəliəhd şahzadə ölkəsinin mühüm neft ixracatçısı olmaq üstünlüyündən istifadə edərək, xüsusilə texnologiya və elm sahələrində çoxşaxəli istehsal iqtisadiyyatına sahib olmaq niyyətindədir. Onun regional baxışı “sıfır münaqişə” siyasətini ehtiva etməsə də, bin Salman Krallığın birbaşa vasitəçiliyi ilə bölgədəki dini və məzhəb məsələlərinə, habelə beynəlxalq qarşıdurmalara son verərək, ölkəsinin aparıcı rolunu təsdiqləməyi hədəfləyir. Bununla o, təkcə Qərbin deyil, bütün dünyanın diqqətini öz üzərinə çəkərək regionda və beynəlxalq arenada öz mövqeyini sübut etməyə çalışır. 

 

Məhəmməd bin Salman Çin və Rusiya ilə əlaqələri gücləndirdiyi kimi, Qərblə də əlaqələri müsbət məcrada saxlamağa çalışır. Bunu Fransa ilə yanaşı, Krallığın Böyük Britaniya ilə əlaqələrində də görmək olar. 

 

Fransaya gəlincə, xüsusilə onu qeyd etmək lazımdır ki, son dönəmdə Fransa Körfəz ölkələri ilə İranın bağlarını qoruyan tək qərbli aktor olaraq Yaxın Şərq səhnəsində öz mövqeyini qorumağa çalışır. Belə olduğu halda, regional müstəvidə bir-birinə ehtiyac duyan iki ölkə arasında artan xətt üzrə inkişaf edən əlaqələrin perspektivli olacağını söyləmək mümkündür.

 

Lalə Xəlilzadə,

BMTM




Ana səhifəyə qayıt        Baxış: 6 199          Tarix: 25-07-2023, 05:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma