İrəvanın Azərbaycana qarşı hazırladığı “humanitar yardım” təxribat xarakterli kampaniyasında bu ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri də iştirak ediblər. Təəssüf ki, onlar arasında Azərbaycanın bu zamana qədər dost bildiyi ölkələrin nümayəndələri də yer alıblər. Xüsusilə Ukrayna səfirliyinin nümayəndələrinin bu təxribatda iştirakı nəinki Azərbaycanda, hətta Ermənistanın özündə də təəccüb doğurub. Bu da səbəbsiz deyil. Azərbaycan digər post-sovet ölkələrindən fərqli olaraq, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə həmişə sayğı ilə yanaşıb, bunu gizlətməyib, açıq şəkildə dilə gətirməkdən çəkinməyib. Hətta Ukraynanı passiv dəstəkləməklə də qalmayıb, ona maddi yardım göstərib. Düzdür, silah verməyib; çünki Azərbaycanda Ukraynanın işinə yarayacaq silah istehsal olunmur, xaricdən alınan silahları isə istehsalçı dövlətin razılığını almadan başqasına vermək olmaz. Amma hərbi texnikalarını hərəkətə gətirən yanacaq, əsgərlərin yarasını sarımağa dərman, əhalini və hərbi strukturları elektrik enerjisi ilə təmin edən transformatorlar, pul və s. verib. Ukrayna ən azı buna görə Azərbaycanın suverenlik haqlarına sayğı ilə yanaşmalı və ermənilərin təxribat xarakterli aksiyalarında iştirak etməməli idi.
Üstəlik, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu fəaliyyətlərin qarşıya qoyduğu hədəflərə çatması bizdən daha artıq eyni problemlər yaşayan Ukrayna üçün də bir nümunə təşkil edə bilər. Ukrayna heç olmasa öz dövlət maraqlarını nəzərə alıb bu təxribatlara qoşulmamalı idi.
Ukrayna səfirliyinin heç bir məntiqlə izah oluna bilməyən bu hərəkəti Ermənistanda da birmənalı qarşılanmayıb. Erməni yazarı Tevos Arşakyan “Ermənistan sərhədində casus səfirlər” sərlövhəli məqaləsində Ukrayna diplomatlarının bu hərəkətini Azərbaycana casusluq kimi qiymətləndirərək yazır:
“Laçın dəhlizinə gələn diplomatlar arasında Ukrayna nümayəndələrinin olması mənə daha çox qəribə gəldi. Bu ölkə həmişə Ermənistana düşmən deyilsə belə, şübhəsiz ki, dost olmayan dövlətlər sırasında yer alır. Kiyev İrəvana qarşı həmişə Bakını dəstəkləyib. Kiyev və Bakı arasında qarşılıqlı dəstək keçən ildən, Azərbaycan Ukraynaya humanitar və maliyyə yardımı etməyə başlayandan, Zelenskinin sözün əsl mənasında azərbaycanlıların əl-ayağını öpməyə hazır olduğu vaxtdan daha da güclənib.
Elə bu günlərdə Zelenski Azərbaycana elektrik avadanlıqlarının alınması və Ukraynaya göndərilməsi üçün 7,6 milyon dollar ayırdığına görə Əliyevə minnətdarlığını bildirib. Ermənistan təbii ki, Azərbaycan qədər zəngin deyil, biz Ukraynaya kömək etmək iqtidarında deyilik. Ona görə də biz onlarla maraqlanmırıq.
Şübhəsiz ki, Ukrayna və Belarus diplomatları erməni xalqına dəstək ifadə etmək üçün Laçın dəhlizinə gəlməyiblər. Və boş yerə Ermənistanda kimsə onların maarifləndiyinə inanır. Hər şey çox sadədir - ukraynalılar və belaruslar kəşfiyyat fəaliyyətini həyata keçirmək üçün Bakı adından diplomatik desant sıralarına giriblər”.
Paylaş: