Prezident İlham Əliyevin iyulun 21-də Şuşada keçirilən Qlobal Media Forumunda Qarabağdakı ermənilərə dialoq üçün “Üçüncü dəvət olmayacaq” bəyanatı həm İrəvanda, həm də Xankəndidə ciddi təşviş yaradıb. Ekspertlər də, növbəti danışıqlar raundunda dialoq məsələsində Prezidentin məlum bəyanatının əsas götürüləcəyi qənaətindədirlər.
Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilərin reinteqrasiyası üçün üç ilə yaxın müddətdə təmasların qurulması üçün cəhdlər edilib. Lakin Xankəndində mövcud olan separatçı rejim sadə ermənilərin Azərbaycanın hökumət nümayəndələri ilə əlaqə qurmasına problem yaradır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyulun 21-də Şuşada keçirilən Qlobal Media Forumunda bu məsələyə toxunaraq qeyd etdi ki, biz təşəbbüs göstərdik: “Mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkəranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər”.
Ölkə rəhbərinin məlum çıxışı heç də təsadüfi deyildi və bu açıqlamada müəyyən mesajların verildiyi diqqətdən yayınmadı. Prezident İlham Əliyevin “Üçüncü dəvət olmayacaq” fikirləri nəyə işarədir?
“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.
“Bu həm də vasitəçilərə mesaj idi”
Politoloq Rəşad Bayramov bildirdi ki, Azərbaycan Prezidentinin Şuşada Qlobal Media Forumunda separatçılara xitabən “Üçüncü dəvət olmayacaq” fikirləri bir mesaj idi: “Bu, tək separatçı rejimin qalıqlarına olan mesaj deyildi. Eyni zamanda ABŞ, Rusiya və Avropa İttifaqı vasitəsilə aparılan danışıqlarda Azərbaycan tərəfinin Qarabağ erməniləri ilə birbaşa dialoqa dəvət olunması ilə bağlı təklifləri edən ölkələrə ünvanlanmışdı. Yəni, ölkə başçısı çox açıq şəkildə bəyan etdi ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə ilk görüş baş tutub və danışıqların davam etdirilməsi üçün sonra həmin şəxslər Bakıya dəvət edilib. Lakin onların imtinası və bir müddət sonra yenidən imtinası onu deməyə əsas verir ki, bu şəxslər müstəqil deyillər. Çünki müstəqil, ağlı başında olan, doğrudan da problemin həllinə çalışanlar mütləq şəkildə bu dialoqda iştirak edərdi”.
“Qarabağ erməniləri dialoqa təşviq olunmalıdır”
R.Bayramov qeyd etdi ki, Prezident İlham Əliyevin “Üçüncü dəfə dəvət olmayacaq” bəyanatı birbaşa həmin vasitəçi ölkələrə ünvanlanıb: “Bununla dövlət başçısı demək istəyirdi ki, əgər Qarabağ erməniləri ilə dialoq istəyirsinizsə, biz dialoqa hazırıq, sadəcə, onların dialoqa məcbur edilməsi lazımdır. Məhz beynəlxalq vasitəçilər tərəfindən Qarabağ erməniləri dialoqa təşviq olunmalı və bununla da inteqrasiya prosesi həyata keçirilməlidir. Prezidentin bu bəyanatı kifayət qədər açıq və konkret idi. Ümid edirəm ki, bundan sonrakı danışıqlar prosesində növbəti dəfə Qarabağ erməniləri ilə birbaşa dialoq məsələsi ortaya çıxanda da məhz bu mövqe əsas olacaq. Başqa sözlə desək, artıq Azərbaycan tərəfinin kiminləsə dialoq aparması deyil, Qarabağ ermənilərinin öz yaşadıqları ölkənin rəsmi qurumları ilə dialoqunun vacibliyi məsələsi ortaya qoyulacaq”.
Bakının əsas tələbləri
Politoloq Zaur İbrahimli bildirdi ki, rəsmi Bakı Qarabağ bölgəsində məskunlaşmış ermənilərə qeyd-şərtsiz Azərbaycan vətəndaşlığını qəbul etməyi, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil ərazilərin Azərbaycan dövlətinin yurisdiksiyasında olmasını təklif edir. Ermənilərə Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarla bağlı təminat veriləcək: “Azərbaycan hökuməti iqtisadi rifahın təmin olunması, digər məsələlərin həlli üçün reinteqrasiya planı həyata keçirəcək. Ən başlıca şərtlərdən biri, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, ölkəmizin ərazisindən çıxarılması, təhlükəsizlik və müdafiə məsələlərinin Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həll edilməsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, rəsmi Bakı Qarabağ bölgəsində məskunlaşmış ermənilərlə dialoqda vasitəçilərsiz, birbaşa müzakirələrdən başqa formatı qəbul etmir. Bu, həm də beynəlxalq hüquq normalarına və ümumən qəbul olunmuş praktikaya uyğundur”.
Separatçılara heç bir güzəşt edilməyəcək
Z.İbrahimli əlavə etdi ki, Azərbaycan iki dəfə birbaşa dialoq, müzakirələr üçün səy göstərib: “Bu xoş məram qeyri-konstruktiv yanaşma ilə cavablandırılıb. Belə çıxır ki, Qarabağ bölgəsində məskunlaşmış separatçılar Azərbaycanın ərazi bütövlüyü, suverenliyini qəbul etmək istəmirlər. Bu mövqedən çıxış edənlərlə heç bir müzakirədən söhbət gedə bilməz. Azərbaycan yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyini tanıyan, qəbul edənlərlə müzakirə apara bilər. Cənab Prezident məhz bu yanaşmanı önə çəkdi və qeyd etdi ki, separatçı mövqedə qalanlara daha bir imkan verilə bilməz. Bu, o deməkdir ki, rəsmi Bakı Azərbaycan qanunvericiliyi çərçivəsində separatçı mövqedən çıxış edənlərə qarşı müvafiq addımlar atacaq və heç bir güzəşt edilməyəcək. Müzakirələr, dialoq o zaman mümkün ola bilər ki, ilk növbədə Qarabağ bölgəsi də daxil Azərbaycanın ərazi bütövlüyü, suverenliyi qeyd-şərtsiz əsas prinsip kimi qəbul edilməlidir. Bundan sonra iqtisadi, sosial, inteqrasiya ilə bağlı digər məsələlər müzakirə olunmalıdır. Əks halda, Azərbaycan separatçıların ədalət mühakiməsi qarşısına çıxarılması üçün bütün zəruri tədbirləri reallaşdıracaq”.
Paylaş: