Xəbər lenti

Ermənistanda siyasi təqiblər, həbslər sistemli xarakter almağa başlayıb. Kütləvi həbslər, polis zorakılığı, eləcə də, opponentlərə qarşı təqiblər artıb. Baş nazir Nikol Paşinyan və komandası təhlükə kimi gördüyü bütün şəxsləri - keçmiş səfirlər, siyasi partiya funksionerləri, hərbçilərə qarşı total həbsləri sistematik hala çevirib. Görünən odur ki, mövqelərini möhkəmləndirən baş nazir seçkiqabağı ona müxalif olan bütün qüvvələri zərərsizləşdirməkdə davam edəcək. N.Paşinyan sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə şəhər merliyinə öz adamını yerləşdirməyə çalışır. 2018-ci ildə keçirilən əvvəlki seçkilərdə Nikol Paşinyanın "Mülki Müqavilə" Partiyasının daxil olduğu “Mənim addımım” bloku inamlı qələbə qazanmışdı. Blok İrəvan Ağsaqqallar Şurasında 65 yerdən 57-ni alıb. İndi də buna ümid edir.

Başqa bir məsələ ondan ibarətdir ki, baş nazir sürətlə Rusiyadan uzaqlaşmaq xəttini də götürüb. N.Paşinyanın məhkəmədən ölkənin Rusiyadakı keçmiş səfiri Armen Smbatyanın oğlu ilə birlikdə həbs olunması barədə qərar çıxarmasına nail olması da bundan xəbər verir. İki ay müddətinə həbs olunan eks səfirin həbsi ölkədə və onun hüdudlarından kənarda qalmaqala səbəb olub. A.Smbatyan və oğlu - Dövlət Simfonik Orkestrinin dirijoru Sergey Smbatyan ilkin olaraq İrəvanda qeyri-qanuni yolla torpaq əldə etməkdə günahlandırılıb. Onların dövlətə 2,5 milyon dollar ziyan vurduqları qeyd edilir. Onlarla birlikdə iş adamı Armen Petrosyan da həbs olunub.

Erməni mediasında yer alan xəbərlərə görə, bu şəxs keçmiş səfirin dələduzluq sxemində aparıcı fiqurlardan olub. Faktla bağlı prokurorluqda cinayət işi açılıb. İstintaq hesab edir ki, şübhəlilər 2012-ci ildə hökumətə çoxfunksiyalı kompleksin tikintisi üçün 800 milyon dram (2 milyon dollardan çox) olan saxta “Kitab dünyası” investisiya proqramını təqdim ediblər. Proqram Ermənistanda kitab çapının 500 illiyinə və YUNESKO-nun İrəvanı 2012-ci ilin Dünya Kitab Paytaxtı kimi tanımasına həsr olunub. Onlar dələduzluq yolu ilə İrəvanda 300 kv.m sahəsi olan torpaq sahəsi alıblar.

Qeyd edək ki, Armen Smbatyan 2002-2010-cu illərdə Ermənistanın Rusiyadakı səfiri, 2018-2021-ci illərdə isə İsraildəki səfiri olub. Bu, ona qarşı əmlakın özgəninkiləşdirilməsi ilə bağlı ilk iş deyil. 2021-ci ildə Armen Smbatyan İrəvanın mərkəzində tarixi binanın və torpaq sahəsinin dövlət mülkiyyətindən ələ keçirilməsində keçmiş mədəniyyət naziri Hasmik Poqosyanla şəriklikdə ittiham olunub. Müstəntiqlərin fikrincə, bina və torpaq Britaniya Virciniya adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə 550 min dollara satılıb. Firma Poqosyanın gəlininə məxsus olub. Daha sonra Smbatyan sui-istifadə, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasına köməklik etməkdə ittiham olunub.

Beləliklə, ilkin olaraq keçmiş diplomatın həbsi korrupsiya və dələduzluqla bağlı olsa da, bunun arxasında müəyyən məqamlar gizlənir. Ehtimallara görə, onlar rejimə qarşı irimiqyaslı kampaniya başlamaq niyyətində olublar. Bunun üçün isə əllərində güclü maliyyə də var. Bir faktı da qeyd edək ki, istintaqda onların korrupsiya əməlləri barədə məlumat bir neçə il əvvəl olsa da, həbslərə indi başlanılıb.

A.Smbatyanla yanaşı, ölkədə qalmaqallı daha bir proses avqustun 1-də başlayacaq. Keçmiş müdafiə naziri David Tonoyan üzərində keçiriləcək məhkəmə prosesində qalmaqallı ittihamlar səslənəcəyi bildirilir. Məlumata görə, Tonoyan həbs olunandan sonra ona ailə üzvləri ilə görüşmək heç bir səbəb göstərmədən qadağan olunub. Onu çoxmilyonluq sövdələşmələrdə və yararsız hərbi silahlar almaqda günahlandırırlar. Analoji ittihamla başqa bir general Mikael Arzumanyanla da bağlı demək olar. Onun da nə yaxınlarını, nə də vəkillərini görüş üçün buraxıblar. 3-cü korpusun keçmiş komandanı Qriqori Xaçaturov da eyni taleni yaşayıb.

Tək hərbçilər deyil, siyasilərə qarşı da eyni şeyi demək olar. Məsələn, Ermənistan Respublika Partiyası sədrinin keçmiş müavini Armen Aşotyana qarşı cinayət işi 2020-ci il noyabrında başlansa da, hamı əmin idi ki, proses onun həbsi ilə nəticələnəcək. “Qolos Armenii” yazır ki, “iyulun 16-da Armen Aşotyan həbs olunub. Beləliklə, o, artıq Paşinyana mane olmur. Məhkəmə ona yalnız vəkili ilə görüşməyə icazə verib”.

Nəşr yazır ki, bu həbslər şəxsi hesabların çürüdülməsidir. Qeyd olunur ki, dünyanın bir çox hüquq-müdafiəçiləri bu qadağanı işgəncələrlə eyniləşdiriblər. Bütün qeyd olunan hallar məhdudiyyətlər deməkdir. Ailə üzvləri, xüsusən də azyaşlılarla görüşlərin qadağan olunması cinayət işinin aparılmasında neqativ təsirlərə gətirib çıxara bilməz. Ermənistan nəşri vurğulayır ki, həbs olunan şəxslərlə bağlı sadəcə yaşadığı yeri tərk etməmək qadağası tətbiq oluna bilər. Sadəcə, rejimin rəhbəri bununla da (Paşinyan nəzərdə tutulur-müəl.) siyasi opponentlərini aradan qaldırmağa çalışır.

Maraqlıdır ki, Ermənistandakı mövcud durum bu günlərdə Helsinki Komitəsinin də hazırladığı hesabatda öz əksini tapıb. “Demokratik lider” imici yaratmağa çalışan Nikol Paşinyana bu ciddi xəbərdarlıq kimi qarşılanmalıdır. Helsinki komitəsi ilə yanaşı, ABŞ Dövlət Departamenti də dünyada insan haqları ilə bağlı mövcud duruma həsr olunan hesabatında Ermənistandakı mövcud duruma toxunulub. Sistemli korrupsiyanın bir çox sahələri, o cümlədən, inşaat, dağ-mədən sənayesi, dövlət idarəetməsi, dövlət subsidiyaları, alqı-satqı məsələləri, parlament, məhkəmə sistemini əhatə etdiyi vurğulanıb.

Baş nazir isə mətbuat konfransında utanmadan bütün bunların yalan olduğunu vurğulayıb. Hətta sistemli korrupsiya faktlarına rast gəlinmədiyini iddia etməyə çalışıb.

Bütün bunların fonunda isə Qərb Ermənistana qarşı sanksiyalar tətbiq etməyə tələsmir. Əksinə, avropalı məmurlar və siyasilər səfərlərinin sayını artırır, müxtəlif aksiyalar keçirir, müşahidə missiyaları daşıyırlar. Beləliklə, Paşinyan iqtidarı özünü “demokratik hakimiyyət” kimi qələmə versə də, qeyd olunan hesabatlar onu deməyə əsas verir ki, mövcud rejim demokratiyadan tamamilə uzaqdır.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 634          Tarix: 31-07-2023, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma