Xəbər lenti

Qarabağa, Qafqaza burnunu soxmaq istəyənlər arada Şuşa Bəyannaməsini oxusunlar; Bakı-Ankara tandemi bütün məkrli oyunları pozacaq! Fransa kimi qərəz dağarcığına Güney Qafqazda yer yoxdur...

Bu savaşda Makron Fransasının adı məxsusi çəkilməlidir. Fikir verin, xarici ölkələrin Bakıdakı səfirlərindən yalnız Fransa səfiri Ann Buayon sərhəddəki humanitar şou ilə bağlı bizə “buynuz” göstərdi. Başqa heç kim. Dünən isə Fransanın Ermənistandakı yeni səfiri Olivye Dekottinye Twitter səhifəsində öz fon şəklinə Ağrı dağının fotosunu yerləşdirib. Halbuki ermənilərin “Ararat” adlandırdığı Ağrı dağının Ermənistana heç bir dəxli yoxdur. Çünki bu dağ qardaş ölkənin ərazisində yerləşir. Ermənistan isə, həmin dağ da daxil, Türkiyənin 6 vilayətini (Azərbaycandan iki dəfə böyük, 186.5 min kv km-lik bir ərazini!) “Qərbi Ermənistan” adlandıraraq özününkü sayır. Bu, onun konstitusiyasında da əksini tapıb...

Doğrudan da, “Su axar çuxurunu tapar”. Sıradan bir şəxs olmayan Fransanın səfiri də Ağrı dağının fotosunu bu kontekstdə yerləşdirməklə Ermənistanın Türkiyəyə əsassız torpaq iddiasına dəstək ifadə edir. Təbii ki, o, özbaşına deyil, təmsil elədiyi dövlətin mövqeyindən çıxış edir. Bu xüsusda zərrəcə şəkk-şübhə yox ki, onun qos-qoca Türkiyə dövlətinə qarşı bu həyasız, boyunu aşan demarşına rəsmi Paris heç bir irad bildirməyəcək. Zatən, Dekottinyenin özü də Yelisey sarayındakı ovqatı əla bilir.

Hələ harasıdır, Ermənistanın hazırkı konstitusiyasına görə, onun ərazisi 29.8 (əslində 29.7) min kv km yox, 34.1 min kv km-dir. Çünki ora keçmiş DQMV də (4.4 min kv km) daxildir.

Fransa səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

İndi arxasında eynən Ermənistan kimi bir əxlaqsız dövlətin - Fransanın durduğu bir ölkə ilə 5 məlum baza prinsipi əsasında sülh müqaviləsi imzala görüm, necə imzalayırsan? Mümkünmü?

Odur ki, Ermənistan öncə öz konstitusiyasını beynəlxalq hüquq normalarına, üzv olduğu BMT-nin Nizamnaməsinə, artıq qəbul elədiyi Almatı sənədinə uyğunlaşdırsın. Ancaq əgər İrəvanın Bakı və Ankaraya qarşı torpaq iştahasına BMT TŞ-nin üzvü olan Fransa dəstək verirsə, kapitulyant tərəf buna tezliklə gedərmi?

Ona görə deyirik ki, aparılan kövrək sülh danışıqlarına bəlkə də Rusiyadan çox, Fransa ard-arda zərbələr vurur - erməniləri “göydən yerə enməyə” qoymamaqla...    

Sirr deyil ki, xüsusən də 44 günlük savaşdan sonra Qarabağa yanaşmada rəsmi Paris beynəlxalq hüququ Rusiyadan da çox heçə sayaraq olduqca destruktiv mövqe sərgiləməkdədir. Fransa parlamentinin hər iki palatasının müharibədən az sonra (2020, 2021) Azərbaycan əleyhinə qəbul elədiyi qətnamələri, bu il isə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan sənədini yada salmaq yetər (Əcəba, bir ölkənin işğalçını qovub öz ərazi bütövlüyünü bərpa eləməsi cinayətmi?! Absurda bax, bunu məhz neçə-neçə soyqırımına imza atan bir dövlət iddia edir!).

Yəni hələ başqa heç bir ölkə Fransa kimi bu şəkildə BMT Nizamnaməsini, beynəlxalq hüququ çeynəməyib, bu cür aşırı sırtıqlığa getməyib. Pozulmuş və aşılanmış “iki bacı” mənəviyyatı, “iki bacı” xisləti başqa necə ola bilər ki?  

Bu fakt bir daha Fransanın nə dərəcədə ifritə bir dövlət olduğunu, bölgədə Rusiya qədər sülh və barışıq prosesinə badalaq gəldiyinə şübhə saxlamır. Ancaq bunlar əbəs cəhdlərdir. Azərbaycan qardaş Türkiyə ilə siyasi-hərbi tandemdə, digər strateji və sadiq dostları ilə birgə Ermənistan-Fransa cütlüyünün, bütün anti-Türk çevrələrin irili-xırdalı məkrli, çirkin planlarını pozmağa qadirdir və pozacaq! Qoy heç kim xam xəyallara düşməsin.

Fransa çapında qərəzli, Makronun özünün etiraf elədiyi kimi, ermənidən çox erməni olmaq istəyən dövlətə, qərəz dağarcığına Cənubi Qafqazda yer yoxdur, olmayacaq! O ki ola Qarabağa burunlarını soxsunlar. Buna Bakı və Ankara izn verməyəcək.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun srağagünkü Türkiyə səfəri, orada öz həmkarı Hakan Fidanla keçirdiyi görüşlər, həmçinin onun Prezident R.T.Ərdoğan tərəfindən qəbul olunması, verilən ortaq mesajlar, o sırada Fidanın Laçın yolu və Zəngəzur dəhlizi ilə bağlı söylədikləri buna şəkk-şübhə saxlamır.

Paşinyan Fransa və ABŞ-ı Rusiyanın Qarabağla bağlı səylərini dəstəkləməyə çağırdı

Türkiyə baş diplomatının “Türkiyənin gücü Azərbaycanın gücüdür və əksinə”, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmayınca Türkiyə ilə əlaqələr qaydaya düşməz” sözləri Azərbaycan əleyhinə məkrli oyun qurmaq istəyən “qaynar başların” hamısına “soyuq duş” effektli mesaj və xəbərdarlıqlardır.

Məsləhətdir ki, arada Şuşa Bəyannaməsini də oxusunlar. Harada ki, təkcə qardaş ölkənin Azərbaycana deyil, Azərbaycanın da Türkiyəyə hərbi köməyindən danışılır. Azərbaycan Ordusu isə indi nəinki 30 il öncəki, heç 3 il öncəki də deyil. Qat-qat güclü, döyüşkən, təcrübəli və moderndir. Faktiki NATO tipli, 5-c nəsil silahlarla təchiz edilən silahlı qüvvələrdir. Azərbaycanın özü isə qardaş ölkə və İsrail hesabına yerli hərbi sənayesi yüksəlişdə olan bir dövlətdir.

Odur ki, Fransa yaxşı olar “kiçik bacı”nı daha da yoldan çıxarmaqdansa, onun başına ağıl qoysun. Bəlkə onda ona Qafqazda balaca bir yer haqda düşündük...

Siyasət şöbəsi,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 4 643          Tarix: 2-08-2023, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma