Rusiya-Ukrayna müharibəsi Polşa (NATO üzvüdür) ilə Ukrayna arasındakı problemləri qlobal auditoriyanın həll olunmamış məsələləri səhnəsinə daşıyır.
Polşanın Almaniya ilə İkinci Dünya müharibəsinə görə təzminat davasını, Ukrayna ilə keçmişdən qaynaqlanan problemləri basdırmaq yerinə onları yan təsirlər kimi üzə çıxarması müşahidə edilir.
Əslində, Rusiyadan Avropaya yön alan təhdidlər Polşa ilə Ukraynanı heç zaman olmadığı qədər bir-birinə möhkəm bağlamalıdır, lakin arzularla reallıq arasındakı dərin uçurum başqa mənzərəni ortalığa çıxarır.
Hətta Rusiyanın Ukraynanı kütləvi işğala girişməsi Qərbdə əvvəllər məlum olmayan tendensiyaları üzə çıxara bilər.
Bunun bir nümunəsini Polşa prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın Ukraynanı ittiham etməsində görmək olur.
“Ukrayna Polşadan xeyli sayda yardım alıb. Yaxşı olardı ki, Polşanın Ukrayna üçün oynadığı rol Kiyev tərəfindən qiymətləndirilməyə başlanılsın”, - deyən Pşidaç Kiyevi nankorluqda ittiham edib.
Bu bəyanata görə Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki Xarici İşlər Nazirliyinə çağırılıb, ona izah edilib ki, Kiyev heç bir nankorluq etmir.
Hərçənd ki, Polşanın mövqeyində müəyyən həqiqətlər var, çünki Qərbdən Ukraynaya verilən silahlar məhz bu ölkə vasitəsilə daşınır, yəni münasibətlərdəki gərginliyin bu kontekstində Varşava, bəlkə də, haqlı görünür.
Hər bir halda, Rusiyanın Ukraynadakı kampaniyası Qərbdəki siyasi və təhlükəsizlik sistemini də “işğal” edərək vəziyyəti dəyişdirir. Qərbdəki gərginlik müharibə şəraiti ilə üzləşən Avropanın müharibəyə reaksiyasını da dəyişə bilər.
Bu, Moskvanın Qərbə qarşı populizminə kömək edən proses şəklində inkişaf etsə, Kremlin dünyagörüşünü rəngləndirməyə xidmət edəcək.
Polşanın Ukrayna ilə yanaşı, Almaniyaya da “müharibə” elan etməsi diqqətdən yayına bilməz, prinsipcə bu, yeni bir xüsusiyyət olmasa da, onun Rusiyanın hərbi təcavüzü fonunda işıqlanması Avropa üçün xoş deyil.
Rusiya kənardan baxıb bir-birinə qarşı ittihamlar yağdıran Qərbin kollektiv öhdəliklərini icra etməməsi ehtimalından həzz alır və bunu münaqişənin bütün mərhələləri üzrə özünün təcavüz spektrinin genişlənməsinə istiqamətləndirir.
Belə olan halda, Avropanın zəifliklərinin üzüyuxarı dırmanması qitədəki təhlükəsizlik mühitinin dağılacağına dair davamlı proqnozlara səbəb olur.
Ona görə də Qərb Ukraynanı Rusiyanın caynağından xilas etməlidir ki, müharibənin yaratdığı çatları rahatlıqla təmirə bağlasın. Hərçənd, ABŞ üçün müharibə bu cəhətdən sərfəlidir ki, o, Avropanın təhlükəsizlik zəmanətçisi olduğu ideallarını təbliğ edərək üstünlüklərini göstərir.
Yox, əgər Ukrayna müharibədə qalib gəlsə, Qərb Rusiyanı dişləyəcək və Moskvanın özü dərinləşən yarğanların arasına düşəcək.
Hərçənd, Rusiya Ukraynada uduzsa, onun Avropanın başqa yerlərində - məsələn, Moldovada, Balkan regionunda hansı əməllərin sahibinə çevriləcəyini müəyyən etmək çətindir.
Gələcəyə köklənən proqnozlarda fərqli fikirlər çoxdur, indi üçün reallıq budur ki, Ukraynadakı müharibədən sonra Avropanın təhlükəsizlik arxitekturasında hərtərəfli struktur dəyişiklikləri hələ də həyata keçirilməmiş qalmaqdadır.
Qoca qitədə müdafiəyə daha çox pul xərclənsə də, müharibə göstərir ki, Avropa qüvvələrinin və oyunçularının vəziyyəti ürəkaçan deyil.
Ukraynadakı müharibə kritik mərhələyə qədəm qoyanda Avropa keşməkeşli zəminə qədəm basacaq.
Bu kontekstdə müharibənin yaratdığı siyasi impuls mövcud problemlərin həlli və vahid Avropanın qarşısında duran çağırışlara hazırlanması üçün ağıllı şəkildə istifadə edilə bilməsə, vəziyyət düyünə düşəcək.
Bunlar çətin və mürəkkəb məsələləri əhatə edir, Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə dərinləşən böhran Avropada bir-birinə qarşı yeni sərtləşən xətlərin artan şkala ilə qalxmasını tətikləyəcək.
Oxu.az
Aqşin Kərimov
Paylaş: