Xəbər lenti


 

Qərbə enerji mənbələrini satmaq  ümidini tamamilə itirən Rusiya Çin və Hindistan kimi Asiya nəhənglərinə yönəlib. Artıq qazını da, neftini də bu ölkələrə satmağa çalışır. Bir neçə gün bundan əvvəl Qazaxıstan və Özbəkistanla “üçtərəfli qaz ittifaqı” yaratmağa çalışan və Türkmənistanın bu ölkələr üzərindən Çinə qədər çəkdiyi qaz kəmərlərinə tamah salan Moskva eyni coğrafiyaya neft nəqli marşrutu üzərində də baş sındırır. Rusiya üçün ən optimal variant isə Şimal dəniz yolu marşrutudur.

 

Ovqat.com-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin xüsusilə aprelin sonlarında keçirilən G-7 ölkələrinin son sammitindən sonra bu qərara gəlmiş və məmurlarına dərhal bu layihə üzərində işləməyə göstəriş vermişdi. 

 

Bildirilir ki, Aİ Rusiya neft və neft məhsullarının idxalını qadağan etdikdən və "Böyük yeddiliklər"lə birlikdə üçüncü ölkələr üçün qiymət tavanı tətbiq etdikdən sonra Çin və Hindistan Rusiyadan əsas xammal alıcılarına çevrildilər. Qarşılaşdıqları embarqonun ağır nəticələrindən yayınmaq üçün Putindən müvafiq göstəriş alan "Rosatom" un baş direktoru Aleksey Lixaçev may ayında Dövlət Korporasiyası şirkətlərinin liderləri ilə görüşərək rus neftinin Baltik limanlarından Şimal dənizi üzərindən nəqlini müzakirə etmiş və ümumi toplantıda bu təşəbbüsün ən etibarlı və cəlbedici marşrut olduğuna qərar verilmişdir.

 

 “Avropa ölkələrinin Rusiya neftinin və neft məhsullarının tədarükünə tətbiq etdiyi embarqo nəinki problemə çevrildi, əksinə Şimal dənizi marşrurunda əlavə yük bazasının yaranması üçün yeni imkanlar pəncərəsi açdı. Şimal dənizi marşrutu sayəsində bir çox dəniz nəqliyyatı vasitəsinin fəaliyyətini qərbdən şərqə köçürmək mümkün oldu”, - Rosatom rəhbəri Aleksey Lixaçev hardasa bir ay əvvəl Rusiya prezidenti Putinlə görüşdə bildirmişdi.

 

Qeyd edək ki, Şimal dənizi marşrutu ənənəvi Suveyş kanalı üzərindən nəql imkanlarınnı 7500-8000 km qısaldır və ilkin təxminlərə görə, 34 günlük səfəri 23 günə endirir. Di gəl ki, son təcrübələr bu hesablamaların o qədər də səhih olmadığı qənaəti yaradır.

 

İddialara inansaq, bu gün avqustun 15-də Rusiya "Taimyr" və "Sibir" buzqıranlarının köməkliyi ilə Çinə neft daşıyan "Primorsky prospekt", “NS Arctic” və "GFR Baltika" tankerlərini  Berinq boğazında açıq sulara çıxarmağı bacarıb. Bu gəmi karvanının iyunun 13-14-də Baltik dənizindəki Ust-Luga və Primorsk limanından çıxıb Şimal dənizinə keçdiyi bildirilir. Gəmilər 5 avqustda Şərqi Sibir dənizinə çatdıqdan sonra dayanıb, 6 gün buzqıran gəmi gözləyiblər. Çünki onlar təkbaşına buz sahələrinə girməyə risk etməyiblər. Avqustun 11-də "Taymır" buzqıranı tankerlərin dadına çatıb və sonra yardıma qoşulan “Sibir” buzqıranın da köməkliyi ilə 5 gün ərzində 550 mil məsafəni qət ediblər. Gəmilərin Çinə avqustun 29-da çatacağı təxmin olunur.

 

İyunun 13-dən avqustun 29-na qədər hardasa 45 gün vaxt edir. Sözsüz ki, bu müddət ənənəvi Suveyş kanalı ilə gedişə sərf olunan 34 günlük müddətdən xeyli çoxdur. Amma bu marşrut ilə neft nəqlinin ilk dəfə təcrübədən keçirildiyini və tankerlərin 6 gün Şərqi Sibir dənizində buzqıran gəmi gözlədiyini nəzərə alsaq, işlər sahmana düşəndən sonra nəql müddətinin qısalacağı şübhə doğurmur. 

 

Bununla belə, sözügedən təcrübənin ilin ən isti dövrlərində - iyul-avqust aylarında keçirildiyi də nəzərə qaçmamalıdır. Qış aylarında gəmilərin Şimal dənizi üzərindən hərəkətləri daha da çətinləşə bilər.

 

 Üstəlik, Rusiyanın Çin və Hindistanın tələbatını ödəmək üçün kifayət qədər buzqıran gəmisi də yoxdur. FG "Finam" şirkətinin analitiki Aleksandr Potavin də bu qənaətdədir. Onun bildirdiyinə görə, Şimal dənizi marşrutu boyunca neft nəqli üçün Rusiyada kütləvi istehsal olunmayan buzqıran sinifli tankerlər sifariş etmək lazımdır. Çünki ölkədə bu günə qədər şərqə yük gəmilərinin il boyu müşayiəti üçün kifayət qədər buzqıran yoxdu.

 

Bütün bu faktlar onu göstərir ki, Qərbdən üz döndərib Asiyaya üz tutan Rusiyanın öz məqsədinə çatması o qədər də asan olmayacaq. Üstəlik, o, Ukrayna ilə müharibə aparır və təcili şəkildə hərbi  texnika, silah-sursat istehsal etməlidir. Bir də bu problemə buzqıran gəmi və tankerlərin də istehsalı əlavə olunanda, Rusiyanın bu qədər problemi öz üzərində daşıya biləcəyi qaranlıq görünür. Onu da nəzərə alsaq ki, Rusiyanı Çin və Hindistan enerji bazarında Türkmənistan və Yaxın Şərq ölkələri kimi ciddi rəqiblər də gözləyir, Moskvanın işinin asan olmayacağı qənaəti güclənir.

 

Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Rusiyanın Qazaxıstan və Özbəkistanı yanına alaraq “üçtərəfli qaz ittifaqı” qurmaq planları da baş tutmadı. Qazaxıstan tərəfi bu ideyanın Putinin ağlının məhsulu olduğunu və Astanaya bu barədə rəsmi məlumat verilmədiyini bildirdi. Astanın onu da bildirdi ki, bu məsələyə tək başına qərar verə bilməz, gərək Özbəkistanın da razılığı alına. Daşkənd öz mövqeyini bildirdikdən sonra Astana bu ittifaqa qoşulub-qoşulmamağa qərar verəcək. 

 

Putinin “üçtərəfli qaz ittifaqı” təklifinə ən sərt cavab isə Türkmənistandan gəldi. “Türkmənqaz” dövlət konserninin sədr müavini Murad Arçayev  Moskvanın diqqətinə dolayısıyla çatdırdı ki, Özbəkistanla Qazaxıstandan keçən qaz kəmərlərini Aşqabad çəkib və ““üçtərəfli qaz ittifaqı” kimi layihələr Pekinə qaz nəqli baxımından onun maraqlarına toxunur... Çinə tədarük edilən qaz həcmlərinin paylanması üçün mövcud sxem Türkmənistan-Çin qaz kəməri layihəsinin iştirakçılarının sayını genişləndirmək planlarını əhatə etmir".

 

Bir sözlə, Putinin yeni marşrutlarla Çinə qaz və neft nəqli ümidləri havadan asılı vəziyyətdə qalıb. 


Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 048          Tarix: 16-08-2023, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma