Xəbər lenti

Rusiya öz ərazi hüdudları çərçivəsində Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərən, separatizmi dəstəkləyən qüvvələri Bakının mühakiməsinə verməlidir.

Bu, Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11-ci və 18-ci maddələri üzrə nəzəri situasiyanı əhatə edən halların şərtidir.

Lakin Rusiya dondurulmuş münaqişələrə və ya bu konfliktlərin doğurduğu nəticələrin izlərinin dərinləşməsinə meyillidir.

Kremldə enerjisini Rusiyanın ənənəvi siyasətinin davam etməsi üçün sərf edənlər “münaqişə və separatizm” mövzusuna ayrıca yer ayıraraq regionda de-fakto dövlətlərin yaranmasına səbəb ola biləcək separatçı hərəkatları dəstəkləmək mexanizmləri qururlar.

Qarabağdakı münaqişənin həlli ilə Azərbaycan Rusiyanın vurduğu regional düyünlərdən birini açdı, hərçənd, bu məsələdə Bakı-Ankara-Moskva üçtərəfli razılaşmalarının da xeyli əhəmiyyəti oldu.

Ancaq bu o demək deyil ki, Rusiya “xəzinəsindəki” separatizm, dini və etnik zəmində toqquşma yaratmaq potensiallarını tükədib, əksinə, Kreml Ukraynadakı müharibə səbəbilə üzləşdiyi geosiyasi riskləri məhz təhdid yaratmaqla kompensasiya etməyə çalışır.

Bu məsələdə Rusiyaya yaxından kömək etmək üçün İran Moskvanın başına dolanır, ancaq regional maraqlardakı fərqlilik Kremllə Tehranı bütün aspektlər üzrə eyni müstəviyə yerləşdirmir.

Ortaq nöqtələr isə təbii ki, var, məsələn, Rusiya ilə İran regionda müştərək layihə kimi qeyri-dövlət aktorlarını fəallaşdırmaq tendensiyalarını qabarda bilərlər.

Tehran Rusiyanın etnik kartına əlavə bir fiqur çəkməkdən ötrü sinov gedir, İran həmin vitrini dini zəmindəki radikallaşma ilə “zənginləşdirmək” arzusunu həyata keçirməkdə davam edir. İran Cənubi Qafqaz üzrə missiyasında Azərbaycanı və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələri regional müqavimət hərəkatı formalaşdıra biləcək ərazilər kimi nəzərdən keçirir. Qısası, regiondakı separatizm, millətçilik təhdidləri Rusiya-İran planlarının hibridi kimi ortaya çıxır, hərçənd, qeyd etdiyimiz kimi, bütün aspektlər üzrə vahid yanaşma yoxdur.

Əlqərəz, Moskva-Tehran müstəvisindəki fərqli məntiqlərə baxmayaraq, avqustun 7-də Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir Rusiya və İranın şərikli işi kimi qeyd edilə bilər.

Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlayaraq izahat istəməsi ciddi mətləblərdən xəbər verən tezis kimi dərk olunmalıdır. Bu, bir hadisəyə qarşı yox, bütövlükdə Rusiyanın separatizm kartına qarşı etiraz kimi şərh edilə bilər.

Böyük ehtimalla, tədbir Moskva-Tehran cütlüyünün hibridi kimi təşkil edilib, ən azından, bu versiya dəqiqdir ki, belə provokativ tədbirlərdə İran da çox maraqlıdır.

Azərbaycanın ixtiyarı və hüququ var ki, Rusiyadan həmin separatçıların neytrallaşdırılmasını tələb etsin.  Azərbaycanla Rusiya arasındakı Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11-ci və 18-ci maddələrini tezis şəklində xatırladaq:

- Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə aldıqlarını bildirirlər;

- Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirmək öhdəlikləri götürürlər.

Ona görə də Rusiya Bəyannamənin müddəalarına riayət etməlidir, hərçənd, Moskvadan belə bir hərəkət gözləmək də çətindir. Ümumilikdə bu məsələ üzrə Azərbaycanla Rusiya arasında narazılıqlar qalacaq, çünki Moskva separatçılığı strateji genişlənmə siyasətinin çevrəsində yerləşdirib və onu qoparıb atan deyil.

Postsovet məkanında separatizmlə qaynar münaqişələr başlatmaq və ya keçmişin izlərini böyütmək cəhdləri ərşə çəkilməyəcək, İran bu dairənin içərisinə özünəməxsus dini motivləri yükləməyə davam edəcək.

Azərbaycan bu toxumları özünün suverenliyi və ərazi bütövlüyünün pozulmasına cəhdlər kimi təhlillər aparmaqdadır. 

Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi, hərbi, təhlükəsizlik, energetika, logistika sahələrini əhatə edən strateji güclərindən birinə çevrilir ki, bu amillər də təhdidlərə qarşı müqavimətdə həlledici rola malikdir.

Bu o deməkdir ki, nə Rusiya, nə də İran hədə-qorxu ilə Bakını öz iradəsinə tabe etdirə bilərlər. Onlar üçün sevimli separatizm kartı Azərbaycana qarşı tutarlı olmayacaq.

Lakin bu o anlam vermir ki, separatçılığın körüklənməsi üçün təhdidlər aradan qalxacaq, çünki regiondakı təhlükəli tendensiyaların qlobal siyasi nizamda baş verən “zəlzələ” ilə bağlı olan tərəfləri də az deyil.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 538          Tarix: 28-08-2023, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma