Azərbaycan dövlətinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra Bakı hələ də nəzarətə götürülmüş ərazilərin siyahısını yaymayıb, bunun mümkün üç səbəbi var.
Birincisi, separatçıların tərk-silah prosesi gedir və prosesin gedişatında müəyyən ərazi nailiyyətləri açıqlana bilər.
İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti xidmət statusu ilə bağlı Bakı ilə Moskva arasında aparıla biləcək müzakirələrdən dolayı bəzi məsələlər qapalı saxlanılır.
Üçüncüsü, Qərbin hadisələrə və nəticələrə reaksiyaları ölçülür, götür-qoy edilərək ona uyğun adekvat mövqenin sərgilənməsi amili incə məqam ola bilər.
Bunlar müəyyən səbəblərdir, nəticə olaraq isə Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında öz suverenliyini bərqərar edərək onu möhkəmləndirir.
Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə Qarabağdakı erməni sakinlərin təmsilçiləri arasında keçirilən görüşdə Bakının diktələrinin davamının gəlməsi prosesin sürətlənməsi vüsətini artırır.
Azərbaycanın Qarabağdakı ermənilərə humanitar yardım göndərməsi xüsusi diqqətə alınmalıdır, çünki bu dəfə ortada nə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, nə də həmin təşkilatın Rusiya ofisinin vasitəçiliyi mövcuddur.
Artıq Azərbaycan Ağdam-Xankəndi yolu ilə öz ərzaqlarını, lazım olan ləvazimatları öz sürücüləri, öz avtomobilləri ilə Xankəndiyə yola salır - bir sözlə, suveren hüquqların təmini üçün blokadalar əhəmiyyətli şəkildə yarıldı.
Qarabağdakı ermənilərin Azərbaycan dövlətinin ictimai-siyasi həyatında Konstitusiyanın şərtləri altındakı iştirakçılıq hüququnun müəyyənləşdirilməsi prosedurlarının müzakirəsi isə davam edir.
Bu istiqamətdə Prezident İlham Əliyevin təklif etdiyi ideyalar yol xəritəsi olaraq götürülür, yəni hətta beynəlxalq mexanizmlər hazırlanacaqsa belə, bu, Azərbaycan dövlətinin şərtlərinin çərçivəsindən kənara çıxa bilməz.
Qarabağdakı hərbi güc tətbiqindən sonra Azərbaycanın müdafiə əməliyyatlarının uğuru artacaq, xüsusilə sülhməramlıların müvəqqəti zonasında suverenlik hüququnun tədrici hərtərəfli təminindən sonra.
Mexanizmlərdə nəzərə alınmalı incə bir məqam da olmalıdır, belə ki, Qarabağdakı mülki əhalinin gizlətdiyi silahların olması istisna deyil.
Azərbaycan dövlət olaraq qanunsuz silah saxlamağa qarşı tədbirlərdən irəli gələn addımları reallaşdırmaq çağırışı ilə də qarşı-qarşıyadır, prosesə beynəlxalq töhfə vermək istəyənlər bu məsələni də nəzərdə saxlamalıdırlar.
Erməni separatçıların isə aldatma əməliyyatlarına baş vurması ehtimalları yoxdur, çünki Azərbaycan Ordusu qanunsuz xuntanın əlini-qolunu qalın bir kəndirlə bağlamağa nail oldu.
Yəni bundan sonra separatçıların Azərbaycan dövlətinin suverenlik və ərazi bütövlüyünü pozmaq səyləri üçün onları stimullaşdıran mənbə qalmır.
Nəticə:
Azərbaycan Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda öz üçrəngli bayrağını dalğalandıracaq, bu, indi daha çox texniki prosedurların icrası ilə əlaqəlidir.
Rusiya və Qərblə razılaşmalar da prosesdə rola malikdir, hərçənd, Azərbaycan Qarabağda açıq qalan məsələlərin həllində kənar qüvvələrin müdaxiləsi üçün imkanları əhəmiyyətli şəkildə azaldıb. Çünki artıq Qarabağa silah daşınmır, həmçinin separatçılara silahı yerə qoymaq tələbi irəli sürülüb. İndi qalır Qarabağ ermənilərinin reinteqrasiya prosesi ilə bağlı prosedurların yerinə yetirilməsi və bu istiqamətdə danışıqlar.
oxu.az
Aqşin Kərimov
Paylaş: