Mərkəzi Asiyaya beynəlxalq güclərin artan marağı Qazaıxıstan üzərindən daha aydın manipulyasiyalarla hiss edilir.
Rusiya KİV-i və sosial şəbəkələri belə bir məlumat tirajlayıb ki, Qazaxıstanda NATO mərkəzi açılıb.
Hərçənd ki, NATO-nun Qazaxıstandakı Sülhməramlı Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir və Qazaxıstanın Müdafiə Nazirliyi tərəfindən idarə olunur. Onun maliyyəsi isə ABŞ tərəfindən qarşılanıb.
Rusiyanın informasiya əməliyyatı Mərkəzi Asiya üzrə genişlənən gündəliyin arxa planını göstərir. Rusiya Mərkəzi Asiyanın təhlükəsizlik aparatında önəmli düymələrə malikdir, hərçənd, indi ABŞ Moskvanın rıçaqlarını əlindən almaqda qərarlıdır.
Qazaxıstan isə açardır, əsasdır, onunla bağlı hər nüans xüsusi diqqətəlayiq hadisə və həyəcanverici xüsusiyyətlərə malikdir.
Qazaxıstan Mərkəzi Asiyada ən qüdrətli dövlətdir və onun xarici siyasət üzrə manevrləri çoxşaxəlidir. Qazaxıstanın strategiyasında Rusiya, Qərb və Çinlə münasibətlərin sxemi yaxşı tərtib edilib.
Regionun digər dövlətləri - Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan isə Qazaxıstan qədər manevrə malik deyillər.
Strateji diqqətlər daha böyük enerji resurslarına malik olan Qazaxıstan, Türkmənistan və Özbəkistana yönəlir. İlk ikisinə xüsusilə. Yerdə qalan dövlətlər isə daha çox münaqişəli proseslərdən əziyyət çəkən tərəflərdir və bunların həlli böyük ölçüdə Rusiyadan asılıdır.
Qərbin münaqişəli mövzulara diqqəti çoxalsa da, o, daha çox enerji resursları ilə əlaqədar mövzulara önəm verir. Bu mənada Qazaxıstana artan diqqət Rusiyanın da narazılığına səbəb olur.
Budur ki, Rusiya informasiya dövriyyəsində manipulyasiyalar edir. Görünür ki, Kreml Qərbin regionla əlaqədar gizli gündəliyindən xəbərdar olduğunu diqqətə çatdırır.
Xatırlatmaq lazımdır ki, Mərkəzi Asiya liderləri son bir ildə həm Rusiya, həm Çin, həm də ABŞ-nin liderliyi ilə müzakirələrə qoşulublar.
İndi həm Moskva, həm Vaşinqton, həm də Pekin Mərkəzi Asiyanı öz xəttində tutmaq yarışına başladıqlarını əyani göstərirlər. Bu, əslində, yeni tendensiya da deyil, amma Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələri fonunda forma və ölçüsünü dəyişir.
Hər üç beynəlxalq gücün nəzərində Mərkəzi Asiyanın qəbul edilmiş strateji əhəmiyyəti var.
Bu region Şərqlə Qərb arasındakı iqtisadi-ticari mübadiləni, logistikanın və energetika sahəsinin şaxələnməsini asanlaşdırır.
Ən vacib rəqabət elə həmin resurslara çıxış imkanlarını daimi əsaslarla saxlamağa yönəlir.
Oxu.az
Aqşin Kərimov
Paylaş: