Xəbər lenti

Bir millətin və ya ölkənin ən böyük bədbəxtliyi onun ağıllı və müdrik rəhbər sarıdan xroniki korluq çəkməsidir. Müəyyən müddətə belə lider yetişməyə, tapılmaya bilər, amma daha burnundan uzağı görə bilməyən rəhbərlərin permanent şəkildə bir-birini əvəzlənməsi... bu, gerçəkdən də fəlakətdir.

Söhbət əlbəttə, ən çox nankor qonşularımızdan gedir. Yenə insafən aralarında Suriya (Hələb) əsilli Levon Ter-Petrosyan (1991-1998) az-çox praqmatizmi ilə seçilib. Amma o da iş-işdən keçəndən sonra...

Məsələ ondadır ki, 1994-cü ildə, “Əsrin müqaviləsi” hazırlanarkən mərhum prezident Heydər Əliyev bölgədə böyük sülh və əməkdaşlıq naminə Bakı-Ceyhan neft xəttinin ən qısa, ən əlverişli marşrut kimi Qarabağ və Ermənistan üzərindən çəkilişini təklif edib. Bir şərtlə, konflikt ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunsun, iki xalq arasında düşmənçilik bitsin.

Üstəgəl, Bakı İrəvana Ermənistanda bir neçə neftayırma zavodunun inşası, ucuz neftlə təminat və yüksək tranzit haqları vəd edib (mənbə: sabiq xarici işlər naziri Həsən Həsənovun müsahibəsi). Amma ovaxtkı prezident Ter-Petrosyanın cavabı nə olsa yaxşıdır: “Biz Qarabağı boruya dəyişmirik”.

Düzdür, Levon Akopoviç 4 il sonra - 1998-də nə boyda yanlış elədiyini anladı. “İqtisadiyyat siyasəti, hətta geosiyasəti müəyyən edir” fəlsəfəsini də həmçinin. Ancaq artıq gec idi. Qatar getmişdi. Oxşar səhvləri onun zorən xələfləri - Robert Köçəryan və Serj Sərkisyan təkrarladı: Bak-Ərzurum qaz, Bakı-Qars dəmiryolu xətlərinin qonşu ölkədən keçməsinə qadağa qoymaqla...

1997-ci ilin sonunda, devrilməmişdən cəmi bir neçə ay qabaq Levon Ter-Petrosyan verdiyi müsahibədə artıq başı daşdan-daşa dəymiş, dünyanın gərdişini hiss eləyirmiş kimi verdiyi müsahibədə Qarabağın statusunu gələcəyə saxlamağa razılaşaraq belə söyləmişdi: “Bizə təklif ediləni götürməsək, vaxt gələcək, yalvaracağıq, çünki vəziyyət dəyişəcək, Azərbaycan güclənəcək”.

Bu dəfə isə Köçəryan-Sərkisyan bandit cütlüyü qoymadı. Qarabağ klanı Rusiyanın “dobro”su ilə Ermənistanın ilk prezidentini çevrilişlə hakimiyyətdən uzaqlaşdırdı.

Yaxşı, nə qazandı bəs erməni xalqı öz avantürist liderlərinin on illərlə sürən “miatsum” hoqqalarından, sərfəli iqtisadi təkliflərə mənasız dirənişindən, uzadılan barışıq əllərini havada saxlamasından? Azərbaycan axı Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu da söz verirdi.

Hamısı cəhənnəmlik oldu. Məğlub millət üçün acı gerçək indi bütün çılpaqlığı ilə ortada...

Ancaq 27 il sonra Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan görün Tiflisdəki forumda dünən nə deyib. Sitat: “Sovet dönəmində Ermənistan Azərbaycandan qaz alırdı. Azərbaycandan üç böyük qaz kəməri bu məqsədə xidmət edirdi. Münaqişə səbəbindən qaz və elektrik enerjisi verilişinin dayandırılması Ermənistanın energetik sistemi üçün əsl şok oldu. Ümid edirik ki, regiona sülh gələcək, aradakı siyasi məsələlər həll olacaq və biz yenə Azərbaycandan qaz ala, öz enerji mənbələrimizi şaxələndirə biləcəyik”.

Davamı da var. Vardanyan: “Biz Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə ola bilərik. Bu, həmçinin elektrik enerjisinin nəqlinə aiddir. Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə elektrik enerjisinin tranziti və ixracında, eləcə də hər iki ölkəyə, habelə İran və Gürcüstan arasında elektrik enerjisi ixracında rol oynaya bilər”.

Deyəsən bədnam qonşular bunu bizim haqqımızda deyiblər axı: “Müsəlmanın sonrakı ağlı”. Amma taleyə bax ki, məsəl ən çox özlərinə yaraşır. Təbii ki, doğru-düzgün dərs götürə bilsələr. Hələ hər şey itirilməyib...

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 129          Tarix: 27-10-2023, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma