Xəbər lenti

Fəlakətə sürüklənən Ukrayna! Rusiya ilə iki ilə yaxındır davam edən qanlı və nəticəsiz müharibə artıq çoxlarında bu qənaəti formalaşdırıb. Müharibənin Ukraynanın məğlubiyyətinə gətirib çıxaracağını düşünənlər də artıb. “Qərb ölkələri Ukraynanı müharibəyə sürüklədi”, “Rusiyaya qalib gəlmək mümkün deyil”, “Avropa üçün öz mənfəəti hər şeydən üstündür”, “Bəzi Qərb ölkələri Rusiya ilə separat danışıqlara gedir” fikirləri artıq Qərb beyin mərkəzləri, mediasının əsas tezisinə çevrilib.

Açıq görünür ki, Qərb, xüsusən də Birləşmiş Ştatlar 2008-ci ildə Gürcüstanı olduğu kimi, indi də Ukraynanı meydanda tək qoyub. Acınacaqlı hal ondan ibarətdir ki, tərəflərdən heç biri minlərlə insanın ölümünə səbəb olan müharibəni dayandırmağı düşünmür. Rusiya müharibəyə başlayarkən qarşısına qoyduğu hədəflərə nail ola bilməsə də, əməliyyatları dayandırmaq fikrində deyil. Qərb mediası və siyasilərinin bar-bar bağırdığı “Rusiya çökür”, “əhali müharibəyə qarşı çıxır” tezisləri də effektsiz təbliğata çevrilib.

Ukrayna isə müharibənin fəsadlarını və şokunu yaşamaqdadır. Qərbin təhriki ilə müharibəyə sövq edilən ölkə hazırda ağır durumla qarşı-qarşıyadır. Ortada Qərbin vəd edilən nə hərbi, nə də maliyyə dəstəyi var, torpaqları da azad olunmayıb. Vəziyyət günbəgün daha da ağırlaşır. Artıq bunu Ukrayna Prezidenti Volodimir Zelenski də başa düşüb. O, beynəlxalq güclərin təhriki ilə müharibəyə cəlb olunduğunu anlayaraq Qərb dövlətlərini ittiham etməyə başlayıb. Qərb Rusiyaya qarşı sanksiyalar paketi tətbiq etsə də, onlar Kremlin çöküşünə gətirib çıxarmayıb. Əksinə, ara-sıra Qərbin Moskva ilə separat danışıqlara getdiyi barədə tutarlı faktlar ortaya çıxır. Ukraynanın davamlı şəkildə silahlandırılmasında da problemlər var. Məsələn, ABŞ və Avropa Ukraynaya lazım olan hərbi texnikanı çatdırmaqda xəsislik edir və proses olduqca ləng gedir. Uzaqmənzilli silahların verilməsindən isə bəzi hallarda ümumiyyətlə imtina edilir. Ən əsası, vəd olunan “Patriot” hava hücumundan müdafiə sistemləri Ukrayna təhvil verilmədi.

Bəllidir ki, Rusiyanın gəlir mənbəyinin böyük hissəsini neft və qaz satışından əldə olunan vəsait təşkil edir. Qərb ölkələri bunun qarşısını almaq əvəzinə, Rusiya qazından istifadəni davam etdirir. Hətta Rusiya neftindən belə tam olaraq imtina edilməyib. Zelenski də ümid edirdi ki, Avropa Rusiya neftindən tamamilə imtina edəcək. Bundan başqa, Qərb vəd edilən növbəti sanksiya paketini də qəbul etməyə tələsmir. Bu paket üzərində artıq bir neçə aydır iş aparılsa da, ortada heç nə yoxdur. Bu sənəd özündə ixraca nəzarəti, investisiyaların yoxlanılması mexanizmlərini, pilotsuz uçuş aparatlarının istehsalı üçün müvafiq texnologiyalarla bağlı məsələləri ehtiva edir. Paketin ABŞ və Avropa İttifaqı arasında razılaşdırılmasına baxmayaraq, hələ də qəbul edilmir. Çünki Macarıstan və Yunanıstan həmin sanksiyalar paketinin qəbuluna veto qoyub. Afina Kiyevin sanksiyalar tətbiq etdiyi yunan şirkətlərinə qarşı sanksiyaların götürülməsini tələb edir. Başqa sözlə, indi Macarıstan və Yunanıstan sanksiyalara əməl etmək zərurəti üzündən iqtisadiyyatlarını itkilərdən qorumaq üçün birgə siyasi rıçaqlardan istifadə edir. Digər məsələ ondadır ki, bu savaşdan faydalanan ölkələr, eləcə də müharibə fəlakətləri sayəsində xeyli gəlir əldə edən şirkətlər, daha da varlanan biznes dairələrinin də sayı kifayət qədərdir. Gördüyünüz kimi, həm Rusiyaya, həm də Ukraynaya münasibətdə fikir ayrılıqları var. Bu kimi fikir ayrılıqları olduğu müddətdə isə, təbii ki, həlledici addımlar atmaq çətin olur.

Rusiya bəyan edir ki, müharibənin dayanması üçün Qərb Ukraynaya silah tədarükünü dayandırmalı, rəsmi Kiyev NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməli və bununla bağlı öhdəlik götürməlidir. Kiyev yeni ərazi reallıqlarını tanımalı, yəni işğal altında olan və “referendum” yolu ilə Rusiyaya birləşdirilən ərazilərdən imtina etməli, eləcə də rus dili Ukraynanın həmin ərazilərində dövlət dili statusu almalıdır. Ukrayna isə belə getsə, bunları qəbul etməli olacaq. Rəsmi Kiyevə gəldikdə, ilk günlərdə tələbi o idi ki, Rusiya qoşunları Ukrayna ərazisindən dərhal çıxarılmalı, keçmiş SSRİ ölkələrinin suverenliyini tanınmalı, müharibə cinayətkarları ekstradisiya olunmalıdır. Ən əsası, Rusiya tərəfindən qanunla rəsmiləşdirilmiş təzminat ödənişləri həyata keçirilməlidir. Ukrayna tərəfi bu şərtləri hərbi əməliyyatların ilk vaxtlarında irəli sürürdü. İndi isə bunların bir çoxundan imtina edir.

Ən acınacaqlı durum isə Ukraynadan insan axının güclənməsidir. Müharibədən əvvəl ölkədə əhali sayı 45 milyon idisə, indi bu rəqəm 20 milyona düşüb. Bütün bunların əvəzində Qərb ölkələri, xüsusən də ABŞ və Avropa İttifaqı bütün günahı Ukrayna dövlətinin üstünə atır. Bu istiqamətdə Qərbin aparıcı tədqiqat mərkəzlərində və mediasında məqalələr dərc olunur. Hətta Koreya modeli əsasında Ukraynanın bölünməsindən bəhs edilir. Həmin aparıcı mərkəzlərin hesabatlarında və analizlərində Ukraynanın bir dövlət kimi parçalanması qabardılır. Polşanın onun torpaqlarının bir hissəsinə nəzarətindən bəhs edilir.

Artıq çoxları Ukraynanın düşdüyü indiki durumun qonşu Gürcüstanı xatırlatdığı fikrini irəli sürür. Belə ki, vaxtilə bu ölkənin prezidenti Mixail Saakaşvilinin avantürası nəticəsində Rusiya ordusu Tbilisinin bir neçə kilometrliyinə gəlib çıxmışdı. Nəticə də bəllidir. Abxaziya və Cənubi Osetiya tam şəkildə Rusiyaya birləşdirildi. Eyni ssenari Ukrayna ilə bağlı həyata keçirilir. O zaman prosesin arxasında ABŞ-nin keçmiş dövlət katibi Kondaliza Rays dururdusa, indi bu siyasət bir neçə nəfərin əli ilə həyata keçirilir.

Beləliklə, görünən odur ki, Gürcüstanda olduğu kimi, Ukraynada da Qərb ölkələri öz mənfəətlərini hər şeydən üstün tutur. Eyni mövqenin uzun illər Azərbaycana qarşı həyata keçirildiyi də sirr deyil. Otuz il erməni işğalına göz yuman Avropa və ABŞ erməni lobbisinin mövqeyindən çıxış edərək işğala məruz qalanla işğalçı dövlət arasında heç bir fərq qoymamışdı.

“Report” İnformasiya Agentliyi




Ana səhifəyə qayıt        Baxış: 4 416          Tarix: 6-11-2023, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma