Xəbər lenti

Ermənistanda dini və irqi ayrı-seçkilik görünməmiş dərəcədə artıb. Cəmiyyətdə hökm sürən Azərbaycanofobiya və türkofobiyaya daha bir “fobiya” əlavə olunur – Antisemitizm.

İrəvanda yeganə yəhudi sinaqoqu yandırılıb, oktyabrın 7-də Yaxın Şərqdə başlayan müharibədən sonra İrəvanın küçələri, divarları HƏMAS-ın lehinə, İsrailin əleyhinə çoxsaylı plakatlarla dolub. Bununla bağlı narahatlıq İsrail və Qərb mediasında da pik həddə çatıb. Bildirilir ki, Ermənistandakı yəhudi icması uzun illərdir antisemitizm hücumlarına məruz qalır. Səbəb kimi Azərbaycanın İsrailin müttəfiqi olması göstərilir.

“BNN Breaking” nəşri yazır ki, sinaqoqun yandırılması ilk hal deyil. “Ermənistanda xüsusilə yəhudi irsi ilə bağlı mədəni və dini dəyərlərə qarşı etinasızlıq, biganəlik müşahidə edilir. Sinaqoqun yandırılması da bu tendensiyanın gücləndirilməsindən xəbər verir”, - deyə nəşr yazıb.

Məşhur “Jerusalem Post“ qəzeti isə yazır ki, İsrailin Azərbaycanı müdafiə etməsi Ermənistanda antisemtizmin güclənməsinə gətirib çıxarıb. Bunu sübut edən çoxsaylı faktlar da ortaya qoyulub. İsraildə yəhudilərin ünvanına təhqiredici çıxışların artmasını sübut edən faktlar sırasında Ermənistan ordusunun baş qərargah rəisinin sabiq müşaviri, politoloq V.Poqosyanın səsləndirdiyi fikirlər göstərilir. Bu il noyabrın əvvəlində o, “yəhudilərin tamamilə məhv edilməsinə” çağırış edib.

Ermənistanda antisemitizmin artmasının Azərbaycanla bağlı olduğunu daha bir İsrail KİV-i də qeyd edib. I24NEWS buna misal kimi İrəvanda sinaqoqun yandırılmasını göstərib. Bu vandal akta görə məsuliyyətin ASALA erməni terror təşkilatının üzərinə düşdüyü vurğulanıb.

Göründüyü kimi, Ermənistan dünyada antisemitizm çağırışlarının ən çox yer aldığı ölkəyə çevrilib. Uşaqdan böyüyə qədər qonşu xalqlara nifrət aşılanan cəmiyyətdə bundan fərqli nəsə gözləmək də olmazdı. Onilliklərdir ki, Ermənistanda başqa xalqlara qarşı nifrət təbliğ edilir. Aparılan “məqsədyönlü” siyasətin nəticəsidir ki, ölkə monoetnik dövlətə çevrilib. Lakin dünya ermənilərin bu cür hayqırtılarına göz yumur və “demokratik Ermənistan”dan danışır.

Beynəlxalq ictimaiyyət Ermənistanda ildən-ilə güclənən antisemitizmi ciddi qəbul etməlidir. Antidiffamasiya Liqasının sorğusu da göstərib ki, Ermənistan Yaxın Şərq və Şimali Afrikadan kənarda yəhudilərə qarşı ən dözümsüz ölkədir. 2020-ci ildə İsrail Diaspor Nazirliyinin illik hesabatında Ermənistanda antisemit əhval-ruhiyyənin gücləndiyi göstərilir. Ən parlaq nümunə Şoa qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasıdır. 2021-ci ildə ABŞ Dövlət Departamentinin dünya miqyasında dini azadlıqlarla bağlı illik hesabatında yəhudilərə qarşı antisemitizm, nifrət nitqi və vandalizmin durmadan artdığı açıqlanır. Ötən ilin oktyabrında İrəvandakı Yəhudi Mədəniyyət Mərkəzinin vandalizmə məruz qalması və bu gün həmin şəhərdə sinaqoqun yandırılmasından sonra Ermənistanın yəhudi icması üçün çox narahatıq.

Maraqlıdır ki, antisemit çağırışların artdığı ölkələr sırasında Ermənistan tək deyil. Ermənistanın “bacısı” Fransa da bu sıradadır. Yaxın Şərqdə HƏMAS-la İsrail arasında yaşanan müharibədən sonra çoxmilyonluq ərəb icmasının yaşadığı Fransada yəhudilərə qarşı hücumlar artıb. Vəziyyət o qədər mürəkkəbləşib ki, hakimiyyət antisemitizmə etiraz olaraq yürüş təşkil edib. Proseslərin gedişi onu deməyə əsas verir ki, ölkədə bu istiqamətdə gərginlik nəinki səngiyəcək, əksinə, daha da artmaqda davam edəcək. Prezident Emmanuel Makron hökuməti antisemit çağırışların qarşısında susur. Vəziyyətdən çıxış yolu tapmağa cəhd də göstərilmir. Əksinə, hökumət nümayəndələri bir-birinə zidd açıqlamalarla yadda qalır, ölkədaxili problemləri həll etmək əvəzinə, erməni lobbisinin maraqlarından çıxış edirlər. Onlar Ermənistanı silahlandırıb Azərbaycana qarşı müharibəyə sövq edirlər.

Maraqlıdır ki, Ermənistanda və Fransada artan antisemitzmə Qərb ölkələri də susqun yanaşır. İkili standartlar və qərəz bu məsələdə də özünü göstərir. Onlar antisemitzmə yol verən ölkəni qınamaq əvəzinə, tolerantlıq nümunəsi göstərən Azərbaycana qarşı haqsız və əsassız ittihamlarla çıxış edirlər.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 582          Tarix: 18-11-2023, 12:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma