Xəbər lenti

Diplomatiya məntiqi, ardıcıllığı və uzunmüddətli planlamanı sevir. Situativ davranışlar, emosional çağırışlar diplomatiya qaydalarına ziddir.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın dekabrın 6-da Bakıya səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də məhz bu qəbildən hadisədir. Burada rəsmi Bakının punktuallığı, diplomatik ardıcıllığı və iradəsini bariz şəkildə görə bilərik. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və ərazisində separatizmin kökünü kəsməsi ilə yaranmış yeni geosiyasi reallıq ilk başlarda ABŞ-ın xaotik mesajları ilə qarşılandı. Sanki dünyanın əsas geosiyasi mərkəzlərindən biri Azərbaycanın beynəlxalq hüququ bərpa etməsinə necə reaksiya verəcəyini bilmədi.

Hadisələrin ardıcıllığına, xronologiyasına diqqət edək. Noyabrın 16-da Ceyms O`Brayn Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində çıxış edir və Azərbaycan haqqında sərt tənqidlər səsləndirir. Ceyms O`Brayan deyir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq.

Diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini deyir.

Göründüyü kimi, kifayət qədər sərt və ziddiyyətli bəyanatlardır. Yəni, ABŞ yüksək çinli diplomatının dili ilə öz ərazi bütövlüyünü bərpa edən, ərazisində xarici dövlətə məxsus hərbi kontingentin və qanunsuz hərbi birləşmələrin ləğvi üçün atdığı antiterror tədbirlərinə görə rəsmi Bakının müəyyən sanksiyalara məruz qaldığını dilə gətirirdi.

Təbii ki bu demarş beynəlxalq hüququn bircə bəndini də pozmayan, əksinə, siyasi iradə və strateji səbir nümayiş etdirən rəsmi Bakı tərəfindən cavabsız qoyula bilməzdi.

Rəsmi Bakının ABŞ-a cavabı rəsmi Vaşinqtonu özünə qaytardı və bir daha hər hansı “banan respublikası”, “marionet dövlət”lə deyil, müstəqil xarici siyasəti, dayanıqlı iqtisadiyyatı və qətiyyətli siyasi iradəsi olan Azərbaycan Respublikası ilə təmasda olduğunu xatırlatdı.

Bu ayılma özünü ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı özünü aşkar biruzə verdi. Noyabrın 27-də Prezident İlham Əliyevə zəng edən Entoni Blinken Azərbaycan liderinin haqlı iradları ilə üzləşməli və onları qəbul etməli oldu.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin ABŞ-ın rəsmi Bakı ilə münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salmasını və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığını, bunu adekvat cavablandırdığını vurğulayıb. Prezident Azərbaycan tərəfinin də, öz növbəsində, ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

Müavininin məsuliyyətsiz açıqlamalarına görə deyilən iradları qəbul edən ABŞ-ın baş diplomatı Entoni Blinken Prezident İlham Əliyevdən daha bir xahiş də etməli oldu.

O, iradları qəbul etməklə yanaşı, Azərbaycan Prezidentindən müavini Ceyms O`Braynın Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş etdi.

Dekabrın 6-da Ceyms O`Braynın Bakıya səfəri məhz bu şərtlər altında mümkün olub.

Dövlət başçısı Prezident İlham Əliyevlə görüşdə Ceyms O`Brayn artıq Konqresdəki aqressiv diplomatik yanaşmasını nümayiş etdirmədi, mülayim dillə danışmalı oldu.

O, görüşdə ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi. Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.

O`Brayn Bakı təmaslarından sonra X hesabında etdiyi paylaşımında da Bakıda müsbət və konstruktiv görüşlər keçirdiyini qeyd edib. O, “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və katib Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir” deyə paylaşımında diqqətə çatdırıb.

Göründüyü kimi, ABŞ Azərbaycanın ortaya qoyduğu prinsipial mövqeyi qəbul etdi və rəsmi Bakı ilə münasibətləri sərt ritorika ilə davam etdirə bilməyəcəyini anladı.

Əksinə, rəsmi Bakının cavabları rəsmi Vaşinqtonu, Bayden Administrasiyasını ayıltdı və Qarabağın Azərbaycanın əzəli və əbədi tərkib hissəsi olması reallığını nə qədər tez qəbul edərsə, Azərbaycanla münasibətlərin bir o qədər irəliyə aparıla biləcəyini gerçəyini anlatdı.

Beləliklə, Entoni Blinkenlə İlham Əliyev arasında telefon danışığı və ABŞ dövlət katibinin müavini Ceyms O`Braynın Bakıya səfəri iki ölkə arasında münasibətlərin müsbət məcrada inkişafına, eyni zamanda Azərbaycan rəsmilərinin də ABŞ-a səfər etməsinə şərait yaradır.

Qlobal anlamda baş verənlər ABŞ-ı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi reallığı ilə barışdırır, iki ölkə arasında diplomatik münasibətləri əvvəlki səviyyəyə qaytarır. Baş verənlər rəsmi Bakının növbəti diplomatik qələbəsi, regionda sülhün bərqərar olması üçün atdığı növbəti qətiyyətli addımdır.

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 5 318          Tarix: 7-12-2023, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma