Xəbər lenti

Yaxın Şərqdə baş verən istənilən hərbi münaqişə, terror və bu kimi hadisələrdə İranın da izi axtarılır. Çünki o, regionun əsas aktorlarındandır. Beynəlxalq aləmdə bir-birinə düşmən kəsilən, yaxud münasibəti olmayan dövlətlər az deyil. Ancaq Tehran düşmən bildiyi dövlətlərə, ABŞ və İsrailə ölüm arzulayan, onları dünyanın siyasi xəritəsindən silmək istəyən yeganə rejimdir. Ona görə də bu iki dövlətin olduğu yerdə İranı da axtarmaq lazımdır.

Oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsində bu, özünü daha aydın şəkildə göstərir. Düzdür, İran Livandakı "Hizbullah" qruplaşmasını, Yəməndə husi qiyamçılarını dəstəkləməkdə də özünü gizlətməyib. Yaxud İraqda “Həşd-Şəbi” silahlı qüvvələrini yaratmaq, Suriyada Bəşşar Əsədi müdafiə etməklə İran hakimiyyəti ABŞ və İsrailə qarşı döyüşür.

HƏMAS-la İsrail müharibəsi siyasi səhnədə qüvvələr nisbətinə aydınlıq gətirib. Kimin kim olması bu müharibənin gedişində bir daha aydın görünür. İsraili müdafiə edənlərə ABŞ-nin başçılıq etdiyi məlumdur. Vaşinqton yəhudi dövlətinə hərbi yardım etdiyini belə gizlətmir, yəni açıq şəkildə İsraili təkcə müdafiə etmir, bəlkə də bu tərəfdə döyüşür. Böyük Britaniya, Almaniya da İsraili müdafiə etdiklərini açıq şəkildə bəyan ediblər.

HƏMAS-ın arxasında duranlardan ən aktivi İrandır. Çin və Rusiya kimi ölkələr özlərini daha çox bu qruplaşmanı diplomatik yolla müdafiə edən kimi göstərirlər. İran hakimiyyəti isə birmənalı şəkildə HƏMAS-ı müdafiə edir.

Bu qruplaşma 1986-cı ildə yaradılıb. 2005-ci ildə İsrail hərbçilərini Qəzza zolağından çıxarandan sonra vəziyyətə nəzarəti ələ keçirib. 2006-cı ildə Fələstində keçirilən seçkilərdə qruplaşma bölgədə qalib gəlib. Tehran hakimiyyəti HƏMAS-ı gücləndirmək və onu Fələstinin Mahmud Abbasın idarə etdiyi qisminə alternativ qoymaq məqsədi ilə bütün istiqamətlərdə dəstəkləyib.

İran HƏMAS-ın qurucularından sayılır. Onun əsas sponsoru Tehran hakimiyyətidir. Qruplaşmanın siyasi lideri İsmayıl Həniyə 2006-cı ilin dekabrında Tehrandan 250 milyon dollar maliyyə yardımı aldığını bildirmişdi. Ancaq bu vəsaitin zolağın adi sakinlərinə çatması mexanizmi, yaxud regionun iqtisadi inkişafı üçün xərcləndiyi indiyədək açıqlanmayıb.

Məlumata görə, HƏMAS-ın məsul şəxslərindən biri Mahmud əz-Zahar bildirib ki, “Qüds”ün 2020-ci ilin yanvarında ABŞ tərəfindən qətlə yetirilən komandiri, general Qasem Süleymanidən 2019-cu ilin yanvarında Tehrana səfərləri zamanı 22 milyon dollar nağd pul alıblar: “Onlar daha çox verməyi planlaşdırmışdılar. Ancaq 9 nəfərlik nümayəndə heyətinin hər birinin çamadanına 40 kiloqram yerləşdi”.

2022-ci ilin yanvarında İsmayıl Həniyənin İsrailə qarşı “çəkindirici hərəkatı” dəstəkləmək üçün İran HƏMAS-a 70 milyon dollar verib. “Raket hazırlamaq üçün biz İrandan 70 milyon dollar almışıq”, - Həniyə deyib.

ABŞ Dövlət Departamentinin 2020-ci il üzrə məlumatına əsasən, İran hakimiyyəti hər il HƏMAS-a 100 milyon dollar verir. İsrail kəşfiyyatının 2023-cü ildə yaydığı məlumata əsasən, Tehran qruplaşmaya yardımını əhəmiyyətli dərəcədə artıraraq hər il ona 350 milyon dollar ötürür.

Müharibədə isə onların əsasən İran və Şimali Koreya istehsalı olan silah, hərbi texnikadan istifadə etdiyi bildirilib.

Bu kimi məlumatlar HƏMAS-ın İran hakimiyyəti üçün adi dini-ideoloji təbliğat mərkəzi, təşkilatı olmadığını söyləməyə əsas verir. Bu, siyasi-hərbi təşkilatdır. O, region, xüsusilə İsrail üçün təhlükə mənbəyidir. Başqa sözlə, HƏMAS İran hakimiyyətinin yəhudi dövlətinə qarşı siyasi, ideoloji, geopoltik, hərbi maraqlarının təmsilçisidir. Tehran ona hər il milyonlarla dollar xərcləyərək bölgədə tarazlığı öz xeyrinə dəyişməyə çalışır. Bu qruplaşmadan İsrail və ABŞ-yə qarşı çəkindiricilik məqsədi ilə yararlanır. HƏMAS-a, xüsusilə onun hərbi qanadı “İzzəddin Briqadası”na, “İslami Cihad” kimi hərbi qruplaşmalara 18 ildir hərbi texnika, silah və maliyyə yatırımı Fələstin dövlətinin yaranmasından daha çox İranın və onu arxa planda dəstəkləyənlərin maraqlarının təmin olunmasına xidməti edir. Ancaq qeyd edək ki, bunların Fələstin, o cümlədən Qəzza zolağı sakinlərinin sosial, məişət həyatına heç bir müsbət təsiri görünməyib. Qəzza sakinləri güzəranlarını yaxşılaşdırmaq məqsədi ilə daha çox İsraildə işləyirlər. Bu, fələstinlilərlə israillilərin birgəyaşayışının mümkün olduğunu deməyə əsas verir.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İsmayıl Həniyə ilə görüşdə onlara yardım etməyəcəklərini desə də, “Qüds” qoşunu komandanı İsmayıl Kaaninin “HƏMAS”a hərtərəfli yardım göstərəcəklərinə dair açıqlaması ya bunun əksini, ya da Tehranın qruplaşmaya vədlər verdiyini göstərir.

ABŞ-ni HƏMAS-dan yayındırmaq məqsədi ilə İran onun Suriya, İraqdakı hərbi bazalarına, habelə Yəməndəki husi isə körfəzdəki İsrail gəmilərinə hücumlar edir. Hətta bu məqsədlə Livandakı “Hizbullah”, İraqda “Həşdi-Şəbi” qüvvələri də müharibəyə cəlb olunur. Bu günlərdə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri İraqda səfərdə olub. O, “Həşdi-Şəbi” qüvvələrinin başçısı ilə də görüşüb. Bu, perspektivdə onların HƏMAS-a yardım edəcəyi ehtimalını artırır.

Odur ki, Suriya, İraq, Livan, Yəmən, Fələstin ərazisində İrana bağlı, onun maliyyələşdirdiyi silahlı qruplaşmaların fəaliyyətinin qarşısının alınması Tehranı regiona təsir imkanlarından məhrum edər. Çünki o, beynəlxalq təzyiqlərdən qorunmaq üçün bu ölkələrdəki qruplaşmalardan özünümüdafiə məqsədi ilə baryer kimi yararlanır. Bu hakimiyyət həmin qüvvələrdən ölkədaxili etirazların qarşısını almaq üçün istifadə etdiyinə dair də məlumatlar yayılır. Beləliklə, Tehran dəstəklədiyi, himayə etdiyi, maliyyələşdirdiyi, bir sıra dövlətlərin terrorçu olaraq tanıdığı siyasi-hərbi qruplaşmalardan həm daxili, həm də xarici siyasətini həyata keçirmək, özünümüdafiə məqsədi ilə dəyənək, çətir kimi yararlanır.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 303          Tarix: 7-12-2023, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma