Son zamanlar İranın Yaxın Şərqlə bağlı geostrateji layihəsi olan “Şiə hilalı” coğrafiyasında gərginliyin xeyli yüksəldiyi nəzərdən qaçmır. Xüsusilə Qasim Süleymani sui-qəsdindən sonra Yəməndən tutmuş Livana qədər “Şiə hilalı” xətti boyunca etiraz dalğalarının böyük vüsət aldığını müşahidə edirik. Livanda baş verən son proseslər də bu qəbildəndir və növbəti atəş ocağının İsrailin tam burnunun qabağında ortaya çıxacağından xəbər verir.
Bəs bütün bu gəlişmələrin arxasında ABŞ-ın və İsrailin barmağı varmı? Varsa, sözügedən coğrafiyalarda xalq kütlələri niyə öz hakimiyyətlərinə qarşı çıxır, dolayısıyla xarici qüvvələrin təxribat planlarının bir parçasına çevrilirlər? Livanda və İraqda meydanlara tökülən etirazçıların öz korrupsioner hakimiyyətləri ilə yanaşı İrana qarşı şüar səsləndirməsini necə başa düşə bilərik? Ən əsası isə Livanda ikinci vətəndaş müharibəsinin baş verməsi mümkündürmü?
Zənnimizcə, bu sualların ən yaxşı cavabını 1989-1991-ci illərə qədər Hizbullahın lideri olan, daha sonra siyasi mövqeyinə görə bu təşkilatdan uzaqlaşdırılan Şeyx Sübhi əl-Tufeylinin “İndependent Arabia”ya verdiyi müsahibəsində tapa bilərik. Müsahibəsində yalnız Livanla kifayətlənməyib, bütövlüklə Yaxın Şərqdə baş verənlərə aydınlıq gətirən Tufeylinin müsahibəsindən bəzi hissələri “Hürriyyət” oxucularının diqqətinə çatdırırıq.
“İran ABŞ-a güzəştə gedəcək”
Hizbullahın keçmiş lideri, Qasim Süleymani sui-qəsdindən sonra ABŞ-la İran arasında artan gərginliyin müharibəyə çevriləcəyinə inanmır. Onun fikrincə, İran regionda heç də ABŞ-ın rəqibi kimi çıxış etmir, əksinə, onun indiyədək regionda xeyli uğur qazanmasının səbəbi öz siyasətini rəsmi Vaşinqtonun maraqlarına uyğunlaşdırmasıdır: “ABŞ və İran arasındakı hər hansı gərginliyin bu gizli sazişləri məhv edəcək səviyyəyə çatacağına inanmıram. Qaçılmaz olaraq, İran uyğun bir üsul və çıxış yolu ilə ABŞ-a güzəştə gedəcək, öz daxilindəki və xaricindəki tərəfdarları qarşısında simasını qorumağa çalışacaq. Sionistlər daha əvvəl Beyrutdakı Hizbullah Qərargahına hücum edərkən də İran onlarla bir cavab şousu şərtilə razılaşma əldə etmişdi. İndi də cavab buna bənzər olacaq”.
Şeyx Sübhi əl-Tufeyli Livanda son zamanlarda getdikcə böyüyən etiraz dalğalarını korrupsiyaya qarşı ümumxalq narazılığı kimi qiymətləndirib və Hizbullahın bu proseslərdə xalqın yanında olmayacağını proqnozlaşdırıb: “Hizbullah Livandakı kvota rejiminin bir hissəsidir. Bu səbəbdən korrupsiyanın əsas payı ona çatır. Korrupsiyanın sonu Hizbullahın da sonu deməkdir. Hizbullah 1997-ci ildəki Aclıq intifadasına (dinc etiraz aksiyası) da qarşı çıxmış, İran və Əsəd rejimi ilə bərabər islahatların dayandırılmasını istəmişdi. Halbuki, o vaxt Livan dövləti tələblərimizi yerinə yetirməyə yaxın idi. İntifadamız uğurlu olsaydı, şahidi olduğumuz bu vəziyyətə düşməzdik. Hizbullah, adları başqaları kimi hallandırılmasa belə, korrupsiyada iştirak edən bir çox insanı özündə birləşdirir. Bu səbəbdən indiki mürtəce sistemi qoruyur. Buna görə onun kvota rejiminə riayət etdiyini və onu qoruduğunu görürük. Hizbullah bu gün də hökümətin qalmasını və istefa şüarlarının qarşısının alınmasını tələb edir”.
Tüfeyliyə görə, ölkədə korrupsiyanın ilk qoruyucusu Hizbullahdır, çünki onun gücü də hər kəsdən çoxdur: “Hamısı korrupsiyadan pay almaq istəyir. Ancaq zəiflikləri onlara mane olur. Bəzilərində soyğunçuluq istəkləri var, ancaq qılıncları qısa, özləri zəifdirlər. Bu arzunu ən çox daşıyanlar isə Əməl Hərəkatı kimi qılıncı uzun olanlardır. ”
“Korrupsioner rejimlərin digər ən böyük müdafiəçisi İranın dini lideri Əli Xameneidir”
Şeyx Sübhi əl-Tufeyli hesab edir ki, İraqdakı və Livandakı korrupsioner rejimlərin digər ən böyük müdafiəçisi İranın dini lideri Əli Xameneidir: “Son siyasi aksiyalar zamanı bu iki ölkədə 250-dən çox insanı öldürən və 11 min insanı yaralayan da onun silahlı adamlarıdır. Hizbullah birbaşa və tamamilə İranın əmrlərini yerinə yetirir. Bir sözlə, Hizbullahın Livanda yürütdüyü siyasət İranın qəbul etdiyi siyasətdir. Tehran Livanda korrupsioner sistemi qorumaq istəyir. Uğurlu bir dövlət və ya iqtisadiyyat sahibi olmaq və ya Livan xalqına güc vermək onun marağında deyil. Çünki Livan nə qədər zəifdirsə, İran onu bir o qədər rahat əlində tuta bilər. Yaxud tərsini fikirləşsək, xalq hökumətdən nə qədər məmnun qalsa, xarici güclərin əli bir o qədər zəifləyər. Buna görə də Livanın bir dövlət kimi gücünü daim itirməsi İranın marağına uyğundur”.
“Suriyada vətəndaş müharibəsinə zəmini İran hazırladı”
Tufeylinin fikrincə, Suriyada da vəziyyət Livandan fərqli deyil:
"Heç kim Suriyada qəddar bir diktaturanın hökm sürdüyünü və Suriya xalqının isə ondan qurtulmağa, yaxşı bir dövlət qurmağa və ədaləti təmin etməyə çalışdığını inkar etmir. İran öz diliylə Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməyi düşündüyünü bəyan etmişdi. Lakin ona təzyiq göstərdi və qalmasını istədi. Beləcə Suriyada vətəndaş müharibəsinə zəmin hazırladı. Orda baş verənlərə görə İran məsuliyyət daşıyır. Livan şiələrini Hizbullahın qanadları altına alıb Suriya müharibəsinə sürükləyən də İrandır. Suriya xalqına və bölgəyə qarşı edilən bu ədalətsiz müharibə uğursuzluğa uğrayanda ruslara müraciət etməli oldu”.
“İraqın qapısını ABŞ-a İran açdı”
İraqa gəlincə, ehtimallar, təsəvvürlər, fərziyyələr, təhlillər və ya ona deyilənlər barədə deyil, birbaşa şahidi olduğu hadisələrdən bəhs etdiyini deyən Tufeyli bu ölkədə İran rəsmilərinin ABŞ-la müttəfiq olmağa çalışdığını vurğuladı: “Şiə siyasi müxalifət hərəkatları daha sonra ABŞ-a itaət və sədaqət təklif etmək üçün Səddam Hüseynə qarşı yönəldilər. ABŞ iranlılarla əməkdaşlıq sayəsində və onun koordinasiyası ilə İraqa girdi və bu sahədə əməli müttəfiq oldular. İraq çox zəngin bir ölkədir. Bölgədə ikinci ən böyük neft ehtiyatına sahibdir. İqtisadi potensialı böyükdür. Ancaq tamamilə qarət edildi. Övladları haqsızlıqla şəhid oldular. Bu gün nə ABŞ-da, nə də İranda nümayişlər var. İraq isə qaynayır. Bu xalqın fəryadıdır. Təxminən 500 iraqlı öldürüldü və 200 min aktivist yaralandı. Kimisi evlərindən oğurlanıb öldürüldü. Meydanlarda qırğınlar davam edir. İraq rəsmiləri indiyə qədər korrupsiya rejiminin bir hissəsi olduqları üçün nələr baş verdiyini araşdırmadılar. İraq xalqı nə tələb edir? - Ədalət, hüquq dövləti və korrupsiyaya bulaşmayan bir hökumət qurmaq istəyir. Bəs onda İran rejimi niyə İraqdakı intifadaya qarşı çıxır, İraq rəsmilərinin etirazçılara müdaxiləsini istəyir?"
ABŞ da İrandan fərqli siyasət yürütmür
ABŞ-ın da Yaxın Şərq ölkələrində İrandan fərqli hərəkət etmədiyini düşünən Tufeyli hər iki ölkənin regionda birgə fəaliyyət göstərdiyinə inanır:
"ABŞ da güclü və ədalətli cəmiyyət kimi formalaşmağımızı istəmir. Ağrılarımız, aclığımız, səfalətimiz və alçalmağımız bu iki ölkənin maraqlarına uyğundur. ABŞ səfirliyinə və bəzi ABŞ hərbi bazalarına hücum edən İran qüvvələri ilə amerikalılar arasında bir növ əməkdaşlıq mövcuddur, hər ikisi də İraq və Livan xalqını istismar edir.
İrana gəlincə, iraqlıların ABŞ-ın işğalı adı altında əziyyət çəkməsi onun da xeyrinədir. İran ABŞ-la qarşıdurma adı altında İraq ərazisinə tam nəzarət edə bilir. ABŞ da eyni şəkildə hərəkət edir. Hər ikisi ölkənin pisliyini istəyir. İranlılar nümayişçiləri, ABŞ isə Həşdi Sabiçiləri öldürür. Hər iki halda məzlum tərəf İraq xalqı olur”.
“Ərəb ölkələri də ABŞ-İran ittifaqına göz yumur”
Hizbullahın sabiq baş katibi, İran hegemonluğuna qarşı çıxa biləcək və ABŞ-ın müdaxiləsini dayandıracaq layihəsinin olmaması səbəbindən ərəb ölkələrini də qınayıb. Şeyx Sübhi əl-Tufeyli, “Ərəb ölkələri aktiv deyillər, onlar arasında sionizmə xidmət edənlər, dostları Binyamin Netanyahu ilə fəxr edənlər var. Ölkələrimizdəki hökumətlər Qərbin dəstəklədiyi rejimlərdir. Buna görə də insanlar İran və ABŞ işğalına qarşı ayağa qalxanda öz rejimləri tərəfindən basqılarla üzləşirlər.
Bu rejimlərin nəzərində xalqlar qurbanlıqdırlar və qanları ucuzdur. Suriyalılar deportasiya olunduğu hər ölkədə məhv edildi, tərk edildi və alçaldıldı. Livandakı vəziyyətləri də buna sübutdur və suriyalılar hələ də səbirlidirlər. Livan və İraqda bütün təzyiqlərə, qətllərə baxmayaraq, küçədən çəkilməyən insanlar öldürüldü və yaralandı, ancaq mübarizələrindən geri çəkilmədilər. Əlində poster olan iraqlı bir gəncin şəkili diqqətimi çəkmişdi. Güllələr ətrafa uçuşur, amma o, yerindən tərpənmir. O, güllələrə davamlı müqavimət göstərir. Liviya xalqı da bir çox şeylərə dözür. Sudanda da rejimin devrilməsi üçün nümayişlər keçirilir. Orda əsl hakimiyyət ordunun əlindədir. Xalqın idarəetmə orqanlarında təmsil olunmasına icazə verilmir. Bölgə xalqları bədəl ödəyən güclü xalqlardır. Ədalətsizlik, zülm, işgəncə, təcavüz və korrupsiya ilə bağlı şüurlu cəsarət nümayiş etdirirlər ”.
ABŞ-ın Yaxın Şərqdə İrana “stavka” etməsinin səbəbi
Livan, Suriya, Yəmən və İraqda, o cümlədən bəzi Afrika ölkələrində İranın genişlənməsinin ABŞ-ın gözü qarşısında baş verdiyini deyən Tufeylinin fikrincə, bütün bunlar səbəbsiz deyil:
“Amerikalıların yerində olsaydıq, bizim də gözümüz iqtisadi və mədəni baxımından zəngin bir bölgədə olsaydı, ABŞ-ın eyni siyasətini həyata keçirərdik. Başqa sözlə, bölgədə gələcəyi olmayan tərəfi tutardıq. İslam dünyasının əsas gövdəsi əhli-sünnə olduğuna görə şiələrin burada təsirli və qətiyyətli gələcəyinin qurula bilməsi mümkün deyil. Şiəlik ideologiyasını bu bölgədə heç kimin müdafiə etməsi mümkün deyil. Şiə düşüncəsinin İslam, Əhli-Beyt, Hz. Əli ya da başqa birisi ilə əlaqəsi yoxdur. Bu fikir bölgəyə yad olan dinlərdən gəldi və burada özünə yer tuta bilməz. Üstəlik, biz şiələr azlıq qrupuq və bölgənin gələcəyini formalaşdıra bilmərik. Bölgənin gələcəyi müsəlmanların əksəriyyəti tərəfindən formalaşdırıla bilər. Bu gün sünni dünyası tərəfindən qəbul olunan reallıq budur. Təəssüf ki, şiələrin mövcudluğu bu prosesə mane olur. Şiəlik cərəyanı böyüyərsə və təsirli olarsa, onun effektivliyi millətə zərər verər və heç bir fayda gətirməz. ABŞ-ın şiələrin güclənməsinə marağı bundan qaynaqlanır”.
“İran dinlə alver edir”
Şeyx Sübhi əl-Tufeyli sosial mənsubiyyət baxımından şiə camaatından olduğunu etiraf etsə də, düşüncə baxımından özünü nə sünni, nə də şiə olaraq görür: “Quranın dediklərini edirəm. Çünki bu gün sünnilərin etdikləri əməllər də səhabələrə və ya Allah Rəsuluna aid deyil. Eynilə şiələrin etdiklərinin də Rəsulullaha, Əhli-beytə və Qurana heç bir aidiyyəti yoxdur. Bunlar digər layihələrlə əlaqəlidir. Biz dinlə ticarət etmirik, Rəbbinə qayğı göstərənlərin alqışa və ya şənlənməyə ehtiyacı yoxdur. İran isə din alveri edir. Din alveriylə ABŞ-a qapıları açdı, Livan, Suriya və Yəməni məhv etdi.
Bölgəyə girmək istəyən hər kəs öz məqsədlərinə və ambisiyalarına çatmaq üçün məzhəbçi İrandan istifadə edir. Səddam Hüseyn diktator və irticaçı kimi sevilməməsinə baxmayaraq, İranın dəstəyi olmadan ABŞ İraqa girə, şiələri susdurub öz hərb maşınının xidmətçisinə çevirə bilmirdi. Bu da bir həqiqətdir. Bu gün heç bir iranlının və ya müttəfiqinin ABŞ-a hücum etmək hüququ yoxdur. Bunun üçün məsuliyyət daşıyırsınız və günahkarsınız! ABŞ bir iraqlını öldürsə, sən onunla şəriksən. ABŞ bir Fələstinlini istismar edərsə, ortağınızdır. ABŞ suriyalıya hücum edərsə, siz də tərəfdaşsınız. Çünki bunları bölgəyə gətirən siz idiniz və bölgəyə qarşı təxribat qurdunuz. Bölgəni məhv edən sizsiniz. Mən ABŞ-a qarşı çıxarkən iranlılara da qarşı idim".
“İmam Xomeyni ilə yaxşı münasibətimiz var idi”
Məhz bu mövqeyinə görə, Hizbullah sıralarından uzaqlaşdırıldığını bildirən Tufeyli keçmiş partiyasının əvvəlki prinsiplərdən necə sapdığına aydınlıq gətirib:
“Hizbullah prinsiplər çərçivəsində qurulmuş bir təşkilatdır. Bu dünyada heç kim nəyisə planlaşdırmadan addım atmır. Livan dağılandan və israillilərin ixtiyarına keçdikdən sonra başda Əməl Hərəkatının rəhbəri Nebih Berri olmaqla bütün gettolar (qaçqınlar nəzərdə tutulur) işğala təslim oldular. Ölkənin işğal edildiyini və sionist orbitinin bir hissəsinə çevrildiyini gördük. Livan İsrail ətrafında fırlanan bir peyk oldu. O dövrdə çətin anlar keçirdik. Mən dindar adamam, general deyiləm. Ancaq zərurət şərtləri var. O dövrdə İmam Xomeyni ilə yaxşı münasibətimiz var idi və İranda inqilab yeni baş vermişdi. Mən inqilabdan əvvəl və sonra İranda idim. Ona görə də bu münasibətdən istifadə edərək bizi dəstəklədilər. Çünki hərbi fəaliyyət və azadlıq qabiliyyət tələb edir. Ancaq bütün ölkələr kimi, dünyəvi və maraq dairəsi olan layihələri olan bütün insanlar kimi İran rəhbərliyi Livandan istifadə etməyə və "Müqavimət" açıqlaması ilə insanları istismar etməyə başladı. O günlərdə də bunu görürdüm, kor deyildim. Bilirdim ki, yalnız İsraillə vuruşmuram. Livan xalqının maraqlarına xidmət etməyən hökmranlıq layihələrindən də qorxurdum. Bu məzmunda xatırlayıram ki, İran dövləti o dövrdə İsrailə müqavimət göstərməklə heç bir əlaqəsi olmayan hərbi layihələrə sahib idi. Beyrutdakı Zavaribdə məzhəb müharibələri və sui-qəsdlər törədilirdi”.
İran Livanı necə ələ keçirdi? – Hizbullahda hərbi çevriliş
Tufeyli, İranın məqsədlərinə çatmaq üçün Livan şiələrini necə nəzarət altına alması barədə də danışıb: “Livan xalqı olaraq İran hərbi kadrlarından və təcrübəsindən istifadə etdik. Bu kadrlar o dövrdə gənclərimizin yanında idi. İsrail ilə mübarizə aparmaq üçün planlaşdırma, idarəetmə və sair məsələlərdə təcrübələrindən istifadə edən bəzi zabitlərimiz var idi. İran bu təbii üstünlüklərindən istifadə etdi. Əməl və Hizbullah arasındakı qarşıdurmanın əvvəlində Livanın cənubundakı Nəbatiyyə şəhərinə hücum etdilər. İranlıların Əməlin Sur şəhərindəki bir azad bölgəni tərk etməsi müqabilində Nəbatiyyədə azad bir bölgə qurma proyekti var idi. Beləcə, Suriyanın nəzarəti xaricində nüfuz dairəsi əldə edəcəkdi. O vaxt Hizbullah olaraq Əməllə toqquşduq. İranlılar Hizbullah və Əməl arasında üç illik fitnə yaratdı. Bütün bunlar üçün İran cavabdehdir. Mən o zaman hərbi rəhbərləri məhkəməyə vermişdim. Çünki münaqişələr mənim əmrlərimə baxmayaraq çıxarılırdı. Ancaq İran rəhbərliyini təmsil edən bir nümayəndə heyəti ölkəyə gələrək Hizbullah Şurası Şurasının üzvlərinin yanına getdi və vətəndaşlarının mühakimə olunmamasını istədi. Tehrandan hərbi məhkəmə istəmədikləri barədə bir mesaj aldım. Ancaq məhkəmə ilə bağlı fikrimdə qətiyyətli idim. Məlum oldu ki, iranlılar mənim xəbərim olmadan təşkilatın silahlı qanadına rəhbərlik etmək üçün Həsən Nəsrullahı təyin ediblər. Bu sadə bir fikir ayrılığı deyil, təşkilat daxilindəki hərbi çevriliş idi. İranın fitnəkar layihəsinə qarşı çıxdım. Bəli, o zaman mən Hizbullahın baş katibi idim. Ancaq öldürənləri, fitnə yayanları mühakimə etmək istədim. Əməl Hərəkatı ilə birlikdə İrandan gələn bir komitə ilə görüş keçirdik, əvvəlcə bir polemika yaratdılar və sonda istəklərini söylədilər. İranlıların bizə təsir imkanları geniş idi. Bizə dedilər ki, gələn ay üçün pulumuz yoxdur, buna görə də işiniz bitdi. Məcburən onların dediklərini qəbul etdim. Ancaq bir şərtlə: Əməl və Hizbullah ilə polis arasındakı qarşıdurma dayandırılacaq, buna nəzatət edən heyətə Beyrut və Şam səfirləri, Müdafiə Nazirliyi, Təhlükəsizlik Nazirliyi və Xarici İşlər Nazirliyinin adamları daxil ediləcəkdi. Çünki bu münaqişədə iştirak etməyimiz üçün heç bir əsas yox idi və mən bundan əmin olmaq istəyirdim. Ancaq məni əmin etmək istəmədilər. Sonda dedim ki, ya iki təşkilat arasındakı qarşıdurmanı dayandırın, ya da nümayəndə heyətinin başçısı mənimlə Nebih Berri arasında vasitəçi olsun və Berrinin mesajları sizin müdaxiləniz olmadan mənə göndərilsin. Bunu da rədd etdilər. Sonra dedim ki, mən Hizbullahın baş katibiyəm. Zəmanətimin sizin əlinizdə olduğunu bilirəm. Ancaq bunu istəmirəm. Onların siyasətlərini o vaxtdan bəri bilirik. Onların manipulyasiyasını və fəndlərini bilirik. Allahdan qorxmurlar”.
“Xamenei şiələr tərəfindən lənətlənəcək”
İran dini hakimiyyətinin tarix qarşısında cavab verəcəyini düşünən Tufeyli deyib:
“Xamenei İraq xalqının qətliamından nə əldə etdi? - ölüm, zülm, talan və aşağılama. O, başqalarından əvvəl şiələr tərəfindən alçaldılacaq və lənətlənəcəkdir. Ölkələr və sivilizasiyalar oğruluq və ya əxlaqsızlarla qurulmaz, ləyaqətli insanlarla və ədalətlə qurulur. Düşünmürəm ki, onlar Livandakı rejimi dəyişmək istəyirlər. İnanıram ki, onların məqsədi bölgəni zəiflətməkdir. Bu işdə ustadırlar. Hz. Quranın ümmətini, İslam ümmətini və 1400 ildən çox bəşəriyyəti idarə edən bir ümməti məhv etmək asan deyil. ”
Livanın “xərçəng xəstəliyi”
Şeyx Sübhi ət-Tufeyli sözlərini belə davam etdirib:
“1997-ci ildəki Aclıq İnqilabında tək olmasaydıq, bu gün yaşadığımız bu ağrı və iztirablardan özümüzü xilas edə bilərdik. Livandakı korrupsiya və talançılıq sadə livanlıların düşündüyündən daha böyükdür. Sadə bir Livan vətəndaşı əsl korrupsiyanın hansı dərəcədə olduğunu və bu liderlərin xalqı necə görməsindən xəbərsizdir. Livan problemi bir neçə şou ilə həll edə biləcəyini düşünürlər, amma yox, Livanla bağlı problem xərçəng xəstəliyinə bənzəyir. Çalışmaya, səbr və qətiyyətə, əks qrupların güzəştə getməsinə ehtiyac var. Digər tərəfdən, təriqət liderləri, xalqı özlərinə tabe olmağa məcbur etmək üçün öz planlarını həyata keçirirlər.
Düşünürəm ki, bu günə qədər yaxşı işlər də olub. Bir xalq olaraq uğurlu addımlar atmışdıq. 17 oktyabrdan başlayaraq intifada daha böyük sürət, daha çox məlumatlılıq və təzyiqlə davam edir. Dəyərli, hər kəs tərəfindən hörmət edilən, ədalətli və çevik bir ölkə qurmaq üçün küçələrdə nə qədər çox qalsaq, səhvlərimizə gözlərimiz bir o qədər açıq qalar, bir addım daha irəliləyirik. Bunlar 10 və ya 20 ildə tikilə bilməz. Məlumatlı və yetkin insan lazımdır. İnanıram ki, livanlıların əksəriyyəti bu yoldadır ”.
“Vətəndaş müharibəsi ehtimalı çox uzaqdadır”
Bütün bu problemlərə baxmayaraq, Tufeyli Livandakı gərginliyin vətəndaş müharibəsinə çevriləcəyinə inanmır: “Mən bu məsələdə rahatam; vətəndaş müharibəsi olmayacaq. Çünki İran rejimi İsrail sərhədlərini qoruyan Hizbullah silahlarını vətəndaş müharibəsinə sərf etməz. Bizi qoruduğuna inandığımız silahlar əslində İsrail sərhəddini qoruyur. Amerikalılar da uzun müddət Livandakı bu sərhədləri qorudular və İsraili qoruduqları üçün dəstək verdilər. Tutaq ki, Hizbullah sərhəddən uzaqlaşır, İsraili onun kimi qorumağı kim təmin edə bilər? Deməli, Livanda vətəndaş müharibəsi olmayacaq, siz də rahat olun. İran vətəndaş müharibəsinin asan bir risk olmadığını da bilir. Suriyada İran əsgərləri, şiə könülləri, Hizbullah, İraq, Hindistan, Pakistan, Əfqanıstandan gətirdikləri Əsəd ordusu ilə birlikdə idi. Özlərini ölümdən xilas etmək üçün kütləvi qırğın silahı olan Rusiya ordusundan istifadə etməli oldular. Vətəndaş müharibəsi kiminsə qərar verməsi qədər asan deyil".
Hazırladı: Heydər Oğuz
Paylaş: